Aslan KƏMƏRLİ
VƏTƏN ONA OĞUL DEDİ
M. Araz bütün yaradıcılığında torpağı vəsf edən, onu özünün ilham mənbəyi adlandıran görkəmli şairlərimizdən biridir. Torpaq onun poetik misralarında gül-çiçəyə bürünür, gözəlləşir, qayalar qanad açır, Vətənimiz başdan-başa laləzara çevrilir. Bu torpağı, - onun dağlarını, düzlərini qarış-qarış gəzən, yaylaqlarda çobanlarla bir alaçıqda yatan, bağ-bağça becərib bolluq yaradan əmək adamlarımızın işi, həyatı ilə yaxından tanış olan istəkli şairimiz şerlərinin əsas mövzusunu da gəzdiyi yerlərdən, gördüyü adamlardan alır.
Elə ilk şerindən görkəmli şairimiz poeziyaya təzə söz, təzə nəfəs, yeni obraz gətirmişdir. 1959-cu ildə çapdan çıxan “Sevgi nəğməsi” adlı ilk kitabı ilə o, tez bir zamanda oxucular arasında tanındı və sevildi. Bu sevgi və məhəbbətlə poeziyanın çətin yoluna inamlı addım atan Məmməd Arazın sonralar “Üç oğul anası”, “Mən səni taparam”, “Araz axır”, “Anamdan yadigar nəğmələr”, “Qanadlı qayalar”, “Aylarım, illərim” və s. bir-birindən maraqlı, yaddaqalan şer kitabları çap olundu.
Bu kitabların hər birini oxuduqca hiss edirsən ki, onun arxasında insanları xeyirxahlığa, gözəl əməllərə, nəcib işlərə səsləyən, dünyanın qayğısını çəkən bir ürək döyünür. Bu ürək, bu ilham yalnız insanlara xidmət edir, poeziyanın gücü ilə onları daha da ülviləşdirir.
Məmməd Araz həm də fikir, obraz şairidir. Onun şerləri hər bir oxucunu düşündürür və bu oxucu şairin ədəbi qəhrəmanına oxşamağa çalışır. Bu qəhrəman isə vətəndaşlıq qeyrəti ilə, doğma Azərbaycan torpağına məhəbbətilə seçilən bir qəhrəmandır. Xalqımızın şanlı tarixi, bu tarixi şöhrətləndirən igidlərimiz Məmməd Araz şerində yaşayır, minlərlə gənc oxucunun sevimlisinə çevrilir. Şair “Babək qılıncı” adlı balladasında yazır:
Babəkin məzarı düzəndi, dağdı,
Bu dağlar, düzənlər qazılsın gərək.
Babək heykəlinə Babəkin adı
Babək qılıncıyla yazılsın gərək.
Məmməd Arazın poemaları onun yaradıcılığında xüsusi yer tutur. Bu poemalar istər fikir, məna dərinliyinə, istərsə də poetik məziyyətinə görə diqqəti cəlb edən, oxucuların böyük marağına səbəb olan əsərlərdir.
Əziz uşaqlar, elə şairlər var ki, onların kitabları oxucuların stolüstü kitabına çevrilir, onun hər təzə əsərini səbirsizlikə gözləyir və sevə-sevə oxuyursan. Belə şairlərdən biri də Məmməd Arazdır. Sevimli şairimiz sizi də unutmur, balaca oxucuları üçün bir-birindən gözəl, yaddaqalan şerlər yazıb. “Bayram çiçəkləri”, “Qızımın sualları”, “Ağacların anası”, “Quzum” silsiləsindən şerləri və başqa əsərləri buna misal ola bilər.
Məmməd Arazın bu il 50 yaşı tamam oldu. Ömrünün 30 ildən çoxunu ədəbiyyatımızın inkişafına həsr edən, dərin fəlsəfi, ictimai və lirik şerləri ilə oxucularını sevindirən Məmməd Araz bu gün də gənclik həvəsi ilə bir-birindən gözəl şerlər yazır.
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim –
Xəzanımdır, xəzanımdır, xəzanım.
Doğrudan da, istedadlı şairimiz bütün yaradıcılığı, sönməz ilhamı ilə doğma vətənimizi tərənnüm edir.
1983