Şamxəlil MƏMMƏDOV
ARAZIN NƏĞMƏLƏRİ
Sənətkar və şəxsiyyət. Pedaqoji prosesdə müəllim başlıca sima sayılır və təlim- tərbiyədə müəllim nümunəsi əsas faktor hesab olunur. Müəllim öyrətmək, həyatı başa salmaq, gələcək fəaliyyətə istiqamət vermək kimi çətin, şərəfli və ləyaqətli bir vəzifənin fövqündə dura bilmirsə, özünü, şagirdləri və ictimaiyyəti aldadırsa, bu, şəxsiyyətin faciəsidir. Bu, bütövlükdə xalqın gələcəyi ilə bağlı olan milli maarifin iflasıdır. Deməli, pedaqoji sahəni seçən xilqət öyrənmək və öyrətmək əziyyətini ləyaqətlə üzərinə götürməli, dediklərinə inanmalı, sözü, əməli və şəxsiyyəti ilə nümunə olmalıdır. Müəllim xalqın sabahı üçün məsuliyyət daşıyır, onun davamçılarının həyata hazırlanması kimi çox zor bir vəzifənin ağırlığı altına girir. Sənətkar taleyi üçün də buna bənzər bir vəzifə müəyyənləşib: o, xalqın taleyinə dərindən-dərinə beləd olmalı, nəsillərin yol verdikləri səhvləri çaqdaş zamanın və gələcəyin dünyaduyumu prizmasından, poetik-analitik təhlil süzgəcindən keçirməli, bədii-estetik dəyərlərin gücü ilə sabahın proqnozunu verməlidir. Buradan sənətkar və tarix tərəflərini əhatə edən ədəbi problem ortaya çıxır. Sənətkar tarixə bələddirsə, onu bilir və sabahın proqnozunda tarixi dəyərlərə söykənirsə, poetik bəhrənin milli-bəşəri dəyəri təbii şəkildə təmin olunur, yazıçı (şair, dramaturq, rəssam...) yaradıcılığının fikri-fəlsəfi tutumunda xəlqilik və dünyəvilik real zəmində formalışır. Lakin bunlarla yanaşı, tarixə söykənən sənətdə vətəndaş yanğısı başlıca məziyyət kimi üzə çıxmalı, deyilən fikirdə şair cəsarəti aparıcı qüvvəyə çevrilməlidir. Tarix, milli bədii-estetik fikir yatırı, fitri istedad üzərində yaranan vətəndaş yanğılı əsərlər bədii fenomenlik qazanır:
Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbayan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxır dünyaya.
Qədim tarixə, mübarizə və çarpışmalarla zəngin əsrarəngiz keçmişə malik Azərbaycan şair duyumunda belə səciyyələnmişdir:
Azərbaycan – mayası nur, qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
“Xalq eşqi, vətən məhəbbəti – insanın həyat nəfəsidir”. (S. Vurğun) Xalq eşqini, vətən məhəbbətini özünün həyat nəfəsi bilən Məmməd Araz milli iftixarın, vətənpərvərlik hissinin doğurduğu duyğuları cəsarətlə tarixi-fəlsəfi yüklü misralara çevirən çağdaş sənətkardır. Dünyanın böyük şəxsiyyətləri poeziyanın məqsədini faydalı həqiqətdə görüblər, poeziyanı həyat çırağı biliblər, poeziyanı sözlərin musiqisi sayıblar.
Sözün, bədii sözün dəyərini dərk edənlər şerə, şairə yüksək qiymət vermişlər. Franko yazırdı: “Böyük şairlər xalqın vicdanıdır”. Bu fikirlər baxımından yanaşılanda çağdaş ədəbiyyatımızda sağlığında ikən xalqın vicdanına çevrilmiş şairlərdən biri Məmməd Arazdır.
Çoxu Nobel mükafatı haqqında eşidib. Kimdir Nobel? Onun var-dövlətinin qaynağı haradandır ki, beləcə mükafat paylanır? Ensiklopediyalarda göstərilir: Nobellər tarixdə ixtiraçı və sənayeçilər kimi məşhurdurlar. Onlardan Lüdviq Nobel 1879-cu ildə Bakıda Nobel qardaşları neft şirkətini yaratmiş, uzun illər Bakı neftini sorub-sovurub İsveç bankında var-dövlətə çevirmişdir. Nobel mükafatını mühəndis-kimyaçı Alfred Nobel təsis etmişdir. Beynəlxalq Nobel mükafatı 1901- ci ildən fizika, kimya, tibb və fiziologiya, iqtisadiyyat, ədəbiyyat sahələrində ən dəyərli əsərlərə, sülh uğrunda mübarizlərə verilir.
Avropalı Nobelin Bakı nefti hesabına yaranan var-dövlətindən sonralar mükafatlar üçün pay ayrılıb. Xalqın faciəsinə baxın... Façiədir. Əli 20 yanvarda azərbaycan türklərinin qanına bulaşmiş Mixail Qorbaçov da Nobel mükafatına layıq görülüb. Özü də bu mükafata başıbəla işlahatçı, dırnaq içində sülh carçısı kimi layiq görülüb. O, qazandığı bu haram mükafatın böyük bir hissəsini Azərbaycan xalqının qəddar və namərd düşmənləri olan erməni quldurlarının yaşadıqları torpaqda zərərçəkənlərə ayırıb. Onlar da bu pulla rus ordusundan top, tank alıb azərbaycanlıların başına od yağdırırlar. Çoxumuz bu həqiqəti ya bilməmişik, ya da bilsək də səsimizi çıxarmamışıq. Amma hələ 32 il əvvəl Məmməd Araz bu tarixi həqiqəti arayıb-araşdıraraq öz səsini ucaltmişdir. Bu şerlə qüdrətli şairin etirazı, cəsur vətəndaşın hünər və qəhrəmanlığı öz ifadəsini tapmışdır:
Nobel mükafatı...
Yazdı qəzetlər,
Ucaldı bu adla kiminsə adı.
Oslodan, Parisdən Madridə qədər,
Nobel şərəfinə tərif yazıldı.
Dayan, tərifini burdaca saxla!
Məst olma böhtanlar
xülyasında sən.
Geri dön tarixi bir an varaqla,
Gör onu həqiqət aynasında sən.
Kimindir o qızıl, kimindir o var,
Niyə tərifində bundan deyilmir?!
Gözlər qamaşdıran o parıltılar
Babamın gözünün nuru deyilmi?!
Gör kimin evinin daşı-divarı
Soyulub kim üçün cah-çəlal oldu.
Sorulub Bakının şah damarları,
Nobel banklarında kapital oldu.
Demirəm dayandır mükafatını,
Deyirəm çıxarma bunu yadından:
Kimin alın təri, ürək qanını
Mükafat verirsən kimin adından?!
Dəryada bir damla olmaq üçün bir ümman həvəsli şairin poetik fikir qaynağı, sənətdə istinad nöqtəsi, həyatda dayağı xalqdır. “Yüz bülbül səsi verilsə də, elsiz bir nəğmə belə deyə bilməyən” sənətkar yaradıcılığında ana torpağın vüqarı olan dağlar, çaylar, təbii gözəlliklər, elin söz xəzinəsi, maddi sərvətlərimiz başlıca yer tutur. Xalq şairi Məmməd Araz yaradıcılığında Araz yaraları əbədidir. “Bir gözündə sevinc, bir gözündə qəm yaşı” olan şair üçün əbədi bir poetik obyekt var: Araz! Məmməd Araz yaradıcılığında Araz nəqəratlı, Araz ünvanlı neçə-neçə sənət əsəri vardır. Eyfel qülləsi önündə heyran kəsiləndə də, Kəlbəcərin səfalı qoynunda dincələndə də Məmməd Araz qəlbində qəmli Araz çağlayır. Araz şair üçün “gündüzlər ayna, gecələr layla” olur.
Qamışından kəsilib
Mənim çaldığım tütək.
... Yox, Araz deyəndə mən
Yalnız çay düşünmürəm.
O tarixdir, baxıram:
Ağlayır da, gülür də;
“Avesta”nın külündən
Bulanıqdır hələ də.
Məmməd Araz üçün Araz adi su deyil, “bir gəlin hörüyü, bir uşaq yuxusudur”, “Qıratın yalmanı, Boz atın tərliyidir”. Araz “nənələrimizin ipəkliyi, babalarımızın sərtliyidir”. Araz “bu gün Muğana uzanan yaşıl qol, dağa çıxan işıq yoludur”. Şairin sevinci və qəmi, Arazın sevinci, Arazın qəmidir.
Araz dərdi, Araz həsrəti Məmməd Araz yaradıcılığında əsas motivlərdəndir. Araz şairin poetik duyumunda ac sarı dəvə kimi yırğalana-yırğalana işıq yükü çəkir. Şair narahatdır; dəvə öz nur yükünü dağıda bilər. Bu nur yükü lazımlıdır, gərəklidir. Sahillər sarı dəvənin apardığı nur yükünə bələnəcək, “sahillərin qaranlığı yuyunacaq, ələnəcək, üyünəcək” . İşıq seli, nur dərələrdə söküləcək. Istər-istəməz şairin vətəndaş istəyi, qayəsi haqqında düşünürsən: - Arazın suları sahilləri nura boyayacaq, ulu Hürmüz Əhlimənə qalib gələcək.
Işıqlarla görüşüb, işıqlarla ayrılacaq sahillərdəki şəhərlərin yazışması, “gündüzlər küsüşüb gecələr barışması” başlayacaq. Işıqlar da “hər bir dərdi öz taleyinə gözəyən” insanlara bənzəyir:
Işıqlar da bir-birinə,
Soyuq odlar olacaqdır.
Işıqlar da bir-birinə
Yaxın yadlar olacaqdır. –
deyən şair qəlbi işıqların həsrətinə dözə bilmir. Təəssüf, kədər dolu bu köks ötürmələr yırğalana-yırğalana gedən Araza – sarı dəvəyə yük olur:
İşıqlar da ayrılığa öyrəşəcək,
Yükünü çək, dəvə qardaş,
yükünü çək.
Cənubi Azərbaycan və Araz mövzusuna təkrar-təkrar müraciəti Məmməd Araz yaradıcılığına həmişə orijinal fəlsəfi-poetik duyumlar, yeni-yeni bədii obrazlar gətirir. Aşıq Hüseyn Cavan çalanda simlərdə Təbriz ağlayır, Söhrab Tahir şer deyəndə işıqları da, ayrılığa öyrəşən Araz yada düşür, Cənubi Azərbaycan yada düşür. Səttar xan xatırladılır. Araz üstündəki çinarın maviliyə açılmış həsrətli qollarında titrəyiş hiss olunur:
... Araz üstə
çinar gördüm.
Qoşa duran bir cüt çinar.
Gəlin çinar,
Igid çinar.
Təbiətin ağac adlı, qol-qanadlı heykəlinə heyrətlə baxan humanist şair qəlbi həyəcan içərisində çırpınır, qorxu ilə döyünür:
Qorxdum, qorxdum onların bu
sevgisini yaralayalar,
Budaqları, gövdələri, rişələri
bir-birindən aralayalar.
Daha pisdir, - qırmasalar, -
Çinarların arasından
Arx qazalar.
Bu arx əvvəl
Kiçik olar, dayaz olar...
Sonra, sonra böyüyüb bir
Araz olar.
Nəcib duyğular, ümumbəşəri hisslərlə yaşayan, sənətə dərin məhəbbəti, insanlara qayğısı və mehribanlığı ilə səciyyələnən Məmməd Arazın poetik dünyası doğma Azərbaycanın əsrarəngiz təbiəti kimidir. Bu mənəvi səltənət mayası, qayəsi nur olan Araz nəğməli Azərbaycanın dünəni, bu günü və sabahının maraqlı salnaməsi tək maraqlı, oxunaqlı və müqəddəsdir. Ülviyyətlə bəzənib, vətənə məhəbbətlə cilalanıb, babaların səhvlərindən doğan heyrət və təəssüflə, nəsillərin gələcəyi naminə narahat olan şair-vətəndaşın humanizmi ilə rövnəqlənib.
H.Z. Tağıyev adına milli dövlət mükafatına layiq görülmüş Məmməd Araz yaradıcılığında dünya, məhəbbət, dağların dumanı, yurdun tarixi, insan qəlbinin sirri, sehri, insan mənəviyyatı, hiss və duyumların çalarları poetik-fəlsəfi məna tutumu ilə seçimlidir.
Şairin əsərləri Azərbaycan boyda şer çəmənzarında ləçəklərində Günəşi əks edən çiçəklərə bənzəyir. Bu güllərin, çiçəklərin Araz boyu çinarların yarpaqlarının, ləçəklərinin küləklərlə nəğməsində bir şirinlik, həzinlik duyulur. Bunlar – poetik sənət nümunələri iki qardaşın həsrətinə səbəb, arzusuna sirdaş olan Arazın nəğmələridir.
1992