|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
 Sabir RÜSTƏMXANLI

POEZİYAMIZIN  ARAZ  ÇİNARI

Şer xalqımızın taleyində həmişə müstəsna rol oynayıb, ruhumuzu, psixologiyamızı nizamlayıb, zamanla, təbiətlə ən başlıca ünsiyyət vasitəmizə çevrilib. Tarix boyu azərbaycanlıların keçmiş və gələcəklə, dünya ilə sona çatmayan dialoqu daha çox şer vasitəsilə olub. Azərbaycanı həm də bir mənəvi atmosfer, poeziya atmosferi əhatə edir ki, bunsuz havamız çatmazdı, nəfəsimiz daralardı.
Yüz illər boyu böyük şairlərimizin yaradıcılığında şer  bədii söz anlayışının daşıdığı yükdən daha ağır yük daşıyıb. Yüksək bədiiliklə yanaşı poeziyamız həm də yarandığı dövrün bir çox elmi, ictimai, siyasi, fəlsəfi biliklərinin ensiklopediyası olub. Buna görə də indi biz şer tariximizə həm də ictimai fikrimizin bir sıra sahələrinə güzgü tutan bir həqiqət kimi, geniş ağıl və məlumatla, yüksək intellektlə böyük hissin, emosiyanın, ilhamın qeyri-adi bir qovuşuğu, vəhdəti kimi baxırıq.
Sevimli şairimiz Məmməd Arazın  yaradıcılığı haqqında düşünərkən çoxəsrlik şer tariximizin bu böyük ənənəsini xatırlamağım təsadüfi deyil. Çünki Məmməd Arazın poeziyasına bugünkü ədəbiyyatımızda seçilən bir mövqe qazandıran başlıca xüsusiyyətlərdən biri, bəlkə də birincisi, onun bizim böyük fikir, söz örnəklərimizə bağlı olması və ənənəyə indiki ictimai, bədii problemlər baxımından yeni həyat verə bilməsindədir.
Ancaq bədii axtarış yolunda da həyatın başqa sahələrində olduğu kimi, yalnız mirasa güvənib yaşamaq, “mayadan yemək” gec-tez mənəvi iflasa gətirəcək. Buna görə də ləyaqətli varis ənənədən elə istifadə edir, onu elə “xərcləyir” ki, müflisləşmir, əksinə, yatırın üstünə yeni sərvət qatı əlavə olunur.
            Mən Arazda şaxələnən çinardım,
            Ömrü boyu tufan əydim, su yardım.
            Xətainin qılıncını suvardım,
            Məmməd Araz karandaşı göyərdi –
misraları şairin ənənələrimizin hansı qatına bağlılığını, keçmişin hansı kül basmış ocaqlarını közərtmək, alışdırmaq istədiyini nişan verir. Yəni qarşımızda duran problemlər, bizi Araz üstə şaxələyən tufanlar – karandaşımızdan da tarixdə xalqın özünütəsdiqinə xidmət etmiş qılıncların gücünü tələb edir. Yəni, şer xalqın silahdaşı olmalı və onu böyük mənəvi birliyə, bütövlüyə, əyilməzliyə çağırmalıdır. Məmməd Araz poeziyası belə bir ictimai və bədii həqiqətin dərki və parlaq ifadəsidir. Buna görə də onun sözü kitab səhifələrindən qabarıb qalxır, sıralarımıza qoşulur, bizə çiyindaş, yoldaş olur, gücə, ümidə çevrilir. Belə bir ictimai fəallıq bu sözün bədii sehrini də dağıtmır, sözü adiləşdirmir. Bu da şer ənənələrimizin bir dərsidir.
O, “Araz şairi”dir; “vicdanını ovuclara sağmadan”, ömrü boyu qara torpağımızı tale aynası bilən və onun bütövlüyü, ləkəsizliyi uğrunda vuruşan, “bəxtin ağırını” daşıyan və belə bir ,əkinçi ömrü”, “rəncbər ömrü” yaşamağı ilə fəxr edən sənətkardır.
            Mən təbrizli, naxçıvanlı,
                    mən gəncəliyəm,
            Çox görmüşəm hasar üstə
                    ölənləri də.
            Mən torpağı bölünməyə
                    öyrəncəliyəm,
               Heç qazanan görməmişəm
                    bölənləri də. –
misarlarını yazan şairin bütün yaradıcılığı, əslində, torpaq bölgülərindən, o tay-bu tay ayrılığından yüksəkdə dayanan bir mənəvi bölünməzlik nümunəsidir.
Onun poeziyası Azərbaycan kəndinin müharibədən bu günə qədərki mürəkkəb həyatının bədii salnaməsidir. Ancaq bu kənd “ekranında” bütün dünya görünür. “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Əsgər qəbri haqqında ballada”, “Atamın kitabı” poemalarının hər biri poeziyamızda hadisə olmaqla, Vətən, vətəndaşlıq kitabımızın yaddaqalan, qanımızı coşduran bir səhifəsidir.
“Xarici dil müəllimi” şerində Məmməd Araz öz nəslinin balaca bir ömürlüyünü (bioqrafiyasını) yazıb.
            Yerdən çörək diləyən
                                            xış dili bilməliydi,
            Quş dili bilməliydi,
                    daş dili bilməliydi.
             ...Onda əsl vətəndaş dilimiz hünər idi.
Məmməd Araz şerində xış dilindən, daş dilindən vətəndaş dilinədək əlvan bir “poetik spektr” var.
Oxucu ilə məhz torpaq dilində, vətəndaş dilində danışdığına görə onun yaradıcılığı on minlərin, yüz minlərin dilinin əzbəridir.
 Iyirmi beş ildən artıqdır ki, Məmməd Arazın misraları dilimdən düşmür:
            Sev ürək, duy ürək, ağla, gül ürək,
            Şairin gözü də ürəkdir bəzən.
            Ulduzlar göz olsun nəyimə gərək,
            Dünyanı ürəklə görə bilməsəm!
Dünyanı ürəklə görə bilmək... Bir şair ömrü üçün xoşbəxtlikdir. Əsl sənətkar böyüklüyü elə burasındadır ki, o, bir ata kimi, Əli Kərimin sözləri ilə desək, hətta “dərdin, kədərin də özündən belə”, oxucusuna-övladına “səadət yaratsın”: bədii sözün səadətini, vətəndaş borcunu dərk etmək səadətini, mənəvi kamillik səadətini! Onun hər misrası nikbinlik və mübarizlik təlqin edir.
Məmməd Araz şerlərinin gücü oxucusuna – vətəndaşlıq dərsi keçə bilməsində, ona öz borcunu öyrədə bilməsindədir. O, otuz ildən artıqdır ki, şerimizdə belə bir sarsılmaz əqidə ilə qələm çalır.
Mətbuat səhifələrində çıxan və mükafata təqdim olunan silsilələri göstərir ki, şair poetik axtarışlar yolunun yeni, parlaq bir mərhələsini yaşayır. Tərəddüd etmədən demək olar ki, bu şerlər çağdaş poeziyamızın inciləridir. Bu təqdimat bütün ədəbi ictimaiyyətimizi, onun yaradıcılığına pərəstiş edənləri ürəkdən sevindirmişdir.
Şairə xalq məhəbbəti onun yaradıcılığının sənət və ictimai dəyərini müəyyənləşdirən ən başlıca ölçüdür.

1988
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws