Fərhad QƏNBƏROĞLU
TƏBİİ İNAM – ŞAİR İNAMI
Haqlı, ya haqsız eşidirik: söz kəsərdən düşüb. Görəsən, sözün kəsəri azalsaydı həyat olardımı?! Bəlkə söz qılıncı kütləşəndə həyat elə bu cür olur, gördüyünüz kimi. Yox, bu, birmənalı səslənməzdi. Əsl həqiqət ondan ibarətdir ki, bu gün sözün qüdrətinə daha çox ehtiyac duyuruq. Söz silahından məharətlə istifadə etmək, sözlə müalicə olunmaq bəşərin qədim istəyi, diləyidir. Ümumiyyətlə, çağdaş səslənən tələbləri ödəmək baxımından da təzə sözə tamarzıyıq. Təzə söz üstüörtülü deyil, açıq deyilməlidir. Atalar yaxşı deyib: örtülü bazar dostluğu pozar. Bu mənada çağdaş şairimiz, sözün qədr-qiymətini artıran Məmməd Araz gizli mətləbləri açıq sözlə deməyə üstünlük verir. Söz açıq olanda şair inamı da güclü olur.
Sirr açar, dürr açar açarımız da,
Od donsa, buz yansa – inam ələnməz:
Söz açıq olanda içərimizdə
“Yalanlar, filanlar” qafiyələnməz.
Indi mənəvi ünsiyyətə həmişəkindən daha çox möhtacıq. Allahın kəramətindən müdriklərin öyüdündə, sözün qədrini bilməkdə mənəvi xəzinəsi zəngin xalqımızın başı ucadır. Lakin sadə deyimdə qanadlı söz, ibrətamiz kəlmə, obrazlı ifadələr asanlıqla yaranmır. Gərək yoğura biləsən, yastılayıb yapmağı bacarasan.
Ömürsüz ömürdən çox asılıyam,
Gərəkdir söz deyəm, söz yastılayam:
Hardasa gül üzə gül yastığıyam,
Hardasa ilana köynəyəm, bala!
Bəli, həqiqətdir ki, insan dara düşəndə, taleyin əlindən dad eləyəndə qayğı, təsəlli umur. Umacağımız bu qayğı, təsəlli anlayanlar, qədirbilənlər üçün yerində, məqamında işlədilmiş müdrik sözlərlə, şirin kəlmələrlə bağlı deyilmi?! Ağıllı, xeyirxah adamlar birini aparıb, birini gətirən “dəvə dünyada” sözlə zinətlənirlər, sözün hökmü ilə də qələbə çalırlar. Şöhrət üçün yox, dünyanı dərk etmək üçün qeyrətli sözdən öz yüklərini tuturlar. Aləmi heyran qoymaq üçün, müdrikliyi, hikməti ucaltmaq üçün. Təbii inama söykənən şair haqlıdır:
Bax, donqar dəvənin səbət yükünə,
Bənzəyir içi boş şöhrət yükünə.
Ömür karvanının sənət yükünə
Bir-iki qeyrətli söz yükləməsək,
Sən kimə gərəksən,
Mən kimə gərək?!
Yaxşı ki ömrünü başa vurmaqda olan bu qalmaqallı yüz illiyin də barmaqla göstəriləsi söz ustaları yetişdi. Belə sənətkarlar arasında özünəməxsus orijinal, apaydın seçilən, şairliyin zirvəsinə aparan yolu dəstəkləyən, bənzərsiz qələm əhli Məmməd Araz bizim tale payımıza düşən əvəzsiz ərmağandır.
Ustad M. Araz sözün əsl mənasında el-oba şairidir. Xalq ruhunun azman nəğməkarlarındandır. O, xalq hikməti bulağından duyunca içdiyindən yaradıcılığında bu hikməti daha da şöhrətləndirib. Onun ürək qanı ilə yazdığı poetik örnəklər təbii inamla yoğrulub. Şair şerlərində “axır səni düzdə qoydu bu düzlük” desə də onun pənah gətirdiyi bir inam var: “Zamanın qayçısı düzü düz kəsir”. Bu qarmaqarışıq zamanda düzlük dünyasını qurmaq üçün “qarışqa cığırına sığınan” şair sənətlərin ən ağırını seçib, ən çətinindən yapışıb. “Düz sözdür dünyada hər şeydən baha” deyən şair sənətin dolanbac yollarındakı axtarışların cəfakəşliyində poetik amalını təsdiqləyib, nəhəng dəryada özünün “bir balaca eşq adasını” yaradıb. Özü demiş: “qasırğa hədəfində qumru yuvası qurub”. Şairin təbirincə “hörümçəkdən aldığımız bu dünyanın ilməsini yalnış atmağa” lüzum yoxdur, yoxsa nizam pozular, insanın üzüntüləri başlayar. Dədə-baba hikmətilə müşkül işləri sahmana salmaq baxımından da sənətin ən ağırı, ən cəfakeşi onun payına düşüb. Ərişi-arğacı düzlük üzərində qurulan söz havasında xalı-xalçasını al-əlvan ilmələrlə toxuyub şair:
Dünya böyük, ömür yolu bir addım,
Bir balaca eşq adası yaratdım.
Bir uçrumdan fırtınaya tor atdım:
Bu cürəti görən, duyan olmadı,
Səndən mənə gün ağlayan olmadı.
Minlərlə şersevərlər sözü şöhrətləndirmək üçün şairin uçrumdan fırtınaya tor atdığını yaxşı görürlər, sözün ovsunu ilə ürəkləri fəth etdiyini həssaslıqla duyurlar, bu fədakarlığı heyranlıqla dəyərləndirirlər.
Füzulu yanğılı Məmməd Araz şair inamını heç vaxt itirməyib. O, təbiətə üz tutanda bu inam daha güclü, qüdrətli görünür. Onun insaniləşdirdiyi obrazlarda: daş ömründə, qaya duruşunda, dərin yarğanlarda, vahiməli dərələrdə, ətrindən doymadığı süsəndə, küskün bənövşədə də insana olan müdrik inam özünü bariz göstərir. Məhz, onu şairliyin zirvəsinə ucaldan da bu inamın işığını ürəklərə doğramasıdır:
Kim işığı ürəklərə doğrayar,
Kim işığı ürəklərdən oğrayar,
Kim yalanı calaq vurdu doğruya?
Hər şivindən oğrubaşı göyərdi.
Sözün hünəri xeyirə xidmət eləməli, şərin məhvinə yönəldilməlidir. Böyük fədakarlıqlar tələb edən bu qovğada diz qatlayıb mənfur şərə qarşı ondan qüvvətli, siqlətli xeyirə söykənmək gərəkdir:
Qələm mənə - dağlara çıx,
Buludlara dırman deyir.
Yamanlığın ağzına sən
Qaya kimi yaman, deyir.
M. Araz da ilhamının köhlən atını ulu sözün ardınca dördnala çapdıqca dünyanın məşhur söz ustalarının səsinə öz səsini qoşur: yaxşılar yalnız xeyirxahlıq etməlidir, bədxahlıqdan, pislikdən nəinki çəkinməli, hətta bu barədə düşünməməlidirlər. Bu xeyirxahlığın ardınca qoşduqca şairin umacağı bizə məmnunluq gətirir. Və indiyədək bu torpağın daşına, qayasına, bu qayanın mamırına çevrilmədiyimiz üçün özümüzü danlayır, məzəmmət edirik:
Günlərim var həm paslı, həm qalaylı,
Gah lal axan, gah ildırım haraylı...
Bu torpağın daşı olub qalaydım,
Yoxdu özgə umacağım.
Bu torpağın daşı olub qalmaq şərəfi, qayasında mamır kimi göyərmək xoşbəxtliyi fədakar şairin övladlıq qeyrətinə nəsib imiş.
Təbiətin bomboz sifətini bomboz rəngində tərənnüm edən şair sənəti qəlbi edir, bizdə təbiətə olan sevgi xatirələrini canlandırır, yüksək estetik zövq alırıq. Sənətin möcüzəsi də bundadır. Ürəkləri fəth edən ustad şair göylərə bülənd olan “zirvənin tox duruşunu” yaşamağı hər hansı təltifdən, orden və mükafatdan şərəfli sayır:
Dağ döşündə boz duman boz qurğuşun;
Boz dumandan seçmək olmur boz quşu.
Mənim ola zirvənin tox duruşu.
Yoxdu özgə umacağım...
Təbiətin könül açmayan bu mənzərəsini sənətin ecazkar dili ilə tərənnüm edəndə necə də könül oxşayan, qəlb ovudan gözəl sevgi mənzərəsi yaranır. Əhsən! Alterasiyalardan məharətlə istifadə edən şairin bu poetik deyimi ustad Ələsgərin ”Çərşənbə günündə, çeşmə başında”... bədii tapıntısını xatırladır.
Təbii inamına sadiq qalan M. Araz hər şeydən öncə ürək yanğısını, aşıb-daşan sevgisini mənalandırmaq baxımından təbiət aşiqidir. Insanla təbiətin qan qohumluğunun şairanə təsviri onun allı-güllü söz gülşənində yetkin estetik idealı bəlli edir.
Ana təbiətə övlad sevgisini bərpa etmək həssas şairin çox incə müşahidələrində öncüllük kəsb edir. Bu eşqin, bu vurğunluğun mayası da halallıqla yoğrulmuşdur. Nankor övlad Ana təbiətə övladlıq borcunu ödəməyəndə, ona xor baxanda öncə özünə düşmən kəsilir, öz ömrünü baltalayır. Bunu anlamaq böyük zəhmət tələb etmir. Ümumiyyətlə, bizdə təbiətə divan tutmaq, onun köksünü yaralamaq az qala dövlət səviyyəsinə qalxıb. Yaxşı ki, Məmməd Araz kimi gözəl şairlərimizin poeziyasından bəhrələnirik. Onun həyəcan təbilini eşidirik. Yoxsa, təbiət gözəli daha zavallı, acınacaqlı hala düşər. İpdən asılı dünyamız əldən çıxar.
Məmməd Araz şerinin bənzərsizliyi insanla təbiətin bir-birinə qovuşmasının poetik vəsfində açıqlanır. Şairin uğurları qələmə aldığı bu mövzuda daha önəmlidir. Təbiətə - doğma Anaya könlündə tükənməz sevgi duyğuları bəsləyən insan mənəvi zənginlik tapır. Təbiətdən gələn təmizlik, saflıq, düzlük onu ucaldır, ülvi, nəcib edir. Bu hikmət Məmməd Araz yaradıcılığından qızıl xətt kimi keçir. Çünki şairin yaradıcılığında sənətin zirvəsinə aparan yolun təməli, bünövrəsi ədalət idealına inamdan başlayır. Insanla təbiətin sevgi qovşağında özünü təsdiqləyən Lirik qəhrəman əbədi ayrılanda da dünya ilə halallıqla vidalaşmaq istəyir. Həmişəlik təbiətə qovuşmaq üçün:
Ey dəvə yal, düşdüm daha belindən,
Ovsar cığır, çıxdın daha əlimdən.
Balam çiçək, bir də öpüm telindən,
Salamat qal, salamat!
Ixtiyar çağında dəvə yalın belindən düşən insan son dəfə təbiətin cazibə qüvvəsindən qopmaq istəmir. Ilk beşikdən son beşiyədək gözəllik sorağında olan insan axırıncı məqamda da təbiət gözəlliyindən doymadığını gizlətmir – bunu da ömürdən sayır. Bir güldən, bir çiçəkdən kamını almaq istəyən insan şairanə görkəm alır. Bu, təbiətlə son vida deyil, ona əbədi qovuşmaqdır. Ülviliyin təsdiqidir. Dağ yamacında gözəl xalı kimi sərilmiş yala sarmaşıq kimi sarılmış cığırı dəvənin ovsarına bənzədən şair dastanlarımızda, nağıllarımızda olan bir hikməti yada salmaqla bizi soy kökümüzə haraylayır: dəvəsini, atını hər hansı ehtiyacdan bazara çəkən insan sövdələşib malını dəyər-dəyməzinə satandan sonra onun başından açdığı ovsar şairin deyimində adicə ip, kəndir, çatı, yaxud yüyən deyil. Bu, evin, ocağın, ailənin, bütöv bir elin damazlıq bərəkətidir. Gərək bu damazlıq eldən-obadan perikməsin, iraq düşməsin. Dəvə-dünyanın ovsarını əldən buraxmaq olmaz. Həyatın sərt üzünü görən insan təbiətə - onun ətirli çiçəyinə müraciət etməklə özünün çox incə, zərif duyğulu bir varlıq olduğunu isbat edir. Şair yol bələdçimiz kimi bizi də təbiətin qoynundan keçirir. Təbiətə sığınan insan onu göz bəbəyi kimi qorumağa cavabdeh, borclu olduğunu anlayır. Düzlüyə, həqiqət məyarına tapındıqca saflıq, duruluq insanın qanına-canına keçir, iliyinə hopur. Paslı duyğulardan təmizlənirik. Kövrək, incə, həssas Lirik qəhrəman nağıllardakı kimi şairin söz boxçasındakı noğullardan bizə də paylayır.
Ömrünü, şersevərlərin bal əmdiyi poetik dühasını təbii inam üzərində kökləyən M. Araz saxtalıqla qətiyyən barışmır. Saxtalıq – riyakarlıq, yaltaqlıq, ikiüzlülük...nəinki bir şəxsi, elliklə bütöv bir xalqı içəridən gəmirib məhv edir, bəşəriyyəti bədbəxtliyə sürükləyir. Şərin bir qanadı saxtalıqdırsa, digər qanadı ikiüzlülük, yaltaqlıq, ayaqdan çəkmək... və s. Şeytanın “idarəsində” işə düzəlib şərin dəyirmanına su tökənlər, ziyanvericilər, həşəratlardır. Şair cəmiyyəti bu ünsürlərə qarşı mübarizəyə, söz mülkünün taxt-tacının qədrini bilməyə, xeyiri şərdən ayırmağa çağırır, ona minnətdar oxucularını bu ruhda tərbiyə edir:
Kimdi o arxadan sənə daş atan,
Dönəndə dizini qucaqlayanlar?
Boğazdan yuxarı ürək yaşadan,
Ürəkdən aşağı baş saxlayanlar?..
Çox olub gölümdə üzən sonalar,
Çox olub nağılçım – küpəgirənlər!
Sonralar anladım, xeyli sonralar,
Cibəgirən olur gözəgirənlər.
Məmməd Arazın çox qiymətli, dəyərli söz boxçasındakı poetik inciləri arasında onun fəlsəfi və təbiət lirikası daxili məzmunu və al-əlvan biçimi ilə diqqəti cəlb edir. Biz də imkan daxilində bu janrlarda yazılmış poetik nümunələrin boyunu oxşadıq, bir qisminə azca nəzər saldıq. Şübhəsiz, onun çox zəngin lirikasının bu və ya digər məziyyətlərini az-çox açmaq üçün uzun axtarışlar, yuxusuz gecələr tələb olunur. Sağlıq olsun. Həmçinin ədəbiyyatımızda ölməz poemalar müəllifi kimi ad qazanan M. Arazın lirikası haqqında yazmadım, sadəcə olaraq könlümdə çoxdan yuva salmış isti bir sevgini kağız üzərinə köçürdüm. Varını verən utanmaz deyiblər. Gözəl şairimiz Məmməd Araz barədə ürək sözlərimi özümün ona çox yaraşan misralarıyla bitirirəm:
Sən məqamı gələndə Araza bənd olansan,
Hər sözün işığında göyə bülənd olansan,
Sən arzuya bələdçi, şərə kəmənd olansan.
Haqqın var, Məmməd Araz,
Haqqın var yaşamağa?!
1993.