|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Adil   CƏMİL
 
HAQQIN   VAR,   MƏMMƏD  ARAZ

Ağlım kəsəndən klassik və müasir şairlərimizin kitablarını oxumuşam. Poeziyanın sirli-sehrli aləmində saysız-hesabsız söz sənətkarlarımızın təxəyyül “meyvəsindən” dadmışam, hər “meyvənin” öz dadı, öz tamı olub... Baş vurduğum bu sahilsiz sənət ümmanında ideal şairlərimi tapmışam: Füzuli, Sabir, Cavid... Məmməd Araz. Adlarını çəkdiyim bu şairlərə təkcə söz ustadım kimi deyil, həm də dərd ortağım, qəm yaddaşım, ürək sirdaşım kimi tapınmışam. Gözümün qabağında Füzuli, Sabir, Cavid zirvələrinin qonşuluğunda təzə bir zirvə də “göyərib” – Məmməd Araz zirvəsi..

Azərbaycan şerinin üfüqlərindən boylanan Məmməd Araz zirvəsini çoxları görə-görə görməməzliyə qoyub özünü. Tariximizin elə çağlarını yaşamışıq ki, bu böyük sənətkarın hər cür tərənnümdən uzaq poetik həqiqətləri mədhiyyəçi ədəbiyyat “kuratorlarının” xoşuna gələ bilməzdi. Buna görə də, təbii ki, Məmməd Araz adı bütün fəxri adlardan və mükafatlardan yan keçməliydi. Lakin şairə xalq məhəbbəti rəsmi mükafat və təltiflərdən yüksəkdə dayanıb. Onu da görmüşük ki, təvazökar sənətkar mükafat təmənnasında olmayıb:
            Heç bir mükafatın yetmədi mənə,
            Bircə sağölun da bəsimdi, vətən.
            Bəsimdir hər səhər təltif yerinə,
            Qapımda küləyin əsibdi, vətən.

            Qol verdin boynunu qucaqlamağa,
            Göyünə baxmağa göz verdin, bəsim...
            Kürək söykəyənin ana torpağa
            Haqqı yox ayrı bir təltif istəsin.
Bu gün xalq şairi adı verilən Məmməd Araz illərdən bəridir ki, özünün odlu-alovlu şerləri, şimşək kimi şaxıyan misraları ilə xalqımızın ruhunda , varlığında yaşayır. Əslində bu fəxri ad xalqın Məmməd Araza verdiyi adın gec də olsa rəsmiləşdirilməsidir.
Hərdən fikirləşirəm ki, görəsən dahi şairi xalqa bu qədər sevdirən cəhətlər hansılardır? Cavab tapmağa çətinlik çəkirəm. Bir oxucu kimi belə qənaətə gəlirəm ki, M. Araz poeziyası bədii təfəkkür tariximizin yeni möcüzəsidir. Inanmaq olmur ki, bu şerləri kimsə yazıb. Forma-məzmun biri-birini elə tamamlayır ki, fikir-duyğu çalarları biri-birinə elə qaynayıb-qarışır ki, bütövləşən poetik tutumun qeyri-adi sehrinə düşürsən.
Doğru deyirlər ki, şairlik şəxsi taledən başlayır. M. Arazın da keçilməz aşırımlardan keçən ömür yolu vətəndaş ağrılarından doğulan bir şairin alın yazısı, tale payıdır. “Mən yollarda öləcəyəm – özüm bilirəm” deyən sənətkar əslində bu yollarda təzədən dünyaya gəlir. Onun gündoğana yön alan daşlı-kəsəkli, enişli-yoxuşlu sənət yoluna özünün söz cığırı ilə qovuşmaq istəyən yeni ədəbi nəsillər gəlir. Məmməd Araz işığına can atan cavan şairlərin sayı artdıqca haqq vergisindən qopan bu ulu poeziya bir az da müqəddəsləşir. Deməli, təzə ədəbi nəsillərin yetişməyində də dahi söz ustadının böyük xidməti var. “Öz əsrində” çox iş görən şairin etirafı nə qədər səmimidir:
            Bilmirəm neylədim öz əsrimdə mən,
            Neylədim – gələcək nəsil deyəcək.
            Bugünün ətrini nəğmələrimdən
            Sabaha aparan nəsim deyəcək.
Məmməd Araz xalq ilə xalq dilində danışmağı, el təfəkküründən “şirə çəkməyi” bacaran şairdir. Onun qeyri-adi, heç bir ölçüyə sığmayan təşbehləri, obrazlı deyimləri xalq ruhundan gəldiyi üçün xalqa belə tez doğmalaşır:
             “İti bazarında atından baha –
            Mən belə dünyanın
                                                nəyindən küsüm” –
deyən sənətkar öz şerlərində dönə-dönə insan oğlunu saflığa, əmin-amanlığa, haqqa, ədalətə çağırır. Bu çağırışdan qırmızı xətt kimi keçən humanizm o qədər qüvvətlənir ki, şair
            “...Qarışqa yuvası  tapdayanın da
            Hardasa Qacarla qohumluğu var” –
qənaətinə gəlir.
Bu ilin oktyabr ayında A.M. Şərifzadə adına Aktyor evində Məmməd Arazın poeziya gecəsi keçirilirdi. Gecə şairin ad günü münasibətilə təşkil olunmuşdu. Mən metronun “Bakı Soveti” stansiyasının qabağında böyük bir izdihamın Azadlıq meydanına tərəf irəlilədiyini müşahidə edərək mitinqə yox, poeziya gecəsinə tələsirdim. Elə bu zaman həmin izdihamdan bir “qol” ayrılıb metroya daxil oldu. Tanımadığım bu adamlardan Məmməd Araz poeziyası haqqında eşitdiyim doğma sözlər ruhumu təzələdi. Cavan bir oğlan isə yoldaşlarını tələsdirirdi:
-  Tez olun, yoxsa gecikərik...
Fərəhləndim ki, bu adamlar da mənim kimi Məmməd Araz görüşünə tələsirlər. Bu işıqlı gecəyə tələsənlərin sayı getdikcə çoxalaraq Aktyor evinə çata-çatda böyük bir axına çevrildi. Sonra həmin “dəli” axın Məmməd Araz sözünün sehrində uyuyub “quzu” kimi sakit görünürdü...
Bu günlərdə Məmməd müəllimlə görüşüb xalq şairi adı almağı münasibəti ilə onu ürəkdən təbrik etdim və təltifdən sonra hansı hissləri keçirdiyini bilmək istədim, O dedi:
 - Doğrusu, ilin-günün bu vaxtında, bu qarışıq, dolaşıq zamanda ədəbiyyat adamının yada düşməsinə heyrətləndim...
Böyük şairin sözlərində həqiqət vardı. Kommersiya, biznes adı altında baş alıb gedən möhtəkirliyin, dəllallığın bazarında sözün “ucuz getdiyi” bir dövrdə söz sənətinə verilən bu ali qiymətə görə yalnız heyrətlənməli olursan. Bir də düşünürsən ki, Məmməd Araz poeziyası bütün ictimai-siyasi çərçivələr məhdudiyyətini asanlıqla aşıb yaxın-uzaq gələcəyimizə qanadlanan uzunömürlü poeziyadır. Belə bir poeziya yaradıcısının xalq şairi adı almağa çoxdan mənəvi haqqı çatırdı. Bəli, haqqın var, Məmməd Araz, haqqın var...
Ömrünün 59-cu pilləsinə qədəm qoyan xalq şairimizə möhkəm can sağlığı və poeziya xəzinəmizi zənginləşdirən yeni şerlər arzulayıram.

 1991

 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws