|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 

Sədaqət    ƏLİOĞLU

MİKAYIL  MİRZƏ  İLƏ  MƏMMƏD  ARAZ  HAQQINDA
SÖHBƏT

Məmməd Araz sözünün sehrini açmağa çoxları cəhd göstərib. Amma Məmməd Araz sözünün sehri açılmazdır. Çünki bu deyimlər dünyanın özü kimi əzəlidir, dünyamızın o üzündəki görünməzlikdən gəlir. Və hərdən mənə elə gəlir ki, elə Məmməd Arazın özü də o görünməzlikdən gəlib “heç kimin olmayan bu dünyadan” əbədiyyətə doğrü gedir. Beş günlük “yalan dünyamıza” da məhz ona görə gəlib ki, bizi sözün, şerin tilsiminə salıb əbədiliyinə inandırsın, “ömrümüzdən gül üzən dünyamızı” bizə sevdirsin.
Məmməd Araz sözünün kilidinə açar salan (bəlkə də açar salmaq istəyən), lazım gələndə şeri muma, lazım olanda xəncərə çevirən Mikayıl Mirzə ilə həmsöhbət olmağa qərar verməzdən əvvəl xeyli götür-qoy etdim. Gəldiyim qənaət bu oldu ki, Məmməd Araz pıçıltılarını o cür hayqırtı, yanğı ilə yalnız Mikayıl Mirzə oxuya bilər. çünki Tanrı Məmməd Arazdan aldığını Mikayıl Mirzəyə verib ki, həyatın tamlığı, bütövlüyü pozulmasın...

Mikayıl  MİRZƏ:
 - Məmməd Arazın şeri mənim silahımdır. Onun şerlərindəki daşı, ağacı çırpıram ünsürlərin sifətinə. O, həyatda mənim üçün hər şeydir. Çünki özü demişkən: “ölə-ölə yazmır, yaza-yaza ölür”. Səhnədə şerlərini söyləyəndə isə Məmməd Araz mənim üçün heç kimdir. Çünki onu səhnədə yaşadan mənəm. O şerləri deyəndə necə tər tökdüyümü, şam kimi əridiyimi görməmisinizmi?

                    -  MƏMMƏD  ARAZ  KÜSKÜNLÜYÜ:
        
                          Umdum nə verdi ki, küsdüm nə verə?
            Mən belə dünyanın nəyindən küsüm?
Məmməd Araz şerlərində hər şey onun özünəməxsus olduğu kimi küsməyi də Məmməd Araz sayağıdır. Amma “nəyindən küsüm?” deyən şairin içində bir küskünlük var. Mikayıl bəy bu haqda siz nə fikirdəsiniz?
-- Küsmək alicənablıqdır. Küsmək varsa, ummaq da var. Məmməd Araz küskünlüyü isə yalnız özündən küsməkdir. Nə qədər ki, onun əli dünyanın yaxasındadır, belə də davam edəcək. Ancaq Məmməd Araz bizim düşündüyümüz qədər də “küsəyən” deyil. Onun sakit, təmkinli görkəmində elə bir vulkan gizlənib ki...



                     --  MƏMMƏD  ARAZ  HALALLIĞI:
           
             Sinəmdə od tutdu söz yığın-yığın,
            Əllərim dil gəzdi bu lallıq üçün.
            Ümid çıraqları yandırmadığım –
            Əllərim açıldı halallıq üçün.
Onun halallığı şəxsi həyatındadır, qanındadır. Ona görə də hər şerini oxuyandan sonra “Min yaşa, Məmməd Araz!”, “Halal olsun, Məmməd Araz!” deyirik. Dil gəzib ümid çıraqları yandırmayan əllərini yalnız halallıq üçün açdığından, halal olsun, deyirik! Şair, daha o sənin günahın deyil ki,  “kim yalanı calaq vurdu doğruya, hər şivindən oğrubaşı göyərdi”.  Beş-on gün dağlara qonaq olmuş şairin “duman, salamat qal, dağ, salamat qal” – deyib halallıq istəməsi nə böyük hikmətmiş! Bu halallığın mayasında Məmməd Araz əxlaqı var.
Mikayıl  MİRZƏ:
Məmməd Arazın şerləri bakirə qız kimi təmiz və başıaşağıdır. Məşhur fransız yazıçısı Bualo şairlərə dillərini “təmiz saxlamağı, şerlərdə iyrənc sözlərdən uzaq” olmağı tövsiyə edirdi. Bu mənada nitq mədəniyyətimizi qorumaqla, ona məhəbbət və məsuliyyətlə yanaşmaqla Məmməd Araz həm də adını daşıdığı xalqının böyüklüyünü göstərir. Görün o, kobud ifadələrdən necə məharətlə yan qaçır:
            Olsam öz haqqımın köləsi belə,
            Əri öz içində öləzi belə,
            Ondan inciyənin beləsi belə,
            Mən belə dünyanın nəyindən küsüm?
Şair hətta məcbur olanda belə mənfi obyektə münasibətini dəqiqləşdirməklə fikrini daha aydın ifadə edir, kobud hesab etdiyi sözə görə üzrxahlıq edir. Çünki o, qələminin və əxlaqının qulu olan şairdir:
            Ağıl qızıxanda – dəvə hikkəli,
            Köpəndə demirəm o nəyə bənzər.
            Yerin kürəyinə çiyin söykəyib
            Dünyanı tərsinə fırlatmaq istər.
Kalmık şairi Kuqiltinovun belə bir misrası var:
            Görən nə boydadır sözün ürəyi?
            Sözü söyləyənin ürəyi boyda!
Əslində bu fikrin sahibi Məhəmməd Füzulidir:
            Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.
Bundan əvvəl Həzrət Əli isə belə deyib:
“Kişi nitqinin altında gizlənməlidir”.
Bu fikrin arxasınca Tanrı dərgahına yollanıb söz sahibindən soruşursan: “Söz nə boydadır?”. Səda gəlir ki, Tanrı boyda. Sual edirsən: Bəs Tanrı nə boydadır? Cavab gəlir: Söz boyda!  Həmin söz yolu ilə üz tuturuq Məmməd Araz şerlərinə. Bir daha dərk edirik ki, Məmməd Araz Tanrı boyda Söz, Söz boyda Tanrıdır! O boya çatmasının isə bir sirri var: şerləri torpaqdan yoğrulub, mayası xalqdan tutulub.
Mikayıl  MİRZƏ: Bəzən Məmməd Araza təbiət şairi deyirlər. Belə deməzlər, qardaş, əslində belə demək heç düzgün də deyil. Məmməd Araz özü torpaqdır, daşdır, sal qayadır, mamırdır.
            Vətən mənə oğul desə, nə dərdim,
            Mamır olub qayasında bitərdim.
                   Və yaxud:
            Azərbaucan – qayalarda bitən bir çiçək,
            Azərbaycan – çiçəklər içində qaya...
           

            Azərbaycan deyiləndə ayağa dur ki,
            Ana yurdun ürəyinə toxuna bilər.
 
-- Mikayıl bəy, gəl onda beləcə də deyək:
            Sən şair deyilsən, a Məmməd Araz,
            Bir ovuc torpaqsan, Vətən torpağı!
Torpaq yanğısı, Cənub həsrəti, Araz bölgüsü Məmməd Araz şerinin ağrılı notlarındandır. Şairin cənub şerlərinin kövrək, həzin qatları arasında həsrət qarışıq bir üsyankarlıq da var:
            Sudan çıxmış balıq tək,
            Ölərəm mən Arazsız.
            Tayı itmiş ceyran tək,
            Mələrəm mən Arazsız.
            O mənim mürəkkəbim,
            Mən onun qələmiyəm.
            O mənim telli sazım,
            Mən onun “Dilqəmi”yəm!
Ancaq bu boyda həsrətin içində gizlənən ümidi şair fəhmi ilə duyur. Qara daşın göyərəcəyi ümidini duyduğu kimi. Məmməd Araz inanırdı ki, qara daş qaldıqca göyərər, o da ola 200 illik ümidlərimiz. Bu, ümidsizlikdə ümid, zülmətdə nur, bir sözlə, qara daşda göyərməni görmək fəhmidir. Bu, Məmməd Araz fəhmidir.
-- Mikayıl  MİRZƏ:  Araz dərdi S. Rüstəmdə, S. Tahirdə, Şahmarda daha güclüdür. Məmməd Araz isə daha çox millidir. Milli olduğu qədər də bəşəridir. Məmməd Araz yaxşı bilirdi ki, o, Arazın, Kürün, Xəzərin varisidir. Ona görə də ağlaşma qurmur. Mən Dağıstanda heç kəsi “mənim Xəzərim” deyən görmədim. Yalnız türklər “mənim Xəzərim”, “mənim Arazım” deyə bilərlər. Elə ona görə də Məmməd Arazın gözü heç bir mükafatda qalmadı. Çoxları kimi mükafat, şöhrət üçün yazmadı.
HAŞİYƏ:  Məmməd Aslan söyləyir ki, Məmməd Arazı Dövlət mükafatına təqdim eləmişdilər. Bunu o, ciddi qarşılamadı. Hey bu söz-söhbəti qovmağa çalışırdı. Bir gün dedi:
-- Kimdir mənə mükafat verən? Vəzifəliləri tərifləyən dilim yox, “Sənə qurban olum, Oktyabr!” – deyən şerim yox. Sonra da söhbətin mövzusunu qəflətən dəyişər, şerin, ədəbiyyatın problemlərindən danışardı. Şöhrət azarına tutulanlar haqqında isə beləcə deyərdi:
            Çox adlar itirib söz meydanları,
            İzini-tozunu xəyal da bilmir.
            Şöhrət azarına tutulanları,
            Şöhrətin özü də sağalda bilmir.
Onun ən böyük mükafatı xalqının məhəbbəti, alqışı olub:
            Istəsən şairi əyəsən, onun
            Ömrünün nə yazı, nə qışını al.
            Istəsən şairi əyəsən, onun
            Əlindən xalqının alqışını al...
Mikayıl Mirzə ilə Məmməd Araz haqqında söhbətimizi Məmməd Araza layiq səmimiyyət və məhəbbətlə qurmağa çalışdıq. Ancaq hiss etdik ki, yenə nəsə çatışmır. Günahkarı isə elə Məmməd Araz özüdür. Çünki onun söhbəti bir qəzetlik deyil.

1993
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws