|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Tofiq   MAHMUD

MƏMMƏD  ARAZ  DEYİLƏNDƏ...

Mən şair Məmməd Araz yaradıcılığının oxucular tərəfindən həmişə sevildiyini görmüşəm; onun ədəbiyyata gəldiyi ilk gənclik illərində də, möhkəm tənqid olunan vaxtlarda da, yetkinlik çağında da, bu gün də... Bu poeziyanı doğma  Azərbaycan torpağından, Araz çayından, dağlardan ayrı təsəvvür etmək olmaz. Onun seçilmiş əsərlərini bir dəfə gözdən keçirəndə özüm bilə-bilə təzə şerləri ilə əvvəl yazdığı şerlər arasında sərhəd qoymağa çalışdım. Onları ayrıca oxudum, başa düşdüm ki, onun köhnə şeri yoxdur, bütün şerlər bir ağacın meyvələri kimidir, oxşarlıq, doğmalıq, yaxınlıq, istilik gördüm. Bu poeziya elə axar çaydır ki, əvvəli də, axırı da birdir, təmiz nəfəsdən doğub eyni saflıqla, eyni duruluqla, eyni ahənglə çağlayır.
Məmməd Araz poeziyasının şaxələri çoxdur, bu şaxələrin bir ucu Azərbaycan xalqının qədimliyinə, torpağımızın ən dərin köklərinə uzanır, bir ucu buludlara, zirvələrə gedib çıxır, başqa bir şaxəsi dünya ilə əlaqədardır, bir şaxəsi də təbiətimizin, kəndlərimizin qoynundadır. Bu mənada Məmməd Araz poeziyasını təbiətin canlı bir parçasına bənzətmək olar. Misralar, sözlər arasından balaca kənd, dağ, meşə, dərə, qaya boylanır, bulud, çən-duman, su axıb keçir, torpağın, havanın qoxusu, gül-çiçəklərin, biçənəklərin, çöl-çəmənlərin ətri gəlir. Təbiətdə rəng çoxdur, onları bir güzgü kimi özündə əks etdirən bu poeziya həm də öz rənglərini yaradır. Bunlar bir-birinə bənzəməyən, nəfəs alan, əlvan rənglərdir; gah tündləşir, qatılaşır, gah gecə kimi qaralır, gah sübh kimi açılır, gah dumanlanıb ağarır, gah qürub, gah da dan yeri kimi qızarır.
Təbiətin, həyatın rəngləri ilə zəngin olan bu poeziyanın ayrı-ayrı kadrlarında bir-birindən gözəl mənzərələr canlanır. Bu mənzərələri həm əvvəlki şerlərində, həm də sonra, təzə yazdığı şerlərdə görmək olar. Budur o mənzərələr: Araz çayı, kənd, onun adamları, qayğıları, qəfildən üstünə su atan güləyən qız, kənddə qalan ana, ata, onların məzarı, torpaq, onun gözəllikləri, dərədə bal hazırlayan məhəbbət heykəli – qoca arıçı, adi qaya, adi daş! Bu, təkcə təbiətə seyrçi münasibətdən, ötəri vurğunluqdan yaranmayıb, kökü dərindədir, doğma yurda, doğma torpağa əsl oğul məhəbbəti ilə bağlılıqdır. Odur ki, hər lövhə, hər mənzərə mənalanır, öz adiliyindən çıxır, geniş vüsət alır. Adi qayaya, daşa insan nəfəsi verməyə can atan şair üçün qaya da, daş da doğmadır, əzizdir:
            Onda Vətən sanar məni
                Bir balaca vətən daşı,
            Vətən daşı olmayandan,
                Olmaz ölkə vətəndaşı...
Məmməd Araz poeziyasının əsas canı, ruhu, nəfəsi, mayası doğma yurda, doğma torpağa bağlılıqdır. Şair öz torpağını dünyadan ayırmır, fərdiləşdirmir, dünyanın problemlərini doğma kəndinin, torpağının problemləri ilə sıx əlaqədə, vəhdətdə verir.
“Qoca arıçı ilə söhbət” şeri bütün ruhu ilə təbiətin əzəli təmizliyini, saflığını qorumağa çağırışdır. Belə çağırış onun əvvəlki əsərlərində də güclüdür. “Kəndim, balacasan, çox balacasan” şerini və “Atamın kitabı” poemasını xatırlamaq kifayətdir. Poemada torpaqla əlaqədar xalqımızın ənənəsi, bugünkü iqtisadi problemlər, böyük keçmişimiz öz əksini tapıb. Bu əsərlər arasındakı möhkəm yaxınlıq müasirliklə, indiki ab-hava ilə ölçülür. Qoca arıçı bal hazırlayır. Bu, ilk baxışda adi işdir:
            Baldırqanlı, ballı dərən var olsun,
            Ballı dilin, ballı süfrən var olsun!
Bu misralar adi şüar deyil, hər şeydən əvvəl, təbiətin əzəli saflığında bal hazırlayan bir qocanın zəhmətinə verilən yüksək qiymətdir, ikincisi, doğma torpağa, onun qüdrətinə bağlılıqdır, üçüncüsü, bu torpağın müqəddəsliyini, ülviliyini, paklığını duymaq, sevmək və qayğı göstərməkdir. Bu duyğular şairin bütün yaradıcılığından qızıl bir xətt kimi keçir.
Dünyanın müasir problemləri ilə əlaqədar fikirlər heç zaman Məmməd Arazı rahat buraxmır, xalqların azadlıq, istiqlaliyyət, həqiqət və ədalət uğrunda apardığı mübarizə həmişə diqqət mərkəzindədir. “Dünya sənin, dünya mənim” adlı məşhur şerini Azərbaycanda bilməyən yoxdur. Bundan sonra da dünya haqqında yeni şerlər yazıb: “Bu dünya dəyişmir, dəyişmir, baba” və “Mən belə dünyanın nəyindən küsüm”. Eyni mövzuda üç şer! Üçü də güclü, təsirli və mənalı!
Şair Araz çayından yazmaqdan yorulmur. Araz – şair üçün təkcə axıb gedən çay deyil, onunla sevincini, qəmini bölən, sevinən, söhbətləşən bir insandır, bir həmdəmdir. “Arazın nəğməsi”, “Bu gecə yuxumda Arazı gördüm”, “Arazın işıqları”, “Arazın dili” şerlərini və “Araz axır” poemasını oxuyan hər kəs mənəvi bir çayın yarandığını duymaya bilməz.
Fikir və məna cəhətdən yüklənən şerləri arasında “Daş harayı” – Araz çayı üzərində unudulan, qədim, tarixi körpü haqqındadır. Müəllif təkcə bu körpünün dərdini verməklə kifayətlənməyib, ona daha geniş, daha böyük məna ilə yanaşıb. Sanki körpünün dərdini, harayını yer kürəsinə çatdırmaq, bununla da bütün dünyadakı belə unudulan körpülərin faciəsini göstərmək istəyir. Bir xalqı birləşdirən bu körpü niyə su altında qalmalıdır?! Axı əsrlərin yadigarına belə münasibət cinayətdir. Şerin gücü, siqləti məhz bu fikirlərin bəşəri duyğularla birləşməsində, yüksəkliyə, genişliyə çıxmasındadır. Yer üzündə ədalət olsa, düzgünlük və həqiqət meydan alsa, o zaman hər yerdə sülh, əmin-amanlıq bərqərar olar:
            Bəlkə sönmüş sandığımız vulkanlar elə
            Nə zamansa dəfn olunmuş haqq səsləridir!
Bax, belə müasirlik, belə bəşərilik, belə ucalıq Məmməd Arazın o biri şerlərinin də bünövrəsidir.
“Hər gün” adlı şer böyük şəhərlərdəki hündür binaların liftinə həsr olunmuşdur. Yəni şair lift haqqında şer yazmışdır?! Yox, bu şer həmin liftdə səhər-axşam enib-qalxan, tələsən, baxışları buz kimi soyuq, dərdi-səri, işi-qayğısı başından aşan adamlar haqqındadır. Bu adamlar ancaq liftdə enib-qalxanda qonşu olduqlarını başa düşürlər.
Məmməd Arazın həyat təzadları ilə dolu şerləri çoxdur. Dağlara həsr etdiyi təzə şerlərində “əlim çatmaz, ünüm yetməz”, “dağlar məni tanımadı” kimi kövrək duyğular daha güclüdür. Ayrı-ayrı şerlərində “pulsevən çox olar, yoxsa gülsevən”, “o ürəkmi çaylağı boş, dəhnəsi boşdu”, “yalan yuyulurmu yağış yağanda?” kimi bədii siqlətli suallar sadəlövh uşaq sualları deyil, bu sualların arxasında gizli mənalar, fikirlər vardır.  
Şair Sabir Rüstəmxanlının dediyi kimi, hamımız “Məmməd Arazın qələmindən çıxan sözün sacda qovrulan qovurğa kimi çırta-çırtla kağızdan oxucu dilinə tullandığının” şahidi olmuşuq. Onun şerləri, poemaları ümumxalq məhəbbətini qazanıb, xalq şairi kimi yüksək bir ada layiq görülməsi də elə bu məhəbbətin ifadəsidir. Məmməd Araz poeziyasının çeşməsi tükənməzdir, qaynardır, xalqın arzuları, istəkləri, fikir və düşüncələri ilə həmahəngdir, buna görə də həmişə sevilir. Həmişə sevilən sənətkar isə xoşbəxtdir.

1991

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws