|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
A. NOVRUZOĞLU,   Ə. ƏLİSƏFAOĞLU            
 
YENƏ   MUROVDAĞA   QAYIDACAĞAM

    XİYABANDA  DƏVƏT:
Oktyabrın 21-də alovlu şair Xəlil Rzanın ad günü münasibətilə fəxri xiyabanda böyük sənətkarın məzarı üstə xatirə mərasimi keçirilirdi. Söz  Murovdağ döyüş bölgəsindən gəlmiş “N” hərbi hissəsinin zabiti şair publisist Abdulla Qurbaniyə verildi. O, Xəlillə bağlı 20 illik xatirələrindən danışdı. Sözünü yekunlaşdıraraq dedi:
-- Xəlil söz vermişdi ki, bu yay Murov dağlarına qalxacağam. Bəlkə dağlar üstümdən dərdimi-azarımı götürə.
Bir yay axşamı Xəlil Rzanın yolunu gözlədiyimiz anlarda qara xəbər gəldi Murovdağa. Eşitdik ki, əzizimiz Xəlil Rza artıq əbədiyyətə qovuşmuşdur.
Elə buradaca Murov döyüşçüsü Abdulla Qurbani üzünü zorla ayaq üstə dayanan Məmməd Araza tutdu:
-- Bu gün Xəlil Pzanın ad gününə Məmməd Araz gəlibdir; deməli Azərbaycan buradadır. Ömrünün son çağlarında Murovdağa çıxmaq Xəlil Rzaya qismət olmasa da Məmməd Araz kimi böyük şairimiz lap elə əcəlin acığına, xəstəliyin, azar-bezarın acığına Murovdağa qalxacaqdır. Məmməd Araz, sizi Murovdağa dəvət edirik. Gəl ki, sərt çovğunla, qarla-boranla üz-üzə dayanan, şair sözünə, ağsaqqal nəsihətinə ehtiyacı olan Vətən əsgərlərinin üzü gülsün.

                                  YOLÇU   YOLDA   GƏRƏK

Murovdağ döyüşçüləri çoxdan Məmməd Arazın yolunu gözləyirdilər. Onsuz da Məmməd Arazın şerləri qarlı-şaxtalı günlərdə də oğullarımıza istilik, hərarət gətirib. Yanvar-fevral aylarında şəhid olmuş döyüşçülərin meyidləri iyun ayında çıxarılarkən dumana-çənə düşmüş əsgərlər hərəkət edə bilməyəndə, bir gecəni dağlar arasında qalanda da səhərəcən Məmməd Arazın şerləri onları ruhdan düşməyə qoymur.
Məmməd Araz xiyabandaca söz verir ki, gələn ayın ilk istirahət günü, Allah deyən olsa, Murovdağa yollanacaqlar.
Lakin noyabrın 1-də birdən-birə şair sözünü dəyişərək “Sabah yola düşürük, hava çox yaxşıdır, gözləmək olmaz. Yolçu yolunda gərək” – deyir.
 
                               ŞAİR   MUROVDAĞA   GEDİR.

Murovdağ döyüşçüləri ilə görüşə əliboş getmirdi şair. “Qayalara yazılan səs”, “Dünya düzəlmir... “ şer məcmuələrindən də xeyli götürmüşdü. Əsgər üçün avtoqrafla veriləcək kitablardan böyük hədiyyə olardımı?! Məmməd Arazın Murovdağa gedişi qəhrəman oğullar üçün ən böyük töhfə, ən böyük ərməğan olacaqdı.
  Artıq 2 noyabrda səhər tezdən Məmməd Araz həyat yoldaşı Gülxanım bacıyla Murodağa yola düşür. Eşidib-bilənlər təəccüb edirlər. Axı... Bəli, Məmməd Araz Murovdağ bölgəsində qar-borana sinə gərərək Vətən torpaqlarının müdafiəsinə dayanan ər oğullarla görüşə yollanır.

                                   ŞIX   DÜZÜNDƏ  ZİYARƏT

Gəncəyə gedən yolda ulu Nizaminin məqbərəsi uzaqdan diqqəti cəlb edirdi. Böyük şairi ziyarət etməmiş keçmək olmaz. Maşın dayanır. Məqbərənin dörd tərəfi məhəccərlidir. Giriş qapısı da kilidlidir. Yolun üstündə tikanlar göyərib. Şair heyfsilənir ki, gərək belə olmayaydı. Yubileydən-yubileyə, bayramdan-bayrama yox, Nizami hər gün, hər an yada salınmalı, xatırlanmalı, ziyarət edilməlidir. Dəmir məhəccərlər arxasından ulu Nizamiyə rəhmət oxuyur, ondan xeyir-dua alaraq Gəncə torpağına qədəm qoyuruq.

           FÖVQƏLADƏ   VƏZİYYƏT   ŞƏHƏRİNDƏ   QARŞILANMA 

Gəncə icra hakimiyyətinin başçısı Elsevər İbrahimov qonağı hörmətlə qarşılayır və sevinir ki, Gəncənin bu qayğılı, keşməkeşli, həyəcanlı günlərində Məmməd Arazın gəlişi hamımızın ürəyindəndir. Bu, oğuz elinin ağsaqqalı Dədə Qorqudun savaşdan sonra gəlib igidlərə, ərənlərə ad qoymasını, alqış deyib boy boylamasını, söz söyləməsini xatırladır. Gəncə son illərdə iki böyük dəhşətli hadisədən üzüağ çıxmışdır. Gəncənin müdrik ağsaqqallarının, ağsaqqal sözü eşidən cavanlarının səyi ilə iki hadisə sakitliklə sovuşmuşdur. Bu gün də Gəncə yaşayır, işləyir. Fövqəladə vəziyyət olsa da gəncəlilər nikbindirlər. Və hər  işin xalqın xeyrinə nəticələnəcəyinə inanırlar. Böyük şairin bu torpağa qədəm qoyması da İmam Hüseyn şəhəri olan Gəncənin tarixindən silinməyəcəkdir.

                    MƏMMƏD  ARAZI GÖRƏN YARALILAR DA
                                       AYAQ   ÜSTƏ  İDİLƏR

Ertəsi gün şair Gəncə qospitalında müalicə olunan əsgərlərə baş çəkməyi də unutmadı. Birinci palatadakı yaralılar şairi görüb yerlərindən dik atıldılar. Bir azdan qospitala səs yayıldı ki, deməzsən Məmməd Araz gəlib. Artıq bütün xəstələr, həkimlər, tibb işçiləri, xəstə yanına gələn valideynlər ayaq üstə idilər. Hamı həyətə tökülmüşdü. Pəncərələr taybatay üzü həyətə açılmışdı. Məcbur olub həyətdə görüş-mitinq təşkil etdik.  Abdulla Qurbani çıxış etdi. Elsevər İbrahimov dedi ki, gərək Məmməd Arazın gəlişilə  hamınız tezliklə sağalıb öz hərbi hissələrinizə qayıdasınız. Məmməd Araz yaralıları, xəstələri bağrına basdı. “Hamınızın yastığı yüngül olsun” – dedi. Yaralılardan kimsə pıçıldadı:
            Vətən mənə oğul desə, nə dərdim,
            Mamır olub qayasında bitərdim.
 De, qardaşım, de.
            Vətən daşı olmayandan
            Olmaz ölkə vətəndaşı.

         XANLAR   RAYONU   MƏMMƏD   ARAZI  QARŞILAYIR

Xanlar camaatının yaxşı tanıdığı döyüşçü şair-publisist Abdulla Qurbani Mərkəzi Mədəniyyət evində Məmməd Arazla görüş gecəsini açıq elan edərək bildirir ki, son vaxtlar rayon icra  hakimiyyətinin səyi nəticəsində təsərrüfatın ayrı-ayrı sahələrində olduğu kimi mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində də xeyli iş görülmüşdür.
Görüşdə rayon icra hakimiyyətinin başçısı Şaiq Abbasov çıxış edərək şairə rayon camaatı adından xoş gəliş üçün öz minnətdarlığını bildirdi.
Sanki salon Məmməd Araz şerinin ovsununa düşmüşdü. Alqışlarla qarşılanan Məmməd Araz xanlarlılara daha böyük uğurlar arzuladı.
Qarşıda Məmməd Arazı Murovdağ döyüşçüləri gözləyirdi.

                     MƏMMƏD  ARAZ   AXŞAMIDIR  BU   AXŞAM

Göy göldəki üç saylı sanatoriya bu gün döyüşçülərin ixtiyarındadır. Vaxtilə burda dincələnlərdən heç biri barıt qoxulu aylarda, günlərdə bura gəlməmiş, xoş sözlə Vətən əsgərlərinin könlünü almamışlar. Döyüşçülərin qulaq yoldaşı Müşfiq bulağı da yalqız-yalqız çağlamış, içi özünü, çölü özgəsini yandırmışdır. Bu gün sanatoriyanın konsert salonunda iynə atsan yerə düşməz. Hamının üzündə xoş təbəssüm oynayır. Murovdağdan növbədən gəlmiş yurğun, yuxusuz əsgərlər, zabitlər səbirsizliklə oturub böyük şairin salona daxil olmasını gözləyirlər. Bu gün hamı Məmməd Araz işığına toplaşıb.
            Murovdağın sinəsində Araz var,
            O tay deyib, bu tay deyib haraylar.
            Ay Elçinlər, ay Elgünlər, Gəraylar,
            Məmməd Araz axşamıdır bu axşam.
            Xeyir-dua ver bizlərə, ay Araz,
            Ümman Araz, dərya Araz, çay Araz.
            Qılınc qında, əl təsbehdə yaramaz.
            Məmməd Araz axşamıdır bu axşam.
Məmməd Araz səhnədə görünəndə alqış səsləri salonu bürüyür.
Məmməd Araz axşamına gəlmiş şair Sücaət bu gün yaman kövrəlib. Axarlı-baxarlı, güllü-çiçəkli Kəlbəcər oylaqları yadına düşür. Məmməd Arazı qarşıladıqları günləri xatırlayır.
            Məmmədi uca gördüm,
            Dağlar yadıma düşdü.
            Məmmədi qoca gördüm,
            Dağlar yadıma düşdü.

            Ömür keçən, gün keçən,
            Duman keçən, çən keçən,
            Bir-birindən şən keçən ,
            Çağlar yadıma düşdü.

            Bir səs gəlir, Pəri, hey...
            Ay eşqimin küyü , hey...
            Yeddi qızın biri, hey
            Ağlar yadıma düşdü.

            Sücaəti anbaan,
            Üzür bir dəli hicran.
            Məmmədi qucaqlayan,
            Bağlar yadıma düşdü!
“Azərbaycan” qəzetinin Gəncə üzrə bölgə müxbiri Əhməd İsayev bugünkü görüşü həyatının ən yadda qalan hadisələrindən biri kimi qiymətləndirir.
Kəşfiyyatçılar bölüyünün şəxsi heyətlə iş üzrə komandir müavini zabit Ənvər Məmmədov söz alır. O, şairi kəşfiyyatçılar adından salamlayır. Deyir ki, Məmməd Arazın görüşə gəlməsi xəbəri, səsi-sorağı dünyanın o başından gələn məddahları da heç olmazsa silkələsin, hərəkətə gətirsin.
Şəxsi heyətlə iş üzrə hissə komandirinin     müavinini əvəz edən mayor Y. Məcidov şairə və qonaqlara təşəkkürünü bildirdi.
Görüş gecədən xeyli keçənədək davam elədi. Məmməd Araz döyüşçülərdən, döyüşçülər isə Məmməd Arazdan ayrıla bilmirdilər.


                       YƏQİN  DAĞLAR  KÜSÜB   MƏNDƏN

Bu gün noyabrın 4-dür. Bu tarix yaddaşlara hopacaq, uzun müddət xatirələrdə yaşayacaqdır. Maşınlar Toğana kəndindən keçib Kürəkçayın sahili ilə üzü Murovdağa şütüyür. Top-tüfəng səsinə öyrəşmiş iri palıd ağacları qızılı yarpaqlarını şairin qədəmlərinə səpələyir. Ağ çalmalı Murovdağ uzaqdan təkəbbürlü-təkəbbürlü boylanır. Bu gün günəş də öz zərrin şüalarını ətrafa səpələməkdə xəsislik eləmir. Günəşin üzü gülür. Buz bağlamış bulaqlar da bu gün səsə gəlir.
Bənövşəçayla Ömər çayının qovuşduğu yerdə - “sevgililərin” görüşdükləri yerdə maşınlar əylənir. Məmməd Araz qarlı dağlara baxıb köks ötürür.
            Neçə yazdı düşmür yolum,
            Yəqin dağlar küsüb məndən.
            Gedim öpüm, qurban olum,
            Yəqin dağlar küsüb məndən.


            Kəklik uçmur çupur daşdan,
            Dağ kəlləri baxmır qaşdan.
            Bulaq tutqun, çay pərişan,
            Yəqin dağlar küsüb məndən.

            Sağsağanlar səksəkəli –
            Kim baltalı, kim gülləli.
            Yarpaq gördüm qan ləkəli,
            Yəqin dağlar küsüb məndən!
Düz deyirsən, dağlar oğlu, düz deyirsən, Məmməd Araz! Dağlar yaman küsüb səndən. Axı niyə də küsməsin. Axı dağlar da insan kimidir. Axı dağların da ürəyi var. Heç bilirsənmi bu neçə ildə dağların sinəsinə nə qədər çalın-çarpaz dağ çəkilib, (Dəfələrlə ölüb-dirilib Murovdağ. Hələ də hər qayada, hər daşda Kəlbəcər köçünün  harayı eşidilir. Bu yaz lalə də bitməmişdi. Murovdağda şəhid qanları lalə olub göyərmişdi. Elə qəribsəmişdi ki, güllü-çiçəkli yaylaqlar. Elə səndən başqa halına yanan kimi varıydı ki, bu dağların?) Murovdan incimə, Məmməd Araz, uman yerdən küsərlər. Murovdağın qartalları Telmanı, Yaşarı, Məhəmmədi, Elgünü, Elçini, Təbrizi itirəndə sənin yanar misralarınla onlara layla çalmışıq. Niyə xəyala getdin, Məmməd Araz?  Nə dedin? Bir də de, eşitmədim.
            -- Döşdə bitən, başda itən,
            Cığır haray, çəhlim haray...
            Selablara sellələnməz
            Günüm haray, ilim haray!
            Dağlar məni tanımadı.
Yox, Məmməd Araz! Siz bu dağların hər cığırına, hər zirvəsinə bələd olduğunuz kimi bu dağlar da sizi yaxşı tanıyır. Dünən hər obada, hər yaylaqda, hər məclisdə, hər bulaq başında sözünüz-söhbətiniz  hakim olduğu kimi, bu gün də şerləriniz hər səngərdə, hər yeraltı sığınacaqda Vətən döyüşçülərinin ürəyinə təpər, qollarına qüvvət gətirir. Qışın soyuğunda, şaxtasında hərarəti, gecənin zülmət qaranlığında işığı, nuru Məmməd Araz şerlərindən almamışıqmı?
Dağlara söykənən şair, bu gün dağlar sənə söykənəcəkdir. Yolunuzu gözləyirlər Murovdağda. Əyləşin maşınlara.
            Salam, a gədiklər, salam, a dağlar,
            Yenə boyunuzu qucmaq istərəm.

                         “MƏMMƏD   ARAZ”   BULAĞI

Murovdağın ətəyində barıt qoxulu balalar bulaq suyundan bir piyalə doldurub şairi gözləyirlər. Min bir dərdin dərmanı bu qazlı bulaq suyu qoy şairə şəfa versin, dərdini-bəlasını ondan bezar eləsin. Şair əsgərləri bağrına basır. Elə buradaca Xanlar rayon icra hakimiyyətinin başçısı Şaiq Abbasov bildirir ki, suyundan içdiyiniz bu bulaq bu gündən “Məmməd Araz bulağı” adlanacaqdır. Bulağın yanındakı bu təbii postamentin – qayanin üstündə isə böyük şairin tunc büstünü ucaltmağı qərar almışıq. Sağlığında klassikləşən, abidələşən xalqımızın yazar oğlu Məmməd Araz bu gün Murov dağında bulaq olub çağlayır.

            YAĞILAR   HƏSƏDDƏN   ÖLƏN   GÜNDÜ   BU!..

“N” yüksəkliyində şairi polkovnik leytenant  Fikrət İbrahimzadə qarşılayır. Bir an içində döyüşçülər şairi dövrəyə alırlar. İbrahimzadə böyük sənətkarı Murovun zirvəsinə qalxdığı üçün alqışlayır və bu gəlişin özü də bir qəhrəmanlıqdır – deyə ona hissə komandirinin əmri ilə  “Murovun fəxri döyüşçüsü”  adının verildiyini bildirir.
Şair Əli Qurban Murovdağda yazdığı yeni şeri oxuyur.
            Məmməd Araz qonaq gəlib Murova,
            Dağlar sevincini bölən gündü bu!
            Gələcək nəsillər fəxr edəcəklər,
            Tarix tarixində gülən gündü bu.

            Qürurum var, fərəhim var özümdə,
            Bu gün qalacaqdır şirin sözümdə.
            Mənim aləmimdə, mənim gözümdə,
            Vurğun Dəlidağa gələn gündü bu.

            Murovdağın sinəsində dağı var,
            Dəlidağ üzündə qanlı yağı var.
            Əli, hər zamanın bir növrağı var –
            Yağılar həsəddən ölən gündü bu!
   
   SALAMAT  QAL, MUROVDAĞ,  XOŞ   GÖRÜŞLƏRƏDƏK

Murovdağ döyüşçüləri yadigar qalsın deyə Məmməd Arazla xatirə şəkilləri çəkdirdilər. Artıq  ayrılıq vədəsi, ayrılıq dəmidir. Döyüşçülər şairdən, şair isə döyüşçülərdən ayrıla bilmir. Bir an içində göyün də gözləri dolur. Buludlar ayrılığa tab gətirmir. Son payız yağışı başlayır. Bir azdan isə Göy göl də, Toğana da, Murovun ətəkləri də, Hacıkənd də düz Xanlaracan qar yorğanına bürünəcəkdir.
Məmməd Araz əmin olduğunu bildirir ki, hökmən qışdan sonra bahar gələcək. Allah deyən olsa üzümüzə gələn ilin axır çərşənbəsində bayram tonqalları düz Murovun zirvəsində alovlanacaqdır.
Hacıkəndə çatanda bir də şair Murova tərəf üz tutdu. Bu dəfə elə kövrəlmişdi ki... Murovdağda ürəyini qoyub gedirdi, xalqının dağ ürəkli şairi!
            Ey dəvə yal, düşdüm daha belindən,
            Ovsar cığır, çıxdın daha əlimdən.
            Balam çiçək, bir də öpüm telindən.
            Salamat qal, bu dağlarda ürəyim,
            Salamat qal,
            Salamat!
                                                                        
Bakı-Gəncə-Xanlar-Murovdağ-Göy göl.   1994
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws