Gülbəniz BABAXANLI
DÜNYAYLA ƏLBƏYAXA
Məmməd Arazın yaradıcılığından gümüş cingiltili bir haray kimi qopan dünyayla davası əslində şeytanla davadır, insan uğrunda davadır, insanın saf qəlbini şeytanın qurdlu caynaqlarından qoparmaq uğrunda davadır. Özü də bu davada, bu oyunda uduzub, udmağından asılı olmayaraq “peşman olmayacaq” Məmməd Araz.
Bu əlbəyaxa mübarizədə şair nəinki təslim olmaq, qalib də gələ bilərdi. Ancaq sən demə, şeytan da tək deyilmiş, şeytanın da yardımçıları varmış:
Kim işığı ürəklərə doğrayar,
Kim işığı ürəklərdən oğrayar.
Kim yalanı calaq vurdu doğruya,
Hər şivindən oğrubaşı göyərdi.
Belə anlarda çiyinlərinə qoyulmuş ilahi məsuliyyət hissi bəzən şairi öz-özünü ittihama, özü haqqında ağır hökm çıxarmağa da gətirir:
Boğazına sarınan ilanı tumarladın,
Qazancım bu oldu ki, mülayim oldu adın.
Haqq yolunu göstərdiyin haqqını qamarladı,
Haqqın yox, Məmməd Araz,
Haqqın yox yaşamağa!
Bəzən də bu duyum bir az da dərinləşəndə şairin qəhri-qəzəbi müdrik bir sakitliyə, təmkinə çevrilir, dünyanın azacıq belə diqqətə layiq olmadığı, küsməyə belə dəymədiyi fikri meydana çıxır:
Ayağın altına yastıq qoyanlar,
Başının altına qumbara qoydu.
Nadanlar dünyanı qumara qoydu!
Mən belə dünyanın nəyindən küsüm?
Şair, düşmən saydığı dünyanı da bu sınaqdan çıxmış zərbə ilə zərərsizləşdirmək istəyir. Hərdən şair öz düşməninin vəziyyətini də yoxlamağı yaddan çıxarmır və öz müşahidələri nəticəsində bu fikrə gəlir ki, hələ onun zərbi-dəsti dünyanın halına təfavüt eləməyib:
Gedir yal davası, sümük davası,
Gedir vurhavurla çəpik davası,
Gedir milyonçunun qəpik davası,
Çürük fikirlərin çürük davası...
Dünya düzəlmir ki, düzəlmir, baba!
Əldən-ələ keçən, “sənin, mənim, heç kimin” olan dünyanın düzəlməməsi Məmməd Arazı başqa bir dünya, daha duru, daha saf, daha təmiz dünya axtarışına sövq edir. Əvvəlcə şair üçün utopik bir xülya olan bu fikir get-gedə ayazıyır, real cizgilər kəsb edir:
Nə vaxtsa dünyanın duru dəmində,
Yenidən dünyaya qayıdacağam.
Hardasa, nə vaxtsa tökülən dolur,
Qum üstdə arzular göyərir onda.
Lakin bu gümana-şübhə qayıdış, yeni dünyaya qovuşma, qumun çiçək açması şairi qane eləmir. Bəs əlac nədir? Yeni bir dünya yaratmaqmı? Bu, Məmməd Arazın bir şair kimi öz içində yaratdığı, özünə qapıldığı dünyadır:
Bir balaca dövlətəm mən,
Bayrağımda bir ağ kağız,
bir də qələm.
Bu daxili “dövlətlə”, daxili dünya ilə kifayətlənməyən Məmməd Araz qələmi qanla, göz yaşıyla “suvarılmış Xətai qılıncından göyərən Məmməd Araz karandaşı” məntiqi olaraq Azərbaycan dünyasını yaratmağa qədər yüksəlir:
Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək
Azərbaycan dünyasından baxar dünyaya.
“Zamanın nehrə kimi çalxalanıb bulandığı”, nasional şovinizmin dünyaya daha geniş meydan oxuduğu, Qalaktikada ulduzları, atomda neytralları müşahidə edən “vəhşi mədənilərin” Bosniya müsəlmanlarının, Azərbaycan türklərinin faciəsini “görmədiyi” bir zamanda Məmməd Arazın dünya mövzusunda yazdığı şerlər daha kəskin səslənir, dünya şeytan – dünya şər qarşılıqlı mənalandırılması daha inandırıcı görünür. Özü də şairin nahaq dünyayla əlbəyaxa davası hələ bitməyib.
1993