|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Musa  YAQUB

“ÜRƏYİMSİZ   KƏLMƏ  YAZAN  DEYİLƏM...”

Mən bir oxucu kimi Məmməd Arazın şerlərində birinci növbədə gözlənilməz sandığım poetik tapıntıları və qəribə bənzətmələrlə ifadə olunan fikir tərzlərini, fikir təzadlarını daha çox sevirəm.
Bəs bu özünəməxsusluq nədən yaranıb, necə yaranıb?
Gərək onda ilk əvvəl şairin dünyaya gəldiyi Şahbuza qayıdaq. Nursu kəndinə qayıdaq.
Bütün torpaqlar kimi bu yerin də öz çiçəkləri, öz dağı, dərəsi, öz cığırları, öz adamları var. Və bu doğma diyarı yəqin ki, M. Araz qədər tanıyan tapılmaz: cığırlarını ayaqları qədər, yerlərini, göylərini gözləri qədər görüb bilən tapılmaz.
Şair birinci növbədə bu doğmalığı nəql etməklə oxucusuna göstərmək istədi. Amma hər yerdə dağ dağdır, dərə də dərə. Bir dəfə baxıb tanıdın qurtardı getdi. Ona görə də şair doğma yurdun torpağını, dağ-daşını əvvəlcə hiss-həyəcanlarına, öz xatirəsinə, öz duyğularına bələdi. Yavaş-yavaş rənglər dəyişdi, şaxələndi.
Sonra şair kəndinə, cığırına, dağına, doğma adamlarına məxsus min dəfə görüb müşahidə etdiyi sifətləri, bənzətmələri tapdı; “daş at”ı, “şimşək üzəngi”ni, “qanadlı qaya”nı, “pələng buludlar”ı, “işlək çay”ı tapdı. Misraların poetik yükü beləcə yarandı. Şair bu yerdə dilimizin böyük imkanlarını işə saldı.
Beləliklə, doğma torpağın mayası ilə şairin ilham mayası elə qaynaqlandı ki, bu şerlərdən M. Araz dağı, M. Araz qayaları, dərələri, çiçəkləri, cığırları boylanmağa başladı. Atalarımızın bütün mərd sifətlərini özündə cəmləşdirən, ömrü boyu torpağa bağlı olan, alnının dərin qırışları ilə zəhmət donunda İnfil ata, o kövrək ana, sədaqətli bacı boylandı o şerlərdən.
            Mən insan bilmişəm qayanı, dağı,
            Təbiət yaşamır təbiət üçün.
            Mən ki, bu yerlərə gəlmirəm axı,
            Sadəcə təəssüf, ya heyrət üçün.
Bəli, şairin təsvir etdiyi o ağaclar, o meşələr, o qayalar, bir sözlə, təbiət adi deyil, bu, bizim ömrümüzdü, günümüzdü, sevgimiz, xatirəmizdi ki, yenidən cana gətirilib bizə qaytarılır. Təptəzə, özünəməxsus. Amma hamımıza doğma, hamımıza əziz.
Görün torpağın rəngləri, insanın böyüklüyü şair ürəyindən keçib təzə məna alanda nə möcüzələr baş verir. Və bu yerdə hamı tanıyıb bildi ki, bu möcüzə təzədi, bu M. Araz möcüzəsidir, onun nəfəsidir bu nəfəs. Şerin bu məna çalarları M. Araz ürəyindən süzülüb gələndir.
Bax, belə yarandı özünəməxsusluq.
Bax, belə yarandı sadəliyin müdrikliyi.
M. Araz Azərbaycanımızı qarış-qarış gəzib dolanan şairlərimizdəndir. Şair İsmayıllıya da çox gəlib. Növbəti gəlişlərinin birində qədim sənətkarlar diyarı Lahıca baxmaq arzusunda olduq. Mən istəyirdim ki, yol boyu o gözəlliyi, əzəmətli qayaları, Girdmanı şair yaxşıca görsün, duysun. Hər dəfə də deyirdim: - Məmməd əmi (biz ona belə müraciət edirik həmişə), bu bulağın suyundan iç, bu suyun rənginə bax, ağappaqdır. Bir yerdə də dedim, bu suyun rənginə bax, gör necə qırmızıdır.
Elə bunu demişdim ki, Məmməd özünəməxsus təbəssümlə gülümsündü.
Sonra dedi: - A Musa, bu qədər də məni hərifləmə də, şəhərdən gələndə nə olar? Mən də elə belə qaya-qapçaqlı yerdə böyümüşəm. Heç suyun da rəngi qırmızı olar?.. Daşlar qırmızıdır, su da bu rəngdə görünür. Hamımız gülüşdük. Bundan sonra Məmməd əmi həmişə məni görəndə soruşur: - Musa, İsmayılıda suların rəngi necədir?
Biz elə onda yolumuza davam elədik. O vaxt Lahıca kimi  maşın yolu yox idi. Yarı yolda atlara minəsi olduq. Məmməd əmi ilə mən nəyəsə baxıb söhbət edirdik. Gördük yoldaşlarımız atların ən yaxşılarını miniblər. Bizim ikimizə də yeşiklə yüklü bir arıq at qalıb. Mən narahat olanda Məmməd əmi dedi ki, narahat olma, şairlərin taleyi belədi, gərək işin çətinini görsün ki, onu duya bilsin.
Biz elə həmin atla Lahıca getdik də, qayıtdıq da. Amma o günlər bizim üçün xoş xatirələrə, bəlkə də şerə çevrildi. Bunlar Məmməd əmiylə bağlı olduğu üçün mənimçin çox əzizdir.
Bu söhbətimdə su, çay adını çox çəkdim.
Istərdim ki, mən M. Arazın poeziyasını bir dağ çayına bənzədim. Bu çayın əvvəli hardan gəlir, mənbəyi haradandır, bunu söhbətimin əvvəlində dedim.
Bu çay öz dağından, öz dərəsindən baş alıb, bulaq-bulaq, şəlalə-şəlalə, damcı-damcı süzülüb gələn, getdikcə birləşən, gurlaşan bir çaydır. “Bir damla olmaq istəsən dünyaya sən dərya həvəsiylə gəl” deyən şairin poeziya çayı həmişə narahat, özü demişkən, işlək bir çaydır. Bu çay həmişə birinci olmağa tələsir. Birinci olmaq ad-san üçün, şöhrət üçün deyil.
Axı, qarşıda Nizaminin poeziya dağı var, Füzulinin poeziya dağı var. Şair görür bu meydanda birinci olmaq çətindir. Amma bu çay yenə birinciliyə tələsir. Amma hara? Şair istəyir ki, vətən yolunda, el yolunda heç olmasa fəda olmaqda birinci ola bilsin. Məhz bu fəda ola bilmək sevgisi M. Araz şeirinin ən qüvvətli qollarından biridir. Böyük vətəndaşlıq duyğusu, vətənpərvərlik eşqi bu qoldan gəlir.
Amma şair fəda olmaq üçün süni məqam, süni vaxt gəzmir. O elə hər vaxt el-obasına, torpağına, daşına misra-misra, şer-şer fəda olur. Mən istərdim şairin bu misralarını da burda təkrar edim:
            Dünənimə qəbir qazan deyiləm,
            Bu günümü döşdən asan deyiləm.
            Ürəyimsiz kəlmə yazan deyiləm, -
            Nə qədər ki, öz əlimdir yazanım.
Bəli, M. Araz şerlərində ürəksiz yazılmış misraya  çətin rast gəlmək olur. Mən sözümün axırında ömür kitabının 60 səhifəsini qatlamış əziz şair dostumuza can sağlığı, böyük yaradıcılıq uğurları diləyirəm.

1993

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws