|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Ələkbər   ŞƏHRİLİ

 PREZİDENT   VƏ  ŞAİR

Milli ruhun və şüurun dirçəlməsində, gənclərimizdə azadlıq, vətənpərvərlik hissinin oyanıb- güclənməsində xalq şairi Məmməd Arazın xidmətləri əvəzsizdir. Şairin istedadı müstəqil Azərbaycanın gələcəyi üçün daha gərəklidir. Buna görə də Azərbaycan dövləti qüdrətli yaradıcılığı ilə yanaşı, həm də təvazökarlığı və fədakarlığı ilə çoxlarından seçilən xalq şairi Məmməd Arazın xaricdə müalicə olunması üçün tədbir görəcəkdir.
Azərbaycan prezidenti Heydər Əliyev aprelin 6-da xalq şairi Məmməd Arazla görüşərkən görkəmli söz ustası barəsində bu fikirlərini ifadə edərək, onun Almaniyada müalicəsi ilə bağlı lazımı işlərin görülməsi üçün müvafiq sərəncam verdiyini bildirdi.
Srağa gün mənə bir həqiqət aydın oldu, bir səadət nəsib oldu.
Qəlbimə bahar hərarəti axdı, ürəyimin buzunu əritdi, könlümdəki dumanın, çənin yerini işıqlı bir ümid tutdu: əgər ölkənin rəhbəri, sərkərdəsi öz xalqının şairi ilə söhbət edir, onunla dərdləşirsə, onda qaranlıqlardan aydınlıqlara, ələmdən nəşəyə çıxacağıq, millətin xoşbəxt günlərinin təməlini qoya biləcəyik.
Üzbəüz oturmuşdular onlar – müdrik, qətiyyətli, tədbirli başçı və qüdrətli söz ustası.
Prezident Heydər Əliyev və xalq şairi Məmməd Araz.
Danışırdılar, bir-birindən hal-əhval tuturdular, bir-birin sanki yenidən görürdülər.
Dəyişiblər onlar özlərinin və xalqın gözündə.
Bu keşməkeşli dünya, ağrılı-acılı illər hər birinin çiynindən, qəlbindən ağır yük kimi asılıb.
Nələr görməyiblər onlar?
Keçdikləri böyük həyat yolunda sədaqət, etibar, dəyanət də görüblər, xəyanət, nadanlıq, qədirbilməzlik də.
Hünər də, qəhrəmanlıq da, səxavət də görüblər, qorxaqlıq, bədxahlıq, paxıllıq da.
Çətin bir yol keçiblər bu həyatda. Amma həmişə üzlərini işığa – doğma xalqın qəlbinə tutub gediblər.
Bu işıq da iz qoyub onların simasında – çöhrələrini nura boyayıb, gözlərində günəşə dönüb.
Çəkdikləri iztirabların da izi var çöhrələrində.
Ancaq peşman deyillər, incik deyillər, nə ömürdən, nə gündən, nə torpaqdan, nə daşdan. Incik deyillər insanlardan, ömrün arxada qalan aylarından, illərindən. Bunu onların gözlərindən oxuyursan
            Bu ömürdü, öz baharı, öz qışı,
            Gələn yazda, gedən qışda nə günah?!
Prezident və şair. Yaradandır hər ikisi. Biri dövlətçiliyimizi yaradır, biri söz mülkümüzü. Əvəzində isə doğma xalqın xoşbəxtliyindən, səadətindən savayı özgə bir umacaqları yox. Ikisinin də bir sözü var:
            Bircə sağ olun da bəsimdi, vətən!
Prezident və şair dərdləşir – elə bil vətənin, millətin bu günü, düşmən tapdağı altında inləyən torpaqlarımız canlanır gözlərinin önündə. Ikisinin də dilindən, dodağından yanğılı bir səs qopur. Sanki:
            Səndən ötən mənə dəydi,
            Məndən ötən sənə dəydi.
            Səndən, məndən ötən zərbə
            Vətən, Vətən, sənə dəydi...
Şairin baxışları prezidentin üzünə dikilib sanki cavab istəyir ondan. Axı nə üçün bizim doğma Azərbaycanımız bu günə düşdü? Axı
            Azərbaycan – qayalarda bitən bir çiçək,
            Azərbaycan – çiçəklərin içində qaya.
            Mənim könlüm bu torpağı vəsf eləyərək,
            Azərbaycan dünyasından baxar dünyaya.

            Azərbaycan – mayası nur, qayəsi nur ki...
            Hər daşından alov dilli ox ola bilər.
Bütün itkiləri, ağrıları qəlbindən, canından keçirən, doğma xalqı ilə birlikdə əzab çəkən prezident ürəyində şairə onun öz sözləri ilə böyük təəssüf hissi ilə cavab verir.
            Vətən daşı olmayandan
            Olmaz ölkə vətəndaşı.
Vətən daşı ola bilməzdilər çoxları.
Söhbət edirlər – prezident və şair. Ötən günləri, keçib-gedənləri yadlarına salırlar. Məmməd Araz deyir ki, xəbərim var, bir dəfə konsertə dəvət olunanda soruşmusunuz ki, “Məmməd Arazın “Dünya sənin, dünya mənim...” şerinə bəstələnmiş mahnı səslənəcəkmi?  Mən  o mahnını bir də eşitmək istəyirəm...”
            Bir taleyin oyununda cütlənmiş zərik,
            Yüz il qoşa atılsaq da qoşa düşməruk.
            Bir zərrənin işığına milyonlar şərik.
            Dünya sənin,
                         dünya mənim,
                         dünya heç kimin...
Prezident gülür: “Bu sözləri ancaq Məmməd Araz deyə bilərdi. Bir neçə kəlmədə böyük bir fəlsəfə... Amma bilirsənmi, adamlar var ki, deyirlər bu dünyanı tutub gedəcəyik. Başa düşmürlər ki, dünya heç kimin...”
Şair qıvraqlığından, gümrahlığından qalıb. Xəstəlik şair vücuduna güc gəlib. Bu şairi yetirən xalqın, ölkənin prezidenti narahatdır. Sənətimiz üçün, poeziyamız üçün, şair şəxsiyyəti üçün narahatdır. Ölkənin rəhbəri müalicə olunmaq üçün şairi xarici ölkəyə göndərir və sanki bu canıyananlığı, qayğıkeşliyi ilə Məmməd Arazın o məşhur misralarını hamımızın yadına salır. Bizimlə birlikdə şairə can sağlığı, uzun ömür arzulayır.
            Çox tozanaq atlını təmkin atınla keçdin,
            Sel boğan dərələri bir mərd qadınla keçdin.
            Bütün keçilməzliyi, Vətən, adınla keçdim
            Haqqın var, Məmməd Araz,
            Haqqın var, yaşamağa!
Bu görüşüylə, şairə məhəbbətiylə prezident sanki hamıya, o cümlədən yüksək vəzifə sahiblərinə də demək istəyir: sənətkarın qədrini gərək sağlığında biləsən, onun qiymətini sağlığında verəsən.
Bəli, srağagün axşam ədəbiyyatımız  və bütün mənəvi həyatımız üçün son dərəcə əlamətdar bir hadisə baş verdi. Lakin prezidentlə şairin söhbəti yalnız onların özləri və yalnız bir şair haqqında deyildi. Bu, bütün xalq haqqında söhbət idi. Millətin bu günü, sabahı, şeri, sənəti haqqında söhbət idi. Və bu söhbəti dinləyərkən mənim də ürəyim qürurla döyündü.
 Azərbaycan oğlu, ey vətəndaş, “Azərbaycan” – deyiləndə ayağa dur ki, “ sənin belə prezidentin və belə şairin var.

 1995

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws