|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Əbülfəz   İNFİLOĞLU

SÖZÜN   ŞÖHRƏT   TACI


Sənət aləmində qüdrət sahibi olan sənətkar həmişə öz başında şöhrət tacı gəzdiribdir. O, tac sözdür. Cəmi üç hərfdən ibarət olan bu kəlmədə böyük qüdrət və qüvvət vardır. Söz sənətkarı ən uca zirvəyə qaldırar, onu əbədi yaşar bir qüvvəyə çöndərər. İlham çeşməsindən axan su qətrə-qətrə oxucu qəlbinə süzüldükcə saflaşır, durulaşır, istedad sahibinə bir ölməzlik gətirir.
            Qələmim yol çəkə, dağ yara bilmir,
            Yoxdu sözlüyümdə sözdən ayrı dən...
Şairin “sözlüyü” onun beynidir, ürəyidir. Həyat həqiqətlərini duyanda, əsrin ağır dərdlərini görəndə, gözəllərin göz oxşayan gözlərinə məftun olanda “sözlük” açılır, misraya çevrilir, kağız üzərinə tökülür. Oradan da sərhədləri aşaraq özünü söz azarkeşlərinə çatdırır:
            Əlini kəsənə əl verir Vətən,
            Səs verir, kürsüyə çıxardır da bir.
            Qələmim axtarır ayrı bir peşə
            Elə ki, kəsərli söz tapa bilmir.
Ömrünü şam kimi masa arxasında əridən M. Araz sözün qüdrətini duyan, onu yüksək zirvəyə qaldıran  sənət korifeylərindəndir. Əlinə qələm alıb şer yazan gündən sözün kəsərinə, dəyərinə diqqətlə fikir verə-verə ömrünün 60 ilini arxada buraxmışdır.
Həmişə oxucu M. Araz poeziyasından yeni şer, yeni fikir axtarmaqla şairi addım-addım izləmişdir. Ilhamla yazılan hər bir sənət nümunəsi zorla yox, xoşla oxucunun dilinin əzbəri olmuşdur:
            Qorxuram daş yağa çörək təknəmə -
            Söz ki, ağsaqqallıq eləyə bilmir.
            
                         Qəzəb çəlləyinə barıt tökənə,
            Qələmim yağ-ballıq eləyə bilmir.
Şairin ən kiçik şerindən tutmuş lap iri həcmli əsərlərinə kimi sözün kəsəri, sözün dəyəri qarşısında heyrətlənməyə bilmirsən.
            O, dəyənək alıb itin üstünə düşdü,
            Çünki iti rəisin itindən qabaq hürmüşdü.
Burada izahata heç bir ehtiyac duyulmur. Bu kiçicik şerdə yaltağın iç üzü, siması açıq görünür. M. Araz hələ təzə-təzə sənət aləmində iməkləyən, çağlayan çağında düz 37 il bundan əvvəl hələ Məmməd İbrahimov imzasının çoxlarının tanımadığı bir vaxtda sözün dəyərini, qiymətini məsuliyyətlə duyaraq “Şerim” adlı 12 bəndlik  əsərində yazırdı:
            ... Kainat deyimmi, mən şerə, sözə! –
            Onun min düyünü, min açarı var.
            Onu duya bilməz ondakı közə -
            Qəlbinə  köz tutub alışmayanlar...
            ...Söz gərək od keçməz qayadan keçə,
            Yoxdursa sözünün kəsəri – yazma.
            Özün sevməyincə, sevilməyincə,
            Özgədən məhəbbət əsəri yazma.
Bu danılmaz bir həqiqətdir ki, Məmməd Araz şeri həqiqi mənada düşündürən sənət nümunəsidir. Elə buna görə də cəsarətlə demək olar ki, axırı Azərbaycan hüdudlarını aşıb keçən M. Araz şerinə sərhəd yoxdur.
Azərbaycan adlı bir diyarın çox-çox əvvəlki tarixi dərdləri (“Məndən ötdü, qardaşıma dəydi”, onun qüdrəti “Azərbaycan – dünyam mənim”, bu günkü acı taleyi “Ayağa dur, Azərbaycan”, “Bu millətə nə verdik ki...”, “Ağlama”, “Tanrım, bu dünya sən quran deyil” ) Məmməd Araz qələminin, Məmməd Araz sözünün ecazkar qanadları üstündə qol açaraq gəzir, xalqı birliyə, döyüşə səsləyir.
            ...Qayaları çək sinənə, dayaq elə,
            Yollarını ayağına dolaq elə.
            Bayrağını Xəzər boyda bayraq elə,
            Enməzliyə qalxmış olan bayrağını,
            Azərbaycan, Azərbaycan,
            Azərbaycan bayrağını!
Məmməd Araz çox sənətkarların deyə bilmədiklərini, duya bilmədiklərini, cəsarətlə ortaya çıxara bilmədiklərini həmişə demiş və indinin özündə də deyir. “Tarixçi alimə” şerində oxuyuruq:
            ...Bu qala bəlkə bir əsrin günahı...
            Hər şamda min gözün yağı yanıbdı.
            Qalaça küncünə qısılan şahın
            Xalqı palçıq kimi tapdalanıbdı.
“Daş harayı” şeri Xudafərin harayıdır. Mühəndis Vaqif Bəhmənliyə yazılmış bu şer şairin söz üsyanıdır, söz harayıdır.
                       “Xudafərin su altında qalacaq” ; -
            Yol sökməyin mübarəkdir,
                                                  yoldaş mühəndis  
            Bir qulaq ver: o haraydı, haydı, nərədi...
            Daş dilini anlamazsan, ey daş mühəndis.
“Təsir əks təsirə bərabərdir” deyiblər. Söz öz təsirini çox asanlıqla göstərdi. Mühəndis Xudafərin körpüsü üçün yeni layihə işləməli oldu. Poetik fikrin, poetik ifadənin, poeziya dilinin – şair sözünün kəsəri nə qədər qüdrətlidir, nə qədər uludur.
            Sən məqamı gələndə Araza bənd olansan
            Hər sözün işığında göyə bülənd olansan.
            Sən arzuya bələdçi, şerə kəmənd olansan.
            Haqqın var, Məmməd Araz,
            Haqqın var yaşamağa!
Bəli, qardaş, haqqın var yaşamağa. Sözünün şöhrət tacı səni həmişə yaşadacaqdır. Sonrakı yubiley illərinə də səninlə birlikdə getməklə sənə uzun ömür, səadət, yeni-yeni söz xəzinəsi yaratmağı  arzulayıram.

1993
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws