|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 

Alqış  HƏSƏNOĞLU.

ŞERİMİZİN   CANLI   ŞƏHİDİ 

Mənəvi dəyərlərin aşınması bəşərin xislətində mürgüləyən destruktiv amillərin qeyri-adi dərəcədə fəallaşması ilə nəticələnir; əndazə, ölçü-biçi gözləmədən hər kəs daha çox öz haqqını tələb etdikcə haqqın özü daha çox yaddan çıxarılıb unudulur. Yeri-göyü qarsıyan haqsızlıq-allahsızlıq da onda başlayır. Belə bir mühitdə “pozulmuş nisbəti” yerinə qoymaq vəzifəsini daşıya biləcək yüksək əyarlı bir sənətin - poeziyanın təzahürünə ehtiyac duyulur. Bəlkə, elə buna görə də sözün, şerin tarixi od kimi, su kimi köhnədir, qədimdir; çünki insan xəlq edildiyi gündən bəri özü ilə üz-üzə dayanıb və özü ilə əzəli, əbədi savaşdadır. Bu savaşda özünə baş əyməyənlər həyatın hər cür xırdalıqlarından yüksəkdə dayanır, nəfsə, şan-şöhrətə enmir, öz haqqını haqqın özünə qurban verməyi bacarır, elə əsl şair əxlaqını şərtləndirən də bu məqamdır; öz haqqına yox, haqqın özünə tapınmaq...
Azərbaycan şerinin görkəmli nümayəndəsi Məmməd Araz belə sənət fədailərindəndir. Yoxsa, o da başqa “sənətkarlar” kimi  çox şeylərə “nail” ola bilərdi. Ancaq o, heç kimə bənzəmədi. Daha doğrusu, heç kimə bənzəmək istəmədi. Qələmə sarıldığı andan ürəksiz “bircə kəlmə” yazmağı  əqidəsinə, amalına sığışdırmadı. Hətta tutduğu yolda sağlamlığını belə itirməkdən çəkinmədi. Şerimizin canlı şəhidinə çevrildi.
Məmməd Araz şerini xarakterizə edən xüsusiyyətlər çoxsaylıdır. Ən başlıcası isə odur ki, sözün ən dərin laylarına qədər nüfuz edən Məmməd Araz fəhmi oxucunu gendən çağırır. Və bu fitri duyğunun arxasında  “hörümçəkdən aldığımız” dünyanın heç kimə qalmayacağına olan əminlik, belə bir dünyaya baş qoşmağı özünə rəva bilməyən şair alicənablığı dayanır. Məmməd Arazın belə bir beyti var:
            Aldada bilirəm özümü hərdən,
            Özümə xoş gəlir bu qəbahətim.
Ilk, ötəri baxışda sadə və təbii görünür. Amma yox! Şair özünü aldatmaq qəbahətinə birdən-birə gəlib çıxmayıb:
            Yalan eşitmədik, böcəkdən, quşdan,
            Insandır insana yalan danışan.
Bax, faciəmiz onda başlayır. Özünü aldatmaq qəbahəti isə dünyanın bər-bəzəkli, ütülü yalanlarından, ikibaşlı oyunlarından çox-çox kənarda dayanan sənətkarın mələk kimi paklığından xəbər verir.
“Özünü aldatmaq qəbahətini” xoşluqla qəbul edib, lakin özünə və sənətinə heç vaxt xəyanət etməyən şairin 60 yaşı tamam oldu. Bu da belə bir ömürdü; təmənnasız, umacaqsız. Bəli, hər kəs öz ömrünü yaşayır. Hər bir ömrün siqləti də bir-birindən fərqli məyarlarla ölçülür. Bir şeyi isə  yaxşı-yaxşı yadımızda saxlamalıyıq, ömür dedikləri bu zaman kəsiyi nə biz təsəvvür etdiyimiz qədər qısa, nə də biz düşündüyümüz qədər uzundur...

1993
 
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws