|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Vilayət    QULİYEV ,  Nizaməddin  BABAYEV

ARTIRAN   SÖZ  QƏDRİNİ

Məsəl var, deyirlər: “Açıq qapını döyməzlər”. özgə cür də deyirlər: “Görünən dağa bələdçi lazım deyil”. Müasir Azərbaycan şerinin özünəməxsus yaradıcılıq dünyası, təkrarsız poetik aləmi olan görkəmli nümayəndələrindən biri Məmməd Arazın “Dünya sənin, dünya mənim” adlı kitabını əlimizə alanda ilk yadımıza düşən müdrik xalq deyimləri oldu. Oxucuların çoxunun əzbər bildiyi, misralarının əksəriyyətinin ürəklərə süzülüb yaddaşlarda kəlama çevrildiyi bir poeziyaya yozum vermək çətindir. Ilk baxışda adama elə gəlir ki, əslində Məmməd Araz poeziyasının belə bir yozuma ehtiyacı da yoxdur.
Şairlərin ənənəvi mövzu təsnifində, zənnimizcə, Məmməd Arazı “fikir şairi” hesab edənlər o qədər də çox deyil. Bəlkə də onun sözünün oxucuya fikrindən tez çatması buna imkan verib? Sözün sehrindən, gözəlliyindən, söz ilmələrinin mürəkkəbliyindən, çoxçalarlılığından heyrətlənən oxucu onların mənası üzərində düşünməyə macal tapmayıb? Bəlkə oxucu elə yalnız sözün gözəlliyi ilə kifayətlənib və yalnız buna görə şairə minnətdar olub? Axı elə indinin özündə də Füzuli fikrinin dərinliyinə baş vura bilməyən, lakin Füzuli sözünün gözəlliyinə görə onun az qala bütün lirikasını əzbər bilənlər çox deyilmi?
“Məmməd Araz vətəndaş şairdir” cümləsi onun haqqında yazılan məqalə və resenziyaların birindən o birinə keçə-keçə az qala şüara çevrilib. Bu qənaət az qala şairin bənzərsiz poeziyası haqqında fikirlərin son həddi olub. “Məmməd Araz vətəndaş şairdir” həqiqəti isə əslində çox genişdir. Bu həqiqəti görmək, göstərmək üçün Məmməd Araz poeziyasını misra-misra yaddaş süzgəcindən keçirmək, onun toxunduğu sehirli söz “materialını” ilmə-ilmə “sökmək” lazımdır. Nədədir Məmməd Araz həqiqəti? Insana doğma olan hər şeyə sevgidə. Insana doğma olan şeylərin əzəli vətəndir. M. Araz da özündən, öz taleyindən əvvəl “mayası nurdan tutulan, qəlbində alov dilli ox çiçəkləyən” Azərbaycan torpağını sevib. Onun poetik ömrünün ilki, əzəli Vətənə vurğunluqdan başlayıb:
            Bir qayaya söykənmişəm, deyirəm: kaş
            Bax, beləcə daşa dönəm yavaş-yavaş.
            Onda Vətən sanar məni
                     bir balaca vətən daşı,
            Vətən daşı olmayandan
                    olmaz ölkə vətəndaşı.
“Qəzəbindən göyərən” vətən daşı şairin poeziyasında vətəndaşlıq şəhadətnaməsi kimi təqdim olunur. Daş olmağı bacarmayanlar isə yoldaş olmağı da, gələcəyə yaddaş olmağı da bacarmazlar. Özünün dediyi kimi, “istedadın təkidi ilə sənətin ağır yükünü çəkməyə başladığı” gündən Məmməd Araz bütün varlığı ilə duyub ki, əsl, səmimi, qeyrətli insan təbəssümü altında Vətənin daşı da çiçək aça bilər. Çağırış ruhlu bu misralar M. Arazın poetik təfsirində güclü tarixilik və müasirlik çalarları kəsb edir.
Sənət dünyasına qədəm basıb əsl sözün əlçatmazlığa qalxdığını gördüyü, poeziyanın ən uzaq yolunun “asanlığın çətinliyi” olduğunu dərk etdiyi gündən Məmməd Araz “bir əli torpaqda, bir əli varaqda” “öz ömrünü öz əli ilə şum etməyə” başlayır. Lakin ilk gündən taleyini sözlə bağlayan sənətkar sözə qarşı tələbkarlığı başlıca sənət prinsipinə çevirir, sənət dünyasında “hər təzə addımı təzə döyüş” kimi qəbul edir. Bu döyüş şairin özü ilə özü arasında başlanır: “Boş inaddan, könül, əl çək. Özündən özünə yol çək”.
Şair həm də yaxşı başa düşür ki, insanın özündən- özünə gedən yol onun ürəyinin təmizliyindən, sözünün düzlüyündən keçməlidir. Çünki “düz sözdür dünyada hər şeydən baha”. Buna görə də əsri necə duyubsa, insanları necə görübsə, münasibətləri necə dərk edibsə, o cür də yazmaq M. Arazın sənət məramına çevrilib. Öz duyğularına inam, onların ilkinliyinə, təbiiliyinə sədaqət şairdən yaradıcılıq hünəri tələb edir. M. Araz kövrək hisslərini, həyəcanlarını qələmindən süzülüb axan sözlərin köməyi ilə ömründən gedən illərin və ayların hesabına dilsiz körpəsi kimi qoruya bilir. O, hisslərini yalnız sözə təslim edir və elə bu səbəbdən də şairin poeziyasında intəhasız fikir genişliyi, həssas və həyəcan, narahatlıq və axtarış forması var:
            Məni şerimdə gəz bir insan kimi,
            Qəlbimdə nə varsa, ona demişəm.
            Anadan, bacıdan gizlətdiyimi,
            Kağızdan, qələmdən gizlətməmişəm.
Məmməd Araz poeziyasının subyekti də, mövzusu da Vətən yollarında “söz göyərtmək üçün ürəyini torpağa basdıran” şairin öz ömrü, öz bioqrafiyasıdır. Şair poeziya dünyasına gətirdiyi ən cansız, hissiz, duyğusuz predmeti də gözlərinin işığı, ürəyinin hərarəti ilə isidir, oxucu üçün doğmalaşdırır. Elə buna görə də yəqin ki, M. Araz əsl sənətkarı, hər şedən əvvəl, ürək ağrılarının daimi abunəçisi hesab edir. Ümumən dünyanı ürəklə görmək cəhdi Məmməd Arazın sözün və fikrin dərinliklərinə cəsarətli səyahətləri üçün zəmin yaradır. Elə bir şair kimi onun gücü də təmkinindədir, sabitliyindədir. Bu cür təmkin və səbatlılıq istedadın poetik fəallığına əsla mane olmur. Lakin bu səbatlılıqla, təmkinlikə stresslər pəncəsində sıxılan, tələsən, çırpınan əsr arasında bir daimi təzad vardır. M. Arazın bir çox şerləri də elə həmin təzaddan doğulur. Ümumiyyətlə, onun poeziyası təzadlar üzərində qurulur və məntiqi ardıcıllıqla düzülmüş bu təzadlar şerlərin lirik sahmansızlığında orijinal bir harmoniya əmələ gətirir:
            Bir taleyin oyununda cütlənmiş zərik,
            Yüz il qoşa atılsaq da qoşa düşmərik.
            Bir zərrənin işığına milyonlar şərik,
            Dünya sənin,
            Dünya mənim,
            Dünya heç kimin...
Istər-istəməz çoxlarının əzbər bildiyi bu şerin bütün misralarını misal çəkmək istəyirsən, lakin biz birinci bəndlə kifayətlənirik və inanırıq ki, qalan bəndlər oxucuların yaddaşlarından süzülüb üzə çıxacaq. Aydın məsələdir ki, hamının daxili dünyasını təlatümə, ehtizaza gətirən bu misralar ilk növbədə Məmməd Araz dünyasının içərilərindən xəbər verir. Bu dünya isə aldanış və ümid, həyəcan və həsrət, gecikmiş təntənə və ömürlük narahatlıq muzeyinə bənzəyir, - orada dünyanın, üzərində yaşadığımız real dünyanın bütün rəngləri, bütün çalarları toplanıb. “Bu dünyanın qara daşı göyərməz” ümidsizliyindən “Dünya mənim” hökmünə kimi. Şairin lirik qəhrəmanı əsrin təzadları arasında gələcəyi görməyi bacaran, lakin həmin təzadların mövcudluğundan əzab çəkən, füzuliyanə bir yanğı ilə “Gözümə bir Araz şırımı dəydi, yüz Araz töküldü gözümdən mənim” dəyən öz müasirimizdir. Məmməd Araz müasirimizi təkcə fəlsəfi düşüncələr axınında təsvir etmir, onu təkcə deklarativ Hamlet sualı ilə qarşılaşdırmır, şairin poetik təqdimatında müasir insan həm də əsrin və onun doğurduğu problemlərin tam hüquqlu sahibidir. Bu baxımdan “Kür üstündə tək ağac”, “Bir il”, “Dalğasındıran qaya”, “Heykəlimlə görüş” şerləri xarakterikdir.
Məmməd Arazın əksər şerlərinə monumentallıqla zərifliyin sirri yalnız şairin özünə bəlli olan qəribə qovuşuğu, milliliklə bəşəriliyin sintezi xasdır. Öz ilkin “mən”inə qayıtmaq, bir “fikir daşı” olub “ötən əsrlərin dərələrinə” səpilmək və babaların torpaq altında dalğalanan gur səsləri ilə bu günümüz haqqında həsb-hal etmək Məmməd Araz poeziyasına xəlqi ruh və ciddi tarixi kontekst aşılayır.
Məmməd Araz yaradıcılığının müxtəlif dövrlərini səciyyələndirən şerləri nəzərdən keçirdikdə görürük ki, əsl istedad üçün yaş senzi, “sənətkarlıq mərhələləri”, demək olar ki, heç bir əhəmiyyət kəsb etmir. Şairin təxminən otuz illik poeziya yolunun yekunu olan kitabları vərəqləndikcə inanırıq ki, o, əlinə qələm alandan yaxşı yazıb, yaxşı yaza bilməyəcəyini hiss etdiyi anlarda isə qələmi özünə yaxın buraxmayıb.
Dünyamızın mürəkkəb münasibətləri içərisində insanın müstəqilliyinə, onun mənəvi sərbəstliyinə hörmət Məmməd Arazın poetik şəxsiyyət konsepsiyasında əsas yerlərdən birini tutur. Aydındır ki, bu təbii qanunauyğunluq pozulanda şairin poeziyasında dramatik məqamlar güclənir. Lakin “Son nəğmənin uçurumuna sıxılsam” deyə görümlü bir obraz yaradan şairin həyat eşqi, dünyaya inamı, nikbinliyi daha güclüdür:
            Gülüm, bir də görüşünə yubansam,
            Adımı tut, harda dağlar dumansa
            Gözünü sıx, hansı daşda su yansa, -
            O daş altda Məmməd Araz yaşayır.
Məmməd Arazın poeziyasında yeniliyə, novatorluğa meyl güclüdür və “Dünya sənin, dünya mənim” kitabında toplanan şerlərin əksəriyyəti bu yeniliyin aydın ifadəçiləridir. Lakin şairin novatorluğu yalnız forma axtarışlarında deyil, həyata münasibətində, onun mahiyyətinə nüfuzun yeniliyindədir. M. Araz şerimizin dil ilə qəlb arasında körpü salan avazına sadiq qalır, forma yeniliyinə biganə olmasa da “od kimi, su kimi” əbədi köhnəliyi hər cür qondarma yenilikdən uca tutur. Bu isə onun şerlərinin poetik təlqin gücünü artırır, estetik təsir dairəsini genişləndirir.
Məmməd Araz narahat şairdir desək, yəqin ki, poeziya tənqidinin çox yayılmış məlum hökmlərindən birini təkrarlamaqdan irəli getmərik. Lakin şairin bəzən dramatizm səviyyəsinə yüksələn narahatlılığında da bir sakitlik, təmkin vardır. Həm də yaxşıdır ki, əsrin təzadlarından, dünyanın mürəkkəbliklərindən törənən narahatlıq onun şerlərini bəsitləşdirmir, bədiilikdən sapdırmır. Çünki Məmməd Araz fikri ağırlığı sözlə sözarası poetik fəza arasında ustalıqla bölür, oxucu təkcə oxuyub eşitdiyi fikri yox, həm də oxuyub duyduğu fikri anlayıb qəbul edir. Bu cəhət onun fəlsəfi istiqamətli lirik şerləri üçün də səciyyəvidir.

Petik fikrin həmişəcavanlığı və Azərbaycan dilinin gözəlliyini, tutumluluğunu öz yaradıcılığında uğurla əks etdirən, “Azərbaycan deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər” deyə böyük klassikimizə şagird ehtiramını bildirən şair Məmməd Arazı biz də böyük Füzulinin misraları ilə yeni yaradıcılıq qələbələrinə səsləyirik: “Artıran söz qədrini sidq ilə qədrin artırar”. Qoy şair unutmasın ki, bu sözə məhəbbət, qədrşünaslıq arxasında Füzuli zirvəsi ucalır, Azərbaycan dilinin gözəlliyi dayanır.

 1985

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws