Nəriman HƏSƏNƏLİYEV
BİR ŞAİR TANİYİRAM
Haqqında yazmağa başladığım söz sərrafı xalqımızın sevimli nəğməkar şairlərindən biridir. Mən onun adi bir sözünə də, şerlərinin adına da vurğunam. Bu məftunluq, bu vurğunluq neçə vaxtdır ki, əlimi saxlayır: “bir halda ki, ondan yaxşı heç nə deyə bilməyəcəksən – qələmini işə salma”, - deyir. Amma yazmaya bilmədim. Daxili mübahisələr, özümlə vuruşmalar, çarpışmalar da yavaş-yavaş keçib getdi. Mən də tədriclə “ ya qələmdən ciddi yapış, ya da ciddiyyətlə vidalaş” kəlamının müəllifi Məmməd Arazla telefon söhbətlərindən, ara-sıra görüşlərdən keçdim qəlb söhbətinə; indi oxuyacağınız sətirlər nəyin bahasına yaranıb? Sətirlər bir-birini əvəzləyəndə hər şey sizə bəyan olacaq, siz də mənim kimi heç bir artıq sözə ehtiyac hiss etməyəcəksiniz.
Məmməd Araz Vətən qayalarına, Vətən daşlarına söykənən, “Üfüqlər dalında nə qədər hələ, Arzumun əlləri uzalı qalıb...”, “Onda Vətən sanar məni bir balaca Vətən daşı, Vətən daşı olmayandan çıxmaz ölkə vətəndaşı” kimi yaradıcılıq çağırışı devizi olan, ürəyini dağlara əmanət qoyub, onu əbədi tərk edən
“Bulaq gördüm – uşaq kimi ərköyün,
Məni gəzər məndən qaçan ürkəyim.
Salamat qal bu dağlarda, ürəyim,
Salamat qal, salamat...” –
deyən kövrək qəlbli, xoşniyyətli bir şairdir. Bəlkə də bu kövrəkliyi, bu ilkinliyi uşaqlıq çağlarının keçdiyi Çadırdaş ətəyindəki göz yaşı kimi şəffaf, büllur Nursu bulağı bəxş edib ona.
Düzdür, fəsillər, illər adlayıb, bu yerlərə dönə-dönə gələn şairimizə bəzən elə gəlib ki, “illər qalıb uca dağlar dalında”, yerlər də, dağlar da, dərələr də dəyişib. Sevimli şairimizin öz etirafı necə də yerinə düşür:
Dərələr daralıb, dağlar alçalıb,
O zaman nərəsi qulaq batıran,
Çayın da bir qulaq nəğməsi qalıb...
Bu misraları oxuyan, incə zövqə malik hər hansı bir oxucuya, əlbəttə, elə gəlir ki, bu sözlər elə onun da ürək sözləridir:
Bu yerlər necə də o yerlər deyil,
Bu yerlər necə də o yerlər imiş.
Gedən günlər ilə ömürlər deyil,
Təbiət gedərmiş, ömür gedərmiş.
Hamıya belə görünə bilər, amma bu sözləri misralayan Məmməd Araz onları elə ürəkdən, elə səmimi nəzmə çəkib ki, onu hamının malı edib. Amma hamının dünyası olan dünya kimi bu misralar da yalnız Məmməd Arazın sehridir, nurudur, ondan başqa heç kimə, heç kəsə nə müyəssər, nə də məxsus ola bilər.
Şairin uşaqlıq çağı acınacaqlı illərə düşüb. O vaxtlar biz ölümyüklü, bombardmançı, qırıcı təyyarələrin bombalarının yeri şumladığını görməmişdik. Inana bilməyirik ki, Məmmədin o sirli-soraqlı uşaq dünyasına duman ömrü köçüb, o qayğılı günlərdə həyat eşqi, yaşamaq eşqi əbədiyyətdən də, ölümdən də güclü idi. İndi mən Məmməd Arazın aşağıdakı misralarını oxuyanda qeyri-ixtiyarı gözlərim dolub-boşalır...
Ölüm istəyirəm. Qəfil bir ölüm.
Bir kibrit ölümü,
Barıt ölümü.
Bir anda bir ovuc dumana dönüm,
Istədiyim səmtə tutum yönümü...
Nə yaxşı ki, belə şerlərində də Məmməd Arazın özünün “yağışım”, “qarım”, “hökmüm”, “ixtiyarım”, “qərarım” arzuları bitib tükənmir. Məmməd Arazdan bir beyt üstündə incimişəm də:
“Nənəmin Allahı min ildən bəri
Nənəmin yurduna nə verib axı!”
Hər dəfə oxuyandan sonra deyirəm:
“Suyu nurlu bir bulağına, xan Arazın, ən ümdəsi isə Məmməd Arazına min şükür, tanrım...” Gizli-gizli Məmməd Araza bir pünhan sualla müraciət etmişəm də: “Səni sənətə, sənətkarlıq səmimiyyətini sənə bəxş edən Nursudan niyə giley-güzarlısan, ay qardaş?”
Bu Nursu kəndində Məmməd Arazın sənət sehri el düzgülərinin, nağılın, dastanın, aşıq şerlərinin üstündə köklənərdi. Kənd komasının hər küncündə, taxta-boxçasında el aşıqlarımızın, nağılçılarımızın dildən-dilə, eldən-elə düşmüş zəngin xəzinəsi yatardı. Məmmədin, qardaşı İbrahimin, anasınin oduna-istisinə qızındıqları kürsünün üstündən “Aşıq Ələsgər” kitabı əskik olmazdı. Onun anası Cahan xanım həmin şerləri Məmmədə, İbrahimə oxutdurar, əlçimin ucunu iyə ilişdirər, cəhrənin tutacağını tovlayar, dastan dünyasının qapısı cəhrənin səsinə uyğun cırhacırla açılardı:
Ərzurumun gədiyinə varanda,
Onda gördüm lopa-lopa qar gəlir.
Lələm dedi: “gəl qayıdaq bu yoldan”
Bu yoldan qayıtmaq mənə ar gələr...
“Bu nə eşq idi? Aşıq Kərəm niyə çöllərə düşmüşdü? O niyə öz içindən od alırdı? Belə də insafsız zaman olarmı? “ (Məmməd Araz, “Söz haqqında söz”).
Bütün bunlar Məmməd Arazın “əl çatmaz, ünyetməz” (R. Rza) uşaqlıq çağlarında olmuşdu. Bu o çağlar idi ki, qövsi-qüzehlər göyün sinəsinə min rənglə, min çalarla bəzək-düzək vuranda, müdrik və pir babalarımız, söhbətçil qarılarımız heyrətdən bərəlmiş gözlərimizə baxıb deyərdilər: “qarı nənə fərşin-arşın uzadıb”. Sonralar dərsliklərdən onun sadəcə olaraq yağışdan sonra min rəng alan göy qurşağı olduğunu biləndə nə təəccübləndik, nə də heyrətləndik.
Bu o çağlardı ki, Məmməd dastana qoşulub kiməsə “xəbər apar”maq, xəbər gətirmək istəyirdi. Amma müğənni cəhrə havacatı dəyişərdi:
Ala gözlü, telli ceyran,
Elindən xəbərin varmı?
Bu o çağlardı ki, Məmməd Araz göy qurşağı qədər misilsiz rəng uyarı olan xalçaların ilmələrinin, bir də ağılaparan nağıllarımızın sənət sehrindən çıxa bilmirdi; bu rənglərdən biri olmasaydı, sehr yoxalardı, əfsun da, hər şey də itərdi, heyrət fəryad edər, nalə çəkərdi.
Məmməd Arazın ilk şeri onun ədəbiyyat müəllimi Fərman Tağıyevin rəhbərliyi ilə çıxan məktəb divar qəzetində, sonralarsa respublika mətbuat orqanları səhifələrinə qondu. Daha sonralar Məmməd Araz onları redaksiyalara göndərdiyindən xəcalət çəksə də, onların “bircəsinə də yiyə dura” bilməsə də, məhz, həmin şerlərdə Məmmədin kövrək bahar duyğuları misralanmışdı.
Nə yaxşı ki, Məmməd Araz sənədlərini Azərbaycan Dövlət Pedaqoji institutunun coğrafiya fakültəsinə verdi. “Qəbahətini” etiraf edən Məmməd Araz özünü əsla “ədəbiyyatdan məhrum” etmədi, düzdür, “dərslərə elə-belə küskün- bədbin getdi” (M. Araz), amma tezliklə hər şey öz yerini tapdı, öz məcrasına düşdü: Məmməd də tələbə yoldaşları ilə tədriclə doğmalaşdı. Günlərin bir günü bəxt onu bir cavan yazıçı, tələbkar və gözəl pedaqoq İsmayıl Şıxlı ilə rastlaşdırdı. Onunla gənc şairin arasında qısa dialoq belə oldu:
İ. Şıxlı soruşdu:
-- Şərt yaxşı yazıdır. Şairsən, ya nasir?
-- Şer yazıram.
- Şerin fakültəsi yoxdur. Gələn həftədən buyur gəl...
Əvvəlcə Məmməd özünü yığışdırar, sıxılardı. Ədəbiyyat dərnəyinin rəhbəri İsmayıl Şıxlı bu incəliyi duyandan sonra “fəal ədəbiyyatçılarla” “utancaq gəlmələr” arasında körpü yarada bildi. Xislətcə utancaq Məmmədin dili də açıldı; tənqid olundu da, tənqid etdi də. Mərhum, ilk şair tanışı Sərdar Əsədlə olan ülfət-ünsiyyəti dostluğa çevrildi. Həmin dərnəkdə bəyənilən “Yanın, işıqlarım” şerini Məmməd ilk dəfə “Gənclər günündə” oxudu. 1952-ci il may nömrəsində “İnqilab və mədəniyyət” jurnalı həmin şeri öz səhifələrində dərc elədi. Bu, Məmməd Arazın ilk mətbu şeri oldu (təəssüf ki, M. Araz onu heç bir kitabına daxil etməyib).
Məmməd Arazın yaradıcılıq yolu irili-xırdalı iyirmidən çox şer kitabında, eləcə də rus və başqa xalqların ədəbiyyatından elədiyi tərcümələrində öz əksini tapıb. Heç bir kitab mağazasında tapılmayan həmin kitablara yalnız öz şair taleyini yaşayan Məmməd Arazın hamının gözü qarşısında şirinli-acılı bir nəğməyə çevrilən həyatı köçüb. Bu mənada, sağlığında ölümsüzləşən şairimizə qələm sahiblərinin çoxu həsəd apara, qibtə edə bilər.
Məmməd Araz el şairidir; eldən alıb cilaladığı hikmətləri doğma xalqına bir ərmağan kimi bəxş edən şairimizə xalq sevgisi də hədsizdir. Elə bir azərbaycanlı tanımaq və tapmaq olmaz ki, Məmməd Arazın “Dünya sənin, dünya mənim...” şerindən, ümumiyyətlə, poetik yaradıcılığından bəhrələnməsin, ondan xəbərsiz olsun. Hələ Naxçıvan elini polad məftil hasarlar öz doğma “o tayından” ayıran illərdə bu vüsal həsrəti onun şair təxəllüsünü bəzəyirdi:
Mən təbrizli, mən naxçıvanlı,
mən gəncəliyəm
Çox görmüşəm hasar üstə ölənləri də.
Mən torpağı bölünməyə öyrəncəliyəm,
Heç qazanan görməmişəm bölənləri də.
Məmməd Araz nədən yazırsa-yazsın, həmişə, hər sətirdə öz sözünü, “düz sözünü” deməyi bacarır, “düz sözü” dünyada “hər şeydən baha” və “uca” tutur. Şairi narahat edən mətləblərə ötəri bir nəzər salanda da, bunun canlı şahidi olursan.
“Artır söz yığını, artır çayırtək,
Hamı deyən olub, yazan olubdur.
Ilhama sarılmaq, qələm götürmək,
Papiros çəkməkdən asan olubdar”.
Hələ də Məmməd Araz bəzi xüsusiyyətlərlə, “fəal” vətəndaşlarla barışmaq istəmir, hələ də çağırış ruhlu şerlərində bir narahat duyğu dolaşır:
“Adam var fərqini bilməyir hələ,
Böhtan yazan əllə, söz yazan əlin.
Qəlbi lal, beyni kar adamlar ilə
Şeri tərəziyə qoymayaq gəlin!”
Mənim sevgim də, nifrətim də aşkardır ( bu xislət “aşkarlıq” dövründən çox-çox əvvəl mənim həyat kredom olmuşdur). “Saman altdan su yeridən”, “üzdə bir, dalda iki”, “yaltaq və rəzil” adamlara açıq-saçıq nifrətimi bildirmişəm. “Cilddən-cildə girə” bilməmişəm. Bununla öyünürəm, iftixar edirəm ki, özümə sədaqətimi nə durğunluq, nə də “perestroyka” dövründə itirməmişəm. Məmməd Araz sevgimi onun Vətən sevgisi, onu uca tutmağa səsləyən çağırışı oyatmış və inkişaf etdirmişdir:
“Azərbaycan” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
Əgər biz öz anamıza, atamıza, ələlxüsus Vətənimizə hörmət göstərməsək, onların ləyaqətini, adını uca tutmasaq, başqası onu sevə bilərmi? Biz Vətən yolunda ölməyi bacarmadıqda, onu bizim əvəzimizdən kim edə bilər?
Məmməd Araz şeri haqqında söz söyləmək çox məsuliyyətli, çətin olduğu qədər də şərəfli bir işdir. Çünki o, söz sərrafıdır. Etiraf edək ki, hər yazan Molla Pənah olmadığı kimi, hər şair də söz sərrafı fövqünə qalxa bilmir.
Qələm dostum, təbii milli zəmindən su içmiş gözəl şairimiz Sabir Rüstəmxanlı görün “Məmməd Araz karandaşını” necə duyub, necə incələyib. (“ Məmməd Araz” sözünün sehri” B. 1986. M. Arazın “Seçilmiş əsərləri”ndən yazdığı ön sözdən götürmüşük...) “... bir yandan “Məmməd Araz karandaşı”nın Xətai qılıncının varisi olmaq gücü təsdiq olunursa, onun şair amalı görünürsə, bir yandan da bu misralara mərmər kimi hörülmüş kəlmələrin hər birinin ağırlığı duyulur, misraların hər birindən qopan işıq Xətai qılıncı kimi göz qamaşdırır... Məmməd Arazın şeri isə təzə qan kimi oxucunun damarına vurulur. Söz sözlükdən (daha dəqiqi, sözçülükdən – N. H.) çıxıb maddiləşir, ürək təpərinə, ümidə, təsəlliyə, göz yaşına çevrilir. Məmməd Araz şeri qüvvədir, xalq mənəviyyatının çəki daşlarından, gəncliyin baş tərbiyəçilərindən biridir...”.
Nə gizlədim, (saf, təmiz, pak adam da öz hissini gizləyərdimi?...), mən mətbuatda, radio və televiziya verilişlərində (çox gecikmiş olsa da) Məmməd Araza layiq olduğu Azərbaycanın xalq şairi fəxri adının verilməsi xəbərini televiziya ekranından eşidəndə də yamanca kövrəldim. Bu ada layiq neçə-neçə xalq istedadlarımızın “adsız-zadsız” dünyalarını dəyişdiyindən Məmməd Araza görə tanrıma şükürlər, sevimli şairimə isə yeni-yeni yaradıcılıq uğurları dilədim... Məmməd Araz xoşbəxt sənətkardır, çünki xalq ona bu adı çoxdan vermişdi... Dost şairin adsız, şan-şöhrətsiz və medalsız şairlərimiz haqqında belə xoş və səmimi etiraflarını eşidəndə, oxuyanda kövrəlirəm.
Məmməd Araz dövrünün tarixçisi, salnaməçisi olmasaydı, onun ürəyinin dərinliyində belə nagahan hisslər, kövrək duyğular, nisgil notları belə həzin kədərə bürünərdimi?
Dilimin ətrindən dili kallaşan,
Təzə dil axtaran dillərdən qorun.
Dünənki tarixi bugünkü daşa,
Yamayıb basdıran əllərdən qorun.
Məmməd Araz poeziyasında Vətən oğlu olmaq niyyəti, arzusu qızıl bir xətt kimi onun yaradıcılığına xüsusi bir rövnəq, bir orijinallıq bəxş edir.
Klassik Şərq, o cümlədən Azərbaycan şerinin əsas mövzularından olan həyat və ölüm, eləcə də varlıqdan yoxluğa gömülməyin doğurduğu kədər motivləri də Məmməd Araz poeziyasında yeni bir məna kəsb edir: nə qədər ki, gec deyil, Vətənin abadlığı, xalqın firavanlığı naminə, “şəxsi mənfəəti güdmədən” (M.F. Axundov) qaydalı, səmərəli işlərə səsləyir. Bu çağırış həmin şerlərin əsas qayəsi, şairin isə ən ali həyat və yaradıcılıq məqsədidir. Məmməd Arazın gəzdirdiyi davasız və dərmansız bu dərd də şairin tutduğu bu ülvi həyat yolundan döndərə, sapdıra bilmir.
Məmməd Araza bu doğru, düzgün həyat və yaradıcılıq yolunda yeni-yeni uğurlu illər arzulayır və bu kiçik yazımı sevimli şairin iki beyti ilə bitirmək istəyirəm:
Özünü haqq bilsən, məni də haqq san,
Çətin ki, qovuşaq, su olub axsaq.
Bir odda külümüz qovuşacaqsa,
Od olaq, sonrası nə ola-ola...
1991