|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Vaqif  BƏHMƏNLİ

NƏĞMƏNİN  QAN  QARDAŞI

            Dərd eləmə, desəm ki:
            Yazı masam, ölürəm!
            Ölə-ölə yazmıram,
            Yaza- yaza ölürəm...
                                       M. Araz
Görəsən nə üçün biz çox zaman böyük sənətkarlar və gözəl sənət inciləri barədə ümumi sözlər, ümumi təriflərlə danışmağa üstünlük veririk? Məsələn, belə: Füzuli əlçatmazdır, Sabir dahiyanədir... vəssalam. Yoxsa, biz böyük-böyük ürəklərin qanında çiçəkləyən sevinc və sevgi gurşadlarına qəlbimizin balaca və dar qapılarını açmaq istəmirik? Yoxsa, biz o böyük sevinc və sevgi gurşadlarının balaca və dar köksümüzə sığmayacağından ehtiyatlanırıq? Yoxsa, biz zaman-zaman durulmaq bilməyən qarmaqarışıqlar içində böyük-böyük ürəklərin qanında sızlayan nifrət və kədərin ağırlığına çiyinlərimizin dözməyəcəyindən qorxuruq? Axı, babalarımızın min dürlü, yüz çeşidli hikmətləri sırasında belə bir xəbərdarlığa da  ürcah olmuşuq: çox bənd olma! Nə bilim, bəlkə bu da var. Amma bu da var ki, qızmar, az qala insanın ağıl və huşunu əridən günəşli yollardan keçib sinəmizin yanğısını söndürmək üçün bir büllur bulaq gözünə dodağımızı dirəyəndən, o sadə və təmiz sudan duyub dikələndən sonra da elə bir artıq söz işlətmirik. O bulağın axışına, yerişinə, baxışına, duruşuna tərif yağdırmırıq... ya bir “oxay” deyirik, ya da o bulağın gözünü açanın atasına rəhmət oxuyub gedirik dərdimizin, odumuzun dalınca.
Tale elə gətirib ki, mən oğlanlar bulağından su içəndə bu gün dərdli xalqımızın 60 yaşını bayram elədiyi dərdli şair Məmməd Arazın söz bulağından da su içmişəm. Ola bilər uzaq əsrlərin, uzaq illərin o tayında xalq yaddaşında özünün və sözünün izi-tozu qalmayan neçə-neçə mənim kimi söz qoşanlar olub ki, onlar da əsrdaşı, ildaşı, yaşdaşı olan şairlərin söz bulağından içiblər və sağalmaz, elə sağalmaz olduğuna görə də bəxtəvər bir dərdə düşüblər. Hər halda mən buna qətiyyən dərd deməzdim və on dörd yaşım olanda rəhmətlik babam Həsənqulu oğlu Qəbildən iki dənə qırmızı onluq alıb kəndimizdən qırx kilometr aralıda yerləşən, indi erməni tapdağı altında qalan Füzuli şəhərinə getməyimi, ilk cızmaqaralarımı “Araz” qəzetinə aparmağımı və qayıdanbaş raykomun böyründəki kitabxanadan aldığım, çox qəribədir ki,  bircəciyindən savayı indi hamısının adını unutduğum kitabların içində o bircə kitab belə adlanırdı: Məmməd İbrahim. “İllərdən biri”.  Həmin çağa qədər oxuduğum kitabların ən balacasını avtobusda, kəndə çatanacan başa vurdum və mənə elə gəldi ki, o kitab gözəl bir bulaq idi, onu sonuncu damlasına qədər mən içdim. Amma doymadım, o kitabın dadı indi də damağımdadı... O dadı, o tamı bütün ruhumla, sinirlərimlə yenidən duymaq, təzədən yaşamaq üçün Məmməd Arazın bütün kitablarını oxudum. O kitabların birincisi mənim üç yaşım olanda işıqlığa çıxıb, sonuncusu qırx yaşıma üç il qalanda...
Məmməd Araz şerlərini sevməmək mümkün deyil. Çünki bu nəğmələr hər şeydən öncə yaxşı bir insanın qanından qopub. Məmməd Arazın üz tutub söz dediyi oxucu ya onun atasıdı, ya anası, qızıdı, ya oğlu, qardaşıdı, ya bacısı... Bunlar olmayanda, yalnız xeyirxahlıqla nəfəs alan bu misralar əziz və unudulmaz bir insanın sinə daşına üz sürtür, baş ağacına yazılırmış kimi görünür. Məmməd Araz nəğmələri ömür deyilən bir yola səfər başlayan insan kürəyinə çəkilən duadı, düşərli əl kimidi!
Nə zamansa oxuduğum, şer gecələrində tez-tez təkrarladığım bir cümlə var idi. Bilmirəm Rəsul Həmzətovun şair babası deyib, yoxsa Süleyman Stalski: nifrət və məhəbbət şairin bir cüt qanadıdır, quş bir qanadıyla uça bilmədiyi kimi könül nəğmələri də o qanadlardan biri olmasa  havalanmaz. Bəs onda nə üçün şair Məmməd Arazın yazdıqları könüllərdən-könüllərə qanad çalmaqdan yorulmur? Hələ bir fikir verin; Məmməd Arazı göylərə qaldıran iki qanaddan biri məhəbbətdir... o birisi də məhəbbətdir!  Məmməd Araz bütün sözlərini əzizlərinə, doğmalarına deyir. Məmməd Araz düşməninin üzünə də baxmır. Görünür, yaxşı adamlar düşmənlərini belə öldürürlər!
Anlaşılmasın ki, Məmməd Arazın özü də, şerləri də yalnız və yalnız sadəlövhlük timsalıdır, hansı şəkildə olursa-olsun, istər elmi, istər obrazlı düşüncə yolu ilə dünyanı dərk etmək istəyən bir təfəkkürün sadəlövhlük bükümləri içərisində görünməzliyinə, itib-batmasına inanmağın özü sadəlövhlük olardı. Məmməd Araz yaxşı bilir, duyur və görür ki:
            Bu gileydən qəlbim yaman xallanır;
            Cox ünvanda qaçaq tərif yallanır,
            Bir ağılın budağından sallanıb
            Neçə-neçə ağlı dayaz yaşayır.

            Məmməd Araz yaxşı bilir ki:

            Çox gözlü var torpağına kor baxır,
            Dan yerinə bəbəyində tor baxır.
            Yüz də çevir, min də ələ torpağı,
            Namərdinən mərd yanaşı göyərir.
Amma mənim həmişə sona qədər inandığım bir həqiqət var ki, dünyanı yalnız yaxşılıqla, xeyirxahlıqla düzəltmək olar. Hər dəfə Məmməd Arazın sözünə, nəğməsinə qulaq kəsiləndən sonra bu inam bir qədər də bərkiyir.
Məmməd Araz adına vurulan bu söz ilməsini bir az da xırdalayaq, hər bükümündə neçə-neçə məna gizlənən kəlmə yumağının ipini bir qat da açaq. Yaxşılıq müdrikliyin əlifbasıdır.  Yaxşıların hamısı müdrik olmaya bilər. Amma müdrikliyin qanında şəksiz-şübhəsiz yaxşılıq var: hərf kimi, səs kimi... Yaxşı insan Məmməd Araz müdrik düşüncələr sahibidir. Şairin şerlərinə müdriklik bir nar suyu kimi qıraqdan sıxılıb damızdırılmır. Müdriklik bu şerlərin təbiətindədir, müdriklik Məmməd Arazın qanındadır. Bütün şairlər kimi Məmməd Araz da öz şerlərinin, öz nəğmələrinin qan qardaşıdır. Əgər onun nəğmələrinin damarlarında dolaşan qanı müdriklik qızartmasaydı, məhz müdrik Xudu Məmmədova üz tutub bu kəlmələri deməyə onun gücü çatardımı:        
            Bax, donqar dəvənin səbət yükünə,
            Bənzəyir içi boş şöhrət yükünə.
            Ömür karvanının sənət yükünə
            Bir-iki qeyrətli söz yükləməsək
            Sən kimə gərəksən,
            Mən kimə gərək?!
Işlək adamlara həmişə iş tapıldığı kimi dərd və kədər də onu çəkməyi bacaranları sevir. Bəlkə də yer üzündə elə xalq var ki, onun şairlərini bəxtəvərlik dilləndirir. Şərqdə isə şairlər qaşlarının arasında sirli və kədərli bir düyün doğulurlar. Dərdi içinə salanlardan dünya xəbər tutmur, onlar gözəl bir ölümə tuş olub gedirlər. Min il yaşayanlar dərdi deməyi, yazmağı, dilə gətirməyi bacaranlardır. Məmməd Araz dərdini, ağrısını çəkdiyi kimi demək üçün Allah-taaladan kərəm istəyən bir şairdir. Möcüzə burasındadır ki, Məmməd Arazın sinəsini parçalayan ağrı od olub üstümüzə tökülmür, əksinə, bu kədərli nəğmələri oxuyandan sonra insanda bir yəqinlik yaranır: yalan dünyada çəkilməyən dərd yoxdur. Acının dadını bilməyən ürək, ümumiyyətlə, dad bilmir!
Bütün ağrı və əzablar fanidir. Sevinc və sevgilər də fanidir. Elə buna görə də dünya həm sənindi, həm mənimdi, həm də heç kimindi. Dünya həm sənin, həm mənimdirsə, nə üçün yer üzünə qapalı bir qutudan çıxıb heç nə anlamadan, dərk etmədən, dərd çəkmədən, sevib sevinmədən son ucda qapalı bir qutuda qeyb olaq? Dünya heç kimindirsə, onda nə üçün min-min əzaba baş vuraraq hər şeyə sahib olmaq istəyək?
            Ayaq saxla, dövrənə bax ötəri belə,
            Min illərdi Araz belə, Həkəri belə;
            Axşamların, səhərlərin təkəri belə -
            Dünya sənin,
                         dünya mənim,
                         dünya heç kimin...
Altımış yaşını qeyd etdiyimiz ustad şairdən söz açarkən onun poeziyasının ölüm və ya olum, sevgi və həsrət, insan və zaman kimi ənənə baxımında ümumi, Məmməd Araz duyumu yönündən nəzər salanda isə kifayət qədər fərdi mövzuları içərisində təbiətin şerə gətirilməsini görməmək olmaz. Əslində, Məmməd Araz şerində təbiətin poetik yozumunu ayrıca sənətkar cəhdi kimi ayırmaq mümkün deyil. Şairin qələmindən çıxan bütün bədii duyğular təbiətin bir parçası kimi qavranılır. Hər kəs etiraf edər ki, ağac demir mən ağacam, çay demir mən çayam, bulud demir mən buludam. Sadəcə olaraq onlar görünür, toxunulur, duyulurlar. Məmməd Araz şerlərində də belədir, təbiətin şair könlünün dərdli aynasına bütöv bir mənzərəsi, şəkli düşür. Beləcə “Salamat qal”, “Çoban səhəri”, “Dərə”, “Qanadlı qayalar”, “İnsan qayalar”, “Həkim çay” “Bulaq daşında yazı” kimi şerlər yonulur, bəli, yonulur! Bir şerdə, “İnsan qayalar” şerində təbiətin insanlaşması, yaxud əksinə, insanın təbiətin bir parçasına yeni biçimdə  qayıdışı hətta fiziki proses kimi fantastik bir dəqiqliklə cızılır.
Məmməd Araz Azərbaycan poeziyasında ən yaxın vaxt kəsiyində qəlib və ülgülərin içərisində, ənənənin mühafizəkar divarları arasında novatorluğun mümkünlüyünü sübut edən tək-tük şairlərdən biridir. Onun şerləri Azərbaycan hecasına yeni nəfəs, yeni hava gətirib, bu havanı yaradan poetik dil faktı, yeni qafiyə sistemi, məncə, tutarlı bir tədqiqat mövzusudur.
Məmməd Arazı xalq ona görə sevir ki, o, Allahın sevdiyi şairdir. Allah-taala qəlb ağrılarını da, fiziki ağrıları da Məmməd Araza istədiyindən verib. Və o miqdarda verib ki,  Məmməd Araz yolu-yolağası kifayət qədər çirklənmiş dünyanın toz-torpağına bulaşmasın, toyların bihudəliyinə, yasların qeybət güruhuna uymasın, televizora çıxmasın, nəşriyyatların qapısında vaxt itirməsin, ötəri sevgilərlə duyğularını aldatmasın... Hərdən düşünürəm ki, Məmməd müəllim ləyaqətli bir rahib ömrü yaşayır və onun səsi qeybdən gəlir. O yerdən ki, ordan Füzulinin, Sabirin, Nazim Hikmətin, Əli Kərimin səsi gəlir...
Bu qeydlər yubiley məqaləsi deyil, gələcəkdə M. Araz barəsində yazacağım ədəbi düşüncələrimin tezislərindən bir qismidir. Bu mənim şair haqqında birinci yazım da deyil. 1974-cü ildə onun “Qanadlı qayalar” kitabı barədə 20 vərəqlik bir yazı yazıb elə həmin il “Ədəbiyyat və incəsənət”  qəzetinə vermişdim, çap olunmadı, bir müddətdən sonra dedilər itib. Sonra  “Qələm – mənim söz qardaşım” adlı məqalə ilə Məmməd müəllimin 50 yaşını təbrik eləmişəm. “Araz səsi” adlı bir poema həsr etmişəm Məmməd Araza.
M. Araz barədə dördüncü dəfə söz demək istədim, gördüyünüz kimi heç nəyə nail olmadım. Yazımın lap əvvəlinə qayıtmaqdan özgə əlacım qalmır. Ciyərimiz yanarkən dodaq söykəyib suyunu içdiyimiz bulağı biz heç zaman tərifləmirik, elə bircə kəlmə “oxay” deyirik, bir də o ehsanın yiyəsinə rəhmət oxuyuruq. Yaxşısı budu. Bir halda ki, yaxşısı budu, onda belə deyirəm: Allah ana yaşında itirdiyin anana, ata yaşında itirdiyin atana rəhmət eləsin, ay Məmməd Araz bulağının gözünü açan şair!
                                                                 
1993.



 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws