|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 

Ramiz  HEYDƏR
                                          
ŞAİRİN  AZƏRBAYCAN  DÜNYASI
 
Məmməd Arazla mənim ilk görüşüm 40 il bundan qabaq olub. O vaxt Azərbaycan Dövlət Pedaqoji  İnstitutunun filoloğiya fakültəsinə daxil olmuşdum. Şair dostum Sərdar Əsədlə bir kursda oxuyurdum. Günlərin bir günündə Sərdar mənə dedi:
- Sənin xəbərin varmı, bizim institutda bir şair də oxuyur, coğrafiya fakültəsinin tələbəsidir.
- Şairin coğrafiya fakültəsində nə işi var? – deyə təəccübləndim.
Sərdar Məmməd Arazın adını çəkəndə təəccübümün yersiz olduğunu başa düşdüm. Məsələ burasındadır ki, biz Azərbaycan Yazıçılar İttifaqında keçirilən gənclər günündə M. Arazla dəfələrlə görüşmüşdük. Ancaq onunla yaxından tanış deyildik. Sərdar Əsəd bizi görüşdürəndən sonra onun yaradıcılığı, şəxsiyyəti ilə  daha yaxından maraqlandım və şerlərini izlədim, hər bir yaradıcılıq uğuruna ürəkdən sevindim.
Yaxşı deyiblər ki, dostu yaxşı tanımaq istəyirsənsə, onunla yola çıx. Mən Məmməd Arazla dəfələrlə yol yoldaşı olmuşam. Istər Azərbaycanın rayonlarına gedərkən və istərsə də respublikadan uzaqlarda bir yerdə olmuşuq. Xüsusən, Ulyanovsk və Kazan şəhərlərində Azərbaycan ədəbiyyatı və incəsənəti günləri keçirilərkən birgə səfərimiz yadıma düşür.
Həmin şəhərlərdə keçirilən bütün görüşlərdə M. Arazla iştirak etmiş, onun şerlərinin dinləyicilər tərəfindən necə hərarətlə, məhəbbətlə qarşılandığının şahidi olmuşam.
M. Arazı dostlarına, pərəstişkarlarına sevdirən nədir? Birinci növbədə onun insani keyfiyyətləri, təvazökarlığı, sadəliyi və son dərəcə parlaq, obrazlı poeziyası.
Məmməd həmişə bəşəri mövzulara müraciət edir. Vətən, insanlıq, adamın dünya qarşısında müqəddəs borcu ilə əlaqədar fəlsəfi fikirlər yürüdür, bu fikirləri ecazkar qələminin qüdrətilə poeziya zirvələrinə yüksəltməyə nail olur.
M. Arazın şerlərində təbiətə, insana, insan əlinin yaratdığı xariqələrə böyük heyranlıq vardır. O heyranlanmaqla bərabər, oxucularını da heyrətləndirməyi bacarır. Oxucularını daim intizarda qoyur – onları gözləməyə məcbur edir, ortaya ortabab, adi, miyanə şerlər çıxartmır, yaxşı, təsirli, dərin fəlsəfi fikir daşıyan yüksək sənət əsərləri təqdim edir.
Hər bir təzə şer şair üçün sözün əsl mənasında axtarışdır, kəşfdir. Biz bunu şairin müxtəlif vaxtlarda çap olunan “Üç oğul anası”, “Mən səni taparam”, “Araz axır”, “Anamdan yadigar nəğmələr”, “Ömür karvanı”, “İllərdən biri...”, “Qanadlı qayalar”, “Atamın kitabı”, “Oxucuya məktub” və başqa kitablarında aydın görürük.
Şairin şerlərində böyük Vətən qüruru, ana məhəbbəti, sevgi motivləri əsas yer tutur. O, Azərbaycana olan sonsuz oğulluq məhəbbətini “Azərbaycan – dünyam mənim” şerində belə ifadə edir:
            Azərbaycan – mayası nur, qayəsi nur ki,
            Hər daşından alov dilli ox ola bilər.
            “Azərbaycan!” -  deyiləndə ayağa dur ki,
            Ana yurdun ürəyinə toxuna bilər.
Insan, təbiət mövzusu M. Araz poeziyasında mühüm yer tutur. Şair öz babasının simasında bütün Azərbaycan xalqının əzəmətini, qürurunu, ölməzliyini təsvir etmişdir:
            Babamın gur səsi vardı,
            Babam bəzən
            Elə bərkdən danışardı,
            Az qalardı taxçadakı
            Çıraq sönə.
            Yarpaqlar tab gətirməzdi,
            Gülüşünün ləpəsinə.
            Bəzən elə bir nərə də
            Sıldırımlı bir dərədə,
            Səda verib min olurdu:
            Qoca dağlar silkələnib,
            Düşmən üstə uçulurdu...
            Qoy bu günün düşməni də,
            At çapmasın harın-harın,
            Torpaq altda gizlətmişik,
            Gur səsini babaların!..
“Təbiət sənətin əbədi mövzu mənbəyidir. Xüsusilə poeziyanın. Təbiətin incəliklərini poeziya qədər duya biləcək ikinci sənət  növü tapmıram. Cəmiyyətdən təbiətə, təbiətdən cəmiyyətə baxan yazıları xoşlayıram. Hazırda təbiətə münasibətdə elə məqam gəlib ki, bütün sənət növləri öz “əsasnamələrinin” birinci, mümkün olmadıqda ikinci maddəsi də böyük həyəcanla təbiətin keşiyində durmaqdan söz açmalıdır. Təbiət endogen dağıntısına məruz qalarsa, birinci uçurum sənətin payına düşəcəkdir...” deyən M. Araza haqq qazandırmamaq olmaz.
“Əlvida dağlar” şerində biz Azərbaycan təbiətinin bütün gözəlliklərini görməklə bərabər, bu gözəllikdən ayrılıq nəğməsi oxuyan şairin ürək ağrılarına, həyəcanlarına şərik olmaya bilmirik: biz də bu ayrılığa heyfsilənir, təəssüf edirik:
            Bəlkə bu yerlərə bir də gəlmədim,
            Duman, salamat qal, dağ, salamat qal.
            Dalımca su səpir yoxsa buludlar? –
            Leysan, salamat qal, yağ, -  salamat qal.
Onun şerlərində vətəndaşlıq motivləri əsas yer tutur. “Məndən ötdü, qardaşıma dəydi... “ şerində hər kəsin Vətən taleyi üçün, insan taleyi üçün məsuliyyət daşıdığını israr edir:
            Səndən ötən mənə dəydi,
            Məndən ötən sənə dəydi.
                         Səndən, məndən ötən zərbə,
            Vətən, Vətən, sənə dəydi...
M. Araz poeziya aləmində qələm çalmağı bir fədakarlıq sayır. O, nədən yazırsa-yazsın ilhamla yazır, yazdığından zövq alır, ona görə zövq alır ki, ürəyindəki duyğuları ifadə edir, həmin şerlər ürəyinə sevinc, fərəh gətirir.
“Dünya sənin, dünya mənim, dünya heç kimin...” deyən şairin sözlərinə mahnılar bəstələnmiş, bu mahnılar dillər əzbəri olmuşdur.
M. Arazın canlı poeziya dünyası davam edir və hələ çox-çox illər də tükənməyəcək, davam edəcəkdir. Özü yaxşı deyir:
            Bir də o günlərdən niyə danışdın,
            Təzədən yol söküb, çatarmı ocaq?
            Bu dünya mənimlə başlanmamışdı,
            Bu dünya mənimlə qurtarmayacaq.

1993.

           




 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws