|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
 Flora      NƏCİYEVA

MƏMMƏD   ARAZ    DÜNYASI

      Məmməd Arazın “ Dünya sənin, dünya mənim” adlı son şerlər toplusu şairin otuz illik yaradıcılığının bəhrəsidir. Kitabın ön sözündə şair öz yaradıcılıq yolundan, özünün şerə, sənətə baxışlarından söhbət açır: “Öz sözüm haqqında söz deməyə çətinlik çəkirəm. “Düz sözdür dünyada hər şeydən baha”. Bu söz bağlaması haqqında əsl sözü siz deyin, əziz oxucular, siz deyin!”. Məmməd Araz bu səmimi müraciəti ilə oxucunu öz poeziya dünyasına dəvət edir, ondan cavab gözləyir.
“Dünya sənin, dünya mənim” kitabı beş bölmədən ibarətdir. Kitabda şair doğma diyardan nə qədər uzaqlarda olsaq belə bizim yolumuzu gözləyən “İsti ocaqlardan” xəbər verir; “Dünya sənin, dünya mənim” deyib insanın dünya qarşısında məsuliyyətindən danışır; “Bir ömür yolunda” rast gəlib əldə etdiyi mənəvi sərvətləri bizimlə bölüşdürür; “Od kimi, su kimi” əbədi həyat məsələlərini gözdən keçirir; Hər birimiz üçün həyati məna kəsb edən “Məhəbbət körpümüzdən” söhbət açır.
Kitabda toplanan əsərlər arasında sıx vəhdət yaradan, onları bir-biri ilə möhkəm bağlayan bir körpü var. Bu, şairin şəxsiyyətinə son dərəcədə yaxın olan lirik qəhrəmandır. Şerlərin müxtəlif mövzularda yazılmasına, hər birinin məzmun və forma fərdiliyinə baxmayaraq, onların hamısı vahid lirik qəhrəmanın müxtəlif təzahürləri sayəsində birləşib lirik poema əmələ gətirir.
Vətənə, xalqa, doğma torpağa məhəbbət hissi Məmməd Araz yaradıcılığını qidalandıran mənbələrdən ən mühümü və güclüsüdür. Onun hər şerində, hər sətrində, hər sözündə belə Vətənə məhəbbət tərənnüm olunur. Şair etiraf edir: “Bu torpağın daşı olub qalaydım, yoxdu özgə umacağım”.
Məmməd Arazın fikrincə:
            Vətən daşı olmayandan
            olmaz ölkə vətəndaşı.
                                 (“İnsan qayalar”)
“Böyük” və “kiçik” vətən, Azərbaycan və şairin doğulduğu Nurs kəndi Məmməd Arazın şüurunda ayrılmaz birlik təşkil edir, hər ikisi ona doğma və əzizdir.
            Azərbaycan deyiləndə ayağa dur ki,
            Ana yurdun ürəyinə toxuna bilər.
                                            (“Azərbaycan –dünyam mənim”)
Bu sətirlərdə şairin  doğma vətənə bəslədiyi fərəh dolu məhəbbəti aydın görünür. Bununla  yanaşı o, öz “kiçik” vətənini də unutmur:
            Budur, uşaqlığım keçən o yerlər –
            Çadırdaş ətəyi, Nursu bulağı.
                                             (“Bu yerlər, o yerlər”)
Məmməd Araz öz kökləri ilə onu bəsləyən, boya-başa çatdıran, ona böyük həyata vəsiqə verən kiçik yurdunu incə bir məhəbbətlə sevir, oğul nəvazişi ilə deyir:
            Kəndim, balacasan, çox balacasan,
            Adın yox dünyanın xəritəsində.
            Atılıb qalmısan gözlərdən uzaq
            Çaylı, baldırğanlı dağ dərəsində.
                                                 (“Kəndim, balacasan, çox balacasan”)
Vətən sözü şair üçün mücərrəd bir məfhum deyil. Məmməd Araz vətən dedikdə gözlərimiz qabağında yurdumuzun gözəl düzləri, bol sulu çayları, məğrur dağları, yalçın qayaları canlanır. Ancaq Məmməd Araz yalnız vətənin gözəlliyini təsvir etməklə kifayətlənmir. Şairin vətənə məhəbbəti onun yovşanını yad elin gül-çiçəyindən daha əziz bilməsidir, “sağolun”dan başqa özgə mükafat istəməməsidir:
            Heç bir mükafatın yetmədi mənə,
            Bircə sağolun da bəsimdi, vətən.
            Bəsimdi hər səhər təltif yerinə
            Qapımda küləyin əsibdi, vətən.
                                               (“Vətən məhəbbəti”)
Məmməd Araz vətən deyəndə Cənubi Azərbaycanı da yaddan çıxarmır. O, bir ürəyi iki bölən, bütövü paralayan tikanlı məftillər haqqında ürək yanğısı ilə söz açır:
            Mən təbrizli, naxçıvanlı, mən gəncəliyəm,
            Çox görmüşəm hasar üstə ölənləri də.
            Mən torpağı bölünməyə öyrəncəliyəm,
            Heç qazanan görməmişəm bölənləri də.
                                                                    (“Qonşu çəpəri”)
Şair yalnız öz vətəninin, öz xalqının yox, bütün bəşəriyyətin qayğısını çəkir, onun taleyinə laqeyd qala bilmir. Dünyanın müasir vəziyyəti onu çox narahat edir, dilə gətirir. Bütün insanlara müraciət edərək, onları sülhü qorumağa çağırır.
            Ağıllı başların qəzəbi – kibrit,
            Dünyamız bir taya quru küləşdir.
            Gəl, indi bu boyda yanğını kirit –
            Qəzəb ikiləşdi, baş ikiləşdi.
                                                      (“Qoruyun dünyanı”)
Dünyanı qorumaq lazımdır, çünki “Dünya gözəl, dünya gözəl dünyadı”. Şairin fikri onu heç zaman tərk etmir, bu fikir Məmməd Arazın, demək olar ki, bütün şerlərində özünü büruzə verir. Bu “işıqlı, gözəl” dünyamıza məhəbbət hissi şairin bütün əsərlərinin leytmotivi sayıla bilər.
Insan və təbiət bağlılığı da Məmməd Araz yaradıcılığının başlıca qaynaqlarından biridir. Şair doğma yurdun təbiətinin vurğunudur. Onun təbiətə münasibəti yaxın bir dosta, sirdaşa olan münasibətidir:
            Neçə yazdı düşmür yolum,
            Yəqin dağlar küsüb məndən.
            Gedim öpüm, qurban olum,
            Yəqin dağlar küsüb məndən.
                                   (“Dağlar küsüb”)
Məmməd Arazın şerlərində təbiət ağrılı-acılı, sevincli-kədərli bir canlıdır; “ağlayan qayalar”, “yetim ulduzlar”, “küsəyən dağlar”... bizimlə birgə yaşayır, birgə nəfəs alır. “Araz üstə çinar gördüm” şeri iki çinarın məhəbbət əfsanəsi kimi təsirlidir.
Təbiəti sevmək şairin təsəvvüründə onu qorumaq deməkdir:
            Bu gün yaman məyus oldum
            Bu gün səhər –
            Gördüm şəhər kənarında
            Bir təpəni sökürdülər...
            
            Axı niyə şəhərlərdən
            Qovmalıyıq təbiəti?..
                                (“Şəhərdən köçən təpə”)
İnsanların təbiətə vurduğu sağalmaz yaralardan danışmağa da şairi məcbur edən qüvvə doğma vətənə, onun sonsuz gözəlliyinə olan məhəbbətdən doğur.
Məmməd Araz poeziyasında insanlıq, insan haqqında fikirlər, müşahidələr əsas yer tutur. Insan, onun daxili aləmi, sevgisi, nifrəti, mənəvi zənginliyi, insan ziddiyyətləri şairi düşündürür, duyğulandırır və onun yaradıcılığında öz təkrar olunmaz əksini tapır. Şairin lirik qəhrəmanı bizim müasirimiz, dərin düşüncə və incə qəlbə malik olan insandır. O, dostluğa sadiq, tərifdən qorxan, təvazökar, yaxşılığı “nəsildən-nəslə qalan varımız sayan”, yalana nifrət edib “həqiqət sözünü söz allahı” bilən insandır. Bu lirik qəhrəmanın həyəcan dolu hissləri oxucunun qəlbində güclü hisslər oyadır.
Lirik şerlərin ən zərifləri, ən incələri ana mövzusuna həsr olunub:
            Necə yad görürəm doğma yerləri...
            İlk dəfə qarşıma çıxmadı anam.
            Ilk dəfə anamsız açdım səhəri,
            Ilk dəfə anamsız düşəcək axşam.
                                                 (“Bacım Gülsümə məktub”)
Məmməd Arazın ana haqqında hər kəlməsi zərb-məsəl kimi səslənir, oxucunun yaddaşına həkk olunur:
            Uşaqlıq itirmək, gənclik itirmək
            Ana itirəndə yada düşərmiş...
            Çırağı anaymış ata yurdunun...
Təsadüfi deyildir ki, Məmməd Arazın birinci kitabı “Sevgi nəğməsi” adlanıb. O vaxtdan bəri şair neçə şer yazıb, çox kitab çap etdirib, ancaq onun sevgi nəğməsi tükənməmişdir. Məmməd Arazın tərənnüm etdiyi məhəbbət insan üçün zəruri bir ehtiyacdır. Insan onu ömrü boyu axtarır:
            Hardasan, ey qəlbimin kimsənəsi,
                        hardasan?
            Hardasan, ey qəlbimin bir dənəsi, hardasan?
                                                                   (“Hardasan”)
      Bu məhəbbət gah kamına çatan, gah da nakam qalan, gah çiçəklənən, gah da tufana, qara düşən, gah nikbin, gah da kədərli olan şair sevgisidir. Bu məhəbbət insanı rahat qoymayan əbədi və ülvi hissdir, şairin həmişə ilham mənbəyidir:
            Ey ilham pərisi, varsansa əgər,
            Bu axşam üstümə qanadını gər.
            Qanım bir hərarət alsın qanından,
            Çıxım bu fikirlər burulğanından.
            Isinsin azacıq bu daş duyğular,
            Olmayım bir evdə beşinci divar...
                                                 (“Bir axşamın balladası”)
Məmməd Araz lirik şairdir. Onun hər şeri, hər sətri nəğmə kimi səslənir. Azərbaycan dilinin gözəlliyi, oynaqlığı, incəliyi, səmimiliyi Məmməd Arazın bütün şerlərində əks olunub bizi heyran edir:
            Bulaq gördüm – uşaq kimi ərköyün,
            Məni gəzər məndən qaçan ürkəyim,
            Salamat qal bu dağlarda ürəyim,
            Salamat qal,
            Salamat...
                                            (“Salamat qal”)
Məmməd Araz poeziyası haqqında danışmaq çox çətin və məsuliyyətlidir. Bu çətinlik onun yaradıcılığının dərinliyindən, məsuliyyət isə xalqın ona bəslədiyi məhəbbətdən doğur. Ancaq bu poeziyadan danışmaq daha çətindir.
Məmməd Araz “Dünya sənin, dünya mənim” kitabı nədən danışır? sualına belə cavab verir: “Adından məlum olduğu kimi, hamının dünyasından, hamının əlindən tutan, hamının əlindən çıxmaq qorxusu olan dünyadan, hamıya məlum və naməlum dünyadan”. Bu sözləri davam etdirib demək olar ki, şairin bu kitabı, hər şeydən əvvəl, onun öz dünyasından danışır. Məmməd Araz dünyasından. Bu dünya gözəl dünyadır, çünki bu, məhəbbət dünyasıdır: Vətənə məhəbbət, təbiətə məhəbbət, insana məhəbbət, anaya məhəbbət, qadına məhəbbət dünyası...

1984





 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws