|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 

Səyavuş  MƏMMƏDZADƏ

 TALEYİN  HÖKMÜNÜ  GÖZLƏMƏK  AZDI

Qəzetlərdə bir qəribə əhvalat oxudum. Demə, bir kanadalı üzdəniraq təbib ABŞ-ın kəşfiyyat idarəsinin tapşırığı ilə insan üzərində xəlvətcə təcrübə aparırmış: əlinə keçən xəstələri günbəgün elektrik cərəyanı ilə “sınaq”dan keçirib onları yaddaşdan tamam məhrum etməyə çalışırmış... Nə üçün? Yaddaşsız müqəvvalar, canlı robotlar “hasil” etmək üçün...
Insanı insan edən onun yaddaşıdır. Tək bu günün, dünənin xatirəsi yox, qana hopan, könlün, şüurun ən zərif guşələrinə işləyən, bir ömrün hüdudlarını adlayıb keçən, tarixin dərin qatlarında kök salan, elin, xalqın mənəviyyatını yaşadan yaddaş... Onsuz heç bir insani varlıq yoxdur, tarix, əxlaq, hünər, sənət, torpağa, Vətənə bağlılıq yoxdur.
Qoy şair sözümə qüvvət versin. “Evimizin taxça-boxçasında hara əl atsan –bir dastan, nağıl kitabı çıxardı. “Aşıq Ələsgər”  elə həmişə kürsünün üstündə idi... Anam cəhrənin tutacağını hərləyər, dastan dünyasının qapısı cəhrənin səsinə uyğun bir ahəngdarlıqla, cırhacırla açılardı:
            “Ərzurumun gədiyinə varanda...”          
Şer, sənət eşqi bu nağıllı - nəğməli aləmin qoynunda göyərdi. “Göyərdi” dedim, eyni adlı, ana cəhrəsinin, uşaq dünyasının havacatından, neçə il sonra nəğmələnən şer göz önümə gəldi: “Xətainin qılıncını suvardım, Məmməd Araz karandaşı göyərdi”.
Bəli, “Xətai qılıncını suvaran”, Babək ərməğanını bülövləyən, Füzuli ruhunu qoruyan, ana torpağın dərinliyinə işləyən qələm göyərə də bilər, ürəklərdə məhəbbət göyərdə də bilər...
Bu yaddaş uzaqlardan gəlib. “Lenin zirvəsi”ndən, “Komsomola keçdiyim gün”dən, “Anamdan yadigar nəğmələr”dən, “Oxuyan Təbriz”dən, “Arazın işıqları”ndan keçir...
Ağbirçək ana, ağsaqqal ata sözündə, sinəsində nəsillərdən-nəsillərə keçən hünər örnəyi, vətəndaş qeyrəti, elcanlıq öyüdü yaşayır. Vətən duyğusu ata-ana ocağından başlayıb zaman-məkan ölçüsündə dolğunlaşır, yetkinləşir.
            Azərbaycan – mayası nur, qayəsi nur ki...
            Hər daşından alov dilli ox ola bilər.
            “Azərbaycan!” deyiləndə ayağa dur ki,
            Ana yurdun ürəyinə toxuna bilər...
                                          (“Azərbaycan – dünyam mənim”)
Nə qədər nəğmə qoşulub Azərbaycanın şərəfinə! Gözəl, parlaq çələng bağlamaq olar bu nəğmələrdən. Bu çoxpərdəli, gur səsli Vətən simfoniyasında yeni, kəsərli, təravətli söz demək heç də asan deyil. Bu əzəmətli məhəbbət himnində  Məmməd Arazın da oxşarsız, həzin, işıqlı misraları səslənir... Onun dediyi Odlar yurdunun tarixdə öz ünvanı, öz imzası, inqilab hünəri var.
            Azərbaycan qatarı da yollara çıxdı
            Dağılanda qoca Şərqin duman dünyası.
Az şair tapılar ki, onun söz fırçasının sehrilə ana torpağımız, təbiətimizin əsrarəngiz mənzərələri bu qədər yer tutub göz önündə canlansın, varaqlansın, nəğmələnsin. Şerlərin adlarına fikir verin: “Daş qartal”, “Ağlayan qayalar”, “Qanadlı qayalar”, “Uçqun”, “Dağ çayı”, “Şahdağı”, “İstisu lövhələri”, “Dərə”, “Göy göl”, “Şuşada bir gecə”... Məmməd Araz “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olduğu kimi, ana təbiətimiz də onun rübabının, vətəndaş duyğularının “baş redaktoru”dur. Bu, heç də seyrçi vurğunluğu deyil, həyata fəal yanaşan, torpağa nəfəs verən, əkən-biçən, qurub-yaradan həmvətənlərinin əməyini görən, qədirbilən nəğməkar vurğunluğudur. Həmin əkən-biçən, qurub-yaradanların sırasında yüz iyirmi il ömür sürmüş İnfil kişinin də yeri ğörünür. “Əlvida, atamın tüstü əlləri” deyən şair “Atamın kitabı” poemasında torpağa bağlılıq, zəhmət-mənəviyyat, mənəvi varislik, duyğularını incə, nisgilli sözlə, övlad-vətəndaş ilhamıyla qələmə almışdır və haqqında danışdığımız kitabda da bu pak duyğuların, insanı ucaldan həsrətin izləri görünür. “Əlvida dağlar”, “Dağlar məni tanımadı”, “Ana yurdum, hər daşına üz qoyum”, “Salamat qal”, “Dağlar küsüb” kimi şerlər yəqin ki, oxuculara yaxşı tanışdır, dillər əzbəridir. “Dünya sənin, dünya mənim” toplusu iyirmi ilə yaxın bir dövrdə yazılan şerlərin nümunələrini bizə təqdim edir. Təbiidir ki, onların bir çoxu ürəklərdə dərin iz buraxmışdır.
Bayaq təbiət tərənnümündən söz açdıq, təbiət lövhəsi şair üçün yalnız zahiri gözəllik deyil, məcazi mənalar üçün, zaman, insanla bağlı mətləblər üçün körpüdür. Məsələn, uçqun haqqında: “Nə bərbad edəndə çəkinir əli, nə abad edəndə təmənnası var”.
Təbii sərvətlərə gəldikdə, şair çox yaralı, vacib simlərə toxuna bilir. Bakı neftindən çox yazılıb. “Nobel mükafatı”nda bu mövzu, demək olar ki, gözlənilməz cəhətdən, özü də açıq gözlü vətəndaş mövqeyindən işıqlandırılır. “Muğanın şikayəti”ndə  “Ceyran azalıb, yaman azalıb” –deyən müəllif, vaxtilə “Qıyma al qanına boyana ceyran, nə gözəl yaraşır Muğana ceyran!” –deyə car çəkən böyük Səməd Vurğunun səsinə səs verir.  Yeri gəlmişkən M. Arazın kitaba daxil edilməyən  “Professor Gülə məktub”unu da xatırlayaq.
Kitaba ad verən şair bu haqqı öz bədii kəsərilə, məna tutumu, parlaq deyim tərzilə qazanmışdır. Bəlkə də klassik poeziyamızın fəlsəfi fonunda bu şerin hikmət özəyi ənənəvi görünə bilər:
            Bu get-gəllər bazarına dəvədi dünya,
            Bu ömür-gün naxışına həvədi dünya,
            Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
            Dünya sənin,
            Dünya mənim,
            Dünya heç kimin...
Lakin əbədi sayılan mövzular burada necə də cazibədar, təravətli, ötəri, cılız nəflərə meydan oxuyan, təmkin və qürurla cilalanan əksini tapmışdır!
Məhəbbət haqqında şerlər Məmməd Araza xas olan kövrək intonasiya, xəfif giley, ayıq düşüncə ilə gur həyəcan selinin toqquşmasının gərginliyi, bu gərginliyin həyalı, təmkinli ifadəsi ilə fərqlənir. “Vətənsiz məhəbbət”, “Altı qızın biri pəri”, “Qadınlar”, “Məhəbbət körpümüz”. Yaxşısı budur, əl saxlayım, siyahını uzatmaqdansa, qoy oxucu şerlərin özünü oxusun...
“Kitabın qapısını” şairin “Söz haqqında söz”ü açır. Göz önündə Məmməd Araz poeziyasının beşiyi – nəğməli-nağıllı ata-ana yurdu, Salvartı dağlarının ətəyində qaynayan nur çeşməli bulaqlar, uşaq taleyindən keçən “müharibə qasırğası”, onun şer rübabını ruhlandıran öyüd-nəsihət, qol-qanad verən ustadların, qələm dostlarının surəti canlanır...
Sərrast qələmlə yazılan, həssas şair qəlbindən gələn etiraf özü-özlüyündə Məmməd Arazın yaddaşının, taleyinin unudulmaz səhifəsidir.  “Söz haqqında söz” deyən şair bir səmimi, müdrik ev yiyəsi, həmsöhbət kimi oxucunu kitabın “qapısında” qarşılayıb, öz sehirli aləminə dəvət edir... yəqin ki, on beş min (tirajın sayı qədər) oxucunun əksəriyyəti bu aləmə ilk dəfə deyil ki, qədəm qoyur, yenə də Məmməd Araz poeziyasının zəngin mənasına, qüdrətinə, əzəmətinə, ecazına, solmaz təravətinə heyran qalır. Oxucu bu əsrarəngiz məşəldən ayrılarkən böyük bir mənəvi aləmə yiyələnəcək, onun könül yaddaşına neçə-neçə söz inciləri həkk olacaqdır. Bütün bu aləm acılı-şirinli, enişli-yoxuşlu ömür yollarında onun vəfadarı olacaq, çətin anlarında, sınaq günündə o istəkli şairin səsini eşidəcək:
            Taleyin hökmünü gözləmək azdı,
            Taleyin hökmünü özün imzala...
 
1984


 
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws