|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Əmirxan   XƏLİLOV

 UCALIĞA,   KAMİLLİYƏ   ÇAĞIRIŞ

Az yazan, gözəl yazan, düz yazan, əsl söz sərrafı olan bir sənətkardan danışmaq, şübhəsiz ki, çox çətindir. Xüsusən də sözün hakimi olan, onun vəznini, nizam-qaydasını gözləyən şair haqqında. “Tərifsiz ömrün də öz tərifi var”, “Sübuta çalışar öz varlığını, yalnız varlığına inanmayanlar!” – deyən şair şöhrət, tərif axtaran, çin, rütbə azarkeşi olanları əsl zəhmətə, şerin fəhləsi olmağa dəvət edir, əsgər şərəfi ilə yaşamağa səsləyir. Özünün dediyi kimi:
             Hamı döyüşlərdə general olsa,
            Daha generallıq kimə gərəkdir...
M. Araz vətəndaş qayəli sənətkardır. O, əbədi və əzəli mövzulara yeni nəfəs verən və onları təzə-tər biçimdə təqdim etməyi məharətlə bacaran bir şairdir. Kiçik, ötəri həyat məsələləri heç vaxt onu “yolundan eləmir”. Yüksək bəşəri duyğular, böyük ictimai mətləblər onu daha çox düşündürür. Dəfələrlə deyilmiş, çeynənmiş mövzular üzərində “köklənən” şairlərə qarşı amansız olan M. Araz “mövzu dilənən, aya, ulduza, dağa, daşa hamilik edən şairlərin bir-birinə oxşayan “qaşqa, ala, əkiztay” şerlərinə öz kəskin qəzəbini gizlətmir. Şair haqlı olaraq qeyd edir ki, hər şeydən, hər kiçik mətləbdən yazanda, şübhəsiz ki, “dəvə dəllək olur, ayı pinəçi”.
M, Arazın poeziyası ən çox insanın mənəvi dünyası ilə bağlıdır. Insanın bir şəxsiyyət kimi bəzəyi olan sadəlik, xeyirxahlıq, təvazökarlıq, həssaslıq, qayğı, diqqət, mənəvi paklıq, kamillik, eyni zamanda bu poeziyanın bəzəyidir. Zəif sözdən, dayaz fikirdən uzaq, təkrar, trafaret qafiyə - rədiflərdən, ütülü, sığallı misralardan birdəfəlik xilas olmaq – müəllifin yaradıcılıq şüarı məhz belədir. Buna görədir ki, M. Arazın poeziyası cazibədar və mənalıdır, ürəklərə və beyinlərə işıq paylaya bilir. Insanın qəlbinə məhəbbət və hərarət, gözlərinə sevinc, nur aşılayır.
M. Araz poeziyası məhz “sehirkar səslər” ifadə etdiyinə görədir ki, ürəklərə hakim kəsilə bilir. Bu poeziya insanı düzlüyə, mərdliyə, mənəvi paklığa çağıran poeziyadır.
Gəncliyi mənalı yaşayıb-yaratmağa səsləyən şair xeyirxahlığı, sadəlik və məsumluğu insan təbiətinin gözəlliyi hesab edir. “Anadan-bacıdan gizlətdiyini kağızdan, qələmdən gizlətməyən” sənətkar oxucularını böyük əməllər, bəşəri ideallar uğrunda mübarizəyə çağırır. “Məndən ötdü, qardaşıma dəydi” “fəlsəfəsi” ilə yaşayanlara qəzəblə gülən müəllif heç olmasa qoynunda yaşadığın, boya-başa çatdığın torpağın “daşı-kəsəyi” qədər gərəkli olmağı vacib sayır və çox yığcam, sərrast bildirir ki, “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı...”.
M. Arazın bir şair kimi üstünlüyü, hər şeydən əvvəl, onun realizmindədir. O, düz deməyi, kəsə və tutarlı deməyi bacaran sənətkardır. Buna görədir ki, həyatımızda, mənəviyyatımızda gördüyü, hiss etdiyi bu və ya digər qüsurlardan da yan ötüb keçmir. “Dili, gözləri yalan danışanları”, “vədli yalanları, yalan vədləri”, “ayağı başda, başı ayaqda” olanları, “qəlbi lal, beyni karları”,”vicdanını ovuclara satanları”, “boğazdan yuxarı ürək yaşadan, ürəkdən aşağı baş saxlayanları”, “xəzinə içində ac tamahları”, “dəvə hikkəli, şeytan xislətli dünyagirləri” böyük bir məharətlə ümumxalq nifrətinin hədəfinə çevirir. Şairin mənfiliklərə qarşı yönələn qəzəb, nifrət hissləri, əslində böyük, işıqlı ideallar naminədir. Təsadüfi deyil ki, onun yaradıcılığında sevgi, vətənpərvərlik, humanist və bəşəri duyğuların təbliği və tərənnümü daha artıq yer tutur.  
Zaman, Vətən və Cəmiyyət qarşısında cavabdehlik şairin lirik qəhrəmanı üçün səciyyəvi keyfiyyətlərdəndir. “Qələmimdir hərbi nazir, Paytaxtımdır yazı masam” – deyən şair gəncliyi, bütün insanları mənalı ömür yollarına dəvət edir. “Mən kiməm, mən nəçiyəm” sualı ətrafında düşünməyi  hər kəsin vətəndaşlıq borcu bilir. Müəllifin fikrincə, insan üçün ən böyük qəbahət “mənəm-mənəmlik” azarına düşməsi, yalnız özü haqqında düşünməsidir. Hünər, ləyaqət isə ondadır ki, öz dünənindən, bu günündən ayrılmayasan, doğma torpağından, xalqından ayrı düşməyəsən. Çünki, “tənhalaşan ağacların qəfil sınmaq qorxusu var...”. Başqa bir şerində isə şair insanlığı əsl məhəbbətə, ülfətə, sevgi işığına çağırır:
            Ey ilham pərisi, varsansa əgər,
            Bu axşam üstümə qanadını gər.
            Qoyma bir anlığa küsüm dünyadan,
            Sevgi ümidimi üzüm dünyadan.
            Dənizə məhəbbət səpmək öyrənim,
            Sahilə məhəbbət çəkmək öyrənim.
            Onu meşələrə səpim – göyərsin.
            Onunla qumları öpüm – göyərsin.
            Məhəbbət adlanan din yaradım mən,
            Məhəbbət adlanan dil yaradım mən.
Təsadüfi deyildir ki, şairin yaradıcılığı elə məhz bu məhəbbətlə yoğrulmuş, bu müqəddəs duyğu ilə pərvazlanmış və ürəkləri fəth etmişdir. Bu poeziya gəncliyə incə, zərif, məsum bir məhəbbət aşılamaqla yanaşı, həm də doğma torpağa məftunluq, elə, obaya qəlbən bağlılıq hissi tərbiyə edir.
M. Araz poeziyasında insani duyğuların tərənnümü, dediyimiz kimi, başlıca yer tutur. O, şerlərinin birində  (“Gecə düşüncəsi”) bütün yer üzünün adamlarını yalnız yaxşılığa, xeyirxahlığa çağıraraq bildirir ki, nə olaydı, hamının and yeri “Günəş”, “Ay”, “Ulduz”, “Su“,”Torpaq” olaydı, hamı işığa and içəydi, qəlbi işıqlanaydı. Şair bu amal yolunda hətta dünyanın əbədi qanunlarını dəyişmək arzusunu bildirir. Necə etmək ki, həyatda pis adamlar, ən başlıcası isə pislik, yamanlıq aradan götürülsün. O, hətta Günəşə, Aya, Ulduzlara heyifsilənir ki, nə üçün xain adamlara, “balaca xalqlara təzyiq göstərən” ölkələrə, zəncini adam hesab etməyənlərə də özünü göstərir, işığını, hərarətini əsirgəmir. Şair Günəşi, səyyarələri əməliəyrilərdən gizlətmək istəyir ki, onların üzünü görməsinlər, çünki ləyaqətsiz adamların buna heç cür mənəvi haqqı yoxdur:
            Arabir dünyanın
            Tərsinə fırlanmağını         
                                            istəyirəm.
            Bəlkə onda görərik
            Ayın qaranlıq üzünü;
            Adamların üzünün
            əbədi gündüzünü...
            Bəlkə onda
            Kuba göyərərdi
            Araz boyunda...
M. Araz yaradıcılığının mühüm xüsusiyyətlərindən biri dərin psixologizmdir. Insanın ruhi, mənəvi aləmi onun şerlərində incə, zərif detallarla, məharətlə rəssam fırçası, zərgər dəqiqliyi ilə rəsm edilir. Ən ümdə keyfiyyətlərindən biri də bu əsərlərin yığcamlığıdır. Az sözlə böyük mətləb ifadə etmək! –“Söz üçün meydan dar və məhdud, fikir üçün geniş!” şairin poeziyası üçün məhz bu keyfiyyətlər xasdır. Bəlkə buna görədir ki, M. Araz yaradıcılığının böyük bir qismi dillər əzbərinə çevrilmiş, bu şerlər bəstəkarların, aşıqların, xanəndələrin diqqətindən yayınmamışdır.
Şairin, demək olar ki, hər sözü, misrası poetik məna yükünə malikdir. Buradan hər hansı sözü, ifadəni çıxarmaq və ya yenisini əlavə etmək qeyri-mümkündür. Çünki ayrı-ayrı poetik vahidlər elə sıx, monolit ansamblla ahəngdarlıq təşkil edir ki, hər hansı “əməliyyat” burada nəzərə çarpa bilər. Bu cəhətdən müəllifin “Salamat qal”, “Dağlar məni tanımadı”, “Ana yurdum”, “Dağlar küsüb”, “Dünya sənin, dünya mənim”, “Yaşadım”, “Ürəyimə”, “Haqqın yoxdu, haqqın var”, “Unut məni”, “Durnaları dönməz oldu”, “O gözlərə baxmaram”, “Nə bilim”, “Təklənmə”, “Beləcə”, “Bağışla məni”, “Nə günah” və s. şerləri daha səciyyəvidir. Bu şerlər, əsasən, qoşma janrında yazılmışdır. Lakin bu ənənəvi formaya şair elə poetik çalarlar, əlvan naxışlar, ilmələr, elə şaqraq xallar, rənglər əlavə edir ki, oxucunun nəzərində bu janrın ən böyük ustadları canlanır, necə deyərlər, əfsanə həqiqətləşir, reallaşır. Bu, şübhəsiz ki, M. Araz poeziyasının heyrətamiz əfsunu ilə, təkrarsız, bənzərsiz boyaları ilə əlaqədardır. Bu poeziyanın əlamətdar keyfiyyətlərindən biri də poetik vəzn, qafiyə sistemi ilə bağlıdır. Hər hansı sözün oxşarı, qafiyəsi adətən oxucunun qəlbində, şüurunda hazır vəziyyətdə olur. Gözlərin, qulaqların alışdığı bir sözün (məsələn, ürək-dirək, yovşan-dovşan; dağ-bağ;) həmqafiyəsini asanlıqla təkrar edir və ya təsəvvürünə gətirirsən. Lakin M. Arazda bu, qətiyyən belə deyildir. Onun şer qafiyələri gözlənilməz olduğundan, istər-istəməz oxucunun qəlbinə yol tapır, onun poetik zövqünü oxşayır (məsələn, qəsəbədə-əsəbidi; səs elər-kəs elə; bu yolun-su olu; nər işdi- dəyişdi; acam-haçan; axımlı-ağıllı; öz əlim-xəzəlim; qala mən-qalan mən; qul oldum-duruldum;). Deməli, dəfələrlə deyilmiş, sürtülmüş sözlərdən, qafiyələrdən qaçmaq və tamamilə yenisini yaratmaq şair üçün əsas məziyyətdir. Məhz bu yolla “arpa çörəyini lavaşdan”, “çürümüş ipliyi qumaşdan”, “köhnə dağarcığı tumaşdan” seçmək mümkündür. Burada sözü şairin özünə vermək daha yerinə düşər.  
            Artır söz yığını, artır çayırtək,
            Hamı deyən olub, yazan olubdur.
            “İlhama sarılmaq”, qələm götürmək
            Papiros çəkməkdən asan olubdur.
Şer yazmaq xatirinə yazan cızmaqaraçıları nəzərdə tutaraq müəllif sadə bir həqiqəti xatırladır ki, poeziyada sənin yerin görünmürsə, şer-sənət aləmi əgər sənsiz də keçinirsə, zəhmət çəkib yazma!.. Başqa bir şerində şair “sürtük, köhnə qafiyə” ustalarına bir daha müraciətlə xatırladır:
            Şairlər, sözləri buxovlamayın,
            Gəlin yığışdıraq qafiyələri!
            Təzə fikirlərə yaxın qoymayın
            Üzülmüş, süzülmüş qafiyələri...
M. Arazın poeziyasında diqqəti cəlb edən mühüm cəhətlərdən biri onun söz yaradıcılığına məsuliyyətlə yanaşması, yeni fikrə təzə libas geydirmək bacarığıdır. Bunun nəticəsidir ki, onun şerlərində poetik obrazlar canlı və yenidir, mənalı və lakonikdir. Onlarca hikmətli söz və ifadələrin, aforizmlərin onun poeziyasında geniş yer tutması da təsadüfi deyildir. Bunların böyük bir qismi oxucuların dilində qanadlı ifadələrə, zərb-məsəllərə çevrilmişdir.
            “Nəğməsi olmayan, şeri olmayan,
             Bir xalqın tarixi yazıla bilməz!”
            “Bu torpaq üstündə bitən Nizami
            Bəşərin ən uca fikir dağıdır!”
            Sənət yarışında, söz yarışında
            Yüzümüz bir Sabir deyilik hələ!”
və s.
M. Araz müasir poeziyamızı özünün orijinal yaradıcılıq üslubu və poetik xüsusiyyətlərilə zənginləşdirən bir şairdir. “Şum yerindən yığılmış damar-damar misraları”, şerləri ilə indiki ədəbi gəncliyin inkişafında onun müstəsna yeri vardır. Gənclik onu sevir, öyrənir və yaradır. Əlçatmaz poetik kürsüdən o, yenə də dərs deyir, öyrədir. Müdrik poeziyası ilə mənəvi ucalığa, kamilliyə çağıran sənətkar öz poetik məramını müasirlərinə də təlqin edir:
            Ömür karvanının sənət yükünə
            Bir-iki qeyrətli söz yükləməsək.
            Sən kimə gərəksən,
            Mən kimə gərək?!

1984

             
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws