|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Tofiq HACIYEV

ÜÇ  MƏMMƏDDƏN  BİRİ ARAZ,  BİRİ  İSMAYIL,  BİRİ  ASLAN

Bu adaşların yaxınlığı təkcə onda deyil ki, üçü də sözü kamil deyir, dedikləri ürəyə yatır, onlarda fikir emosiya ilə şəffaflaşır (emosiya pərdəsi zərifdir) – bu, hamıda belə olmalıdır və həqiqətən çoxlarında belədir. Birinci növbədə ondadır ki, üçü də xalq dilinin süxur qatlarından bir damara düşüb – eyni laydan şirə çəkirlər. Bu şirə - sözlər yalnız canlı xalq dilinin şirin-şərbəti ilə yox, həm də götürüldüyü dərinliyin təmizliyindən, saflığından gələn bulaq sərinliyi ilə ürəyə yatır. Hətta bu uyarlıq bir laydan gələn həm lüğəvi və bədii-üslubi semantikası, həm də fonetik-deyiliş geyimi ilə eyni sözlərin olmasında deyil. Məsələn, çəhlim, dəhnə, muraz, ovxalanmaq, bələnmək, pərsəng, girəvə, kirimək və s. kimi canlı ünsiyyətdən gələn eyni bədii üslubi çəkiyə malik sözlərin hər üç şairdə hərfən təkrarı hələ onların üslub doğmalığını təsdiqləmir. Bu, hərfən eynilikdir. Doğmalıq isə mənəvi-ruhi əlaqədədir. Mənbədən bəhrələnmə tərzindədir, mənbəyə yanaşma üslubundadır.
Məmmədlərin üçündə də təbiətə tükənməz məhəbbət var. Onlar təbiətlə danışmağı və təbiəti danışdırmağı bacarırlar; təbiətin vasitəsi ilə cəmiyyəti görə bilirlər. Cəmiyyətdə də təbiət axtarırlar, cəmiyyətin hadisələrində, insanların xasiyyətində, davranışında təbiətin saflığını görmək istəyirlər – cəmiyyət təbiətləşəndə gözəlləşir, yumşalır, təbiətsizləşəndə cansıxıcı olur, kobudlaşır. Buna görə də onlar cəmiyyətə, insana təbiət paklığı, ürəklərə günəş işığı, əsəblərə bulaq sərinliyi aşılayırlar. Məmmədlərin dilində təbiətə sevgidən gələn maraqlı bir cəhət diqqətimizi çəkir: ənənəvi budur ki, təbiətin əlamətlərini cəmiyyətə, insana təyin kimi gətirirlər, ancaq onlarda təbiətin varlıq formaları şəxsləndirilərək təyinlə işlədilir. Bu təyinlər təkcə gözəlliyi və münasibliyi ilə yox, ilk növbədə səmimiliyi ilə seçilir; bu səmimiyyət təbiətə övlad qayğısı ilə doludur və həmin qayğıkeşlikdəki məlahət ruhumuza, əsəblərimizə yumşaqlıq çiləyir: qaragöz bulaq, bacı bulaq, ağ hörüklü bulaqlar, xınalı qaya, işıq yallı köhlən, alov quşu, şimşək cüyürlü (M.Araz); hətta təbiət özü də bədii təyinə çevriləndə substansiyasını saxlayır, təşbehin tərəfləri – bənzəyən və bənzədilən maddi bərabərlik kimi üz-üzə durur və yuxarıda dediyim effekti bağışlayır. Belə təşbehlər mikromühitdə müstəqil obrazlar kimi emosiyaya çökür və yaddaşa keçir. Bu yerdə bircə sözlə şairin münasibəti açılır – təbiətin məhəbbəti ilə yanaşı, axı, qəzəbi də var: quzu kuləklər və quzğun küləklər. – Mələr çəmənlərdə quzu küləklər. Qırıb pəncərəni quzğun küləklər... (M. Araz) bütövlükdə bunların ifadə və təşbeh yaradıcılığında təbiət öz flora və faunası ilə çox fəaldır.
Təbiət obrazları eyni uğurla siyasi-ictimai mətləbin ifadəsinə də qulluq edir: ədavətə oraq çəkmək, əsrin ağzının dağa dirənməsi... (M. Araz) nümunələrində əsas qüvvə frazeoloji ifadələrin üstünə düşür, ancaq bu frazeologizmlər təbiət anlayışları üzərində qurulub – təbiət bu ifadələrdə daşlaşıb, müəlliflər bu “daş”lardan silah kimi istifadə edirlər. Bu “inventar” – misallar bədii mühitdə özünü aşkar edir, tikinti materialı yaradılan binanın yaraşığında üzə çıxdığı kimi, kənarda soyuq görünən bu ifadələr də emosiya istiliyini bədii mətndən ayırmağa başlayır. Bu təbiət “inventar”ları bədii mühitdə belə obrazlaşır:  İldırım qəzəblə şığıyır yerə, Təbiət qaldırır dağ qalxanını, Nə Yer kinayəli baxır göylərə, Nə göylər azacıq utanır yerdən (M.Araz) – bu, yalnız canlı, cazibəli bir təbiət lövhəsi deyil (həm də odur), bu şer-tabloda Yerlə Göy iki mərd igid kimi üz-üzə durur, insanları namərdlikdən, ayaq altı qazmaqdan, yaltaqlıqdan, nakişilikdən saqınmağa çağırır, şair insanlara Yerlə Göyün mərdliyini təlqin edir.
Xalq frazeologiyası əsasında gözəl improvizasiyalar var. “Araz aşığından, Kür topuğundan” kökündə Məmməd Araz çılpaq uca dağa “Bu qədər ucalıq nəyə gərəkmiş – Meşə qurşagından, çay topuğundan” deyir.
Şerlə danışmaq da canlı həyatdakı, üzbəüz ünsiyyətdəki kimidir: eyni məzmunda fikri, eyni ürək yanğısı aşılanmış sözü hərə bir yatımda deyir – biri sərt, amiranə, biri təmkinli, aramla, biri kövrək, utancaq, başqaları da başqa cür.
Məmməd Araz. O, yaxşı bilir və düz deyir ki, “şair cəmiyyətin dili, dilmancıdır”, əsil şairdirsə, “şair planet siqlətindədir. Onun baxışının qəzəb qırmancı, Dağlar parçalamaq qüvvətindədir”. Sözün bu qüvvətinə inanan M. Araz özünə belə bir deviz götürür: “ÜRƏYİMSİZ KƏLMƏ YAZAN DEYİLƏM”. Çoxları belə deyir, ancaq M. Araz dediyi kimidir – həqiqətən ürəyinə qulaq asıb yazır. Ürəyi də ki, uşaq ürəyi: “Nə yaxşı ürəyim hələ uşaqdır”. Şairin ürəyi həmişə uşaq olsa yaxşıdır – bu, birinci novbədə, təmizlik deməkdir, uşaq ürəyi məcazsız, mübaliğəsiz, boyasız ürəkdir, müstəqim ürəkdir – düşündüyü kimi danışır və danışdığı kimi var. Ona görə M. Arazın sözü səmimidir; onun sözü öz zərif səmimiliyinə güvənərək ürək ələ almaq, dağ parçalamaq gücü qazanır. Sözün gücü düzlüyündədir, səmimiliyindədir. Şair özü insanlara inanır: “Desələr, Ay səni qonaq çağırıb, Marsla evlənəcək, inanasıyam”. Oxucular da ona inanırlar, görürlər ki, o, olanı olduğu kimi yazır, həyatı çox realist verir – onu oxuyarkən elə bilirsən telepatiya ilə qarşılaşmısan, elə bil öz ürəyini dinləyirsən, elə bil daxili nitqin səslənir – öz sevincini, razılığını, öz dərdini, əndişəni onun dilindən eşidirsən. Ona görə hamı M. Arazı oxuya-oxuya sevir və sevə-sevə oxuyur. Oxucu ilə şair arasındakı bu münasibət kamillik faktıdır. Məmməd Araz çox cavan kamilləşdi.
M. Arazın indiki bədii dili bütün əzələləri ilə müasirdir. Onun dili ənənə ilə novatorluğun, bədiiliklə ədəbiliyin, ədəbiliklə dialektçiliyin və xəlqiliklə qrammatikliyin harmonik rabitəsinə ən parlaq nümunələrdən biridir. Onun poetik nitqində novatorluq-müasirlik 60-cı illərin ortalarından başlanır. Qəribədir ki, kənddən ayrıldığı ilk dövrlərdə onun dilində canlı danışıq elementləri, kənd frazeologiysı çox seyrək görünür. Əslində bu “qəribəlikdə” bir təbiilik var; cavan şair cavanlığından qorxub “sırf ədəbi dildə” yazmağa çalışır: dünən kənddə danışdığı dili bəsit, loru sayıb, ciddi-cəhdlə ondan uzaqlaşmağa, “mədəni” dilə yiyələnməyə səy edir. Bu dövr yaradıcılığında səlis dil, aydın ifadə var, ancaq emosional yenilik yoxdur. 1964- 66-cı illər onun bədii nitqində yeniliyə keçid dövrüdür. Bu dil təkamülünü əyani təsəvvür etmək üçün poemalarına baxmaq kifayətdir – bu iri mətinlər müqayisə üçün münasibdir. 1964-cü ilə qədərki poemalarının dilində dovşan qorxaqlığı, kəklik küsəyənliyi, nehrəbel, kürsək tulası kimi təşbehlər, çiçəyi çırtlamaq kimi danışıq idiomları, “Elə bil ki, bura Yekatirina tikdirən sarayın filialıdır” kimi konkret müqayisələr çox seyrəkdir. “Əsgər qəbri” poemasında isə (1966-68-ci illər) yeni ifadələr özünü aşkarca hiss etdirir. Poemanın dilində daş dilində söhbət, sükut nəqliyyatdır, məzar fəsli, əbədiyyət yaxınları, əbədiyyət uzaqları. Ağ hörüklü bulaqlar, doxsan ümid, məhəbbətin faşisti xəyanətdir, qara çiçək, ara kədər, öləzimiş torf, boyalı məğlubiyyət, nifrət bayrağı, qranit qaranlıq, Hitler göbələyinin baş qaldırması, dodaqda yanmış ağı, yumaq məğlubluq, yaşıl-mavi uşaqlıq, səksəkənin ilk cərrahı qalib niyyət və s. kimi onlarla yeni ifadə-təşbehlər işləndi, oxucunun zövqünə təravət yeli vurdu. Iki il əvvəl belə ifadələrdən birini onun nitqində çıraqla axtarmalı olurdun. Ümumiyyətlə, bu zaman başlayan cavanlarda (Fikrət Qoca, M. İsmayıl, V. Səmədoğlu, İ.İsmayılzadə və başqaları) ifadə novatorluğu güclü idi. M. Araz cavanlığa qoşuldu və poetik təcrübəsinin sayəsində ön plana keçdi; məhz bu təcrübəsinə görə, novatorluğun başlanğıcı üçün yolverilən zay fakt yaratmadı, onun novatorluğu dərhal müdrik məzmun aldı. Son poeması isə dilinin bədiiliyinə, təbiiliyinə təravətinə görə sənət incisi oldu – onu Əhməd Cəmilin “Can nənə, bir nağıl de” kimi gözəl dil-sənət nümunəsi ilə müqayisə etmək olar. Poemaların heç birində bu dil yoxdur; o biriləri yaxşı bədii yazıdır, səlis əsər dilidir, bu isə Azərbaycan dilinin özüdür, xalqın şirin, duzlu danışığıdır, nağılın, bayatının dilidir, qartalın, bulağın, qayanın, çəmənin-çiçəyin dilidir. “Atamın kitabı”ndakı çobanın dilidir – ana dili; bu, xatirə formasında S. Vurğunla böyük sənətkarın adına layiq canlı, əyani ünsiyyətdir: oxucu iki addımlıqdan S. Vurğunun davranışına tamaşa edir, onun səsinə məhz iki addımlıqdan qulaq asır. Bu poemanın dili 60-cı illərin ortalarından onun üslubunda başlanan yeni inkişaf meylinin zirvəsidir. M. Arazın son illərdəki şerlərinin dili məhz bu poemanın dil-emosiya axarı ilə gəlir, bu dil gələ-gələ büllurlaşır, xəlqiləşir, munisləşir.
Biz ədəbiyyatımızın tarixində dəfələrlə görmüşük ki, yenilik ədəbi-bədii dilimizə göydən düşmür, əcnəbi dil mühitindən daşınmır, məhz ana dilimizin təkindən gəlir, canlı danışıq-ünsiyyətimizin polyar ucqarlarından, bir qədər də qaranlıq dərinliyindən götürülür – M.P.Vaqif – M.Ə. Sabir təcrübəsi (əlbəttə, bizdə Füzuli – Hadi – Cavid təcrübələri də olub). Bu cür canlı danışıqdan gələn xəlqilik nəsr dili üçün təbiidir, hələ qanunidir, ancaq şer dili üçün qeyri-adidir, bunun emosional və normativ əndazələrə sığışdırılması novatorluqdur. Əsrin sülh əndişəsini, müharibə qaraxəbəri kimi ümumdünya xofunu M. Araz belə ifadə edir: Bəd xəbərlər qış dumanı, yaz çovğunu tək, Neçə misra itik düşür iş otağımdan. Çoban çaşdı – bir qoyunu bir qurd yeyəcək. Alim  çaşdı, xadim çaşdı – mat qalır zaman! Bədxəbərlər, bədniyyətlər başında xonça, Bədəməllər yığnağında bəzəkli daş-qaş... Buradakı bəd xəbər – xonca, bəd xəbər – daş-qaş koordinasiyalarında mənfinin müsbətə təşbehi görülməmiş, eşidilməmiş səsləndiyi kimi, bəd xəbər – qış dumanı, bəd xəbər – yaz çovğunu əlaqə-xətlərindəki uyğun anlayışlarla yüklənmiş sözlərin münasibəti də təzədir. Birincilərin əlaqəsi ancaq xüsusi insanlar üçündür, onların öz azarkeşləri var – bədəməllər, bədniyyətlər; bu, xüsusi mənalanmadır. Ikinci əlaqələnmələr, ümumiyyətlə, mümkündür, sadəcə olaraq təzədir. Ancaq bu “sadəcə”yə nail olmaq üçün şairin yenilikçi təfəkkürü xeyli zəhmət çəkib. Çoban və alim-xadim qarşılaşdırılmasının modeli hələ Sokratdan gəlir, ancaq bu modelin belə kövrək və emosional  xəlqiliklə dövrün dərin siyasi mənzərəsini verməsi şairin həssas hazırcavablığıdır. İtik düşmək ifadəsi, bədniyyət, bədəməl atributlarının şəxsləndirilməsi (substantivləşmə), yığnaq sözünün bədəməllə sintaktik ünsiyyəti xalq danışıq qrammatikası əsasında işlənir. “Bəd xəbərə qail olan dillərə xəncər! Bəd xəbərə mail olan qulaqlara daş!” qarğışları da xalqın damarından qan içən, ürəyindən qopan nida-haraylardır. Bu adiliklərin, bu sadə ifadə tərzinin qanuni yekun-zirvəsi belədir: “Qəzəbini duza qoyar kefdən bezənlər, Gündən-günə əsrin yolu dirənir dağa”. Bütün bu sadə, loru ifadələrdən gözəl poetik buket bağlanması hünər olduğu kimi, bu “sayılmayan”, seçmə məclislərin ünsiyyətinə  “yaraşmayan”, plova öyrəşənlərin nəzərində soğan-çörək kimi görünən bu dil vahidlərini dövrün böyük siyasi dərdinin ifadəsinə yönəltmək, bunları siyasi lirikanın materialına çevirmək şairin cəsarətli yeniliyidir. Hazırda Sovet dövlətinin elmi nailiyyətlərindən dinc məqsədlər üçün istifadəyə çağırdığı, imperialistlərin isə kosmosu hərbi məqsədlər zonasına çevirməyə çalışdığı dövrdə şairin siyasət motivini məişət ifadələri ilə belə sadə söyləməsi, lakin dərin, təsirli deməsi çox müasir görünür: “Desələr, göyləri şum eləyiblər, Günəşdən su alıb, suvaracaqlar; Vallah, bu yalanı doğru deyiblər, Vallah, olasıdır bu olacaqlar”.  Belə beynəlxalq mətləbləri siyasi leksikonla, şüar şəklində çox deyiblər, ancaq birbaşa ürəyə axan bu “künc-bucaq” ifadələrindən güclü olubmu, emosional səslənibmi?
Məsələ də burasındadır ki, M. Arazın dil yeniliyi, ümumən, adi dil materialına söykənir – xatırlatdığımız kimi xalq dilinin təkindən gəlir, nə süni kəşflərdir, nə də Avropa dillərinin modern terminləridir. Məcazları bütövlükdə xalq danışığı və folklor ənənələri üstdə dursa da, obraz-neolagizmlərinin bir qismini məhz özü işləyib hazırlayır, biçib tikir, belə: üfüq dodaqlar, dağlar arxivi, çəkişmələr konsertinin dirijoru, ovçu Pirim oğullar (həssas adamlar), ürəyi qulağında olmaq (həssas olmaq), damağı qarnına enmək, dibçəkdə bitmiş dahi, ürək yükünü gəvəzələmək, Məcnun səhralar, Leyli bulaqlar, Motsart qığılcım, planet gözlər, tənqid qələmində qurum, kommunizm göyərtmək əsrin sazağını soyunmamış dünya, həyat köynəyinin qan ləkəsi yuyulmamış dünya...; başqa qismi isə uğurlu semantik və leksik-qrammatik improvizasiyadan ibarətdir; bu da təzə görünür, çünki təravətlidir, belə:  paxıllıq aclığı, böhtanın taxta çıxması, hicranın taxta çıxması, günün dövlət imtahanı (həyatın haqq-hesab sorğusu), quş sağdırmaq, ağlın ağzını aramaq, qılınc kəsməyəni ağlın kəsməsi, üçayaqlı uşaq (qoca)...
M. Arazın dilində leksik və frazeoloji sadə nitq (loru) elementlərinin bolluğu olan bədii nitqinin ədəbiliyinə bir zərrə kölgə salmır, göründüyü kimi, şairin bədii üslubunda novatorluğu təmin edən ən aparıcı faktlardandır. Məlum qədim fakt burada da özünü göstərir ki, müdrik sözün müdrikliyi təmtəraqlı deyilişində deyil. İfadənin tərzi adidir, ancaq sərrastdır, qrammatikası yerli-yerindədir. Ədəbilik bədii sintaksisində aydın görünür. Fikir sintaksisdə əyaniləşdiyi üçün bu, mühüm göstəricidir.           
M. Arazın bədii dil təsərrüfatı ədəbiyyatşünaslıqda çox vaxt mübahisəyə səbəb olan bir suala da cavab verir; bəziləri novatorluğu vəznlə bağlayırlar. Halbuki, M. Araz həm heca, həm də sərbəst vəzndə yeni ifadələri eyni uğurla işlədir və ümumiyyətlə, hər iki vəzndə gözəl yazır. “Əsgər qəbri” poeması sərbəst vəzndədir. Heca vəznli “Qayalara yazılan səs”i sərbəst vəznin intonasiya imkanları bəzəyir. Yaxud elə şerləri var ki, heca vəznində yazılıb, ancaq intonasiya potensialında – misraların sintaqmlaşmasında sərbəst şerin texniki imkanları ilə təchiz olunub.
Deməli, heca vəzni intonasiyaca novatorlaşır, şerlər vəzncə ənənəvi görünür, ancaq söz seçimi, fikir deyiminə görə, tələffüz-intonasiya təzahürünə görə ən müasir sənət faktıdır: deməli, ənənəvi vəzn poetik semantikaca  yeniləşir, deməli, heca vəzni müasirləşir. Və deməli, yenilikdə və ənənəvilikdə, gözəl şerdə və ürəyə yatmayan şerdə vəznin, janrın günahı yoxdur – bunun üçün ölçü şairin istedadıdır. M. Araz özü yaxşı deyib: “Köhnə söz bir əldə təzəcə dəndi, Bir əldə min illik boz qumdu elə”. Bəli, söz dəndir – nə əkərsən, onu da biçərsən.

1985

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws