Akif AŞIRLI
“MƏMMƏD ARAZ OCAĞININ ŞÖLƏSİNƏ YIĞIŞAQ”
Mürəkkəbi qorumamış, qoxusu çəkilməmiş fərmanı çox-çox əvvəl qabaqlamısınız, Məmməd müəllim! Xalq bu adı Sizə Araz tək kükrəyib-coşan, lal harayı ilə fəryad qoparan, bəzən də həzinliyə uyub sakit axan poeziyanı dinləyən zaman ürəyində verib. Və bir də “Azərbaycan deyəndə ayağa dur ki...” misraları ilə Nəsimi, Füzuli müdrikliyinin Məmməd Araz duyğusunu yəqinləşdirib. “Xətainin qılıncından göyərən” Məmməd Araz karandaşının möcüzəsi ilə sehrlənib. Bir də onu yəqin edib ki, o karandaşın yazdığı misralarla ulu xalqın tarixi, mənliyi, milli keyfiyyətləri, fəlsəfi ideyaları yaşayır.
Azərbaycan poeziyasında isti bir ocaq var. Məmməd Araz ocağı. Söz bazarının ucuzlaşıb, bədiiliyin təsir gücü azaldığı bir dövrdə o ocağın ətrafına yığışıb qızınmışıq. Dərdimizi unudaraq, səhərə az-çox qalmış ovqatımızı ovundurmaq üçün, milliliyimizi, azərbaycanlığımızı dərk etmək üçün.
Qoy bu ocağın odundan od alsın gənc yazarlarımız.
Xalq şairi...
Ana südü, ata zəhməti kimi haqqın var bu ada, Məmməd Araz.
Qoy balalarımız uzun illər “poeziyamızın bayraqdarı” kimi tədris elədiyimiz ədiblər əvəzinə Sizin Vətən amallı, Qeyrət mücəssəməli, Torpaq heysiyyatlı şerlərinizi də oxusunlar. Duysunlar bu xalqın təbii, qaynar çeşmələrini.
Biz də ünvanınıza deyilən qucaq-qucaq təbriklərə qoşuluruq. Sizə həyatda can sağlığı, sənətdə uğurlar arzulayırıq.
1991