|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Qulu    XƏLİLLİ

BAŞA   DÜŞƏ   BİLMƏDİM
(Dost   gileyi)

Bu il oktyabrın 30-da  M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında   Məmməd Arazın anadan olmasının 60 illiyinə həsr olunmuş gecə keçirilirdi. Mən şairin oxucusu və yaxın dostu kimi bu günü çoxdan gözləyirdim.
Məclis başlayanda gördüm ki, zalda boş yerlər çoxdur. M. Araz kimi gözəl bir şairin yubileyinə belə laqeyd, soyuq münasibət mənə qəribə gəldi. Yazıçılar Birliyinin rəhbərlərindən V. Əzizdən başqa heç kim yox idi. Xüsusilə şairin qələm dostlarından B. Vahabzadənin, N. Xəzrinin, B. Azəroğlunun, C. Novruzun, S. Tahirin, N. Həsənzadənin, Qabilin, S. Əhmədovun, M. Yaqubun, Ə. Əylislinin, M. Aslanın, M. İsmayılın və çoxlarının səsini eşitmədim, özlərini görmədim. Səksən bir yaşlı Mirvarid xanım Dilbazi gəlmişdi, amma Məmməd Arazın yaşıdları görünmürdü. Ola bilər ki, bəziləri səfərdə olsun, səhhətləri imkan verməsin, amma hamının yaradıcılıq ezamiyyətində olmasına inanmadım. Inanmadım ki, M. Arazın səxavətli, torpaq ətirli, torpaq bərəkətli poeziyası onların hamısında qısqanclıq hissi yaratsın! Inanmadım ki, bu poeziyanın məftunluqla təbliğ etdiyi ideyalar – vətənpərvərlik, qəhrəmanlıq, humanizm, təmizlik, gözəllik, düşmənə qarşı kin, nifrət... onların sənətinə, amallarına yad olsun! Inanmadım ki, sənət dostları M. Araz kimi güclü poetik təfəkkürə, zəngin həyati biliyə, geniş, səmimi ürəyə malik qeyrətli-vətənpərvər bir şairin paxıllığını çəksin.
Elə bu zaman şairin “Ya rəbbim, bu dünya sən quran deyil” şerindən tək-tək misralar xəyalımda dolaşdı. Şair burada sanki dünyanı yaradanla – Allahla dialoqa girir. Gileylənir ki, “İnsandan insana körpümüz sınıb”. İnsanın “içdiyi zəhərdir, qusduğu zəhər, - Qəhəri bəhərdir, bəhəri qəhər”. “Tələsi yoxların cələsi işlək – cələsi yoxların tələsi işlək”, “Ya rəbbim, əl açdıq, tut əlimizdən – Çıxmasın bu doğma yurd əlimizdən”. “Sən bizi kiçiklər torundan qoru – Fil tutur, şir tutur hörümçək toru”. “Qəbir qazmağnan məşğuluq hələ”. “Düşmən laylasına yatanımız çox – Hələ öz içində batanımız çox”. “Ya rəbbim, keçir ələyindən lovğa mənləri – keçir bölünməklə öyünənləri”.
            Ya rəbbim, arabir düş yanımıza,
            Arabir ölçü qoy vicdanımıza...
            Gəlsən tufanla gəl, tufanla qayıt,
            Bu yeri, bu yurdu sahmanla qayıt...
            Ya rəbbim, bu dünya sən quran deyil,
            Qudurğan sən görən qudurğan deyil...
            Indi qudurğanlar uzun ömürlü,
            Fağırlar yenə də quzu ömürlü.
            Ya rəbbim, bu dünya sən görən deyil!
            Bu sədlər, sərhədlər sən hörən deyil.
            Adını-soyunu dəyiş dünyanın...
Nə yaxşı ki, dünyamızda Flora xanım Kərimova, Əminə xanım Yusif qızı, Mikayıl Mirzəyev, Niyaməddin Musayev kimi hünərvər sənət fədailərimiz varmış. Bir ordunu ayağa qaldırmaq nəfəsinə malik şairin şerlərindən M. Mirzəyevin söylədiyi seçmələr nə qədər təsirli və güclü idi! Işi-gücü başından aşan, gecə-gündüz xalqımızı düşdüyü fəlakətdən çıxarmaq üçün fikirləşən prezidentimiz Heydər Əliyevin gecəyə gəlib M. Arazı şəxsən təbrik etməsi, vaxt tapıb ona xoş sözlər deməsi rəhbər vəzifələrdə çalışanlara nümunə olmalıdır.
M. Arazın 13 il bundan əvvəl yazdığı “Qızıl qaya” adlı bir şeri var. Şerdə belə bir fikir ifadə edilir ki, nə yaxşı bu boyda qızıl deyilsən, adicə daşsan, qayasan. Minlərin gözlərindən gilələnib birinin boynundan asılmamısan. Qızıl olsaydın fateh xurcununda, oğru cibində, tamahkar əlində, Allah bilir, hansı sifətlərə düşərdin, haralara daşınardın. Amma kürəyini nəhəng bir dağa söykəyib dayanmısan, bulaqlar ayağında nəğmələr çalır, “döşündə ildırımların nərəsi sınar, sellər yedəkləyən, küləklər çapan igidlər son anda sənə sığınar”. “Nə qədər xoşbəxtsən, a Qızıl qaya” – Vətən torpağında məğrur, əzəmətli, qüvvətli dayandığın üçün! Mənə görə Məmməd Araz da torpağımıza, Vətənimizə belə köklü-köməcli bağlı olan Qızıl qaya siqlətli xoşbəxt şairlərimizdəndir. O, öz taleyini xalqın taleyinə möhkəm bağladığına görə əbədidir, dərindir, əvəzsizdir...

1993

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws