|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Şahin   SƏFƏROV

POETİK   DUYĞULAR

Şair qəlbi həzin kaman tellərindən qopan sədaların incə səsi qədər nəcib, ildırımlı göylərin qopardığı şiddətli gurultu, nərilti kimi narahatdır. Şairin narahat təbiəti onu təlatümə gətirən odlu ilhamın qartal qanadlarının əngin üfüqlərdə bərq vurmasından, gözəlliyin vəsfindən,  obyektiv gerçəkliyin tərənnümündən, haqsızlığı, xəyanəti qamçılamağından doğur. Şair gözü iti, şair müşahidəsi dərin olur. Məmməd Arazın yaradıcılığı bu baxımdan yuxarıdakı keyfiyyətləri özündə ahəngdar şəkildə birləşdirmişdir.    
Tərəddüdsüz deməliyik ki, Məmməd Arazın şerlərini oxuyanda Azərbaycanın əzəmətli, vüqarlı dağları, nəğməli, laylalı meşələri, barlı-bərəkətli tarlaları, qabarlı əlləri ilə puçur-puçur tər tökərək, yeni gözəllik yaradan, elimizi, obamızı barlı, bəhərli edən nəcib əmək adamları gözümüz önündə canlanır. Şair bu insanları vəsf edərkən söz fırçası ilə cazibəli, əcazkar lövhələr yaradır. Sənətkar ən kiçik şerlərində belə adamı düşündürür, əqli təfəkkürün gücünə müraciət etməyə sövq etdirir:
            Vətən mənə oğul desə, nə dərdim,
            Mamır olub qayasında bitərdim.
Nə qədər gözəl deyilmişdir.
Partiya indiki müasir vətəndaşdan özünü silkələməyi, yeniləşməyi, əsas zövqü əməyin romantikasından almağı tələb edir. Tüfeyli, tənbəl, özgəsinin hesabına yaşayan, “Allahdan buyruq, ağzıma quyruq” deyənlərlə ciddi mübarizə aparmağı əsas vəzifə kimi qarşıya qoymuşdur. İndi hər bir vətəndaş özünə müraciət etməli, - mən nə iş görmüşəm və gələcəkdə nə etməliyəm, hansı xeyirxah əməllərin dalısınca getməliyəm.
Məhz bu keyfiyyətlər, bu həyat devizi indi təkcə əmək adamlarının deyil, ədəbiyyat və incəsənət xadimlərinin də, şair və yazıçılarımızın da əməli fəaliyyətinə çevrilmişdir. Məmməd Araz isə öz yaradıcılıq yolunu həmişə bu istiqamətdə götürmüş, etik, estetik baxışlar, insanın özünü dərki məsələsi, gördüyü əməllərin məzmunu, kimə və nəyə xidməti şairin mənəvi dünyasının, poeziya üfüqlərinin parlaq sabahı olmuşdur. Məsələn, şair “Qonşu çəpəri” şerində fərdiyyətçilik, xüsusiyyətçilik baxışlarını kəskin tənqid edir. Mehribanlıq və səmimilik ideyaları onu həmişə düşündürür və insanlığın bu istiqamətdə getməsini tərənnüm edir:
            Sənin baban bulaq çəkdi, ya mənim babam!
            Nə fərqi var? – su çəkənin, su – içənindir.
            Yol boyu cərgələnən bu qoz, bu badam.
            Əkənindi, yeyənindi! – Nə deyək indi?
Göründüyü kimi, şairin yüksək yaradıcılıq məhsulu olan bu misralar həm də etik-didaktik baxımdan qiymətlidir.
Məmməd Arazın “Seçilmiş əsərləri”ndə  toplanan poeziya külliyatı bir neçə cəhətdən mənalana bilər. Birincisi, onun Azərbaycan təbiətinə vurğunluğu, elinin, obasının əsil oğlu, vətəndaşı olması və yaradıcılığının bu istiqamətdə qurulması, ikincisi, gözəlliyin təsviri, daha doğrusu, lirik şerləri, bir sözlə lirikası, üçüncüsü, ictimai-siyasi mahiyyət daşıyan şerləri və poemaları. Buraya beynəlmiləlçilik, vətənpərvərlik, əmək adamları və onların nəcib işlərinin poetik dildə təsviri daxil edilmişdir.
Azərbaycan təbiətinin təsviri, zirvəli, laləli, nərgizli dağların, nəğməli meşələrin vəsfi şairdən dərin müşahidə, lətif ürək tələb edir. Əgər şair düşündüklərini qəlbinin tellərinə bağlayıb, sonra zəruri bir şərt, əzəmət və qüvvət kimi, əfsunlu nəğməyə çevirib oxucusuna çatdırmırsa, bu poeziya kəpənək ömürlü olur. Məmməd Araz poeziyasında məhz bu cəhət gözlənilmiş, onun yaradıcılığı bütün rənglərin içində öz al-əlvanlığı ilə, forma və məzmunu ilə seçilir. Şairin şerlərini oxuduqca buradakı məzmun, məna, forma gözəlliyi ilə bərabər, Azərbaycan dilinin məntiqi çaları, bir sözlə, bir neçə məna tərzi, fəlsəfi xüsusiyyətləri, lüğət tərkibinin zənginliyi gözümüz önündə canlanır.
            Bir daşmı sıyrılıb qopdu qayadan,
            Başı hamarlandı bir şiş qayanın.
            Burda qayaları qartal sayanın
            Uşaq heyrətinə baş əyir adam.

            Burda hər zirvəni zirvə qoruyur,
            Qartal gözləriylə baxır qayalar.
            Eh, gündə neçə yol bir qartal boyu
            Alçalır qayalar, qalxır qayalar.
                        (“Qanadlı qayalar”).
Şairin təsvir obyekti cansız qayalardı. Lakin sənətkar qələminin poetik gücü necə də qüvvətlidi. Sanki rəssam fırçası yığcam tablo çəkmişdir. Başqa bir misal:
            Bahar gəldi göy sinənə
            Lalə, nərgiz yay, a dağlar!
            Yenə laylı buludlardan
            Öz tacını qoy, a dağlar!
Öz qəlbində rübabi poeziyanın  kiçik bir sədasını yaşadan hər hansı bir insanın könül dünyasında bu misralar mütləq əks səda tapır.
Məmməd Araz doğma Azərbaycanın vurğunudur. Sənətkar xalqının oğludur.
            Elə bil pələngdir dağ çayı,
            Dərəni qoşublar ona.
            Bu dərə - qoşquda  
            Daşıyır dağları
            Ləhləyə-ləhləyə;
            Çırpına-çırpına.
                Yaxud:
            ... Döşünü qayıqlar düymətək bəzər,
            Dedim bu görkəmlə Xəzərə bənzər –
             Qızını yaylağa köçürüb Xəzər:
            Baxdı, cilvələndi, nazlandı Göy göl.
                        (“Göy göl”)
Göy göl haqqında çox şer yazılıb. Lakin belə oxşatma, nazənin gölün doğma Xəzərimizin balası olması poetik dillə bu səviyyəyə qaldırılmamışdır. Bax, budur Məmməd Araz poeziyasının cazibəsi, ətri və rayihəsi.
Seçilmiş əsərlərdə toplanan şerlər içərisində şairin lirikası özünəməxsus yer tutur. Lirika musiqinin övladıdır. Lirik şer insanın ən kədərli çağlarında belə onun ürəyinə, acısına və ağrısına məlhəm qoyur.
Istər siyasi lirika, istərsə də rübabi lirika ən zərif, ən seçmə sözlərlə şair qəlbindən süzülüb gəlir.
O, bədii “mən”ini lirik şerin əsas tələbləri ilə vəsf edir. Burada dilin qanunauyğunluqları və sözlərin seçilişi gözlənilmişdir.
Bəzən yazılarımızda “istedadlı şair”, “istedadlı sənətkar” sözünü çox işlədirik. Lakin bu vaxt bir məsələnin mahiyyətinə varmırıq. Əlbəttə, hər bir sahədə insana istedad lazımdır. Şairə daha çox. Lakin istedad nimçədə becərilən səməniyə bənzəyir. Nə qədər ki, qabda rütubət var, səməni göy qalır, rütubət çəkiləndən sonra isə saralır. Ona görə də istedadı həmişə elm adlanan yağ ilə qidalandırmaq lazımdır. Şair Məmməd Arazda bu iki cəhət vəhdət təşkil edir. Onun istər ictimai-siyasi, istər lirik-estetik mahiyyət daşıyan şerləri həmişə adamı düşündürür, onun mənəvi aləmini hamarlayır. Şairin şerlərini oxuyan hər bir adamda mənəvi və əxlaqi təmizlənmə, dəyişmə gedir.
            Mən hara baxsaydım, üfüqlər kimi,
                        səni görərdim.
            Üfüqdən yayılan şəfəqlər kimi,
                        səni görərdim.
            Səhərin gözümə açıl deyərdi,
            Axşamın gözümdə gecələyərdi.
            Hardasa azdırdın gümanımı sən,
            Itirdin əbədi ünvanımı sən...
            Doğrudan əl çatmaz üfüqlər oldun,
            Üfüqdə əriyən şəfəqlər oldun.                                                                                                    
Bu misralar lirik şerin ən gözəl nümunəsidir. Şairin lirik şerləri sanki utancaq bir gözəlin dumduru qara gözlərində sevgilisi üçün alışan məhəbbət qığılcımlarını xatırladır.
Kitabda toplanan əsərlər içərisində şairin ictimai-siyasi şerləri, bu günün tələbatından doğan poemaları xüsusi əhəmiyyət kəsb edir. Bu əsərlərin məna və məzmunundan bəhs etməzdən əvvəl şairin sənətkarlıq xüsusiyyətindən bir qədər danışmaq lazımdır. Məmməd Araz sənətə asan yollarla gəlməmişdir. Onun yaradıcılığı göstərir ki, hər bir fikri, ideyanı poeziya vasitəsilə söylərkən şair hadisələrin ictimai  mahiyyətinə varır. Müşahidəsini saf-çürük edir, sonra təfəkküründə onun ictimai mənasını, həyatiliyini süzgəcdən keçirir, nəhayət, kütlələrin mühakiməsinə verir. Əlbəttə, sənətə belə münasibət diqqətəlayiqdir. Digər tərəfdən, o, süni qafiyə axtarmır, hər bir misrasını dəmirçi kürəsi kimi yanan ürəyində bişirir, sonra sapa düzür. Bu mirvarilər içərisində, əlbəttə, saxtası ola bilməz. Sənətkarlıq baxımından forma ilə məzmun bir biçimdə ərsəyə çatır. Buna görə də onun əsərlərində ictimai məzmun və ideya ön plana çəkilir. Kitabdakı “Kölgələr” bölməsində bu baxımdan ciddi əhəmiyyət daşıyan poetik yazılar vardır.
            Kürsü – ağılların qalxdığı zirvə,
            Söz də ağılların bəhəri üçün...
            Sən sözü alçaltdın özündən əvvəl,
            Alçaltdın bir ağız afərin üçün.
                                                          (“Eyham”)
Bu parçada təkcə ictimai məna səslənmir, həm də burada insanın mənəvi keyfiyyətlərindəki naqislik, onun davranış qaydalarına biganəliyi şair tərəfindən ustalıqla tənbeh edilir.
Digər bir parça:
            ...Ağıllı ağlını at kimi qovur,
            Ağlın mənzilində dağ-dərə heçdi.
            Qəfil bir döngədə ağlın cilovu
            Vay odu, ağılsız əlinə keçdi.
                                              (“Qoruyun dünyanı”)
Məmməd  Araz bugünkü dünyada cərəyan edən hadisələrə də biganə deyildir. Şairin “Bir almanla tanış oldum”, “Eyfel qülləsində”, “Viktor Hüqo qitəsi”, “Salyeri” və s. şerlərində narahat dünyamızın müxtəlif problemlərindən söhbət açılır.
Bir neçə kəlmə də şairin poemaları barədə. Seçilmiş əsərlərdə Məmməd Arazın beş poeması verilmişdir. “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Əsgər qəbri haqqında ballada”, “Atamın kitabı” əsərlərindən ibarətdir.
Bu poemalarda həyatın müxtəlif problemləri öz əksini tapmışdır. “Üç oğul anası”nda Gülsənəm arvad cəbhəyə yola saldığı oğlanlarının intizarını ömrü boyu çəkir, yollarını dünyadan köçənədək gözləyir. Müxtəlif epizodlar sənətkar qələminin poetik gücü ilə təbii və real verilmişdir. Insan hissi, insani düşüncə ötəri yox, həyatın öz qanunauyğunluğuna müvafiq bitkin və dolğun verilmişdir.

1986





 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws