|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
 Azərbaycan Yazıçılar İttifaqında

ŞAİRİN  POETİK  DÜNYASI

            Azərbaycan... mayası nur, qayəsi nur ki,
            Hər daşından alov dilli ox ola bilər.
            Azərbaycan deyiləndə ayağa dur ki,
            Füzulinin ürəyinə toxuna bilər...
Vətən haqqında, doğma Azərbaycan haqqında belə yüksək, şairanə duyğularla danışmaq hər sənətkara qismət olmur... Hər kəlməsi, hər misrası böyük Vətən sevgisi ilə yoğrulmuş poetik nümunələr bütün sinirləri ilə ana torpağa bağlı olan şair qələmindən çıxa bilər.
Vətən sevgisi Məmməd Araz poeziyasında şerlərin ruhunda, mayasında özünü göstərir. Həm də ana məhəbbəti kimi sakit, hay-küysüz, təmtəraqsız bir dillə ifadə olunur:
            Vətən mənə oğul desə, nə dərdim,
            Mamır olub qayasında bitərdim...
... İyunun 3-də Azərbaycan Yazıçılar İttifaqının Natəvan klubuna şairlər, tənqidçilər və oxucular toplaşmışdılar. Orada Yazıçılar İttifaqının poeziya şurasında Məmməd Arazın son illərdə “Gənclik” və “Yazıçı” nəşriyyatlarında buraxılmış “Oxucuya məktub”, “Aylarım, illərim” kitablarının müzakirəsi keçirilirdi...
Şuranın məsul katibi, şair İsa İsmayılzadə yığıncağı giriş sözü ilə açıb M. Arazın yaradıcılıq məziyyətlərindən danışdı.
Tənqidçi, filologiya elmləri namizədi Vaqif Yusifli adları çəkilən kitablar haqqında geniş məruzə ilə çıxış etdi. Şairlərdən Tofiq Bayram, Hikmət Ziya, Tofiq Mahmud, Zəlimxan Yaqib, Ramiz Duyğun, Oqtay Rza, tənqidçi Aydın Məmmədov, S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin tələbəsi, gənc şair Cavanşir Eloğlu, “Gənc tənqidçilər studiyası”nın üzvü Rasim Nəbizadə, Lenin adına A.D.P institutunun tələbəsi Kamandar Rzayev müzakirə olunan kitabların fonunda Məmməd Araz poeziyasını oxuculara sevdirən keyfiyyətlərdən, müəllifin rəngarəng poetik dünyasından, uğurlu yaradıcılıq axtarışlarından söhbət açdılar...
Qeyd olundu ki, az qala otuz illik yaradıcılıq yolu keçmiş M. Araz ilk qələm təcrübələrindən başlayaraq son zamanlar yazdığı nümunələrədək həmişə şerin-sənətin qayəsini uca tutmuş, xalqımızın ölməz poetik qaynaqlarından yaradıcılıqla faydalanmış, zamanın ritmini, XX əsrin nəfəsini ifadə edən poetik formalar, ölçülər axtarmışdır. Müxtəlif illərdə yazdığı ən yaxşı şerlərindən və “Aylarım, illərim” kitabında verilmiş “Üç oğul anası”, “Paslı qılınc”, “Əsgər qəbri haqqında ballada”, “Qayalara yazılan səs” poemalarından göründüyü kimi o, dövrümüzün ən müasir duyğuları ilə yaşayan vətəndaş şairdir; laqeydlik, seyrçilik, patetik tərənnüm bu poeziyaya yaddır. Xalqımızın, respublikamızın həyatının əlamətdar hadisələri, ən adi həyat həqiqətləri M. Araz ilhamının gücü ilə yeni məna kəsb edir, oxucunu, sözün yaxşı mənasında heyrətləndirir...
 Azərbaycan torpağını qarış-qarış gəzib dolaşan şair onun, bir növ, poetik coğrafiyasını yaratmaq kimi nəcib bir arzu ilə yaşayır... Konkret dağlardan, düzlərdən, bulaqlardan, həmçinin Xəzərin suyunun, Muğanın ceyranının, Naxçıvanın narbənd ağacının azalmasından həyəcanla danışanda da M. Araz vətəndaş-şair qayəsinə sadiq qalır...  Pedaqoji institutun coğrafiya fakültəsinin tələbələri vaxtilə həmin fakültəni bitirmiş şairin “poetik xəritə”sini təşkil edən şerlərindən maraqlı misallar çəkdilər...
Yığıncaq iştirakçıları təəssüflə qeyd etdilər ki, M. Arazın ədəbiyyatımızdakı mövqeyi, onun poetikasının özünəməxsusluğu hələlik istənilən səviyyədə araşdırılmayıb...
Şairin qələm dostları, oxucuları yaradıcılığının yetkinlik dövrünü yaşayan Məmməd Araza yeni-yeni sənət uğurları arzuladılar...

1983

                 
   


 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws