|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 

Tofiq        MAHMUD

İŞIQLI   POEZİYA

Məmməd Arazın poetik dünyasında fikirlər, düşüncələr ulduzlar kimi işıq saçır, üzərindən ağır yüklü qatar keçən relslər kimi par-par yanır. Təsvirçilikdən, ritorikadan həmişə uzaq olan bu poeziyanın məqsədi böyükdür, həmişə də böyük amallar, böyük arzular, böyük ideallar tərənnüm etmişdir. Şəlalə kimi oxucuların ürəyinə tökülən, varlığında, ruhunda elə şəlalə saflığını, gurluğunu, gözəlliyini, təmizliyini saxlayan bu poeziyanın mənalı, düşündürən çalarları, əlvan rəngləri, bir-birinə bənzəməyən orijinal motivləri çoxdur. Bu poeziyada Azərbaycan torpağının ətri, rayihəsi, odu, şirəsi, gözəlliyi, dünya problemlərinin, həyat, insan, məhəbbət motivlərinin əks-sədası, dünənin, bugünün, sabahın səsi güclüdür. M. Araz orijinal şairdir, öz üslubuna, dəsti-xəttinə, ifadəsinə, söz ahənginə, şerin texnikasına, xüsusilə dərin fikirlərin yığcam, qısa şəkildə, obrazlı tərənnümünə mükəmməl yiyələnmiş, öz mövzularına sadiq olmuş, sənətə bəslədiyi məhəbbət və sədaqətini həmişə qoruyub saxlamışdır. Onun bütün əsərlərində vətəndaşlıq motivləri ilə, şəxsi həyatı ilə bağlı olan motivlər bir-birinə elə qaynayıb qarışmış, böyük ictimai məna, kəsər, ləyaqət qazanmışdır. Məmməd Araz poeziyası Azərbaycan sovet poeziyasının güclü bir qoludur, hamı tərəfindən təqdir olunmuş, bəyənilmiş və geniş oxucu kütləsinin hüsn-rəğbətini qazanmışdır.
                                Sən ey ana südüm, ey ana nəğməm,
                                Mən hara gedirəm, hara gedirəm,
                                Səni aparıram pasportum kimi,
                                Nəğmə ordum kimi, söz ordum kimi!
Vətən şair üçün böyük və geniş məfhumdur. Odur ki, onun Arazdan, dağlardan, çəmənlərdən, yaxud tarixin unudulmaz şəxsiyyətlərindən söhbət açması elə Vətən haqqında söhbət açması deməkdir. Məmməd Arazın bu torpaqla, Arazla, qəhrəmanlarla, təbiət lövhələri ilə bağlı onlarca gözəl şeri qürur, məhəbbət, vüqar motivləri ilə zəngindir. Vətənin çiçəyinə, gülünə, ağacına, hətta küləyinə belə həsr olunan misralarda böyük sevginin ifadəsini görmək olar. Şair “ceyran azalıb, yaman azalıb” deyəndə də, Araz yadında düşəndə də, üstündə çinar görəndə də, Xəzərin quruması, çirklənməsi ilə əlaqədar mərhum professor Gülə məktub yazanda da, Azərbaycan qızına, kolxoz sədrinə, ziyalılarımıza müraçiət edəndə də, Babək qılıncından, qalalardan, babasının səsindən söhbət açanda da Vətən sevgisinin gücü, qüdrəti ilə dil açıb danışır. Ata ocağına, kəndinə, anasına yazdığı şerlərində Vətən torpağının ətri, nəfəsi, şirəsi var, bu torpağa bağlı olan insanlara böyük məhəbbət var. Anadan olduğu Şahbuz, uca dağ kəndi, bu kəndin dağları, meşələri, dərələri onun varlığında, qanında, iliyindədir, şerlərində bu yerlərin tərənnümü son dərəcə təbiidir və böyük səmimiyyətlə doludur. Kəlbəcərdən, Tərtərdən, Dəlidağdan yazanda da eyni məhəbbət duyğuları səslənir. Təbrizdən yazdığı şerlərində də belə böyük məhəbbət vardır.
“Vətən mənə oğul desə, nə dərdim” yazan şair bu səmimi sevgisində möhkəmdir, dönməzdir, bu sevgi ilə birinci yer almaq, şöhrətlənmək, qabağa getmək eşqi yox, bu yolda birinci ölməyə hazır olmaq əzmi güclüdür. Onun üçün Vətən Nizamidir, Füzulidir, Sabirdir, Üzeyirdir, Səməd Vurğundur, Bülbüldür! Şairin nəzərində Vətən qayaları da canlıdır, insandır. “İnsan qayalar” şeri onun Vətən torpağına necə böyük və həqiqi məhəbbətlə yanaşdığını bariz şəkildə göstərir.
                       Onda Vətən sanar məni bir balaca vətən daşı,
                      Vətən daşı olmayandan olmaz olkə vətəndaşı.
M. Arazın sehrli, müqəddəs bir adası var, bu ada yurdunun ürəyidir, onsuz bir gün belə yaşaya bilməz. Şair bu adaya atılan düşmən daşını belə görür, bu daşı dəf etmək üçün xalqı birliyə, mənəvi yaxınlığa çağırır. Bəlkə də, bu ada elə doğulduğu dağ kəndidir?! Çünki bütün şerlərində şairin bu adası görünür; özü də gözəl, özünəməxsus cizgiləri, lövhələri, mənzərələri, koloriti, rayihəsi, duzu, şirəsi ilə! Elə onun ata ocağı da bu adanın özündə yanmırmı?! Araz çayı da elə bu adadan axıb keçir. Bu çay Məmməd Araz üçün təkcə çay deyil, həmdəmdir, dostdur, dərdini-sərini bölüşdüyü yaxın bir insandır. Bu adada daha nələr yoxdur:
                                Orda nənəmin
                                           fağır cəhrəsi,  
                                 Nağıl danışar,
                       Nəğmə oxuyar.
                 Orda babamın
                    dəli qılıncı,
                    hava doğrayar.
                Orda dastan düzləri,
                Orda şer mərzləri,
                Orda muğam dərələri,
                Bayatı bərələri,
                Söz aşırımları,
                Tar-kaman şırımları.
Şair yaradıcılığının müxtəlif mərhələlərində Araz haqqında yazdığı şerlərlə kifayətlənməmiş, ondan həmişə yazmağa daxili və  mənəvi ehtiyac duymuşdur. Ədəbi fəaliyyətə başladığı ilk illərdən özünü Araz şairi kimi tanıtmışdır. Arazdan uzaqlarda yaşadığı vaxtlar belə Arazsız qalmamış, həmişə onu düşünmüşdür. Moskvada, SSRİ Yazıçılar İttifaqının Ali Ədəbiyyat kurslarında təhsil aldığı illərdə yenə Arazla yaşamış, ona bir neçə şer həsr etmişdir. Bu şerlərdən biri “Araz yadıma düşür” adlanır. Araz çayı Məmməd Araz poeziyasında nəfəs almış, canlanmış, yaşamağa başlamışdır. “Sənsiz mən şair olmazdım” misrasında böyük məhəbbətin qığılcımları yanır.
Həqiqətən də bu çay Məmməd Araz üçün həyat və sevinc mənbəyidir, onun həsrəti, məhəbbətidir. Şairin Araza həsr etdiyi böyük poeması da vardır. “Araz axır” adlanan bu poema məzmunu, mənası etibarilə təkcə Araza aid deyil, həyatın, dövrün, zamanın bir sıra vacib məsələləri, fikirləri, duyğuları bu poemada öz əksini tapmişdir. Poemada bütün dünyada sülh və azadlıq kimi ümumbəşər duyğular ön plana çəkilmişdir.
Məmməd Arazın şerlərində həyat və insan haqqında mənalı, maraqlı fikirlər əsasdır. Zəhmət adamları onun böyük hörmət və məhəbbətini qazanmışdır. Bu cəhətdən “Naməlum qəhrəman”, “Fəhlə süfrəsi”, “Düşüncələr”, “Sabahın imtahanı” və başqa şerləri xüsusilə fərqlənir. Onun nəzərincə, ən böyük qəhrəman qəhrəmanlığa əvəz istəməyən, pay ummayan adamlardır. Yaxşı adam dedikdə zəhmətlə, halal alın təri ilə, gecə-gündüz çalışan, fədakar, nəcib, xeyirxah adamları nəzərdə tutur. Odur ki, Arpaçayda adicə bir fəhlə süfrəsi onun üçün dünyaya bərabərdir. Bu süfrə halal zəhmətdən yaranmışdır, ona görə bu süfrənin hər tikəsini bərəkət kimi qiymətləndirir.”Çoban çörəyi, çoban ürəyi”adlı şerdə sübh tezdən yuxudan oyanan, xəmir qoyan, acıyana qədər inək sağan, ocaq başında üzü qarsanıb, saçı ütülən bir qadının çörək bişirməsi bir rəssam lövhəsi kimi yaradılmışdır. Bu, halal çörəkdir, bal cörəkdir!
Əmək adamları, onların arzuları, istəkləri, xəyal və düşüncələri M. Araz poeziyasında geniş tərənnüm olunmuşdur. Belə adamlar “can-can” deməzlər, amma yeri gələndə canını verməyə hazır olarlar. Mərd insanlar xalq üçün, vətən üçün canını fəda edənlər, böyük məslək eşqi ilə yaşayanlar, təkcə özünü, öz ev-eşiyini deyil, bütün bəşəri düşünənlər onun şerlərinin qəhrəmanlarıdır. Bu adamlar ən yaxşı adamlardır, şair ən yaxşı şerlərindən birini elə bu adamlara həsr etmişdir:
            Dünyada nə qədər yaxşı adam var,
            Yaxşılıq insanla ekiz doğulur.
            Ən yaxşı adamlar, yaxşı adamlar
            Nədənsə dünyada oxşarsız olur.
Məmməd Arazın oxucularına təqdim etdiyi bu yaxşı insan müasir dövrün arzu və istəkləri ilə yaşayan, raketlər dimdiyində yatmaq istəməyən, yeni-yeni nur dağı axtaran xeyirxah, nəcib bir insandır. Onun məhəbbəti güclü olduğu kimi, qəzəbi, nifrəti də güclüdür. Buna görə bəzən riyakar, əliəyri, biganə, təkcə özünü düşünən,  min cür dona girən adamlar onun poeziyasında nifrətlə damğalanır. Palçıq içində kərpic kəsən arvadının yanında əli cibində dayanan qeyrətsiz kişiləri görəndə şairin qəzəbi kükrəyib daşır. Biganələrə qarşı yazılmış şerdə də qəzəb hissi güclüdür. Bizim işıqlı həyatımızda kölgələr kimi görünən, qəlbi dar, paxıl, kinli-küdurətli, öz xeyrindən başqa heç nəyi fikirləşməyən, qoltuqlarda gəzən, ondan buna, bundan ona xəbər aparan, kürsülərdə ədalətdən danışan, fəqət ədalətsiz işlər görən adamlarla şair heç cür barışa bilmir.   
Şairin həyatı, fikir və düşüncələri əsərlərində öz əksini tapmışdır. Kəndi, doğma yurdu, onun adamlarını heç zaman unutmur, həmişə sədaqət və məhəbbətlə xatırlayır. Bu mövzu onu həmişə bir ahənrüba kimi özünə çəkir, “Azərbaycan dünyasından dünyaya baxan” şairə ilham verir, qanad verir. Bu kənddə olan təbiiliyi, doğmalığı, bunlarla bağlı olan isti duyğuları, fikirləri dünya hadisələri və problemləri ilə bağlayır. Bu mənada son illərdə yazdığı “Kəndim, balacasan, çox balacasan” şeri əvvəlki şerlərindən ciddi surətdə fərqlənir. Bu şerdə dərin ictimai fikirlər, problemlər üstünlük təşkil edir.
Məmməd Arazın poeziyasında dağlar özünün bütün rəngləri, gözəllik, əzəmət və möhtəşəmliyi ilə təsvir olunmuşdur. Şair dağlara uzun müddət gedə bilməyəndə bunu özünə böyük dərd bilir, kədərlənir. Çünki bu dağlar onun uşaqlıq, gənclik məskənidir, günlərlə, aylarla, illərlə qaldığı elmi ekspedisiyalarla birlikdə gedib müşahidə apardığı, həmişə gördüyü, sevdiyi yerdir. Dağlara həsr olunan bütün şerlərdə böyük ürək vardır, məhəbbət vardır, həsrət, giley-güzar, nigarançılıq vardır. Bunlar isə həyat duyğuları ilə elə isinmişdir ki, elə təbiidir ki, elə mənalı və təsirlidir ki, dərhal oxucunun ürəyinə yol tapa bilir. Onun dağlara yazdığı yeni şerlərdən biri “Dağlara çağırış” adlanır. Bu şerdə yenə dağların əzəməti, sədaqəti, böyüklüyü önündə bir şairin səmimi etirafları təbii və hərarətli səslənir:
            Ən ağır anında dağlarla danış,
                   Ən ali loğmandır o müdrik qoca.
                  Nə qədər, nə qədər qaysaqlanmamış
            Dərdlər tullasan da dərə boyunca,
             Dağ çayı çökdürüb çay daşlarına,
            Duruldub bənzədər göz yaşlarına.
            Dağlar öz hökmündə güzəştsiz, ötkəm.
            Şair, qayalara, dağlara söykən!
Məmməd Arazın poemaları özünəməxsus keyfiyyətlərə malikdir, vətən məhəbbəti, mərd insanların həyatı, fəaliyyəti, onların arzu və istəkləri, zəhmətlə torpaqda çalışan, ömrünü-gününü çöllərdə keçirən fədakar adamların işləri, əxlaq məsələləri bu poemaların əsas mövzusudur. “Üç oğul anası” çoxdan yazılsa da, oxucuların hafizəsində, yaddaşında ömürlük qalmışdır. Cəbhədə üç oğlunu itirən bir mərd ananın qəhrəmanlığı, dözümü, iradəsi, hərarəti, məhəbbəti, kədəri haqqında təsirli, canlı lövhələr yaradılmışdır. Onun “Atamın kitabı” adlı poeması isə daha genişdir, daha əhatəlidir. Bu poemada vətən, torpaq, zəhmət, elə-yurda, kökə, kəndə, onun adət-ənənələrinə bağlılıq motivləri, bunlarla yanaşı ömrünü zəhmətdə keçirən qoca bir adamın həyat tarixçəsi, torpağa olan böyük insani münasibətləri qələmə alınmışdır. Poemanın qəhrəmanı müdrik bir el ağsaqqalıdır. Yaşının çoxluğuna baxmayaraq, yenə torpaqdan ayrılmamaq, ondan min cür nemət almağa çalışmaqdır. Bu torpaq onun kitabıdır, bütün ömrü boyu oxuduğu, öyrəndiyi, hər sirrinə bələd olduğu bir kitab! Yüz yaşı olsa da, işdən-gücdən əli soyumamışdır. Zəhməti sevməyən, ara-bərədə veyil-veyil gəzən adamları görməyə gözü yoxdur. Bu qocanın özü kimi zəhmətkeş dostları vardır. Fədakar, yorulmaz, təcrübəli, ciddi, ağıllı qoca bu günkü nəslimizə nümunə ola biləcək gözəl işlər görür, bu işlərlə yanaşı, onun həm də maraqlı fikirləri, düşüncələri verilmişdir, qocalığın azar-bezarına sığınmadan, yorğan-döşəkdə xumarlanmadan gözəl işlər görməyində davam edir.
Məmməd Arazın poemaları içində Səməd Vurğuna həsr olunmuş “Qayalara yazılan səs”  əsəri xüsusilə seçilir. Sənətin həyatla, sənətkarın xalqla əlaqəsi məsələsi qoyulsa da, poemanın ümumi ruhunda əsl, böyük, qüdrətli sənətin ölməzliyi, əbədiliyi məsələsi canlanır. Şair yenə dağlar qoynuna, sadə, mehriban insanların yanına bizi aparıb çıxarır. Dağların, çoban sürüsünün təsvirlərində təbiilik, səmimiyyət vardır. Qoca çobanın söhbətləri isə maraqlı və ibrətamizdir. Bu dağlara vaxtilə böyük sənətkarımız Səməd Vurğun gəlmiş, ov etmək istəmiş, nəğmə oxuyan kəklikləri vurmamış, bu kəkliklərin üstünə cuman qaraquşu isə bir güllə ilə ardıc kollarının üstünə sərmişdi. Onun qoca çobanla söhbəti elə həyati və səmimi verilmişdir ki, böyük şairin sadəliyinə, müdrikliyinə heyran qalmamaq mümkün deyil. O, hətta qaraquşu vurduğu üçün peşmançılığını çəkir. Çobana etdiyi vəsiyyətində də bir az qəribəlik, bir az da kədər vardır. Səməd Vurğun belə sadə, mehriban insanlara inanır, onları ürəkdən sevir, söhbətlərindən ləzzət alır.
            Yox, çoban, bu dağlar söykənəcəkdi,
            Sizin həmdəminiz güldü, çiçəkdi.
            Bu dağlar heç vədə badalaq bilməz,
            Iti də bir özgə yal-yalaq bilməz.
            Tufanı amansız – hamı üçündür.
            Zirvəsi dumansız – hamı üçündür.
            Dağ kimi sərt olur dağ adamları,
            Çörəkli, mərd olur dağ adamları.
Ölməz sənətkarın çobanla olan bu söhbətləri, sonra onu unutmaması, yenə bir dəfə gəlməsi, daha şairin həyatda olmaması, amma onun səsinin bu daş-qayalarda əbədi qalması poemada təmkinlə, hərarətlə tərənnüm olunmuşdur. Böyük sənətkardan sonra bu bulağın adı “Vurğun bulağı” qalmışdır. S. Vurğunun adı, nəğməsi, sözü  bu dağlarda həmişə gur səslənir və şair Məmməd Araz bu səsin qüdrətini , əbədiliyini oxucularına belə təqdim edir:
            Qayalarda səda verib qayıdırdı səs,
            Sanki yatmış daşları da oyadırdı səs.
            Bulaq deyil, su axırdı üzüaşağı,
            Vurğun səsi, Vurğun sözü, Vurğun bulağı.
“Qayalara yazılan səs” poemasının bütün ruhunda xalqa yaxın olan, onu sevən, duyan, qiymətləndirən, özünü sadə aparan müdrik bir insanın həyata, təbiətə, insanlara böyük və qüdrətli məhəbbəti öz əks-sədasını tapmışdır.
M. Araz V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsini bitirmişdir. Bəlkə də təbiətə, həyata məhəbbəti elə bu fakültə ona vermişdir?! Burda unudulmaz müəllimlərindən çox şey öyrənmişdir. Tale elə gətirmişdir ki,  “Azərbaycan təbiəti” jurnalının redaktoru olmuşdur. O, şerlərlə, poemalarla yanaşı “Həyatın və sözün rəngləri” adlı publisistik  bir kitab da yazmış, Lermontovdan, Nekrasovdan, Şevçenkodan, Abaydan və müasir sovet şairlərindən tərcümələr etmişdir. Onun son illərdə çap olunan şerləri oxucuların böyük marağına səbəb olmuşdur. “Dünya sənin, dünya mənim” adlı yeni kitabı  “Yazıçı” nəşriyyatı tərəfindən təzəcə çapdan çıxmışdır.
Əlli yaşı tamam olan Məmməd Arazın yaradıcılığı həmişə yüksəklik eşqi, odu ilə yanır, oxucuları düşünməyə, fikirləşməyə məcbur edir, onları qanadlandırır, daha böyük duyğularla, böyük ideallarla yaşamağa səsləyir. Onun poeziyasının bütün rəngləri məhəbbətdən, sədaqətdən toxunmuşdur, palitrasında gözəllik vardır, belə bir poeziyanı isə sevməmək olmaz.

1983
 


                                     




 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws