|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Firidun   HÜSEYNOV

HƏYAT    MƏHƏBBƏTLİ

“Dünya sənin, dünya mənim” şerlər kitabını (“Yazıçı” nəşriyyatı) oxudum, Məmməd Araz. “Uşaq-kişilər”, “cəhrə müğənni” sözləri ürəyimdə yer elədi və düşüncələr məni qanlı-qadalı, ağır savaş illərinə aparıb çıxardı. Uşaqlıq çağları, müharibə, aclıq və ehtiyac, aramsız göz yaşları... Yadımdadır, onda sən arıq, həssas, diribaş bir uşaq idin. Gündüzün canüzücü ağır işlərindən sonra gecələr yer şumlamağa gedən, yorğunluqdan, yuxusuzluqdan mürgüləyib boyunduruqdan yıxıla-dura, qoşqu mallarını haylamaqdan səsi batan “kişi-uşaqlardan” biri idin. Evdə eşitdiyin cəhrə səsi, bayatı yanğısı, çöldə kotanın yağsız təkərlərindən qopan inilti ilə holavar zümzüməsinin həzin musiqisi idi. Saz, tar-qaval səsi, qara zurna harayı büsbütün susmuş, az qala unudulmuşdu. Doğulduğun dağ kəndində elektrik işığı, radio, telefon xətti yox idi.
Kişilər, yeniyetmə cavanlar yaraqlanıb Vətən torpağını yağılardan qorumağa getmişdilər. Təsərrüfatın bütün ağırlığı qadınların və uşaqların boynuna düşmüşdü. Qışın qar şavağında dərs öyrəndiyin, yazın-payızın aylı gecələrində bayatı, holavar dinlədiyin az olmayıb. Sənin şairlik bulağının gözü ana bayatısı, ata holavarıdır. El ədəbiyyatının ruhu şerlərinin əriş-arğacı, çeşnisi, fabulasıdır. “Kotan nəğməsinə holavar qatam” arzusu ürəyində naxış bağlayıb, silinməz iz açıbdır. Sən “Aranda tutdan, dağda qurutdan” olmadın. “Dünyada hər şey zornan olar, şairlikdən başqa” (Mirzə Cəlil). Onu üzə çıxaran, cilalayan, parladan, ona düzgün yön, təkan verən zəhmətdir. Fiziki və əxlaqi zəhmət. Sənin fitrətindəki şairlik qabiliyyətini parladan məhz zəhmət olub, əkinçilik zəhməti. Kotan dəmirini parladan zəhmət, “Vətən mükafatı” şerində iftixarla xatırladığın ömür yolu:
            Bir ömür yaşadım - əkinçi ömrü...
Odur ki, şerlərində doğma torpağın ətri duyulur. Bütün ətirlərin anası olan torpaq ətri. Torpağa gildir-gildir alın təri axıtmayanlar, torpağı şum-pərşum eləməyənlər bu ətri duya bilməzlər. Ayağı torpağa dəyməyənlər arasında “torpağın nə ətri” deyə düşünənlər də ola bilər. Axı “kotan nə bilir qayış nə çəkir”, “şum”, “pərşum” sözləri sənin dilindən düşmür, şer və poemalarında onları sıx-sıx işlədirsən. Hətta “Yaşadım” adlı bir şerində bütün ömrünü şuma bənzədərək, “öz ömrümü şum elədi öz əlim” – deyirsən. Sənin orijinal, təkrarolunmaz təşbihlərin var. “Professor Gülə məktub” şerindəki bu misralar fikrimdən heç çıxmır:
            Qırılan sətirləri
            Qırılan balıqların
                sürüsünə bənzədirəm,
            Seyrələn nöqtələri
            Xəzərin seyrələn
            Kürüsünə bənzədirəm.
Nədənsə mən də ağ kağız üstünə düzdüyün qara misraları həmişə boz torpağın sinəsində açılan kotan şırımlarına oxşatmışam. Birinci əlyazmalarını şuma, üzünü köçürdüklərini pərşuma bənzətmişəm. Sən elə indi də əkinçisən, geniş poeziya tarlasında öz qələmi ilə şırımlar açan, alın tərini ürək qanına qatan, fikir yüklü şerlər müəllifi zəhmətkeş bir əkinçi. Sən dünyaya əli çənəsində gələn şairlərdənsən. Daim düşüncəli, dalğın, qayğılı...
Təbiətin saf qoynunda gəzib-dolaşdığın, Şahbulağın güzgüsündə aləmi seyr etdiyin çağlardan sən elə şair təbiətli idin. Ancaq təzə-təzə qoşduğun misraları köçürməyə kağız qıt, qurumdan düzəltdiyin mürəkkəbin rəngi çox solğun idi. Torpağın, qayaların sinəsi dəftərin, gərməşoy çubuğu qələmin idi. Bütün bunlar yaddaşında naxış bağlayıb. Ona görə o günləri anıb bədii suala keçirsən:
            Tapşırıq dəftərim sal daşlar hanı?
Müharibə qələbəmizlə bitdi. Uşaqlıq illəri, ağır zəhmət illəri sovuşub arxada qaldı. Sən öz istedadınla Şahbulağın, Çadırdaşbulağın, Novlubulağın, Bozbulağın, Kəklikbulağın, Çınqıllıbulağın çağlayan sularına qarışıb Araza axdın, Kürə qovuşdun, Xəzərə qarışdın. Bakının, Moskvanın qoynunda boy atıb böyüdün, coşqun təbinlə, halal zəhmətin, çalışqanlığınla neçə-neçə şer kitablarının müəllifi kimi tanındın.
Beləliklə, sən ədəbiyyata həyatın qaynar qazanından, qızmar kürəsindən çıxıb gəldin. Poeziyandakı gerçəklik, canlılıq, təbiilik, sadəlik, obrazlılıq və inandırıcılığın sirri bundadır. Sayca on altıncı kitabın olan “Dünya sənin, dünya mənim” şerlər toplusunda böyük Sovetlər ölkəsi, Azərbaycan əməksevər, yaradan, quran, gələcəyə doğru inamla irəliləyən insanları, zəngin təbiəti ilə, tükənməz maddi və mənəvi sərvəti ilə poetikləşir, aydın bədii məna kəsb edir. “Azərbaycan – dünyam mənim” şerində milli iftixar hissi duyulur.
  Füzulilər, Sabirlər yetirən, şanlı inqilabi ənənələri ilə seçilən Azərbaycan sənin geniş dünyaya açılan pəncərəndir. Onun ən adi daşı belə müqəddəsdir. Çünki vətəndir, yurdun bir parçasıdır. Ata-baba yadigarı, əcdad ruhunun daşlaşmış heykəlidir. “Təbiət lövhələri”ni əks etdirən “Uçqun”, “Qanadlı qayalar”, “Duman ömrü”, “Ağlayan qayalar”, “Göy göl”, “Dərə” kimi şerlərin məziyyəti ondadır ki, burada insan öz çevrəsindəki dərələr, çaylar, göllər, qayalar, dağlarla birlikdə, qarşılıqlı ünsiyyətdə təsvir və tərənnüm olunur. Misralar arasında insan ürəyinin döyüntüsü eşidilir, mehriban, qayğılı, ilıq insan nəfəsi duyulur.
Insana səxavətlə qulluq edən təbiətə insan qayğısı, arzuları ifadə olunur. Torpağa, vətənə, insana dərin və sonsuz sevgi bu şerlərin ümumi poetik məzmununu, ruhunu təşkil edir. Təbiət ictimai-fəlsəfi düşüncələrin, poetik fikrin, obrazlar, xarakterlər, bədii lövhələr, detallar yaratmağın, mürəkkəb həyat hadisələrinə şairanə baxışın ifadə vasitəsinə çevrilir.  
Təbiətə həsr olunmuş şerlərin çoxunda dağlar vətənin, onun ucalığının, vüqarının, əbədiliyinin timsalıdır. Bu şerlərdə həm xalq ədəbiyyatına, Aşıq Ələsgər, Səməd Vurğun poeziyasına bağlılıq, həm də orijinal deyim tərzi özünü göstərir. Başlıcası odur ki, bu şerlərdə cansız daşlara, qayalara söz çeşnisi ilə sanki həyat verilir, nəfəs verilir, dağlar-daşlar canlandırılır, şəxsləndirilir. Dosta duz-çörəkli, düşmənə qarşı əli qılınclı ulu əcdadımızın daşlaşmış, heykəlləşmiş surəti göz qabağına gəlir. Daşlardan analara heykəl ucaldılır:
            Ağlaya-ağlaya yol gözləməkdən,
            Analar daş olub yol qırağında.
“Bu torpağın daşı olub qalaydım” arzusu vətən sevgisi idealına çevrilir. Daşlar dilə gəlir, danışır, gülür, ağlayır, səngərə, qalaya dönür, yağılara göz dağı olur, vətəndaşa çevrilir, vətən olur. Doğma yurdu sevmək haqqında quru nəsihət yox, vətəni sevməyin yönünü öyrədən bədii sözün təsiri ilə inanırıq ki:
        Vətən daşı olmayandan,
        Olmaz ölkə vətəndaşı.
Ayrılıq, həsrət, ümid, inam motivləri, cənublu qardaşları azad görmək arzusu “Oxuyan Təbriz”, “Şəhriyar gəlmədi”, “Arazın işıqları”, “Bu gecə yuxumda Arazı gördüm”, “Araz yadıma düşdü”, “Araz üstə çinar gördüm” və başqa şerlərin başlıca mövzusudur. Xalqın ürəyindən keçən və ürəklərdən xəbər verən tarixi nisgilin, bəşəri kədərin təsirli bədii ifadəsidir. Bu şerlərdə Təbriz və Araz arzuların, istəklərin müəllif idealının əsasında, mərkəzində durur.
Savalanın qara qaşı, gözlərdən axan qara yaş göyərdi, ancaq Təbrizin həsrəti, arzusu, istəyi çiçək açmadı.”Qum göyərənə qaldı”     el sözü kitabındakı “Göyərdi” şerinin leytmotivi kimi səslənir. Bununla birlikdə, xalqın gələcəyə nikbin baxışı, gücünə inam duyğuları, mərd, mübariz ruhu şerin ideyasına çevrilir.
“Dünya sənin, dünya mənim” kitabının mühüm bir qolu indiki dünyamızın ümumbəşəri dərdlərindən, savaş qorxusundan, barış arzusundan, dinclikdən, əmin-amanlıq uğrunda mübarizədən söhbət açır. Dəhşətli döyüş silahlarının törədə biləcəyi nahaq qırğınlara qarşı dünyanı səfərbər etmək çağrışları səslənir. “Çiçəyindən alağı, kişisindən papağı, köpəyindən yalağı çox” olan dünyanın astarı üzünə çevrilir. Insanlığa bəla olan qanadlı ölüm quşları gələcəyin qanlı faciəsi kimi səsləndirilir:
            Raketlər döş kimi dolu,          
            Gələn nəslə əmzik olu...
“Okeanın o tayına məktub” və bu silsilədən olan başqa əsərlər xalqımızın, dövlətimizin dinclik uğrunda mübarizəsini əks etdirir. Savaş hərislərini ittiham edir.
“İlhamım”, “Qaytar məni”, “Şəhərdən köçən təpə” əsərlərində vətənə, xalqa, insanlığa gərəkli olmaq, inamla, ümidlə yaşamaq, qayğıkeşlik, humanizm ideyaları təlqin olunur. “Hamının əlindən tutan, hamının əlindən çıxmaq qorxusu olan dünya...” yeni söz biçimi ilə, təzə və orijinal bədii sifətlərlə, epitetlərlə göz önündə canlandırılır.
Kitab “Bir axşamın balladası” adlı təsirli şerlə bitir. Daşa, torpağa, insana dərin və sonsuz sevgilərlə dolu bir şer. Insanlar arasında inam, qarşılıqlı ünsiyyət və məhəbbət yaratmaq, dincliyi, barışı, ümidi insanlığın idealına çevirmək üçün ilham pərisi köməyə çağırılır. Şer də, kitab da dünyaya sevgi ümidi, dənizə məhəbbət səpmək arzusu ilə bitir.
Sənin poeziyanda dünya da, vətən də aranlı-dağlı, toylu-düyünlü, keçmişli-gələcəkli, kəndli-şəhərli, təbiətli-insanlı, bütöv görünür.

1985

 
             

 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws