|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 

İmamverdi   ƏBİLOV

BİR   ÜRƏYƏ   SIĞAN   DÜNYA

Məmməd Araz ədəviyyata təzə mövzu gətirməyib. O, toxunulmaz, fövqəladə mövzular axtarmadı, özündən əvvəlki sənətkarların tematik mövzusu dairəsindən kənara çıxmağa cəhd göstərmədi də. Lakin məlum mövzuları yeni baxışla gördü, kəşf elədi və onu oxucular üçün də kəşfə çevirə bildi. Bəşəriyyətin ilk atası Adəm babamızın övladları arasındakı qanlı münaqişədən bəri insanlıq üçün ölüm qaçılmaz, danılmaz faktdır. Ötən min illiklərin real tarixi planetimizin heç kəsə məxsus olmayan ötəri dünya evi olduğunu adi həqiqətlərin adisi kimi dəfələrlə təsdiq etmişdir. Bəs niyə görə “iki dəfə iki dörd elər” kimi adi formula “Dünya sənin...” şerində qeyri-adiləşir. “Süleymana qalmayan dünyanın” heç kimə qalmayacağı kimi milyon illik bəlli həqiqət bizə yeni, təzə həqiqət kimi görünür?! Sualımızın cavabsız qalması – poeziyanın qələbəsi, poeziyanın əsrarı və möcüzəsidir. Bir dahi tənqidçi deyirdi ki, “bəli” sözünü onlarca mənada işlətmək olar. Səsin, ritmin, ahəngin vəziyyətindən asılı olaraq bu söz təsdiq bildirdiyi kimi, şadyanlıq, istehza, rişxənd də ifadə edə bilər.  Məmməd Araz yaradıcılığına vaqif olanlar üçün dediklərimizin bu şəffaf, təbii, müdrik poeziyaya tam dəxli olduğuna şəkk etməzlər. “Dünya sənin, dünya mənim, dünya heç kimin” hökmü bəzilərinə tərkidünyalıq, biganəlik bəyanatı təsirini bağışlaya bilər. Fəqət M. Araz poeziyasındakı daxili psixologizmə, dramatizmə bələd olanlar üçün bu misra bütövlükdə bir şer, zamanın və dünyanın taleyindən ötrü məsuliyyət manifestidir, həm də belə vətəndaş narahatlığı bütövlükdə xalq şairimizin sənət məyarıdır. M. Arazın yaradıcılıq laboratoriyasından oxucu ünvanına yaşıl işıq salan “Məndən ötdü...” şeri doğum tarixinə görə “Dünya sənin”dən daha əzəlidir, ilkindir, fəqət hər ikisinin mayası eyni qayədan, eyni əxlaqi qaynaqdan qidalanmışdır. Bütün hallarda isə poetik inkişaf səciyyəvi cəhət kimi diqqəti cəlb edir. Zaman-zaman ədəbiyyatı növlərə, növləri janrlara, janrıları da yeni-yeni qismlərə bölmüşlər. Ədəbiyyatşünaslıq baxımından bunun mətləbə nə dərəcədə dəxli olduğu mütəxəssislərə bəllidir. Bu təsnifat işığında poeziya da  növlərə, növlər isə yeni çalarlara ayrılmışdır. Lirik növdən ayrılan istiqamətlərə diqqət yetirin: məhəbbət lirikası, peyzaj lirikası, ictimai lirika, siyasi lirika... M. Arazın poeziyasında bunları bir-birindən ayırmağa adamın əli yatmır, ürəyi gəlmir. Çünki onun lirik panoramı qəssi-qüzeh kimi insanın daxili yaşantısını da, dünyanın ictimai mənzərəsini də şair “mən”ində cəm edib yaşadır, elə buna görə də lirik şeri növlərə bölməyə ehtiyac qalmır. “Məndən ötdü, qardaşıma dəydi” lirik bəyanatda şəxsi yaşantılar da, tarixə müraciət də, milli müqəddəratımız üçün tarixi məsuliyyət hissi də, siyasi pafos da eyni dərəcədə müvazidir, vəhdətdədir və məhz bu zəmində “mən”lə “biz” arasındakı maneə hədləri görünməz olur, milli mənafelər vahid məcrada qovuşur və bütün hallarda da müəllifin yaradıcılıq məqsədinə çevirdiyi estetik prinsiplərin fövqündə  Vətənə məhəbbəti cazibədar işıq kimi oxucunu cəlb edir. Mübaliğəsiz demək olar ki, “məndən ötdü” ... qismində olan şerlər öz tərbiyəvi dəyərinə görə rəsmi məktəblərimizdə milyonlarla vəsait hesabına tədris olunan “hərbi vətənpərvərlik” (ibtidai hərbi hazırlıq)  dərsinin solğun effektindən qat-qat təsirlidir, əzəmətlidir, faydalıdır.
Obyektiv reallıqdan sərf-nəzər edib, qanadlı romantikaya meyl edənlərin tənqidə, danlağa, məzəmmətə məruz qalması ədəbi prosesdə yeni hadisə deyil. Səməd Vurğun kimi həyati bir şairin mücərrəd romantikaya meydan verməsini şair üçün bağışlanmaz günah sayanların sərt ittihamı ədəbiyyat tariximizin səhifələrində yaşayır. Subyektivlik və obyektivlik haqqında danışmağı çox sevən və ardıcıllarının səsi ara-sıra hələ də eşidilən əllaməçilər bir həqiqəti dərk etməkdə aciz qaldılar ki, real həyati məzmunu öz şəxsi yaşantısına çevirməkdən, gerçəkliyi öz “mən”i mövqeyindən dərk, təsvir, tərənnüm etməyən şairin oxucularla daimi həmsöhbət, həmfikir olacaqlarına inanmaq sadəlövhlükdür. Qoca Hegel yazırdı: “... Həqiqi lirik şair öz daxili aləmində yaşayır, bütün şəraiti öz poetik fərdiyyətinə uyğun olaraq mənimsəyir və öz daxili aləmini xarici aləmlə, onun şərtləri, tale və konfliktləri ilə necə ən müxtəkif təzahürlə qovuşursa da, bu materialın təsvirində o həmişə ancaq öz hiss və mühakimələrinin müstəqil həyatiliyini ifadə etmiş olur”.
Məmməd Araz poeziyasının rahiyəsinə dalanlar – onun “Azərbaycan – dünyam mənim”, “Kəndim, balacasan, çox balacasan”, “Tarixçi alimə”, “Göyərdi”, “Vətən mənə oğul desə”, Qaraçı”, “Heykəlimlə görüş”, “Durnaları dönməz oldu”, “Haqqın yoxdu, haqqın var”, “Ölüm yaxşılığı”, “Qonşu çəpəri”... şerlərinə bələd olanlar zərrəcə tərəddüd etmədən fikrimizə şərik olarlar ki, bu dahiyanə sözləri          qeydsiz-şərtsiz bizim şairin lirik yaradıcılığına şamil etmək yerinə düşər. Məmməd Araz yaradıcılığına az-çox bələd olub, şairlə təxminən qırx il dostluq etmiş poeziya pərəstişkarı kimi onun adi misralarında oxucunu təlatümə gətirən yanğının müəllif naturasından, xislətindən gəldiyinə tam inanmışam. Ömrünün bahar, səhhətinin əla çağlarında yazdığı məktubları, maqnitofon lentində qalan səsini-sözünü dönə-dönə oxuyur, dinləyirəm. Dünya, Vətən, Xalq üçün cavabdehlik hissilə yaşayan, təlaş keçirən 25 yaşlı Məmməd İbrahimovla, 62 yaşlı Məmməd Araz arasında yalnız yaş və səhhət fərqini görürəm. Xislət, rəftar tərzi, insanlara münasibət dəyişilməz olaraq qalır. Kefinin duru vaxtında da, ovqatının təlx məqamında da onu dönə-dönə görmüşəm, hamımızın təqdir etdiyi, əzbərlədiyi, sevdiyi şerinin bir mətbuat çinovniki tərəfindən qəsd-qərəzlə “səhifədən çıxarıldığı” günlərə əsəbini boğa-boğa, yaxud əsəbdən boğula-boğula yazdığı məktubları indi də qoruyuram. Fəqət heç vaxt kiminsə ünvanına nalayiq söz, qarğış dediyini eşitməmişəm.  Üsyanın ali zirvəsi təəssüf və poeziya dilinə təfsir olunmuş həlim qəzəb olub. Xudbinlikdən, riyadan, dargözlükdən, qeybətdən, yarınmaqdan, nankorluqdan ilim-ilim uzaq olan şair, başqasının uğurundan, müjdəsindən, sevincindən öz şəxsi qisməti kimi sevinər, məmnun olardı. Cavan Məmməd Araz belə idi, müdrik Məmməd Araz da belədir, amma bir qədər yorğun, müntəzir. Bu şəxsi keyfiyyət təmizliyi onun yaradıcılığına tale qisməti kimi hopdu və beləliklə, 50-ci illərin sonunda, 60-cı illərin əvvəlində dostları tərəfindən sevilən şair Məmməd İbrahim 70-ci illərin sonunda milyonların sevimli nəğməkarı Məmməd Araz kimi məşhurlaşdı.
Təmasda olduğu adamları nəcibləşdirmək  istedadı hər sənətkara nəsib olmur. Bu fitri töhfə onu eyni məqamda iki zirvənin – kamil vətəndaşlıq və kamil sənətkarlıq zirvəsinin fatehinə çevirdi. Unudulmaz dostumuz Xudu Məmmədovla çoxumuz acılı-şirinli günlər keçirmiş, fərdi-ictimai suallarımıza cavab axtarmışıq. M. Arazın nakam Xuduya müraciətlə yazdığı şer – bədii sual isə adi hal deyil, söz sənətinin predmetinə çevrilmiş suallı ovqatdır. Bu açıq söhbət əslində, zaman və insanlıq qarşısında fərdin borcu və vəzifələrinin şərhi üçün zəmin yaradır. Ümumiyyətlə, şairin lirik qəhrəmanı bir qayda olaraq vaxt və insan, zaman və bəşər kontekstində təsvir olunur, nəticədə iki dostun ərkyana sözü-söhbəti, sualı-etirafı bəşəriyyət qarşısında poetik hesabat kimi səslənir:
            Yenə dağ döşündə dənərləndi qar,
            Yenə zirvələrin həsrətində qal,
            Sel qopdu, dərəyə düşdü qalmaqal...
            Bir ocaq başında bir isinməsək
            Sən kimə gərəksən, mən kimə gərək?!

            ... Ömür karvanının sənət yükünə
            Bir-iki qeyrətli söz yükləməsək:
            Sən kimə gərəksən, mən kimə gərək?!

            ... Yalan yarğanlara nağıl söyləsək...
            Hər iki ölçüyə, ülgüyə gəlsək:
            ... Günəşin zirvədə doğan anından,
            Nur alıb, bu yurda səpələnməsək:
            Sən kimə gərəksən, mən kimə gərək?!
Ilahiyyət elminin təliminə görə Yaradan öz bəndələrinə öyrənilməsi zəruri olan üç ilahi Dünya – üç hikmət Kitabı bəxş etmişdir:  Birincisi, Günəşli, Aylı, ulduzlu, dağlı, dəryalı, meşəli, çəmənli, heyvanat və nəbatat aləmi; İkincisi Tanrının vehy Kitabı və nəhayət, İnsan! Insan öz-özünü dərk etmədikcə, nə səmavi kitabın mənasını dərk edər, nə də ki, kainatın əsrarına vaqif olub ondan faydalana bilər. M. Arazın bu qəbildən olan şerləri Ərazi və Ərzin üçüncü dünyasına – insanın özünə, mənəvi aləminə müdaxilə və səyahət üçün yaşıl qəndil yandırır.
Bu günkü şerimizi klassik poeziya ilə bağlayan simvolik bağlar məlumdur. Azadlıq həsrəti, mübarizə, həyat, ölüm, yaşamaq eşqi... Və bir də lirik poeziya üçün səciyyəvi olan həya, təmizlik, bakirəlik. Doğrudur, bizdə “həyalı poeziya” ifadəsi nadir hallarda işlənir, yaxud işlənmir. Amma insaf xatirinə deməliyik ki, bir küll halında M. Arazın poeziyası ruhunun təmizliyinə, deyiliş dəqiqliyinə, ifadənin səliqəsinə görə həya, təmkin təsiri bağışlayır. Neçə illər bundan əvvəl baharın axır ayında sübhü Göy göldə açdım. Günəş doğar-doğmaz gül-çiçək ətrindən bühuş olmuş sahilə endim və birdən-birə ətrafı elə qatı duman bürüdü ki, bir addım kənarı görmək mümkün olmadı. Elə bil bütün dünya nəm, ətirli, rahat mavi dona büründü. Bu füsunkar dünya tədriclə ruhuma axdı. Bir anlığa zaman və məkan anlayışı da yaddan çıxdı, sanki dünyanın ilk yaranış gününə, Planetin təvəllüd gününə düşdüm. Hər şey xəyalımda və gözlərimdə şəffaf libasda görünürdü, bir neçə dəqiqə beləcə dinməz, tərpənməz qaldım, sonra isə... vücudumdan dinc bir üşüntü keçdi, ayılan kimi oldum, ayıldım, hər şeyi yerli-yerində dərk etdim. Bu, gözəllik önündə özünü unutmaqmı idi, yaxud sadəcə olaraq ruhi sarsıntı idi – bilmədim. Birdən-birə duman çəkildi, qəfil at kişnərtisi eşitdim, günəşin şəfəqləri titrədi, ləçəklərə qonan şeh damcıları inci dənələrinə dönüb mirvari dəryası yaratdı. Və bu dəm, nədənsə, üç nurlu şəxsiyyəti xatırladım: “Kəpəzin göz yaşları” tablosunun müəllifi Səttar Bəhlulzadəni (təəssüf, min təəssüf ki, bu ilahi tablonu bir məclisin təntənəsində hissə qapılıb atasının malı kimi əcnəbi lediyə bağışladılar),            “Göy göl” adlı klassik şerini mənə həsr edib kitablarına salan Bəxtiyar Vahabzadəni, bir də “Göy göl”, “Duman, salamat qal” şerlərini və onun müəllifi  Məmməd Arazı. Otağıma qayıdıb kövrək hisslərin rayihəsi məni tərk etməmiş Məmməd Araza məktub yazdım və “həyalı poeziya” ifadəsini də ilk dəfə orada işlətdim. Çünki, nədənsə, mənə elə gəldi ki, o vaxtlar da yaşımın az olmadığına baxmayaraq təbiət gözəlliyinin mükəmməlliyini və təbiətin tam saflığını, toxunulmaz bakirəliyini ilk dəfə məhz Göy göldə, məhz həmin gün gördüm. Bəs M. Araza yubanmadan məni məktub yazmağa  təhrik edən nə idi? Minnətdarlıq hissi! Bu gözəllik dünyasına düşməmişdən əvvəl öz şerlərilə xəyalən, ruhən məni buralara müsafir edən şairə minnətdar olmamaq mümkün deyildi. Təkcə gəldiyim, gördüyüm mühiti yox, qarşı günlərin də romantik ovqatını şair məndən – bizdən əvvəl duymuş, bizə çatdırmışdı:
            Qayadan qayaya atılan kəllər
            Buraya dirənib buynuz tökərlər.
            Bir uçrum dibində ceyran izləri
            Son güman yerinə qısılı qalıb.
            Bir qaya döşündə nə vaxtdan bəri
            Bir qartal qanadı asılı qalıb.
            Ürəyi dolanda təbiət hərdən
            Çəkilib gecələr ağlar burada,
            Qasırğa əlindən, tufan əlindən,
            Qaçırıb dumanı saxlar burada.
Ilk baxışda elə görünə bilər ki, bu, geniş dünyadan təcrid olunmuş əlahiddə aləmdir. Əslində isə misraların arxasından görünən panoram-mənzərə şair qayəsinin ruporudur və konkret bir detal-duman fondunda müəllifin estetik idealı, məntiq etüdü kimi təzahür edir:
            Bəli, duman olum. Duman. Bir çəngə
            Mənim öz yağışım, öz qarım olsun.
            Istədiyim yerə yükümü çəkən
            Hökmüm, ixtiyarım, qərarım olsun.

            Birinin düzündə çiçək bitməyən,
                    Birinin gözündə bitən olmayım.
            Seyrək dumanları qovan, itirən,
            Qalın dumanlarda itən olmayım.

1996

                         
     
 
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws