|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
 İsa HƏBİBBƏYLİ

MİLLİ  ŞERİN AĞSAQQALI

Sənətkarın tərcümeyi-halı, taleyi və həyatı daha çox onun yaradıcılığında öz əksini tapır. Bunu xalq şairi Məmməd Araz özü də etiraf edir. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: “Əsl tərcümeyi-hal şairin şerləridir... Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir...”
Məmməd Arazın şerlərindəki tərcümeyi-halı rəsmi tərcümeyi-hal sənədlərindən və ya valideynlərinin, əhatəsində yaşadığı adamların yaddaş materiallarından da dəqiq və mənalıdır:
            Məni şerimdə gəz, bir insan kimi,
            Qəlbimdə nə varsa ona demişəm.
            Anadan-bacıdan gizlətdiyimi,
            Kağızdan, qələmdən gizlətməmişəm.
Öz yaradıcılığının əsas qəhrəmanı, aparıcı siması olan Məmməd Arazın əsərləri həqiqi bir şair ömrünün pozulmaz səhifələridir. Bir çox istedadlı şairlər kimi       M. Arazın da poeziyası onun həyat dastanı, ömürnaməsidir. Hətta tərcümeyi-hala dəxli olmayan digər mətləblər də şairin ömür köynəyindən, qəlbindən keçir. Belə olan məqamlarda “bir qəlbin yükü” az qala bir ömrün yükündən qat-qat ağır olur.
Poeziya, şer, sənət Məmməd Arazın tale yüküdür. Qələmi “söz qardaşı” hesab edən şair cismani ömründən sonrakı taleyini də kağızsız, qələmsiz təsəvvür edə bilmir:
            Nə düz deməmisən, düzünü de ki,
            Bu torpaq ağartsın üzünü, de ki,
            Dünyaya sonuncu sözünü de ki,
            Ey qardaş qələmim, desəm-deməsəm,
            Mən səni özümlə aparasıyam.
Məmməd Arazın “qardaş qələmi” ilk növbədə öz ömrünü yazmışdır. Şairin taleyi kimi şerləri də bənzərsizdir. M. Arazın şerləri həm də özündən sonrakı ədəbi nəslin bədii yaradıcılığının başlanğıcıdır. Daha doğrusu, poetik dəbdəbə, ritorika, təntənə, zahiri əksetdirmə, ideoloji xəttə sədaqət kimi sənət xəstəliklərindən xilas olmaq Məmməd Araz və onun mənsub olduğu yaradıcı nəsllə əsasən başa çatmışdır. “Ürəyimsiz kəlmə yazan deyiləm” andı tərənnüm poeziyasından düşüncə lirikasına qəti keçidinin ifadəsidir. Buna görə də M. Araz sənəti bir tərəfdən yeni tipli yetmişinci illər poeziyasının fəal daşıyıcısı, digər tərəfdən isə    20 il bundan əvvəl ədəbiyyat meydanına qədəm qoyan şairlər nəslinin əsas istinadgahlarından, ilham qaynaqlarından biridir. S. Rüstəmxanlı, Hidayət, Ramiz Rövşən, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu,  hətta daha sonrakı nəslin nümayəndəsi Rüstəm Bəhrudi öz ilhamını həm də M. Araz sənətindən almışdır. Başqa sözlə,   M. Araz şeri S. Vurğun məktəbi ilə hazırki şer üslubu və ənənələri arasında çox etibarlı varislik körpüsüdür. Poeziyamızın artıq bir neçə nəsli böyük sənət meydanına həmin poetik körpüdən keçib gəlmişdir.
Hazırkı mərhələdə M. Araz milli Azərbaycan şerinin görkəmli nümayəndəsidir. İndiki səviyyədə onun şerləri və poemaları, bədii publisistikası yalnız öz yaradıcısının deyil, mənsub olduğu xalqın da tərcümeyi-halının əsas hissəsidir. İkinci dünya müharibəsindən sonrakı təxminən yarım əsrə yaxın tarixi dövrün bədii, mənəvi tərcümeyi-halı M. Araz sənətində öz əksini tapmışdır. Bu, müdrik, ağır siqlətli, uzaqgörən, kövrək və ağıllı poeziya mənalı ədəbi tarixi salnamədir. Yaxın və uzaq tariximizlə yanaşı, bu günümüzün və hətta sabahımızın böyük ciddi həqiqətləri də “Məmməd Araz karandaşından göyərir”. Yaşının indiki müdrik çağında M. Araz şeri qaynar həyat seli, sehrli mənəvi dirilik çeşməsidir. Dünənimizdən ibrət dərsi almaq, bu günümüzün ab-havası ilə yaşamaq, sabahımızın mənzərəsini ayın-şayın görmək, amalımızı, məqsədimizi müəyyən etmək üçün M. Araz poeziyası ən etibarlı və ağıllı bələdçidir.
Azərbaycan ədəbiyyatında poema janrı M. Arazın poemaları ilə yeni mərhələyə çatmışdır. Lirik psixoloji üslub və düşüncə insan mənəviyyatının dərin qatlarının poetik kəşfi, müasirlik və fəal vətəndaşlıq mövqeyi bu poemaların ana xəttini təşkil edir. M. Arazın “Üç oğul anası” poeması (1957) yazıçı İsa Hüseynovun psixoloji nəsrinin milli poeziyadakı yol yoldaşıdır. “Araz axır” poemasında (1960) zamanın sözü özünün yüksək bədii-fəlsəfi əksini tapmışdır. “Paslı qılınc” poeması (1964) yazıldığı dövrün “Aygün”üdür. “Əsgər qəbri haqqında ballada” poemasında (1968) ustad S. Vurğunun “Avropa xatirələri”nin, “Qayalara yazılan səs” poemasında (1976) “Muğan” poemasının ənənələri yaxşı mənada davam etdirilmiş, yeni səviyyəyə çatdırılmışdır. Məmməd Arazın “Atamın kitabı” əsəri milli birlik və mənəvi ucalıq haqqında yazılmış ən kamil poetik dastandır. Ədəbiyyatımız bu əsərlərlə zənginləşmiş, nəzərəçarpacaq dərəcədə irəliyə doğru boy atmışdır.
Məmməd İnfil oğlu İbrahimov – Məmməd Araz Azərbaycanın xalq şairidir, əməkdar incəsənət xadimidir. O, milli şerimizin ağsaqqalıdır. Şer-sənət, sözün həqiqi mənasında, böyük ədəbiyyat Məmməd Arazın tale yüküdür.

1993
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws