Məhərrəm QASIMOV
O SÖZ Kİ, HEYRƏTLƏNDİRƏ BİLİR
M. Araz şeri müasir poeziyamızın seçilən nümunələrindəndir və istər bədii tutumu, istərsə də məzmun-mündəricə baxımından dərhal diqqəti cəlb edir. Onun şerlərində fikrin obrazlı ifadəsi, vəzn, qafiyə çalarları, mövzuya şair münasibəti də məhz bu özünəməxsusluqla bağlıdır.
Şair, qoyma bu gün qəzəb qol aça,
Dağlar uçar – dümsələsəm qolayca.
Günəş bu gün yer üzündə qalayçı...
Aşıq qardaş, alova düş, qara çıx,
“Qaraçı” çal, “Qaraçı” çal, “Qaraçı”...
O, xırda bir ştrixlə, poetik detalla müəyyən əşya və hadisə haqqında əyani təsəvvür yaradır. Məsələn, “Ey dəvə yol, düşdüm daha belindən” – misrasında enişli-yoxuşlu dağ yolunun təsviri konkret və əyanidir. Şair burada gözəl bir təbiət lövhəsi yaradıb: dəvə yol – enişli- yoxuşlu dağ yolu aşağıdan – düzəndən bu cür görünür. Misranın ikinci yarısı da bu qənaəti əsaslandırır: “düşdüm daha belindən” – başqa sözlə, arana, düzənə endim. Ümumiyyətlə, Məmməd Araz şerində biz təbiətin özünü görürük. Onun şerlərində yağış yağanda adam islanır, gün çıxanda əyin-başın quruyur. Sərt qayalar gəlib qənşərində dayanır. Yenicə biçilmiş göy otun ətri gözünü-könlünü təzələyir. Duman gözünün qabağında dağı-daşı bürüyür də, çəkilib gedir də.
Qalxar göyə, enər yerə,
Gediklərdən gediklərə,
Hücum çəkər bir ordutək,
Hər hökmündə bir sirr olar.
Dağa-daşa hökm eləyər,
Küləklərə əsir olar...
Məmməd Arazın yaradıcılığında təbiətlə insan ayrılmazdır. Bu bağlılıq onun hətta əllinci illərdə yazdığı ilk şerlərində də aydın hiss olunur. Düzdür, həmin şerlərdə hələlik zahiri təfərrüat üstündür, bədii vasitələr obrazlılığın dərin qatlarına işləyə bilmir. Amma hər halda, təbiət mənzərəsi ilə insan əhvalının uyğunluğu, qovuşuğu qabarıqdır. Əslində, bu cəhət sonrakı illərin sənətkarlıq axtarışlarının uğuru kimi səciyyələnən obrazların ilkin qaynağıdır.
O qızı görəndə bulaq başında,
Qəlbimdə kükrəyən bulağı gördüm.
Laləli-nərgizli çəmən içində
Laləyə rəng verən yanağı gördüm.
Məmməd Araz şerinin özəyində vətən məhəbbəti dayanır. Insan və torpaq, oğul və vətən paralelləri onun poetik məramında aparıcıdır. Özü də M. Arazın vətən sevgisi təkcə öyüb-tərifləmək çərçivəsi ilə məhdudlaşmır, bu sevgidə həsrət və nigarançılıq da, təəssüf və yanğı da qərar tapmışdır. Ona görə də onun şerlərindəki vətən sevgisi həqiqi sevgidir, təmənnasız sevgidir. Yalnız özünü düşünmək cılızlığını, torpaq qeyrətindən, el-oba təəssübündən uzaqlığı Məmməd Araz sevgisi qəzəblə, çılğınlıqla daşa basır:
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə
Vətən, vətən, sənə dəydi...
M. Araz yeri gələndə sərt bir həqiqətlə insanlıq, haqq-ədalət adından danışa bilir. “Nobel mükafatı” şerindəki ictimai qayə haqq-ədalət ölçüsünün gözlənməsinə çağırır, başqa pərdə altında gizlədilən həqiqətin üstünü açır, bu zaman sənətkarın müraciət etdiyi bədii boyalar tünd və sərt olmaqla yanaşı həm də kəsərlidir.
Gör kimin evinin daşı-divarı,
Soyulub kim üçün cah-cəlal oldu.
Sorulub Bakının şah damarları
Nobel banklarında kapital oldu....
Demirəm dayandır mükafatını,
Deyirəm çıxarma bunu yadından.
Kimin alın təri, ürək qanını
Mükafat verirsən kimin adından?!
Adi, sıravi fakta başqa gözlə baxmaq, yəni onu poetik fakta çevirmək Məmməd Araz şeri üçün xüsusilə səciyyəvidir. Müxtəlif qütblərdə dayanan, hətta bəzən böyük zaman, məkan məsafəsi ilə ayrılan əşya və ya hadisələrin bu istiqamətdə əlaqələndirilməsi orijinal təsir bağışlayır. Məsələn, XIX əsrdə məşhur gürcü şairi İlya Çavçavadzeyə atılan güllə ilə XV əsrdə klassik Azərbaycan şairi İmadəddin Nəsiminin dərisini soyan cəllad bıçağının əlaqəsini, bir kökə söykənib, bir niyyətdən su içməsini iddia edən sənətkar sözü oxucunu inandırmağa qadirdir:
O mənə çox tanış göründü, dayan!
Neçə yüz illərin gülləsidir o.
Bəlkə Nəsimini dabandan soyan
Cəllad bıçağının qəlpəsidir o.
Bəzən sadə, ilk baxışdan adi görünən qənaətləri Məmməd Araz yerində, ustalıqla işlədir:
Nə qədər yaxşılar gəlir dünyaya,
Yenə yaxşıların yeri boş qalır.
Həyata, insana bələdlikdən irəli gələn bu cür poetik deyimlərə Məmməd Arazın bir çox şerlərində rast gəlmək mümkündür.
Deyirəm qoltuğa girən adamdan,
Yaxşıdır bir sınıq qoltuq ağacı.
Göründüyü kimi, şair birinci məqamda yaxşının yerinin boş qaldığına yanıb-yaxılır, ikinci məqamda isə qoltuğa girəni – yamanı özü rədd edir, onun yerinə sınıq qoltuq ağacını qoyur, o ağac ki, kimisə ayağa qaldıra, irəli apara bilər. Bu, əlbəttə, şerin, sənətin ictimai fəallığı kimi qiymətləndirilməlidir. Məmməd Araz poeziyasında hətta qəmin, kədərin özü də insanı işığa, təmiz havaya səsləyir. Şerin, sözün müqəddəsliyini, onun saxta pafosdan, boş gurultu və qondarmaçılıqdan uzaqlığını düyan Məmməd Araz qələmi, sənəti ucuz qiymətləndirən “şer quraşdırıcılarını” narahat, nigaran bir gileylə qarşılayır:
Artır söz yığını, artır çayırtək
Hamı deyən olub, yazan olubdur.
“İlhama sarılmaq”, “qələm götürmək”
Papiros çəkməkdən asan olubdur.
M. Araz şerindəki üslubi çalarlarda, bədii-emosional boyalarda qafiyə sənətkarlığının da öz payı var. Onun qafiyələri tutarlı və sərrastdır. Cüttərkibli, cinas və cinasabənzər qafiyələrə çox meyllidir. Özü də bu cür qafiyələr şairin aşıq şeri tərzində yazdığı əsərlərində daha tez-tez nəzərə çarpır.
Dağsız duman yalnız ahdı,
Qara bulud yalqız axdı.
Çən təkləndi – yalquzaqdı,
Çəni qoymayın təklənə.
Müxtəkif şerlərdən götürülmüş aşağıdakı qafiyələr də öz yeniliyi ilə seçilir: axımlı-ahıllı-ağıllı; əylənəcən-əyləncədən-əyricədən; bir külüm-birkülü-bükülü; və s. Köhnə, dəfələrlə işlənmiş qafiyələrdən qaçmaq, təzə, oynaq, ahəngdar cilalanmaya üstünlük vermək şer sevənlərin ürəyincədir. Bəzən bu cür qafiyələri başqa bir şairin şerində görən kimi yadına o saat Məmməd Araz düşür... Bir sıra hallarda söz oynatmasına, qafiyə əlvanlığına qaçarkən M Arazın özündə də yeknəsəqlik yaranır, gəlişi gözəl misralar işlənir:
Könül ayrılmayır haça gədikdən,
Baxışı, duruşu, köhnə əlikdən.
Hərdənbir xəbər ver o köhnəlikdən
O dağlarda itən izimdən mənim.
“Köhnəlikdən” sözünə qafiyə olan “köhnə əlikdən” ifadəsi dəqiq deyildir.
Oxuculara yaxşı bəlli olan “Dünya sənin, dünya mənim” şerinin qafiyələrində və misra sıralanmasında da gəlişi gözəllik duyulur.
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik.
Dünya sənin,
dünya mənim,
dünya heç kimin.
Bəndin ilk iki misrası üçüncü misra ilə əlaqəsizdir, üçüncü tərəfindən tamamlanmır.
Ümumiyyətlə, M. Araz çox ümumi şeylərdən danışanda, konkretlikdən uzaqlaşanda istədiyinə nail ola bilmir.
Bəlkə də əbədiyyət əbədiliyə
Təkərsiz, çörəksiz gedənlərindir.
Yaxud:
Torpaq nəğməsinə qoy qulaq assın
Torpaqda ən möhkəm bitən qayalar.(?)
Halbuki, şair konkretliyə, əşya və hadisənin özünə - onun mahiyyətinə qayıtdıqda məqsədinə daha tez nail olur. Həm də dərin fəlsəfi ümumiləşdirməyə meydan açır. Gün-güzəranı torpaq ətirli, çöl-çəmən yaraşıqlı qoca əkinçinin dilindən söylənən aşağıdakı parça bu baxımdan örnək ola bilər:
Bir onu bilib ki, çöl də bir evdir.
Torpaq uşaq kimi ələ baxandır.
Özünü ata da, itə də sevdir,
Əl günəş, qalan şey günəbaxandır.
Bütövlükdə kitabdakı şerlər zövqlə seçilmişdir, birnəfəsə oxunur. Yaxşı olardı ki, “Ana yaşı”, “Bir il”, “Bir də bu yerlərə bəlkə gəlmədim”, “Qocanın dedikləri” kimi gözəl şerlər də bu kitabda özünə yer tapaydı. Kitabda Səməd Vurğuna həsr olunmuş üç şer var. Bu şerlər əllinci illərdə yazılıb, təsvirçilik, heyranlıq əhval-ruhiyyəsindədir. Şairin “Səməd Vurğunun altmış illiyinə” şeri daha əhatəli, dolğun və kəsərlidir. Heyif ki, həmin şer kitabdakı silsiləyə əlavə olunmayıb.
Seçilmiş əsərlərə Məmməd Arazın “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Əsgər qəbri haqqında ballada” və “Atamın kitabı” poemaları da daxildir. Oğulları müharibədən qayıtmayan ananın ovuna bilməyən nisgili, sərhəd müqavimətinə qarşı dayanan iki sevgilinin ayrılıq acısı, qardaşlıq qəbiristanlığında dəfn olunmuş azərbaycanlı əsgərin keçib getdiyi odlu-alovlu döyüş yolu, insanı düzlüyə, sədaqətə, halallığa çağıran ata ocağının müqəddəsliyi bu poemaların başlıca mövzularıdır. Poemalarda epik təmkinlə lirik vüsət qovuşuq halındadır.
Məmməd Arazın seçilmiş əsərləri onun indiyə qədərki yaradıcılıq yolu barədə tam təsəvvür oyadır. Şairin axtarışları, yaradıcılıq qabarma-çəkilmələri, yetkinləşmə, kamilləşmə mərhələləri ardıcıllıqla izlənilir.
Məmməd Araz şeri dünənin, öz xalqının, torpağının min illər boyu axıb gələn koloritinə, münbit zəmininə bağlıdır. Bu bağlılığın möhkəmliyini, qırılmazlığını o özü də təsdiqləyir.
Mən Arazda şaxələnən çinardım,
Ömrü boyu tufan əydim, su yardım.
Xətainin qılıncını suvardım.
Məmməd Araz karandaşı göyərdi.
Həqiqi şerin, sözün ən böyük qüdrəti onun heyrətləndirə bilmək bacarığıdır. O söz ki, oxucunu heyrətləndirə bilir, onun gözü qarşısında yeni bir dünya, bənzərsiz bir gözəllik yaradır, o söz sevilir və unudulmur.
Məmməd Araz şeri, Məmməd Araz sözü belələrindəndir.
1987