|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 

Telli   PƏNAHQIZI

“SU   OLUR   YANDIRAN,   SU   TAPMIR   YANAN...”

Ön  sözə söykək
Bu gün Məmməd Araz barədə danışmağı, onun yaradıçılığı haqqında söz deməyi özünə şan-şöhrət bilənlər o qədər çoxalıb ki, bu kiçik qeydlərimin taleyi üçün həyəcan keçirməyim özümə də gülünc gəlir. Axı indi Məmməd Araz xalq şairidir, adı mötəbər məclislərdə ehtiramla çəkilir, ən ali kürsülərdən nüfuzlu adamlar şairin poeziyasının bənzərsizliyindən danışırlar. Bir çoxları məhz indi şairin ucalıq zirvəsində özünə yer eləməyə həvəslidir. Tanrı köməyi olsun belələrinin. Ancaq nə yaxşı ki, tarixin yaddaşı insanınkı qədər dayaz və səthi deyil. Tarix hamının əməlindən də xəbərdardır, niyyətindən də. Mən istəməzdim ki, oxuyacağınız sətirlərin altında kiməsə yarınmaq, kimlərəsə xoş gəlmək və ya ən dəhşətlisi Məmməd kişinin kölgəsində daldalanmaq umacağı axtarasınız. Bizim, yəni illər boyu qəlbinin lap pünhan guşəsində bir Məmməd Araz dünyası yaradan, onu yad nəfəsdən, qəfil ruzgardan qoruyan yüzlərlə oxucunun da, ömrü boyu “özüm yük çəkənəm, özüm də yükəm” ağrısı ilə “yoxdur sözlüyümdə sözdən ayrı dən” məsuliyyətini dilə gətirən şairin də bu dünyadan və ulu Tanrıdan bircə təmənnası var:
                          
                        Sən  bizi  kiçiklər  kinindən  qoru...
Görəsən istedadı başına bəla, haqq vergisi, can düşməni olan şairin ürəyinə daman bu şübhə nə idi? Infil kişinin bu sadədil, ipəkdən yumşaq, qarışqanın  haqqını belə tapdamağa ürəyi gəlməyən oğlu kiçiklərin bu ehtiras torunun paxıllıq məngənəsində sıxılacağını haradan bilirdi? Sözün zərgəri, özü öz taleyinin dəmirçisi olan və bunu tanrının alın yazısı kimi böyük şücaət, əvəzsiz ərməgan, heç vaxt bitib-tükənməyən var-dövlər sayan şair həyatının mənasını yıxılanın qolundan tutmaqda, büdrəyənə dayaq durmaqda görür. Lakin bəşərin yaratdığı insancıqlar qoyarlarmı ki, yer üzünə müqəddəslik toxumu səpilə?
            Deyirlər, mənim də düşmənlərim var,
            Adımı, imzamı asanlar olur.
            Deyirlər, kölgəmi qılınclayanlar,
            Deyirlər, rəddimi qazanlar olur.
Yox, şair, təkcə demirlər, dilə gətirməklə kifayətlənmirlər, həm də hər vasitə ilə çalışırlar ki, səni gözdən salsınlar. Hərdən istəyirəm ürəyimdən keçənləri dilə gətirəm, deyəm ki, nəyinə gərəkdir, ay şair, “bu get-gəllər bazarına dəvə, ömür-gün naxışına həvə” dünyanın adilər dilində adiləşən sözlərinə müdriklik, heyrət, inanc güzgüsü tutmaq? Sənin dünya ilə savaşmağa macal tapmayan ömür payının dolaylarında dupduru bulaq kimi qaynayan misraların axı çoxlarının boğazından keçməyib. Sən deyəndə ki:
            Aldatmaq da aldanılmaq deyilmi?
            Zəhər satmaq zəhər almaq deyilmi?
            Yaxşı quyu tərs badalaq deyilmi?
            Elə birdir, yıxılıb get, yıxıb get...
bu xəbislərə, yaltaqlara, Vətənə, torpağına xor baxanlara meydan oxumursanmı?
Dünyanını başına tərs dəyirman fırladanlar, “məndən ötdü” sevincinə əl çalanlar bu misraların tənə yükünü duyandan sonra çətin səninlə barışa. Yoxsa, özün demişkən “ söz xırmanında qum sovuranların üzünə açıq”, səninkinə isə yeddi yerdən qıfıllı olan qapılardan keçmək belə müşkülə dönməzdi, Məmməd Araz. Amma sən min zəhmətlə qalxdığın zirvədən aşağı boylanıb bədxahlarını qınamaq əvəzinə yenə özünü haqq divanına çəkirsən.
            Çox oldu ürəyinin diqtəsinə baxmadın,
            Ilğımlar qova-qova yulğunlar qucaqladın.
            Sən ağlından qəlbinə gedən yolu bağladın.
            Haqqın yox, Məmməd Araz,
                         Haqqın yox yaşamağa.
Adi səhvini özünə bağışlamayan şair, qurğuşunu ürəyinə sıxmağa hazırsan. Çünki sənin üçün haqq  hər şeydən ucadır. Amma sən gözəl bilirsən ki, dodaq heç də həmişə dilə qıfıl ola bilmir. Yaxşılıq gerilədikcə şeytan əməli pislik hər yerdə darğalıq edir, ziyankar çayır zoğu kimi hər yerdən baş qaldırır.
            Şəkərini zəhərlə alanların çoxu sağ,
            Üzüntülü ömürdən çox uzaqsan, çox uzaq.
            Iydə dənəsi boyda qurğuşuna əl uzat     
            Bu haqdı, Məmməd Araz,
            Haqqın yox yaşamağa.
Niyə? Bəlkə elə köçünü qatasan minlərin köçünə. Bu etibarsız dünyanın “mamırına çevrilib, qayasında bitmək” əvəzinə sən sərfəli, dəbdə olan mövzular çıdırında at oynadasan? Deyəsən ki:
            Bəlkə az düşünüm, dayaz düşünüm,
            “Oların”, “olmazın” təkəri birdi.
            Arı tikanıyla ilan dişinin
            Bəlkə çəkisi bir, zəhəri birdi.
Çünki “başı gödənindən aşağı olan kiçiklər” istedadlı adama badalaq vurmaqdan, onu mənən şikəst etməkdən həzz alırlar, onların əlindən başqa bir iş də gəlmir. Axı sən yaxşı bilirsən ki:
            Artır söz yığını, artır çayır tək.
            Hamı deyən olub, yazan olubdu.
            “İlhama sarılmaq”, qələm götürmək
            Papiros çəkməkdən asan olubdu.
Sözün, kəlmənin məsuliyyətini dərk etdiyindəndir ki, sənin üçün şairlik yaşanan duyğuları sadəcə nəzmə çəkmək deyil, şairlik zəhmətlə yarı olan istedad adlandırdığımızdan da ucada duran Tanrı vergisidir. Mənə elə gəlir ki, ancaq Məmməd Araz qüdrəti, Məmməd Araz qeyrəti lazımdır ki, “dilimdən söz əmdi körpə qələmim” deyib oxucusunun gözünə baxa-baxa məramını açıqca bəyan eləsin.
            Ürəyimsiz kəlmə yazan deyiləm,
            Nə qədər ki, öz əlimdir yazanım –
desin.
Sən, Məmməd Araz, söylədiyin ifadənin tutumu, dediyin sözün təsiri üçün cavabdehliyini boynuna almaqdan çəkinmirsən.
            Söz gərək ox keçməz qayadan keçə,
            Yoxdursa sözünün kəsəri, yazma!
            Özün sevmədikcə, sevilmədikcə
            Özgədən məhəbbət əsəri yazma.
Sözə hörmət, kəlama qayğı, fikrin tutumuna, ifadənin yükdaşıyıcılığına ehtiram Məmməd Arazı bütün yaradıcılığı boyu rahat qoymayıb:
            Kürsü ağılların qalxdığı zirvə,
            Söz də ağılların bəhəri üçün.

            Sən sözü alçaltdın özündən əvvəl
            Alçaltdın bir ağız afərin üçün.
Şair, yaxşı bilirsən ki, dünyada sözdən ağır, sözdən qiymətli, sözdən dəyərli, sözdən kəsərli və məsuliyyətli heç nə yoxdur. Vaxt-vədəsə ömrün kirkirəsidir, dənliyinə nə töksən üyüdəcək. Amma var olan, yaşayan,  insanı digər Tanrı canlılarından fərqləndirən sözdür. Ona görə də şairin sözdən başqa gümanı heç nəyə gəlmir bəzən. O, göynəyən ürəyinin odunu-hövlünü hirsindən cadar-cadar olmuş misralarının qanlı dodaqlarına sıxır:
            Etirafdır etibarın bünövrə daşı,
            Içimizdə beçə verən güvədi, qurddu.
            Bir yalançı heykəli var, hər addımbaşı,
            Topdağıtmaz qalaları yalan uçurtdu.
Yalan haradan, nə vaxt atılacağı bilinməyən ilandır. Bu əfi ilanın bulanıq gözlərindəki hiylədən, məkrdən sümükləri üşənən şair yenə ulu Yaradana üz tutur.
                        Tanrı, məni tuş eyləmə satqına
Tanrının verdiyi ömür payından razıdımı, şair? Onun yerinə kim olsaydı, şadlığından gözü ayağının altını görməzdi. Axı sözü bu qədir-qiymətə mindirmək, onu bu mərtəbədə süsləndirmək hər kişinin hünəri deyil. Təkcə Məmməd Araz deyə bilər ki:
            Bir ürək Vətənim, bir ürək Ölkəm,
            Nə pislik tanıdı, nə kin, nə acıq...
            Necə yaşadımsa, elə də ölləm
            Gözləri yumulu, əlləri açıq...
Çünki şair ömrünü öz əliylə şum eləyib, yazda gül əkib, payızın köçü sovulanda xəzəlini sığallayıb. Gündoğandan günbatanacan hər yeri özünə mənzil sayıb və yaşadığı ömürlə də, taleyin verdiyi qismətlə də barışan olub. Bir də ki, öz ömrünün şəxsi ağrılarını, fərdi dərd-sərini çoxdan unudub Məmməd Araz. ŞAİRLİYİN acı şərbətini içib poeziyanın məcnunluğunu boynuna götürəndən bəri dönə-dönə bəd taleyin kəməndinə düşsə belə, təslim olmayıb.
            Yox, ürəyim, daş qolazla ötəri dərdə,
            Qəm üstünə sevincini hörməyi bacar.
            Ön cərgədən son cərgəyə adlayıb hərdən
            Görünməyən məqamları görməyi bacar.
Ilahi sözün sehrinə varmaq bacarığı hansı dərdləri, əzabları dadızdırmayıb şairə?! Günlərin bir günü ömrün dolaylarından dönüb gəldiyi yola baxıb və nədənsə yaşadığı günlər ona yüngüllük gətirməyib. Çünki bu yollardan KİŞİ kimi keçən şair aşırımlarda  təntiyib yıxılmasa da,  əqidəsindən, məsləkindən dönməsə də, şairliyini boynuna almaqdan çəkinir elə bil:
            Biri mənə şair dedi, dondum yerimdə ,
            Hər çiynimdən asıldı bir qurğuşun tayı.
            Dünya məndən yer istədi bəbəklərimdə
            Elə bil ki, çanlı yoxdu məndən savayı...
Bu nədir, şairin şıltaq inadımı?  Canını, varlığını əsirgəmədiyi, cəfasına dözdüyü poetik deyimin ağrılarından ərkyana gileyimi... “İti bazarında atından baha” dünyanın gərdişindən şikayətimi?
Bu, sənət fədaisinin təkcə özünə məlumdur. Oxucuya bəlli olan budur ki, ovqatının tünd vaxtında, bəxtinin üzü dönən anında küskünlüyünü gizlətmir, sarı simə vurur şair:
            Yalan satmağından əl çəkmir yalan,
            Düzə dirsək vurur, düz baxa-baxa.
            Su olur yandıran, su tapmır yanan,
            Göz də oğrlanır göz baxa-baxa.
Çıxış yolunu kövrək bir gileydə, özündən özünə şikayətdə görür Məmməd kişi:
            Mənə biganəlik öyrət ürəyim,
            Qıvrılım içimdə, yatım içimdə.
            Yaxşını yamandan seçə bilməyim,
            Qıvrılım, yıxılım, batım içimdə...
Şairin könlünü sıxan, onun isti aşına soyuq su calayan kimdir görəsən? İllər boyu Tanrının verdiyi qismətlə barışan, ondan umacağı “bircə əsim Vətən küləyi” olan şair, dünyanın getdikcə daha çox  tutulan qulaqlarına qurğuşun ağırlıqlı misralar pıçıldayanda da günahkar axtarmaq istəmir:
            Bu dəyirman nahaqqı tən, haqqı tən,
            Bölən böldü nahaqqı tən, haqqı tən,
            Nahaqqa tən olan yerdə haqq itən,
            Tanrı, məni məndən qoru bu yaşda!
Hərdən şairin ürəyi dözmür dünyanın bu haqsızlıq bürküsünə, bəşər övladlarının işləklərinə  matı-qutu quruya-quruya baxır, ləyaqətini, namusunu, hətta torpağını belə pulla alıb-satmağı ar bilməyən yekə gödənlərin əməllərindən ürəyi sıxılan Məmməd Araz:
            Innən belə qayalara salacağam mehrimi,
            Innən belə buludlara salacağam mehrimi,
            Boz sulara, ulduzlara salacağam mehrimi –
deyir!
Bəlkə də dünyanın ən düzgün, ən müqəddəs yolunu seçib şair. Çünki təbiət haram götürmür, təbiət heç kəsi aldatmır, təbiət öz bakirə gözəlliyindən səxavətlə hamıya pay verir, amma heç vaxt dilə gətirmir yaxşılığını, səxavəti üçün əvəz istəmir:
            Dağıdır bir əli, tikir bir əli,
            Onun daş biləyi, daş binası var.
            Nə bərbad edəndə çəkinir əli
            Nə abad edəndə təmənnası var...
Şair yaxşı bilir ki, təbiətə zülm edən, onun gözəlliyinə qıyan insan dünyanın ən müqəddəs mizan-tərəzisinin pərsənginə haram qatmaqdan belə çəkinməyəcək. Çünki insanın xislətindəki şeytan əməli – şərin, bədxahlığın darğası – namərdlik zaman-zaman qapılar döyür, isti aşlara soyuq su qatır, yanar ocaqları söndürür:
            Bu dünyada yamanları dəf etmək asan
            Yamanlığı dəfn etmək çətindir, çətin.
            Dar da qazsan, gen də qazsan, dərin də qazsan,
            Şeytan sığan qəbrə sığmaz şeytan xisləti...
Təbiətin bakirəliyi, müdrikliyi ilə üz-üzə qalan, gözü, ruhu dincələn şair, bu ucalıqda Tanrıya bir boy da yaxın olan bəndə mütiliyi ilə Yaradana üz tutur. Son illər qırılan ülfət telləri, uçulan münasibət körpüləri “özündə özünü itirən insanın” öldürmək, məhv etmək ehtirasının artdığı, halal ocaqlarda haram qazanların qaynadığı məqamlarda, “öz içində batanların, düşmən laylasına yatanların” sayı çoxaldığı vaxtda Məmməd Araz xilas yolunu Tanrı qüdrətinə ünvanlayır:
            Sən bizi kiçiklər kinindən qoru,
            Fil tutur, şir tutur hörümçək toru.
            Gör harda,  gör necə məcnunuq hələ;
            Qəbir qazmağınan məşğuluq hələ.
                         Külüng də bizimdir, torpaq da bizim.
            Qarışıb, xalq kimdi, xalqı çapan kim,
            Işıq paylayan kim, işıq qapan kim,
            Bu necə yuxudu, ayılmaq olmur...
            Qaçanı qovandan ayırmaq olmur...
“Məmməd Araz şəxsiyyətini ucaldan, poeziyasını oxucuya sevdirən başlıca cəhət nədir” sualına cavab verməli olsam, deməliyəm ki, şairin məntiqi yaşamı “ya həqiqəti söylə, ya lal ol!” inamı üstə köklənib. Özü də qulağa şirin, gözə xoş gəlsin deyə söyləmir bu sözləri. Təəssüf ki, taleyimizin bu mənəvi yoxsulluq anında hər addımbaşı rastlaşdığımız nadanlıq, ikiüzlülük, yaltaqlıq, riyakarlıq, satqınlıq... az qala əxlaqi normaya çevrilən anlarda şair bu çirkab burulğanına az qala günəş uzaqlığından baxmağa güc tapır özündə. Bu cəsarəti sonralar çəkdiyi əzablara, mənəvi və fiziki ağrılara çevrilib onun hər şeyini  əlindən alsa belə, sənətkar taleyin zərbələrinə mərdliklə dözür, qoltuqlara sığınmaq vərdişindən, məddahlıq azarından silkinib çıxmağı bacarır:
            Yerini tanıdın, haqqını qandın,
             Bir məlum hikmətin dodağı qaçır.
            Qoltuğa öyrəndi, qoltuqda qaldı
            Qol-budaq atmadı qoltuq ağacı.
Məmməd Araz görün, necə qəribə, sadəlövh arzularla yaşayır. Bu işıqlı dünyadan umacağı nədir Məmməd kişinin:
            Dağ döşündə boz duman, boz qurğuşun,
            Boz qayadan seçmək olmur boz quşu,
            Mənim ola zirvənin tox duruşu
            Yoxdu özgə umacağım...
Üzü üzlər görmüş dünyanın bütün fiziki əzablarına dözməyi mənəvi borc sayan Məmməd Araz:
            Bu dünyada qurmaq çətin, yıxmaq asan,
            Bir təkanda dağ yıxılar, yıxan olsan,
            Ipə dönnəm əgər göyə çıxan olsan.
            Odun sönsə qorun ollam,
            Yaşat məni –
deyir.
    Bəs birdən-birə hər şeydən bezib dünyaya alın yazısının diqtəsi kimi baxan və bu qisməti yaşamağa məcbur olduğunu dərk edən Məmməd Arazın gəldiyi qənaətin zərbəsi kimə dəyir? Yenə də onun özünə. Çünki ancaq özünə gücü çatır şairin.
            Qələmim dünyaya  əmanət olsa,
            Gözümün işığı bir gözə töhfə,
            Bir də gəlişimə zəmanət olsa,
            Gəlməzdim mən belə dünyaya, tövbə!
Onun bu qənaəti bəlkə də təbiidir. Dünyanın bu qarışıq məqamında “meymuna əl çalmağı öyrədən”, küçədən keçən sahibsiz itə “daş atmaqdan” başqa məşğuliyyəti olmayan adamlardan, bu adamları yaşadan dünyadan küsməyin nə mənası...
            Söz verdim, söz adlı dəfinə verə,       
            Tək bircə ölümsüz qərinə verə.
            Umdum nə verdi ki, küsdüm nə verə?
            Mən belə dünyanın nəyindən küsüm?
Vəssalam, elə bilirsən ki, daha şairin deməyə sözü, üz tutmağa mövzusu qalmayıb. Deyirsən, bəs bundan sonra yazdığını yazan, istədiyini dilə gətirən və onun üçün də başı bəlalar çəkən şair hamıdan, hər kəsdən, hətta tale adlı möcüzədən də bezib, hər şeydən üz döndərib, baş götürüb getmək istəyir bu dünyadan. Amma elə ki, Məmməd kişi:
            Söz açıq olanda – göz açıq olur,
            Göz açıq olanda – “beş” “əlli” deyil.
            Söz açıq olanda düz düzə quldur.
            Şapalaq zərbədir,
            Təsəlli deyil... –
deyir, inanırsan ki, onun həyatla savaşı davam edir.
Bu vurhavurda Məmməd Arazı dəhşətə gətirən təkcə insanların acgözlüyü, bəlanı qonşusuna, qardaşına ötürmək “bacarığı” deyil, insanın ağzından halal tikəsi qapılan məqamda bu, bəlkə də dilə gəlməyən dərddi. Amma illərin kürəyini yerə vuran aqil bir kişi təəccübündən yerə-göyə sığmır:
                        Dünya düzəlmir ki,
            düzəlmir, baba... – deyir.
Ömrün, günün tükəndiyi, “əlləri tikəni əllərin uçurduğu”,  “azmış ağılların çəninin” görünmədiyi bir ömür yolundan dünyanın düzəlməsinin qiyamətə qaldığını fəhmlə duyan Məmməd Araz bu həqiqətlə barışmaq istəmir. O, yaxşı bilir ki, biz hamımız “bir taleyin oyununda cütlənmiş zərik” və bu “get-gəllər bazarına dəvə, bu ömür-gün naxışına həvə dünya” kimləri xəlbirindən keçirməyib, kimləri meydanda yorub Tanrı dərgahında üzüqara etməyib ki... Çünki bir gözü işıq, bir gözü boz dünya,  sən demə, heç kimin deyilmiş... Amma nə yazıq ki, Tanrının müqəddəs ruh etibar etdiyi ali varlıqlar Süleymana qalmayan dünyanın maddi sərvətlərini mənəvi dəyərlərdən uca tutublar. Amma nəticə çıxarmayıblar ki:
            Bu dünyada, o dünyada, haradasa bir gün,
            Ikiləşir, özü ilə üzləşir insan.
            Bir yaxşı bax, nəyi çatmır bütövlüyünün
           

                       Gərək özün öz qarşında utanmayasan...
                       Utansaydıq, nə vardı ki, Məmməd Araz!
Utansaydıq, sözümüz bir-birimizin boğazından keçərdi, bapbalaca bir məmləkəti yerliyə-gəlməyə, filana-beşməkana  bölməzdik.
Utansaydıq, Vətən üçün bircə əsim külək olduğumuzla  fəxr edərdik! Onda ehtiyac qalmazdı sənin yanğına, deməzdin ki:
            Hələ bu dünyanın qeylü-qalı çox,
            Bilməm zəhəri çox, yoxsa balı çox.
            Çox verdim özümə bu sualı, çox!
            Ərzin nadanından ağsaqqalı çox!
            Bəs niyə bu dünya düzəlmir, baba?!

1997

 
           

 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws