|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Yusif    SEYİDOV

MƏMMƏD   ARAZ   İŞIĞI

1993-il dekabr ayının 11-də Azərbaycan Respublikası EA-nın  Rəyasət Heyətinin binasında – “Qorqud” assosiasiyasının təsis etdiyi “Məmməd Araz ədəbi müsabiqəsi” laureatlarına mükafatların təqdimatı mərasimi keçirildi. Bu mərasim bir sıra cəhətlərdən əlamətdar idi və çox şeyi yada salırdı.
Yığıncağı elm və poeziya havası çulğalamışdı. Orada çox adam yox idi. Lakin olanların hamısı, hər halda böyük əksəriyyəti Azərbaycan elminin görkəmli nümayəndələri, şer, sənət yaradıcıları idilər. Onlar Məmməd Araz şerinin işığına toplaşmışdılar. O şerin ki, müəllifinin hay-harayı, hansı qüvvətli əllərinsə havadarlığı, orden, medalları ilə deyil, öz daxili gücü,  öz poetik odu ilə özünə yol açmış, öz müəllifinin də əlindən tutaraq onun böyük sənət meydanında şöhrətlənməsinə səbəb olmuşdur. O şerin ki, bu gün hər çaları bir yeni aləm açır, zövqümüzü oxşayır, bizi zənginləşdirir, Vətənə, xalqa məhəbbət motivləri ilə dolu olub bu hisslərin güclü təlqinini verir. Məmməd Araz Azərbaycan poeziyasının korifeyləri Nizami, Füzuli, Cavid, Vurğun silsiləsində bir möcüzədür və XX əsrin sənət dünyasında özünəməxsus yeri var. “Qorqud” assosiasiyasının bu şairə müraciəti də təsadüfi deyil.  Əvvəla, deyək ki, bu assosiasiya Vətənimizin müdafiəsinə də, qaçqınlara da az kömək etmir.  Belə bir mədəni müsabiqə keçirilməsi isə onun mahiyyətinin, amalının saflığına, xalqın varlığı ilə, xalqın mənəvi aləmi ilə bağlılığına dəlalət edir. O, yaranışından bu yolu seçmişdir. Elə “Qorqud” adı da bununla bağlıdır. Bu ad xalqımızın ədəbi tarixində tayı-bərabəri olmayan “Kitabi-Dədə Qorqud” dastanlarının ulu ozanı Qorqudun adıdır. Xalqa bax, yaradıcının zəkasına bax ki, bu cahanşümül dastanı Oğuz ellərinin rəhbəri Bayandır xanın, bu ellərin qəhrəmanı və sevimlisi Salur Qazanın adı ilə deyil, sənətkarın, ozanın adı ilə adlandırıbdır. Bu, xalq ruhunda sənətin və sənətkarın uca yerini göstərir.
Iş adamlarının, assosiasiyaların bu çətin vaxtlarda eyni zamanda elmə, mədəniyyətə üz tutmaları bu ənənə üzərində qurulmaqla bərabər, xalqımızın tarixində yeni mərhələnin başlanğıcıdır, bu bir dönüşdür, varı-dövləti Vətən yolunda sərf etmək mərhələsidir; özünə və mənliyinə qayıtmaqdır. Yeri gəlmişkən qeyd edək ki, 1988-ci ildə başlayan və iki-üç il davam edən ümummilli azadlıq hərəkatı sona yaxın öz təşkilatçılarının bir qismini itirdi; hərəkat belə demək olarsa, bir qrup mafioz dəstənin əlinə keçdi. Onlar demokratiya və azadlığa zidd hərəkətləri ilə, soyğunçuluq fəaliyyətləri ilə hərəkatı nüfuzdan saldılar, onu məhvə apardılar, sonra özləri də səhnədən çəkilməli oldular. Eyni zamanda, onlar xalqın inam hissinə ağır zərbə vurdular. Indi bu inam yenidən göyərir və bir daha inanırsan ki, baş verən həmin rəzalətlər mənəvi yoxsulluq üzərində təzahür edirdi. Ona görə də bu mənəvi yoxsulluğun özünü məhv etmək lazım gəlir ki, “Qorqud” assosiasiyasının keçirdiyi tədbiri də məhz  bu cəhətdən qiymətləndirmək lazımdır.
Nə üçün assosiasiya məhz Məmməd Araz yaradıcılığına müraciət etmişdir? Burada bir kiçik xatirə: görkəmli alim, yazıçı və müəllim Mir Cəlal özünün ilkin elmi istiqamətini təyin edən bir hadisəni tez-tez yada salaraq deyirdi: Mən 1930-cu illərin əvvəllərində bir şair haqqında dissertasiya yazmaq istəyirdim. Bir gün Cavid məndən soruşdu ki, komsomol, nə yazırsan? Mən məqsədimi dedim.  Cavid yüngülcə etirazını bildirib məsləhət tərzi ilə əlavə etdi:  “Elə adamdan yaz ki, sən onu yaşada bilməsən də o səni yaşatsın, Füzulidən yaz, Füzulidən”.
Bu söhbət ona görə yada düşdü ki, “Qorqud” assosiasiyasının Məmməd Araza üz tutması ilə həmin hadisə arasında bir analogiya təsəvvür edilir. “Qorqud”un geniş fəaliyyətində bu tədbirin işığı daha uzaqlara gedəcək.
Haqqında danışdığım yığıncaq, təxminən, qırx il əvvəl, 1956, ya 1957-ci ildə keçirilən bir görüşü  yadıma saldı. O vaxt Azərbaycan Universitetinin rektoru akademik Yusif Məmmədəliyev filarmoniyada alimlərlə sənət adamlarının toplanışını keçirirdi. Indi olduğu kimi, orada da elm və sənət havasının biliyi var idi. Həmin gecədə çıxış edən böyük müğənni Bülbül dedi ki, elm və sənət bir bətndə cana gəlir və daima bir-birini qidalandırır. Bu yığıncaqların illərin başı üstündən görünən əlaqəsi həmin sözləri bir daha təsdiq edir.
Üçüncü sinifdə oxuyan nəvəm bizə gəlmişdi. Müəllim ona biri rus, digəri Azərbaycan dilində olmaqla Vətən haqqında iki şer əzbərləməyi tapşırmışdı. Mən ona bu mövzuda bir neçə şer oxudum, o, M. Arazın “Azərbaycan – dünyam mənim” şerini seçdi. Bəlkə də bu fakt zahirən adi görünsün. Əslində onun mənası var. Bu şair, onun şeri kiçiyin də, böyüyün də qəlbinə nüfuz edir, hamı tərəfindən anlaşılır, adamların mənəvi qidasına çevrilir.
Bir neçə söz də  “Məmməd Araz müsabiqəsi”nə layiq görülənlər haqqında. Onlar on nəfərdir. Tərkib müxtəlifdir: alim, şair, jurnalist, rəssam, aktyor. Əsərlər də buna uyğundur: məqalə və xatirələr, monoqrafiyalar, rəsm əsərləri, bədii qiraət.
Bir incə cəhəti də qeyd etmək lazım gəlir. “Məmməd Araz müsabiqəsi” 1993-cü ilin oktyabr ayında elan edilmişdir. Lakin mükafata layiq görülmüş əsərlərin hamısını heç də iki aydan bir az artıq olan qısa bir dövrün məhsulu kimi başa düşmək doğru olmaz. Axı burada iri həcmli əsərlər var, şer silsilələri var... Bu onu göstərir ki, bizim elm və sənət aləmi, publisistika müsabiqədən asılı olmayaraq, Məmməd Araz şerlərinə nüfuz edib, onun seyrinə dalıb, bu şerin hərarətini duyub və öyrənməyə başlayıbdır. Bilavasitə müsabiqə vaxtında yaranan əsərlər də onların müəlliflərinin qəlbində əvvəldən alışan Məmməd Araz odunun müsabiqə təkanı ilə alovlanmasıdır. Belə od olmasa, ürək sənət odu ilə atlanmasa, mükafat xatirinə, rəsmiyyət xatirinə qiymətli əsərlər yaratmaq mümkün deyil. Məmməd Araz poeziyasında bir sətir də ürəksiz yazılmadığı kimi, bu poeziya haqqında yaranan əsərlər də ürəkdən gəlir, səmimi səslənir. Ancaq onu da etiraf etmək lazımdır ki, müsabiqə Məmməd Arazın sənət və fikir dünyasına yeni bir baxış üçün qapı açır: imkanlı adamları sənət harayına çağırır, ümumən Azərbaycan şerinin inkişafına yeni nəfəs gətirir. Güman edirik ki, belə təşəbbüslər daha da genişlənəcək, əhatə dairəsi böyüyəcək, daha samballı əsərlərin yaranmasına əsas olacaqdır. Ancaq XX əsr poeziyası Məmməd Araz zirvəsi ilə başa çatacaqdır.

1994

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws