İsa MƏMMƏDOV
BİR ÖMÜR YAŞADIM
Məmməd Araz 1933-cü ildə Şahbuz rayonunun Nurs kəndində doğulub. Uşaqlıq dünyasının kövrək anları ağır müharibə illərinə düşdüyündən 7- 8 yaşlarından çətinliklərə qatlaşaraq işləməli, çörək qazanmalı olub. 1945-ci ilin avqust ayında gözlərinin qabağındaca çöldə payız şumu elədiyi zaman atasını tutub aparıblar. Sonralar “məlum olub ki,” o savadsız rəncbər kişi “xalq düşməni” imiş. Dövrün məşəqqətləri indi Məmməd Araz kimi tanıdığımız o vaxtki Məhəmməd yaşamalı, necə deyərlər, kipriyi ilə od götürməli olmuşdur. Məmməd Araz orta məktəbi bitirən kimi bu təzyiq və təhqir mühitindən başını götürüb Bakıya qaçdı və bir daha öz doğma yurduna qayıtmadı. On il günahsız yatan zəhmətkeş atası bəraət alandan sonra o da bütün ailə üzvləri kimi “xalq düşməni” damğasından azad oldu, onun yarası isə ömürlük sinəsində qaldı. Elə bu yaradan da köz götürdü Məmməd Araz poeziyası.
1950-ci ildə APİ-nin coğrafiya fakültəsinə daxil oldu və 1954-cü ildə həmin fakültəni bitirdi. O illərdən də ədəbi yaradıcılıqla ciddi məşğul olmağa başladı.
1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ilk şerlər kitabı “Sevgi nəğməsi” 1959-cu ildə çapdan çıxmışdır. Müxtəlif illərdə “Üç oğul anası”(1961), “Mən səni taparam” (1963), “Araz axır” (1964), “Anamdan yadigar nəğmələr” (1965), “Ömür karvanı” (1967), “İllərdən biri” (1969), “Qanadlı qayalar” (1970), “Atamın kitabı” (1974), “Oxucuya məktub” (1978), “Aylarım, illərim” (1979), “Dünya sənin, dünya mənim” (1983), “Seçilmiş əsərləri” (1986), rus və digər dillərdə çap edilmişdir. Ümumiyyətlə, iyirmidən artıq kitabı çap edilib və dünyanın əksər xalqlarının dilində onun şerləri səslənib. 1990-cı ildə Türkiyədə onun “Seçilmiş əsərləri” başlığı altında kitabı çapdan çıxıb və çox uğurla qarşılanıb.
Məmməd Araz respublikanın əməkdar incəsənət xadimi, əməkdar mədəniyyət işçisi, Azərbaycan respublikasının Dövlət mükafatı laureatı, Azərbaycan xalq şairi, filologiya elmləri doktorudur.
Ilk baxışda elə görünə bilər ki, burada qeyri-adi nə var ki, şair ovqatı üçün bunlar xoş bir duyğudur. Ancaq bu xoş ovqatın arxasında gecəli-gündüzlü sənətkar zəhməti, sənətkar əzab-əziyyəti, ömrün gecələr əriyə-əriyə səhərə çıxardığı və həyata daim vəsiqə aldığı saysız-hesabsız tapıntılar və bu tapıntıların da nə qədər əsəbi gərginliyi olubdur. Təbiidir ki, bunlar hamısı bu və ya digər şəkildə şairin həyat yolunun yaşıl işıqforu və onun taleyidir desək səhv etmərik. Bir anlıq Məmməd Araz poeziyasına üz tutaq:
Uzaqdan uzağa xoşuna gəlsəm,
Məni dindirməyə tələsmə hələ.
Tanımaq istəsən məni, əzəl sən,
Tanış ol bu kiçik nəğmələrimlə.
Şairin nəğmələri efirdə Aşıq Ələsgər sazının sinəsini yandırdıqca, müğənnilərimizin səsində kənd bulağının şırıltısına qoşulduqca Azərbaycan dünyasında Məmməd Araz zirvəsinə üz tutmağa tələsirsən. Bu aləmdə şairin döyüşkən, bəzənsə həzin və kədərli, sərt və tikanlı, min bir suallı şerləri ilə üz-üzə oturub ustad sənətkarla söhbət etdikcə sevinirsən. Sevinirsən ki, müsahibimdən yenə də hər dəfə olduğu kimi bər-bəzəksiz, səmim, sadə, lakin bu səmimlikdə, bu sadəlikdə böyük fəlsəfi fikirlər eşidəcəksən.
Bəli, vətən qayaları, vətən daşları düşmən ayağı altında qəlpə-qəlpə qopduqca şair də misra-misra yanır və bu yanğı döyüşən əsgərlərimizə inam, ruh, qüvvə verir. Bu çətin günlərdə sərhəd bölgələrindən verilən reportajlardan döyüşən əsgərlərimiz onun şerlərinin mübariz misralarını dönə-dönə əzbər deyirlər. Bu misralar əsgər himninə dönüb, onların dilində. Laçın rayonundan göstərilən verilişdə bir əsgər deyirdi ki, biz Məmməd Arazın “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim” misralarını kazarmamızın divarına yazmışıq, bu, şairin xoşbəxtliyidir. Məmməd Araz yaradıcılığında başlıca xətt – Vətən daşına – qayasına dönmək xətti həmişə aparıcı rol olub, indinin özündə də bu belədir.
Məmməd Araz öz şərəfli dünənini bu gününə gətirməyi bacaran şairlərdəndir. Onun “İnsan qayalar”, “Yerlər”, “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Babək qılıncı”, “Babamın səsi”, “Atamın kitabı” poeması bu baxımdan poeziyamızın qızıl fondunda xüsusi yer tutur. “Babamın səsi” şerinə müraciət edək:
Babamın gur səsi vardı,
Babam bəzən
elə bərkdən danışardı,
Az qalardı taxçadakı
çıraq sönə.
Şerin sonunda şair qəflətən bir dönüş edir:
Qoy bu günün düşməni də,
At çapmasın
harın-harın;
Torpaq altda gizlətmişik
Gür səsini babaların!..
Şərhə ehtiyac yoxdur. Şerin ünvanı da məlumdur, hədəfi də. Müasirlik odur ki, dünəndən yazanda bu günə, həmçinin bu gündən söz açanda sabaha baxmaq, sabahı görə bilmək isə ancaq istedadlara xas olan keyfiyyətdir. Bir halda ki, istedaddan söz düşdü, şairin özünə qulaq asmaq daha məqsədəuyğundur.
O yazır:
Gərəksiz tərif də yuxuya bənzər,
Uyudar qələmi iş üstündə də;
Istedad elə bir toxuma bənzər
Göyərər bir quru daş üstündə də.
Başqa bir şerində M. Araz istedadı ayrı səmtdən görür:
Doğar ürəkli ağıl
Ağıllı ürək onu.
Bəzən bu gün itirər,
Tapar gələcək onu.
Onu bir damla kimi
Dənizə tullasalar –
Damlalarla birləşib,
Dağ yıxan dalğa olar;
Bir onu, ona qəfil
Daş atandan qoruyun,
Bir də qoltuqlar altda
Yaşadandan qoruyun...
Istedadı qorumaq poeziyanı, ümumən sənəti qorumaqdır. Sənəti qorumaq isə, xalqı qorumaq deməkdir. M. Araz bunları şüar şəklində demir, obrazlı şəkildə, poetik dillə ifadə edir.
M. Araz yaradıcılığında Xalq, Vətən, Torpaq bir-birilə ayrılmaz şəkildə bağlıdır. Əslində bunlar həm də insanlıq deməkdir. O deməkdir ki, Vətənin, torpağın varsa – insansan, digər tərəfdən isə insansansa, torpağın olmalıdır. Onun məşhur “Yerlər” şeri var. Şerdə söhbət birinci, ikinci yer tutmaqdan və ümumiyyətlə, insanın yeri məsələsindən danışılır:
Mənə pay yetişməz bu
paylaşmada,
Vaxt hanı yer tutmaq
dalınca düşüm.
Dərə adlamada,
zirvə aşmada
Əsgər yürüşüdür
mənim yürüşüm.
Vətən sevgisində
birinci ada
Birinci yetməyə
pay yetər mənə.
Burda birincilik:
Vətən yolunda
Birinci ölməyə
öyrədər mənə.
Vətən, vətəndaşlıq məsələləri Məmməd Araz sənətində çox geniş məna daşıyır. Bu hardasa gedib humanizm, haqq-ədalət, insaf, Allaha inamla birləşir. O mənada birləşir ki, yer üzərində yaşamağın, bəşəri olmağın qanun-qaydaları var. Bu qanun-qaydalara riayət etməyənin əslində torpaq sahibi olmağa, heç torpaq üstündə yaşamağa haqqı yoxdur. Bəşəriyyətin bir çox yazılmamış qanunları var. Torpaq üstündə yaşamaq məsələləri də onlardandır. Bütün bu deyilənlərin bərqərar olması üçün şerin-sənətin özünəməxsus rolu vardır. Əlbəttə, sənət ədalət məhkəməsi deyil, sənətin bu sahədə hakimliyi, ağsaqqallıq yolu tamam ayrıdır. Onun yolu söz yoludur, onun yolu inandırmaq yoludur.
Məmməd Araz dünya miqyasında düşünən, necə deyərlər, dünyanı duyan və görə bilən şairdir. Bu fikirlər onun yaradıcılığında özünəməxsus yerlərdən birini tutur. O deyir:
Biri mənə şair dedi,
Dondum yerimdə.
Hər çiynimdən asılı bir
qurğuşun tayı.
Dünya məndən yer istədi
bəbəklərimdə ,
Elə bil ki, canlı yoxdu
məndən savayı.
Onun “Dünya silsiləsindən” olan şerlərinin bir çoxu bu baxımdan bənzərsizdir. Doğrudur, “Dünya adlı”, “Dünya familiyalı” şerlər ədəbiyyat tarixində çoxdur. Bu da təbiidir ki, hər sənətkarın öz dünyası var. Bizim Məmməd Arazın dünyası isə belədir:
Tərəfsiz tərəfdə düz öğlu düzlər,
Tərəfkir tərəfdə ölüm, qan-qada,
Suyunu itirən mavi dənizlər,
Çırpınıb, boğulur göz qabağında
Dünya, düzəlmir ki, düzəlmir, baba.
Və ya:
Gülünclərə gülünc gələn bu ada güldüm,
Yüyəninə hər əl yetən bu ata güldüm,
Mən özümlə oynadığım şahmata güldüm...
Dünya sənin, dünya mənim, dünya heç kimin.
Şairin son vaxtlar yazdığı “Ayağa dur, Azərbaycan” şeri də bu şerlərin davamıdır. Axı od içində yanan bu doğma torpaq, bu yurd həm də dünyanın bir hissəsidir. Dünyanın harasında olursa-olsun, fərqi yoxdur, insan hüququ tapdalanırsa, insan vaxtsız ölürsə, deməli dünyanın nizamı pozulur. Özbaşnalıq yaranır, qanunsuzluq hökm sürür, xəstəliklər artır və s.
Məmməd Araz doğma yurdumuzun daşından-qayasından göyərib, bu yurdun hər qayası, hər daşı önündə öz poeziyası ilə qalxana, qılınca dönən şairimizdir. Şair onda xoşbəxtdir ki, onun arxasında ağıllı, yetkin oxucu ordusu var. Bu xoşbəxtlik də Məmməd Araza qismətdir. Bütün bunlarla yanaşı onun büdrədiyi yoxuşlara dirəndiyi məqamları da olub. Ancaq həmişə xalqa tərəf, işığa tərəf addımlayıb. Yenə şairin məşhur misralarını dilləndirək. O deyir:
Istəsən şairi əyəsən, onun
Ömrünün nə yazı, nə qışını al.
Istəsən şairi əyəsən, onun
Əlindən xalqının alqışını al!
Heç bir qüvvə xalqının alqışını onun əlindən ala bilməz. Xalqımız öz şair oğlunu yenə də alqışlayır və indi müstəqil Azərbaycanımızda Məmməd Araz poeziyasının əsl qiymətini verməyə çalışır.
1993