Tofiq MAHMUD
SÜBH ÇAĞI ŞEH TƏKİ
Təbiətdə gördüyüm ildırımın yandırdığı, amma yaşıllığını və əzəmətini itirməyən bir palıd ağacını heç unuda bilmirəm. Hər dəfə Məmməd Arazla görüşəndə o palıd ağacı gözlərim önündə canlanır, o ağacla şair arasında bir oxşarlıq, bir bənzəyiş tapıram.
Onun imzasını qırx il bundan əvvəl görmüşəm. 1961-ci ildə isə bir şair kimi kəşf etmişəm. O ildə təzəcə çapdan çıxan “Üç oğul anası” adlı balaca kitabını alıb dəniz sahilinə getdim. Elə oradaca, sakit bir guşədə bu kitabı birnəfəsə oxudum. Kitab məni elə tutdu ki, o vaxtdan Məmməd Araz poeziyasına marağım birə yüz qat artdı.
Məmməd Araz dünyanın dərdini, əzabını çəkməyi, bunlardan yazmağı bacaran şairdir. Öz yaradıcılığı haqqında “od kimi, su kimi köhnəyəm, bala” desə də, onun şerləri həmişə od kimi, su kimi təzədir, gözəldir. Saysız-hesabsız görüşlərdə Məmməd Araz oxucularının ona necə böyük maraq və məhəbbət göstərdiklərinin şahidi olmuşam. Bir dəfə səhnədən şairin lirik bir şerini oxuyanda çaşdım, bir an duruxub ləngidim və dərhal o misranı zaldan dedilər. Özü də bir nəfər yox... bir neçə nəfər. Hamısı da gənc...
Şairin həmişə yaşadığı yüksək poetik hisslər havadan, göydən deyil, ata-ana ocağından, doğulduğu, böyüdüyü torpaqdan, kənd-kəsəkdən, nəfəs aldığı dağdan, dərədən, çəməndən süzülüb axıb. Bunlar yenidən canlanıb, yenidən həyat qazanıb. Bu günkü dünyanın, zamanın ab-havasını onun poeziyasında sübh çağı parlayan şeh kimi, dənizin üstündəki şəfəqlər kimi, yaxud doğacaq günəşin üfüqlərdəki qızartıları təki görmək və duymaq olar.
Mən sevdiyim yazıçılarla, şairlərlə dostluq və yaxınlıq etməkdən qorxmuşam. Qorxmuşam ki, elə bir vəziyyət meydana gələ bilər, bu sevgim ya azalar, ya da yox olar. Ancaq Məmməd Arazla dostluq, yoldaşlıqda heç zaman qorxu duymamışam; onun ancaq insani keyfiyyətlərini görmüşəm. Elə bu sevginin işığında ürək sözlərim “Məmməd Araz oxucularına müraciət” adlı bir şerə çevrilib:
Yaratdıqca sənətin
Gövhərini, ləlini,
Uzatdı o zirvədən
Mənə qardaş əlini!
Sevgisi dilində yox,
Qanında, iliyində,
Böyüklüyü, qüdrəti
Onun adiliyində,
Onun sadəliyində!
Özü dinc, xəstə, zəif,
Şeri – yaraq kimidir.
Özü utancaq, zərif,
Şeri – bayraq kimidir!
Qoy, Məmməd Arazın bütün güc-qüvvəsi şer misrasına çevrilsin, bu misralar od kimi yansın, su kimi çağlasın, insanlara həyat və gözəllik gətirsin!
1993