Şaiqə İSGƏNDƏROVA
BÖLÜŞMƏK İSTƏDİKLƏRİM
Hər dəfə həqiqi poeziya nümunələrinin necə olduğunu bilməyənlərin şairlik iddiasında olduğunu görəndə ürəyimdə böyük Üzeyir bəyə min dəfə rəhmət oxuyuram. Onun məşhur “Aləm şair oldu” ifadəsi düşür yadıma...
Bir də gözəl şair Müşfiqin sözlərini xatırlayıram:
“Şairəm söyləyir yerindən duran”
Adamın üzündə həya gərəkdir!
Nə üçün bunları yazıram? – Bu gün bacardığı işi buraxıb bacarmadığı şairliyi özünə peşə seçənlər çoxdur. Ən dəhşətlisi budur ki, belələri şer, poeziya nədir bilmədən uzun-uzadı mənasız, məntiqsiz cızma-qaralar yazaraq hərisliklə çap olunmaq istəyir və rədd cavabı alanda hətta redaktorları hədələməkdən belə çəkinmirlər.
Bu mənada bütün şairlik iddiasında olanlara çatdırmaq istədiyim budur ki, ev tikmədən əvvəl ustalığı bacarmaq lazımdır, əks halda hansı vəziyyətin alınacağını yəqin ki, bilirsiniz. Şairlik asan iş olsaydı, yəqin ki, hamımız şair olardıq. Poeziya sənətinin öz qayda-qanunları, öz mizan-tərəzisi və öz xiridarı olduğundan hər kəs də bu nəhrə yaxın düşə bilməz. Bir də, şair ilahidən şair doğulur...
Tez-tez təkrarlanan sualdır: “Əsl poeziya nədir?” Zaman-zaman müxtəlif cavablar verilir bu suala və təbii ki, bu sorğuya cavab kimi poeziya haqqında deyilən fikrin səviyyəsi cavab verənin poeziya duyumu qədərincə olur... Əlbəttə, hər qafiyə qurumu şer olmadığı kimi, hər mənasız, məntiqsiz söz yığını da şer deyil”.
Əsl poeziya nədir? – sualına cavab məqsədilə üz tutduğum Məmməd Araz poeziyasıdır. Məmməd Araz poeziyası bütövlükdə həqiqi poeziya haqqında təsəvvür yaratmaqla oxucuda bədii zövq formalaşdırır. Eyni zamanda mənalı və mənasız şer sərhədlərini müəyyənləşdirməyə imkan verir.
Məmməd Araz poeziyası haqqında çox yazılıb, çox deyilib. Hələ bu ümmana dönə-dönə qayıdan, ona müxtəlif baxımlardan yanaşan çox olacaq. Mən sadəcə olaraq “Əsl şer nədir?”, “Hansı şer ruhi qida ola bilər?” kimi suallara Məmməd Araz poeziyasının verdiyi saysız-hesabsız cavablardan yalnız bir neçəsinin üzərində dayanmaq istəyirəm.
Elə bəri başdan deyim ki, onun yaradıcılığına bələd olandan poeziya haqqında gəldiyim qənaət belə olub: adi fikrin qeyri-adi ifadəsidir əsl poeziya. Deyirlər, şairlik Allar vergisidir. Həqiqətən də belədir. Bu verginin gücüylə hasilə gələnlər məhz gözəl sənət nümunələri olur. Məmməd Araz poeziyası kimi onun sehrli söz dünyasının nuruna bələnərək, işığında azca yol getmək və poeziya haqqında düşüncələrimi oxucu ilə bölüşmək istəyirəm.
Mənə elə gəlir ki, əsl şer güclü məntiq və dərin mənayla yoğrulmalı, təşnə könüllərə bir içim su, üşüyən qəlblərə bir udumluq istilik olmalıdır. Bu mənada mən deyərdim ki, insanı öz dünyasından alan, hisslərini ehtizaza gətirəndi əsl poeziya.
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin, dünya mənim, dünya heç kimin.
Doğrudan da, insan beyni məşğul olduğu fikirləri bir andaca unudub bu şer dünyasının havasıyla yaşamaya bilmir.
Insanı heyrətləndirən tapıntılar, fikirlərdir əsl poeziya:
Yeri, yox bir dayan qəbahət yolun
Sonundan dönmək də gec olmayıbdır.
Görünür qoluna girən çox olub,
Qolundan yapışan heç olmayıbdır!
Çoxlarının bəzən fərqinə varmadığı bir həqiqət qola girmək – qoldan yapışmaq deyil hələ həqiqəti var həyatda. Düşündürücüdür, deyilmi?
Bəlkə min dəfə gördüyün bir hadisəni, eşitdiyin bir fikri ilk dəfə görür və eşidirmişsən kimidir əsl poeziya.
“Sənin qəzan dosta gəldi” – xəbəri bəddi
Dost əlinin sənə dəyən xətəri kimi.
“Bir yaltağa söz verildi” – xəbəri bəddi
Sevdiyinin sevdiyi var xəbəri kimi.
Bəli, dostdan gələn yamanlıq qədər ağrılıdır sevdiyinin sevdiyi var xəbəri də. Həyat həqiqətlərini böyük cəsarətlə, kəskin bir dillə deyərək cəsarətilə insanı dondurandı əsl poeziya.
Tərəfsiz tərəfdə düz oğlu düzlər
Tərəfgir tərəfdə silah, qan-qada.
Çayını itirən mavi dənizlər
Çırpınıb boğulur göz qabağında.
Dünya düzəlmir ki, düzəlmir, baba.
Həqiqət sözünü zamanında deməyin özü də bir cəsarətdir!
Vətənə, anaya, torpağa, təbiətə, ümumiyyətlə bütün varlığa olan məhəbbəti dəyişdirən, gücləndirəndi əsl poeziya.
Bir qayaya söykənmişəm, deyirəm kaş
Bax beləcə daşa dönəm yavaş-yavaş...
... Onda vətən sanar məni bir balaca
vətən daşı,
Vətən daşı olmayandan olmaz
ölkə vətəndaşı.
Yaxud:
Torpağa söykəndim, gücüm dağ gücü,
Torpaqdan ayrıldım – çürümüş dənəm.
Mən halal zəmimdən bərəkət biçib
Haram xırmanında döyə bilmərəm.
Müqəddəsliyə çağırış deyilmi bunlar!
Insanı daxilən təmizləyən, saflaşdırandı əsl poeziya!
Bu ürək – vətənim, bu ürək – ölkəm.
Nə pislik tanıdım, nə kin, nə acıq.
Necə yaşadımsa, elə də ölləm –
Gözləri yumulu, əlləri açıq.
Bu qısa insan ömründə ürək dediyimizə kin-kidurəti yaxın buraxmamalı. Onsuz da ən sonda özümüzlə apardığımız yumulu gözlər, açıq əllərdir sadəcə. Sonramıza – bizə, bizdən qalansa rəhmət oxunası ad!
Bəşərin sabahı üçün narahatlıqdı, məsuliyyətə çağırışdı əsl poeziya!
Bəşər çox təzadlar yükünü dartıb,
Daha da ilişib çıxıbdı dardan.
Ağıllı azdıqca, ağılsız artır,
Qoruyun dünyanı “ağıllı”lardan.
Bu, dünyamızın sabahı üçün şair qəlbinin harayıdır ki, oxucusunu da harayına hay verməyə səsləyir.
Dəyanət, dözüm, qəhrəmanlıq, kişilik məqamlarına yüksələndi əsl poeziya!
Gözünü sil, Vətən oğlu, ayağa qalx!
Üfüqünə bir yaxşı bax,
Sərhəddinə bir yaxşı bax,
Sərhəddinin kəməndinə bir yaxşı bax!
Dur içində qorxunu boğ,
Ölümünlə qalımını ayırd elə.
Dur içində dovşanı qov,
Dur özünü boz qurd elə!
Varım-yoxum, səninləyəm!
Azım-çoxum səninləyəm!
Bundan böyük igidliyə çağırış, kişilik dərsi olurmu görən?
Sevdiyinə təkrar-təkrar vurulmağı, saf məhəbbəti təlqin edəndi əsl poeziya:
O səsin ahəngi, o üzün rəngi,
O gülüşün duzu heç harda yoxdur.
Səndən vəfalısı, səndən qəşəngi,
Səndən insafsızı heç harda yoxdur.
yaxud:
İki ömür yolu, bir dəmir yolu,
Bizimçün dayanıb, bu dayanacaq.
Nə səni mənimtək duyanın olub
Nə məni sənintək duyan olacaq...
Duyub qovuşanlar var, duyub qovuşmayanlar var... İnsanların ən xoşbəxti duyaraq yaşayanlardır!
Və nəhayət, ulu Tanrıyla, yaradanla həmsöhbət olmağa qadir olandı, Allahla insan arasında bir bağlılıqdı əsl poeziya!
Ya rəbbim, bu dünya sən quran deyil,
Adını, soyunu dəyiş dünyanın,
Odunu, suyunu dəyiş dünyanın,
Yolunu, yönünü dəyiş dünyanın.
Ya rəbbim, bu dünya sən quran deyil,
Fəzada yerini dəyiş dünyanın...
yaxud:
Oyat bizi, ey yaradan, səninləyəm,
Ya birmərrə yatırt bizi,
Ya birmərrə oyat bizi,
Ya yenidən yarat bizi.
Ey yaradan, səninləyəm!
Doğrudan da, ən çətin anında əllərini göyə qaldırmaqdan başqa çarəsi olmayan insanın imkan və güman yeri əl açdığı Allah dərgahı olur. Eşidirmi ulu Tanrı!
Məmməd Araz şerinin hayını-harayını yaradanın belə eşidəcəyinə inanıram!
Qarşımda kitabları, fikrimdə şerlərinin əhatəsi boyda dünya. Bu söz dünyanı yaradan şerlərinin üzərində baxışlarım gəzir. Hər dəfə oxuduqlarımı təkrar oxuyarkən ilk dəfə oxuyurmuş kimi yeni bir məna, yeni bir fikirlə qarşılaşıram. Beləcə hər dəfə qarşısında donub qaldığım bir həqiqət, bir qüdrət olur, Məmməd Araz poeziyasının qüdrəti! Yeni-yeni yazarlar nəslinə örnək olan həmişəyaşar poeziyasının ömrü qədər bir ömür arzusu ilə.
1997