Xanəli KƏRİMOV
BİR TALEYİN OYUNUNDA...
Yer üzündə bir şair var – Məmməd Araz! Azərbaycan adlı dərdi özündən böyük olan bir məmləkətin ulu şairi! Bu dünyada hər şey dəyişdi, hər şey dondan-dona düşdü, çox imzalar itib-batdı. Amma o, bu torpağın rəngi kimi, Arazın ləngəri kimi dəyişilməz bir varlığa döndü, sağlığında ululaşdı, heykəlləşdi. Elə buna görə də şair Məmmədin taleyi “namusunu yeyənlərin qeyrətindən” başı daşdan-daşa dəyən, od içində qovrula-qovrula bərkiyən Azərbaycanın taleyi ilə əkizləşdi, bütövləşdi. Şair Məmmədin dərdi Azərbaycanın, Azərbaycanın dərdi zaman-zaman şair oğlu Məmmədin dərdinə çevrildi, onun mayasına, qayəsinə hopdu. Azərbaycan da, Məmməd Araz da yaranışlarından sanki “bir taleyin oyununda cütlənmiş zərdirlər”. Şairin şerlərindəki bəzi paralelliklər fikrimizi təsdiqləyir :
Boğazına sarılan ilanı tumarladın,
Qazancın bu oldu ki, mülayim oldu adın.
Haqq yolu göstərdiyin haqqını qamarladı...
Elə buna görə də :
Səni səndən alıb belə
Yüz illərlə uyutdular.
Səni səndə ələdilər,
Səni səndə üyütdülər.
Dibək oldun öz duzunla, öz daşınla
Ögey oldun doğma, əkiz qardaşınla...
Məmməd Arazda məqamı düşdükcə işlədilən “mən” anlayışı əksər hallarda şair “mən”indən çox milli və bəşəri varlığın təsdiqinə çevrildi. Xalq adından danışmaq hər qələm əhlinə nəsib olmur. Xalq o sənətkarı özünə “vəkil” edir ki, onun buna mənəvi haqqı çatmış olur. Sabirlər, Mirzə Cəlillər kimi Məmməd Araz da xalqın bu etimadını layiqincə doğruldub. Milli satqınlarımızın əli ilə torpaqlarımızın ermənilər tərəfindən işğal olunması hamıdan çox bəlkə də M. Arazı sarsıtdı. M. Araz deyəndə ki, “Şuşa əldən getsə, yaşamağa dəyməz”, onda “sözü dəmli, özü qəmli rəhbər adamlar” bu ulu tanrı səsinə məkrli niyyətlərlə əhəmiyyət vermədilər. M. Araz bilir ki, yal davasının, sümük davasının getdiyi bir məmləkətdə torpağın taleyi, vətənin namusu həmişə gizli sövdələşmələrin qurbanı olur. Tarixən taleyi gizli qapılar arxasında həll olunan doğma millətin faciəsi şairin çiyinlərinə aldığı ən ağır yükdür.
Demədim kimə şah, kimə yetimsən,
Bu qara millətin, bu ağ millətin.
Dedim ki, yemini Allah yetirsin.
Ağlı gödəninə calaq millətin,
Yamaq milllətlərə yamaq millətin,
Payını it qapar maymaq millətin,
Qadını ər doğmaz qorxaq millətin,
Məni bağışlayan olarmı?
-Çətin.
M. Arazın elə şeri, elə sözü yoxdur ki, orada bir vətəndaş harayı, vətəndaş narahatçılığı hiss olunmasın. Onun şerlərində ilk baxışdan adama elə gəlir ki, həyatımızın, günümüzün adi “sayılıb-seçilməyən” məqamları qələmə alınıb. Lakin adi mətləblərin “sayılıb-seçilməyən” həyat həqiqətlərinin məğzinə varanda şairin istedadının gücünə heyrət etməyə bilmirsən.
Daş harayı, daş yaddaşı şair üçün əzəli və əbədi yaddaşdır. Ona görə də şair:
Bir qayaya söykənmişəm, deyirəm kaş:
-Bax beləcə, daşa dönəm yavaş-yavaş – deyir.
Təkcə yaradıcılığında deyil, ümümən milli poeziyamızda seçilən “vətən qayaları, vətən daşları” silsiləsindən yazdığı şerlərdə şair insanlığı – vətən oğlunu bu daşların tarixini, “dilini” öyrənməyə çağırır. M. Araza görə vətən qayalarının, vətən daşlarının tarixi elə o xalqın, o vətənin tarixidir.
Tarix əlifbası daşdan başlanır,
Əl dəydi: yumşalır, göyərir indi
Başdı – daş olubdu, daşdı – baş olub.
Bunları seçmək də hünərdir indi.
...Sözü-sözə ilmələyə-ilmələyə əzablı bir şair ömrü yaşayan M. Araz əsrin yaddaşına yazılan səsdir. 60 İllik ömür yolunda səfasından çox cəfasını çəkdiyi dünyada söz adlı ağır yüklü bir karvanın sarvanına döndü, Məmməd Araz!
1993