Ramiz DUYĞUN
TƏMİZLƏNMƏ
Əziz şairimiz, Məmməd Araz!
Səhəri “Ulduz”un birinci nömrəsindəki şerlərinizlə baş-başa açdım. Misralarınızı elə belə oxuyub keçə bilmədim. Dərin çay sakitliyi olan poetik söhbətiniz “Mən nəyəm, mən nəçiyəm?” – sualını özümə verməyə məni məcbur etdi...
“Xatirə bitəndi ürəklə əksən”. Bu misra dolu sünbülə oxşayır. Elə misralarınızın əksəriyyəti dolu sünbül kimidir. Azərbaycan poeziyasının, ana dilimizin imkanları nə böyükmüş. Gündə yüz dəfə eşitdiyimiz adi, “köhnə” sözlərlə ovsunlayıcı poeziya yaratmaq olurmuş. “Torba-torba” söz yığını, şer adıyla çap edilən söz “rebusu”, “krossvordu”, söz “gizlənpaçı” bizi yorub.
“Köhnə söz bir əldə təzəcə dəndi,
Bir əldə min illik boz qumdu elə”.
Bəli, baxır o köhnə söz kimin əlindədir. Köhnə söz də köhnə dost kimidir. Hə, dost haqqında. Çoxdandır ki, arxa, söykənəcək, xalq sərvəti olan köhnə dost haqqında dəyərli bir poetik söz eşitmirdik:
Ömrümə kibrit çək dost əlləriylə,
Ömürdü, - bir çəngə küləşdi, – deyim!
Döşümə düymə tik dost əlləriylə,
Sinəmdən göyərən günəşdi, deyim!
Izahata, təhlilə ehtiyac yoxdur. Bu, şerdir: gözlə görünən möcüzə.
“Zülmətdə işaran ağı görmüşəm”. Doğrudan da insan qaranlığa düşən kimi, fəhmlə başını qaldırıb yuxarı baxır, ulduz işartısı axtarır. Yaxşını görmək insanın xislətindədir, onun fitri istedadıdır. Hələ naqislikdən, qüsurdan xali olmayan insanın işığa, yaxşılığa həmişə ehtiyacı var. Pislər də yaxşılıq görə-görə yaxşı olurlar. “Külək olmamışam yanan şamlara” – deyən şair zərif bir mətləbə toxunur: adətən külək alovu şiddətləndirər, ocağı gur yandırar. Ancaq ən zəif külək belə ən güclü alovla yanan şamı söndürər. Sizin “külək olmamışam yanan şamlara” – yaxşılığın cəmiyyətdə aparıcı qüvvə olduğunu təsdiq edən şair möhürüdür:
İnsan durub özü ilə qarşı-qarşıya.
Ictimai borc, narahatlıq, siyasi sayıqlıq əzəldən böyük poeziyanın dərdi-səri olub. Bu gün dünyamızın yuxusu pozulub. Bəşər qazandığının çoxunu yemir, geymir; dəmirə, polada, urana verib silah hazırlayır. Kim üçün? Məlumdur: insan durub özü ilə qarşı-qarşıya. Bu gün dünya şairləri, dünya zəkaları bu nida ilə nəfəs almalı, insan uğrunda, onun əsrlərlə kirtik-kirtik yaratdığı mədəniyyət uğrunda mübarizəyə girişməlidir. Bu gün (BMT-nin məlumatına görə) nüvə silahı cəbbəxanasında o qədər partlayıcı maddə toplanıb ki, yer kürəsində (bələkdəki körpədən tutmuş) hər adam başına 15 ton trinitrotoluol düşür. Belə olan təqdirdə bitərəf poeziya yaratmaq mümkünmü? Yox. Həm də böyük poeziya nüvə silahından güclüdür. Çünki onun həqiqət kimi məğlubedilməz, topdağıtmaz müttəfiqi var. Ona görə də böyük poeziya “ yer şarını aşırmağa uçurum gəzənlərə” qalib gəlməlidir. Bu, qlobal miqyasda. Bəs məhəlli miqyasda necə? Bir adamın, bir kəndin, bir şəhərin, bir respublikanın, bir məmləkətin miqyasında necə?
Sənin qəzan dosta gəldi – xəbəri bəddi,
Dost əlinin sənə dəyən xətəri kimi.
“Bir yaltağa söz verildi” – xəbəri bəddi,
Sevdiyinin sevdiyi var xəbəri kimi.
Böyük poeziya yaltaqlığı da, dost xəyanətini də yer şarını uçuruma yuvarlamaq fəlakətinə bərabər tutur. Elə yaltaqlıq da, dost xəyanəti də nüvə silahı kimi qorxuludur. Poeziya insan taleyi, insan azadlığı uğrunda mübarizə etdiyi hər miqyasda böyükdür.
Şair uzunömürlülüyünün əsas amillərindən biri də onun yaratdığlarının saflığı, təmizliyidir. “Nə yaxşı ürəyim hələ uşaqdır”. Uşaq hər şeyə inanar. O, məkrdən, hiylədən uzaq, onun üçün hər şey ana südü rəngindədir. Bu, sadəlövhlükmü? Yox, böyüklükdür, əlçatmazlıqdır, saflıqdır, poeziyanın ölümsüzlüyüdür. Axı insana necə inanmayasan? Ondan təkmil, ondan ali canlı varmı? Necə deyərlər, axı, insandan o yana insan yoxdur. “Düz sözdür dünyada düz gözdən baha”. İnsanın qiyməti bundadır: düz sözün düzünü, yaxşının yaxşısını, xasın xasını seçmək. Həmin bu düz sözü hədəfə vuranda şairin əsrlərcə yaşamağa haqqı var. O, “Yekə-yekə xırdalanan adlıları” – cılız, kiçik şöhrət əsirlərinin, efemerid həyatı sürən güzəran əsirlərini, onların ziyankar əməllərini vaxtında açıb-ağartmayanda yaşayış ağırlaşar, mənəviyyat səmasını qara buludlar alar, “iki itə para sümük atdılar”, “toz yükünü min araba daşımaz”. Təəssüf ki, insan cəmiyyəti hələ “mənəvi xılt”, “əxlaqı xılt”da “istehsal” edir. Bu “toz yükü” insanı, insanlığı təntidir...
“Sual” şerinizi oxuduqca Hamletin 500 il əvvəl verdiyi “ölüm, ya olum?” –sualı hardansa boy göstərməyə başladı. Görəsən, bu gün insan özündən nə istəyir? Bəlkə, Hamletin sualına cavab axtarır. “Sualım at belində: Mən nəyəm, mən nəçiyəm?”. Bu sualın səslənməsi XX yüzillikdə daha vahiməli, çəkisi daha ağırdır. Bu gün insan kimdir, onun qiyməti nədir? Ümümiyyətlə, o, öz qiymətini düzgün verə bilirmi? Yaxşıya yaxşı, pisə pis deməyi bacarırmı? Əgər 1978-ci ildə “dünyada sülhü qorumaq işinə görə” Nobel sülh mükafatı eyni vaxtda iki siyasi xadimə - əlləri ərəb körpələrinin qanına bulaşmış İsrailin baş naziri Menahem Beginə və bu qanı yumaq üçün onun əllərinə su tökən Misir prezidenti mərhum Ənvər Sadata verilibsə, bu sualın cavabı müəyyən qədər aydınlaşır. Bu, yəqin ki, zəmanəmizdə sülh işinə həqiqi xidmət edənlərin xeyirxah əməlinə ən böyük ehtiramsızlıq, onun ən kobud təhqiridir. Böyük poeziya bu ictimai-siyasi eybəcərliyi dünya miqyasında faş etmək hücumunda olmalıdır.
“Mən nəyəm, mən nəçiyəm?” – sualı məni özümə başqa bir sual verməyə də məcbur etdi: bu gün insanın insan yanında sözü ötürmü? Şübhəsiz, əsrimiz orta əsrlərlə müqayisə ediləsi deyil. Bəs insan? O bu gün kosmosda aylarla yaşayır, okeanın dibində telefon xətti çəkir, biləkdən üzülmüş əli təzədən yerinə tikir, süni damar, süni ürək, süni yemək borusu və s. düzəldir, onun sorağı aydan gəlir. Əlbəttə, bu günkü insan XV əsrdəki həmcinsindən çox uzaqlaşmışdır. Bununla belə, o, niyə yalan danışır? İnsan yalan danışır. “Yalan eşitmədik böcəkdən, quşdan, insandı insana yalan danışan”.
İnsanın yalan danışması həqiqətini dərk etdikcə damarında qanın dayanır, şüurun od tutub yanır. Bu günkü insan yalan danışır. Niyə? Şəxsi mənfəət, nəfs, yalançı şöhrət, cəmiyyətdə öz yerini tapmamaq – bunlar “insan”cıqları odu öz qabağına çəkməyə məcbur edir. Bundan Vətən xətər çəkir, vətəndaşlar ziyan görür.
“Bu söz xəlbirində haram əl hardan?”. Yenə də sual. Yəqin ki, mənəvi kəsər əmsalı vahiddən böyük poeziya bu qıfılbəndləri açmaqla məşğul olmalıdır...
Şerlərinizi oxuduqca fikir edirdim ki, Məmməd Arazın şerlərində bir nəsimiçilik var. Axı Nəsimimiz insan mücahidi olub, insan uğrunda cahad eləyib. Bir az aşağıda isə “kölgəsi yox günəşin, bəlkə elə kölgə mən... Nəsimi harayından əks-səda bəlkə mən” –sətirləri rəyimi daha da sabitləşdirdi. Əlbəttə, Məmməd Arazın ulu sələfi Nəsimiyə bənzəməsi təbii haldır. Bu, hardasa irsi-poetik xüsusiyyət, davamiyyət, ənənədir. Əslində bu közərti, bu yanğı böyük poeziyamızın bütün davamçılarına xasdır...
Məmməd müəllim, yuxaridakı qeydlərimi ürəyimdə, beynimdə gəzdirə-gəzdirə, götürqoy edə-edə əsl poeziya ilə görüşün sovulmaz zövqü ilə yaşayırdım ki, poçtalyon “Azərbaycan” jurnalının ikinci nömrəsini gətirdi... Yenə sətirlər közərmiş naqil kimi gözə görünür. Sözlər işıq yüklü, işıq enerjili. Burada nədənsə “söz qatılığı” ifadəsi düşdü. Elə belə də yazıram: söz qatılığı. Əlbəttə, şair üçün söz qatılığının dərəcəsi onun istedadının dərəcəsi ilə ölcülür. Xoşbəxt o şairdir ki, oxucu görüşünə “doymuş” söz qatılığı olan şerlərilə gəlir. “İrfat doymuş” söz qatılığı, yaxud tərsinə olan şerlər – təbiilikdən məhrum, kamillikdən xalidir. Belə olanda şer –“torba-torba” söz yığınına çevrilir...
Bu şerlərinizdə də söz qatılığı cərəyan yüklüdür. Bu yük insana qayğıdan, mühitə qayğıdan, dünyaya qayğıdan tutulub. Bu şerlərdə də:
Böğazdan yuxarı ürək yaşadan,
Yrəkdən aşağı baş saxlayanlar, -
oxucu nifrətinə tuş gəlir, cibəgirən olur, gözəgirənlər – həqiqəti öz poetik təsdiqini tapır. Bu şerlərin hamısı haqqında danışmağa ehtiyac da yoxdur (onların ozünütəsdiq gücü var). Lakin “Günəş günü” şerinin xüsusi mənəvi kəsəri olduğundan onun üstündən sükutla keçə bilmədim. Adama elə gəlir ki, siz hər bir sətri bir günə yazırsız. Elə bunun üçün də hər misranızda hamının görə biləcəyi, lakin görə bilmədiyi bir həyat həqiqəti aşkarlanır, aşılanır – oxucu sərvəti olmaq haqqı alır. Sizin şerlərinizdə sözün bu çağacan işlənmədiyi şəkildə qaynaqlanması ustalığına heyran olmamaq mümkün deyil:
İşıq xərcləməyək cinayətlərə,
İşıq xərcləməyək xəyanətlərə -
misraları günəşə himnin nəqəratı kimi səslənir. Bir həqiqəti də yada salaq: insan fəaliyyətinin son məhsulu mənəvi işıq olmalıdır. Çünki bəşərin əbədi işıq təşnəliyi var:
Bir günün nurunu yığsaq bir yerə,
Bəs edər ən tutqun planetlərə.
Heyf ki, bu iki üzlü (ağlı, qaralı) dünyada işıqdan zülmət sintez edənlər hələ çoxdur. Axı poetik həqiqət elə belə deyilmək üçün yox, ona əməl edilmək üçündür. Bunsuz özünütərbiyə olmaz, mənəvi inkişaf olmaz:
Deməyin boşalmaz bu dolu boşluq –
Zərrəni zərrəyə düysə bu birlik.
Bəlkə bu minvalla günə gün qoşub,
Dünyada işığı qoruya bildik.
İşıqpərvər poeziyanın, insanlara işıq paylayan böyük poeziyanın son məqsədi budur...
Məmməd müəllim, şerlərinizdə nağıl şirinliyi duydum, tarixi taleyimizlə həsb-halı dinlədim, ömür-gün fəlsəfəsinə daldım, bir sözlə, bu şerlərdə qaynayan-daşan, döyüşən bir həqiqət gördüm. Bu həyat həqiqəti mütləq mənada şair Məmməd Arazın ürəyindən keçib poetikləşib...
Ürək sözlərimin böyük yunan filosofu Aristotelin katarsis – təmizlənmə, saflaşma haqqındakı fikirlə bitirirəm. O, bu sözü ilk dəfə faciə haqqındakı təlimində işlədib. Aristotelə görə, faciə tamaşaçıda qorxu, hiddət, şəfqət, mərhəmət duyğusu oyadır ki, bununla da o, daxili sarsıntı, mənəvi zəlzələ keçirir, beləliklə də, daxili təmizlənmə, saflaşma prosesinə ürcah olur, eyni zamanda ucalır və tərbiyə edilir. Bu gün yəqin ki, ümumiyyətlə, böyük ədəbiyyatın, həmçinin böyük poeziyanın vəzifəsi katarsisdir. Bu mənada “Ulduz” və “Azərbaycan” jurnallarında dərc olunmuş şerləriniz ədəbiyyatımızda yaddaqalan ədəbi hadisə və uğurdur.
Sizə həmişə uğur səadəti, yaradıcılıq səadəti arzulayıram. Yəqin ki, şair üçün dünyada bundan böyük xoşbəxtlik yoxdur.
1983