|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Cavid     NAİBOV

KÖZƏRTİLİ  KÖNÜLDƏN  GƏLƏN  SÖZ

Poetik dilin zənginləşmə qaynaqlarından biri də şifahi söz sənətidir. El yaradıcılığından bəhrələnmə hazır ifadələri şerə köçürmək deyil, poetik təcrübədən, bədii sözün deyiliş qaydalarından mayalanmadır. Bu mənada Məmməd Araz elimizdən, dilimizdən bəhrələnəndə yaradıcı-ixtiraçıdır. Onun misaraları atalar sözləri kimi yığcam və yaddaqalandır. Ümumiyyətlə, yığcamlıq şerin ən mühüm keyfiyyətlərindəndir. Yığcamlıq, az sözlə böyük fikir demək imkanı Məmməd Araz şerlərini atalar sözləri, hikmətli el məsəlləri səviyyəsinə yüksəldir. Şair buna nəsihətçilik yolu ilə deyil, bədii obrazlar, poetik lövhələr yaratmaqla nail olur:
            Azərbaycan – qayalarda bitən bir çiçək,
            Azərbaycan – çiçəklərin içində qaya...
            
              Iki qarış torpaq udsan - biri sənindir...

            Bəsdir bir damlası yüz qarışığa,
            Yalan – mürəkkəbdir, yalan su deyil...

            Pis – gövdədir – axır yıxacaq zaman,
            Pislik – zoğdur, o gizlənib, o göyərməsin...

            Qoltuğa öyrəndi – qoltuqda qaldı
            Qol-budaq açmadı qoltuq ağacı...
Bu cür yığcamlıq hesabına misraların məna yükü artır, poetik enerjisi güclənir. Şairin şerlərində sözə qənaət, poetik dilin səliqəsi el yaradıcılığında sınaqdan uğurla çıxmış müxtəlif vasitələr hesabına yaranır. Bu vasitələrdən biri ixtisarlardır.
Atalar sözlərində, bayatılarda, tapmacalarda artıq görünən, yerində olmayan sözə, qrammatik şəkilçiyə rast gəlmirik. Söz illərin içindən keçdikcə, nəsildən- nəslə ötdükcə sanki ələnib, arınıb.
            Ata ot, itə ət...
            Yox evi – vərəm evi,
            Var evi – kərəm evi...
            Məsəl güldür, söz çiçək və s.
Bu tipli atalar sözlərində fel və xəbər şəkilçisi işlənmədiyinə görə mənalandırma funksiyası intonasiyanın üzərinə düşür.
El yaradıcılığının bu xüsusiyyətini mənimsəyən M. Arazın misralarında da bağlayıcılar, bağlayıcı vasitələr, qoşmalar yeri gələndə ixtisar olunur.
Ixtisarlar M. Arazın fərdi üslubunda böyük rol oynayır.
            Demə ki, ay bacım – anam əvəzi,
            Qardaş etibarın bəs harda qaldı?
                                                            (“Bacın Gülsümə məktub”)
            Yazımın son bənövşəsi – küsənim.
                                                                   (“Qayıt dedim”)
Şair danışıq üslubuna məxsus intonasiya imkanlarından geniş istifadə etməklə şerdə həm bədiiliyə, obrazlılığa, həm də yığcamlığa nail olur.
            Döyüşçün – qırxınçı,
                döyüşçün – suçu
            Torpağa dən səpir əsgər – toxumçu.
Nitqdə cansız əşyaları şəxsləndirmək bədii ifadə vasitəsidir. Qayaları, dağları, daşları, otları, quşları öz dilində danışdırmaq həm şifahi, həm də yazılı ədəbiyyatımızda qədimlərdən mövcuddur. M. Araz öz doğma kəndi ilə danışanda o kəndin dünənini bu günündə görürük:
            Bir əli dükçədə, bir əli yunda.
            Nənələr kimisən – başı qarışıq.
            Babalar kimisən – nəvə toyunda
            Qazanı asılı, süfrəsi açıq.
                                                     (“Kəndim, balacasan”)
M. Araz belə təsvirlərdə fellərdən qaçır, söz meydanını sifətlərin ixtiyarına verir.
Dilimizin dünənindən baxan sözlər M. Arazın misralarında ikinci dəfə doğulur, ikinci ömrünü yaşayır.
            Içərimdə çaxmaq çalır, qov yandırıram,
            Yatağımda tüstü – yorğan, qor – düşək kimi.
                                                           (“Sənsizliyə öyrəşirəm”)
            Üfüqlər dalında qovum, qovdanım,
                  Üfüqlər qaşında  çaxmağım qalıb.
                                                               (“Qırx doqquz yaşım”)
M. Araz sözü elə ələyib arıdır, qovu elə tüstülədir, ocağı elə alışdırır ki, dünənimiz bu günümüzlə qoşa dayanır, şairin özü isə alışdırdığı ocağın qırağında görünür.
M. Arazın fərdi üslubunu müəyyənləşdirən əsas zəmin ana dilimizin danışıq üslubuna məxsus işlək məişət sözləridir. Həm də M. Araz ilan, qum, ocaq, dən, su və s. sözlərdən uğurlu obrazlar, metaforik fiqurlar yaradır.
            Namərd dili bir ağızda qıvrılan,
            Zəhərli söz balalayan bir ilan.
                                                  (“Sizə yetim deyən olsa”)
            Boğazına sarılan ilanı tumarladın
            Qazancın bu oldu ki, mülayim oldu adın.
                                                        (Haqqın yoxdu, haqqın var”)
            İlan yuvasına uzansa əlim –
            Ilanlar əl çəkər ilanlığından.
                                                          (“Elə bilirsən ki...”)
            Hardasa gül üzə gül yastığıyam,
            Hardasa ilana köynəyəm, bala.
Metaforik fiqurların sözün ilkin leksik mənaları əsasında formalaşması burada çox böyük poetik vəzifəni yerinə yetirir.
Şair sözün məna çalarlığını elə qarşılaşdırıb-qarışdırıb ki, məna sözdən-sözə, bir predmetdən başqasına köçür, beləliklə obrazlı dil yaranır.
Şer dili yanıqlı dildir, hisslərimizin dilidir. Şair yaratdığı obrazlar sistemi ilə bəzən özümüzə də tam aydın olmayan hisslərimizi əyaniləşdirir. Bədii ifadə vasitələri ilə müqayisədə şer dili üçün metaforanın misli-bərabəri yoxdur. Metafora qarşılaşdırma əsasında yaranır və qarşılaşdırılan hədlərdən məcazi mənanı üzərinə götürən sözdə metaforanın işığı, odu görünür.
Metafora bədii üslubda canlılıq-cansızlıq hüdudunu parçalayır, poetik deyim tərzi adi, avtomatlaşmış məntiqi üstələyir.
            Otuz il əyləşdim üzü divara
            Dilimdən söz əmdi körpə qələmim.
            Çox çəkdi özünü adil-divana
            Təzə söz dilənən köhnə qələmim.
                                                 (“Əlli yaşıma ön söz”)
M. Araz sözlə işləyəndə öz daşı, öz tərəzisi olur, sözün ağırını yüngülündən ayırır, “yonulmuş”, “cilalanmış”, “ütülənmiş” sözlərdən qaçır.
Söz şairin keçdiyi yollara işıq salır. Sözün işığında şair özünü axtarır, bu işıqla ömrünün ilk çağlarına – “ələnməmiş”, “üyünməmiş” dünəninə qayıdır, orijinal obrazlar yaratmaq üçün kəşfiyyat aparır:
            Illərim qum oldu, dən oldu harda?
            Gərək unudam da, gərək yazam da.
            Zamanın nəfəsi divarlarımda,
            ZAMANIN addımı yazı masamda.
                                                  (“Bir ömür yolunda”)
Söz poeziyadan kənarda nitq materialıdır. Ancaq şair bu təmiz nitq materialını şerə gətirəndə ona istədiyi kimi rəng verə bilir, sözün damarını tutur, müəyyən ovqata uyğunlaşdırır. Müəyyən bir ovqatı ifadə edə bilməyən söz inandırıcı olmur, tez kəsərdən düşür.
M. Araz sözü şerə gətirəndə o sözün poetik işığına inam bəsləyir, oğurlu obraz sözün işığından doğulur:
            Məhəbbət, sədaqət keçən ünvana
            Xəyanət poçtalyon vəzifəsində.
                                                  (“Köhnə dost”)
            Elə bil sənətkar hər şeydən əvvəl.
            Ürək ağrısına abunəçidir.
                                                  (“İnsan ürəyi”)
“Ocaq var bir işım köz tamahında” deyən şairin üslubunun müəyyənləşməsində belə bir ocaq hərisliyi, , alışmaq həsrəti var.
Dilimizdə sabit söz birləşmələri özlüyündə geniş poetik imkana malikdir. Frazeoloji birləşmələr sözdəki məcazi məna əsasında formalaşdığı üçün bunlar poeziyada özünə asanlıqla yer tapa bilir. Şairin hünəri isə sabit söz birləşmələrini adi dil faktlığından çıxarıb ona yeni həyat,  yeni məna verə bilməsindədir.
            Qara külək tumanını qaldıra,
            Xırmançının samanını qaldıra,
            Dəyirmançı dabanını qaldıra.
            Bir-birini yeyən daşda nə günah?!
                                                      (“Nə günah”)
İdiomatik ifadələrin yaranması məcazi mənalarla bağlı olduğu üçün, bu ifadələrin hamısının sinonimləri, omonimləri olur. Idiomatik ifadələrdə belə bir xüsusiyyət də var ki, mətndən kənarda məcazi mənalarını nümayiş etdirə bilmirlər. M. Araz idiomatik ifadələrin bu iki cəhətini nəzərə alaraq dilin daxili imkanları hesabına yeni ifadələr yaradır.
            Iki cavan bulaqda söz bağladı,
            Durnaların yoluna göz bağladı,
            Saxsı sənək göyərdi, buz bağladı,
             Durnaları gəlməz oldu dağların.
                                                      (“Durnaları gəlməz oldu”)
“Buz bağladı” idiomu dilimizdə işlənir. (“Yollar buz bağladı”).
“Söz bağladı”, “göz bağladı” ifadələrini şair özü yaratmışdır. Daha doğrusu, şair dilimizdə mövcud olan idiomların maraqlı sinonimlərini yarada bilib. Bu ifadələr şerə yamaq kimi görünmür, əksinə, dilin poetik ruhuna halal bir yenilik gətirir: Söz bağladı – söz verdi, göz bağladı – göz dikdi.
 Bədii üslubda sentensiya adlanan qaydanın mahiyyəti ondadır ki, şairin misraları atalar sözləri kimi tipikləşib formalaşır, tez əzbərlənir.
Klassik ədəbiyyatımız atalar sözlərinin quruluş, məna oxşarlığı əsasında formalaşan hikmətli ifadələrlə zəngindir. Nizami, Füzuli, S. Vurğun kimi şairlərimizin atalar sözü yerində işlənən misralarını, beytlərini xatırlamaq kifayətdir.
M. Arazın şerlərində də yaddaqalan misralar çoxdur. Şair söz üzərində elə işləyir ki, məna tutumu atalar sözünə yaxınlaşır.
            Su olur yandıran, su tapmır yanan...
       
                            Yalan yolu beş addımlıq su yolu...
         
                    Yaxşılar yol çəkən, pislər – yol sökən...
       
                           Çox gözlü var, torpağına kor baxır... və s.
Bir vaxt böyük şairimiz S. Vurğun yazırdı ki, biz poeziyada aforizmlərdən, qanadlı sözlərdən, dərin fikirlərdən qorxub-çəkinməməliyik. Həqiqətən, hikmətli sözlər yerində işlədiləndə, uğurlu olanda dil də zənginləşir, necə deyərlər: şair xalqdan aldığını halallıqla xalqa qaytarır.
M. Araz öz fərdi üslubunu yaradan şairdir, onun yaradıcılığı poeziyamızın ən layiqli davamıdır. Elə şair özü də gözəl deyib:
            Ağ kağızda söz ucalır, söz yenir,
            Közərtili könüllərdə söz yeni,
            Hara çəkdi söz qədəmi, söz yönü –
            Enişinə, yoxuşuna tələsdim.

1986






 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws