Əli VƏKİL
FƏXRİ VƏTƏNDAŞ
Görkəmli xalq şairimiz, əziz qələm dostumuz Məmməd Araz!
Dünən tamam olan 65 illiyin münasibətilə Səni ürəkdən təbruk edir, möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Məmməd müəllim! 14 oktyabr Sənin ad günündür. Bu münasibətlə Səni təbrik etməli, eyni zamanda zəngin yaradıcılığın barədə oxuculara ətraflı məlumat verməliyəm. Bu, mənim üçün şərəfli olduğu qədər də, məsuliyyətlidir. Azərbaycan xalqı tərəfindən sevilə-sevilə oxunan, özünə ürəklərdə yer tapan, əsərləri çoxsaylı oxucuların dillər əzbəri olan bir sənətkar haqqında nə yazasan, necə yazasan? Sahilsiz ümmana bənzər Məmməd Araz yaradıcılığına baş vurmaq hər qələm sahibindən onu dərindən saf-çürük etməyi, əsərləri barədə, ədəbiyyatımızın dəyərli inciləri sayılan poeziya nümunələrinin yeni çalarları haqqında tutarlı fikir söyləməyi tələb edir.
Əziz qələm dostum, yubileyinlə əlaqədar qeydlər edərkən onu necə adlandırmaq barədə də xeyli düşündüm, baş sındırdım. Yenə də Sənin şerlərin dadıma yetişdi. Necə də gözəl demisən:
Onda Vətən sanar məni
bir balaca Vətən daşı,
Vətən daşı olmayandan
olmaz ölkə vətəndaşı...
Beləliklə, Sən öz xalqını Vətənin layiqli vətəndaşı olmağa səsləyirsən, onlara vətənpərvərlik ideyalarına sadiq qalmağı, Vətəni yadellilərdən qorumağı, torpaq yolunda candan keçməyə hazır olmağı tövsiyə edirsən. Bütün yaradıcılığınla, xalqa sədaqətlə xidmətinlə, Vətənə bağlılığınla gözümüzdə ilahiləşir, heykəlləşir və sözün əsl mənasında fəxri Vətəndaşa çevrilirsən.
Bir sözlə, Azərbaycanın fəxri vətəndaşı, poeziyanın fəxri vətəndaşı, sənətin fəxri vətəndaşı olursan. Ona görə də qeydlərimi “Fəxri Vətəndaş” adlandırmağı qərara aldım. Özün çox gözəl demisən ki, hər bir şairin tərcümeyi-halı onun yaradıcılığı, şerləridir. Bu ənənəyə sadiq qalaraq yazını hazırlayarkən Sənə əziyyət vermədim, narahat eləmədim. Söhbətimi xəyalən Səninlə, həqiqətən isə kitablarınla, şerlərinlə elədim. 1983-cü ildə anadan olmağının 50 illiyi münasibətilə “Yazıçı” nəşriyyatının çapdan buraxdığı “Dünya sənin, dünya mənim” adlı şerlər kitabını vərəqləyirəm. Həmin əsərə yazdığın ön söz “Söz haqqında söz” adlanır: “İllər qalıb uca dağlar dalında, əl çatmazdı, ün yetməzdi ötən günlər, ötən çağlar. Yaxşı ki, xatirələr ekranında ayları, illəri olduğu kimi olmasa da, ona yaxın şəkildə görmək mümkündür. “Xatirə bitəndi – ürəklə əksən”. Həm də ona görə “bitəndi” ki, çox vaxt bu xatirələrin “payız şumu” doğulub boy atdığın doğma yerlərin nəfəsi ilə isinir, bulaqlarından su içir, təmiz qış qarından yorğan alır.
1933-cü ildə Salvartı dağlarının Naxçıvan üzündə Şahbuz rayonunun Nurs (Nurs – “Nursu” sözündəndir. Kəndin kövşənində saysız nur sulu bulaqlar var) kəndində dünyaya göz açmışam”.
Bəli, 1933-cü ilin 14 oktyabr günü bizim üçün əlamətdar gündür, tarixi gündür, müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Məmməd Arazı ədəbiyyata, millətimizə bəxş etdiyi gündür. Bu anda neçə-neçə şerinin misraları qulaqlarımda səslənir, mənimlə söhbət edir. “Azərbaycan – dünyam mənim” məşhur şerinin aşağıdakı misraları necə də səciyyəvidir:
Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.
Son şerlərində Azərbaycanı vəsf elədin, sən dünyaya Azərbaycan dünyasından baxdın, sən Azərbaycanın layiqli övladı oldun, sən Azərbaycanın fəxri vətəndaşına çevrildin. Sən Azərbaycanla fəxr elədin, Azərbaycan da səninlə öyündü, səninlə qürrələndi. Yenə də adını çəkdiyim kitabında oxuculara təqdim etdiyin “Ön söz”ə müraciət edirəm: “Aşağı siniflərdən ədəbiyyata, şer oxuyub əzbərləməyə xüsusi həvəsim vardı. Yaxşı şeri bircə dəfə oxuyardım, yaddaşıma həkk olunardı. Bütün bu həvəsin, bu marağın “ilk müəllimi” anamın cəhrəsi idi. Evimizin taxta-boxçasında hara əl atsan, bir dastan, nağıl, aşıq şerləri kitabı çıxardı. “Aşıq Ələsgər” elə həmişə kürsünün üstündə idi. Anam bu kitabları bizə oxudar, bircə oxuda hamısını yığışdırar, əlçimin ucunu iyə ilişdirər, cəhrənin tutacağını tovlayar, dastan dünyasının qapısı cəhrənin səsinə uyğun cırhacırla açılardı”.
Ilk müəllimini, şerə, sənətə gəlişini belə xatırlayırsan. Çox doğru deyirsən. Analardan, nənələrdən müqəddəs müəllim harda var? Hamımıza ilk şer dərsini dilləri bayatılı, qoşmalı, rübaili, qəzəlli nənələr, analar vermişlər. Onların xeyir-duası ilə ədəbiyyata gələn hər bir qələm sahibi el arasında şöhrətlənir, sevilir, hədsiz uğurlar qazanır. Analardan, nənələrdən, uşaqlıq dünyasından ayrılarkən necə də gözəl demisən:
Ey dəvə yal, düşdüm daha belindən,
Ovsar cığır çıxdın daha əlimdən,
Balam çiçək, bir də öpüm telindən,
Salamat qal,
Salamat!
Orta məktəbi bitirdikdən sonra doğma kəndinlə beləcə vidalaşaraq ali təhsil almaq məqsədilə Bakıya üz tutdun. Hamı sənə uğur dilədi, yaxşı yol dedi. Kənddə İbrahimov Məmməd İnfil oğluna həsəd aparanlar da çox oldu. Onlar hardan biləydilər ki, illər keçəcək əvvəllər “Məmməd İbrahim” imzası ilə ilk şerlərini yazan eloğluları sonralar Araz kimi çağlayan, Araz həsrətli, elin sevimlisi xalq şairi Məmməd Araz olacaq, onunla təkcə öz ailəsi, kəndi, rayonu deyil, bütün Azərbaycan fəxr edəcək. Sən də özünü dünyanın ən xoşbəxt, ən varlı adamlarından biri sayacaqsan?
Hələ ömrümüzün nə yazı olub,
Hələ bu dünyada nə yaşamışıq.
Bizim payımıza çatası olub,
Təsəlli bir qaşıq, ümid bir qaşıq.
Demə ki, ömrümüz keçdi yarıdan,
Biz yenə ümidli günlər yarıyıq,
Biz ki gələcəyə inam sarıdan,
Dünyanın ən varlı adamlarıyıq!..
Cəmi səkkiz misralıq “Təsəlli” şerin insanları yaşamağa , qurub-yaratmağa, mübariz olmağa, mənəvi təmizliyə sövq edir.
Son on ildə bədnam Dağlıq Qarabağ müharibəsində Sənin şerlərin vuruşlarda orduları əvəz edib, əsgərlərimizə ruh verib, onları qəhrəmanlığa, qələbəyə ruhlandırıb, döyüşçülərin cibində sənin kitabların olub. “Ayağa dur, Azərbaycan” demisən:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!
Bu, Şəhriyar harayıdı,
Bu, Bəxtiyar harayıdı!
Hanı sənin tufan yıxan,
Gürşad boğan yurda oğul oğulların!
Qara Çoban, Dəli Domrul oğulların.
Çək sinənə - qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə.
Enməzliyə qalxmış olan bayrağını!
Azərbaycan, Azərbaycan,
Azərbaycan bayraqğını!
Bu məşhur şerindən bir neçə misranı oxucuların nəzərinə çatdırmaq, qayəni, məqsədini, vətəndaşlıq duyğularını, xalqa, Vətənə məhəbbətini, düşmənə nifrətini açıqlamaq istəyirəm. Amma şer o qədər təsirli, o qədər bədiidir ki, ondan ayrılmaq, qalan misralarından vaz keçmək olmur. Hörmətli Məmməd müəllim, Sən bu şeri Azərbaycanımızın ürəyi sayılan, əzəli torpağımız Dağlıq Qarabağın başına gətirilən oyunları, nankor qonşunun torpaq iddialarını müşahidə etdikdən sonra yazmısan. Azərbaycanı, onun cəsur övladlarını mübarizəyə, qələbəyə səsləmisən. Bu, sözün əsl mənasında görkəmli şairin, həqiqi vətəndaşın çağırışı, harayıdı. Ona görə də şerin dillər əzbəri olmuş, ürəklərə yol tapmışdır. Bəli, Sən vətəndaş şairsən, Sən adi vətəndaş yox, böyük hərflərlə VƏTƏNDAŞ ŞAİRSƏN!
Amma təəssüf ki, Sənin layiq olduğun qiyməti Sovet Azərbaycanı deyilən keçmiş quruluşun rəhbərləri, səlahiyyətli şəxsləri vaxtında vermədilər, qəlbinə toxundular, ürəyini sındırdılar, lakin heç “uf” da demədilər. Kimlərəsə əməkdar incəsənət xadimi, Sənə əməkdar mədəniyyət işçisi adı verdilər. Sanki poeziyamızın görkəmli nümayəndəsi yox, kitabxana işçisi idin. Heç nə demədin, ürəyinə salıb susdun. Əlindən nə gəlirdi? Güneyli-Quzeyli Azərbaycanı qılınc kimi iki yerə bölən Araz çayının adını özünə ləqəb götürüb Şimalı, Cənubi Azərbaycanın dərdini, faciələrini şerlərində vəsf elədin. Xalq şairi, xalq yazıçısı fəxri adları verildi. Yenə də nədənsə yaddan çıxdın. Amma heç bir vəzifə sahibi bu barədə düşünmədi, narahat olmadı. Digər qələm dostlarınla birlikdə Sənin də kitabın Azərbaycan SSR Dövlət mükafatına təqdim olundu. Bu dəfə də yaddan çıxdın. Bütün bu ədalətsizliklərin zərbəsi həssas, səmimi ürəyinə dəydi. Sarsıldın, fəqət haray-həşir qoparmadın. Yalnız “Dünya sənin, dünya mənim, dünya heç kimin” və “Dünya düzəlmir ki, düzəlmir, baba”, – deyə ürəyindən keçənləri kağıza köçürüb oxucularına çatdırdın. Həyatda hər şey öz yerini tapır. Həqiqət zəfər çalır. Çaldı da. Sonralar əməkdar incəsənət xadimi fəxri adını da, xalq şairi adını da, Azərbaycan SSR Dövlət mükafatı laureatı adını da aldın. Məlum oldu ki, dünya ona ötəri baxanların yox, dünyanı dərindən dərk edən, qələmi, istedadı ilə özünə “Məmməd Araz dünyası” yaradan şəxslərə qalır, yəni dünya Sənin olur, Məmməd Araz, dünyaya yük olanların, öz şəxsi mənafelərini güdənlərin yox. Sənin kimi sənət fədailərinin.
Yox, belə davam edə bilməzdi ulu dünya, Məmməd Araz dünyası. Nəhayət, arzu etdiyiniz gün gəlib çatdı. Azərbaycanımız müstəqilliyini əldə etdi. Şerin, sənətin qədrini bilən, xalqımızın dahi oğlu Respublikanın prezidenti Heydər Əliyev cənabları qayğınıza qaldı, Sənə yeni mənzil verdi, Almaniyaya müalicəyə göndərdi, fəxri təqaüd təyin etdi.
Bu, zamanın hökmüdür:
Ömür də tükənir, söz də tükənir,
Başımın altından yastıq da qaçır.
Əllərdir uçuran əllər tikəni,
Çölümdən yaz qaçır, yazlıq da qaçır,
Dünya düzəlmir ki, düzəlmir, baba!
Beləcə, dünyada hər şeyin öz yerində, öz axarında olmaması, müharibələrin baş verməsi, nahaq qan tökülməsi, insanların düçar olduqları fəlakətlər Səni həmişə düşündürdü, narahat elədi. Qırğınsız, müharibəsiz dünya arzuladın:
Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə -- Mars arasında, –
Müharibə olmasa!
Bu şeri 1956-cı ildə yazmısan. Hardan biləydin ki, illər keçəcək, qarı düşmən torpaq iddiasına düşəcək, canın qədər sevdiyin Dağlıq Qarabağda 1988-1994-cü illərdə qanlar töküləcək, günahsız soydaşların şəhid olacaq, Azərbaycanda da müharibə ocağı tüstülənəcəkdir? Nə biləydin, şair dostum, nə bileydin?..
Əlin qələm, dilin söz tutandan Vətənə, torpağa, millətə, qədim tarixinə, bir sözlə, Odlar yurdunun hər qarışına, hər daşına vuruldun:
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu hikmətli misraların indi də dillər əzbəridir. Beləliklə, yazıb-yaratdıqca ellərin sevimlisinə çevrildin, qədirbilən xalqımız Məmməd Araz sənətinə, Məmməd Araz dünyasına vuruldu, əsərlərin insanların mənəvi dünyasını zənginləşdirdi. Vətən daşına, Vətənin Fəxri Vətəndaşına çevrildin:
Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa,
Gözünü sıx, hansı daşda od yansa,
O daş altda Məmməd Araz yaşayır.
Daş altda da, daş üstdə də, ürəklərdə də, sənətsevər bir sıra ölkələrdə də Məmməd Araz yaşayır. Məmməd Araz nəğmələri dilə gəlir, insanların mənəvi dünyasını fəth edir və gələcəkdə də fəth edəcək. Qayaları əbəs yerə bu qədər ürəkdən sevmirsən. Çünki Vətən qayaları Vətənin özü kimi əbədidir, ölməzdir, qeyrət, vüqar rəmzidir.
Bu yerdə “Məmməd Araz qayası” şerini xatırlayıram. Onun yaranma tarixinə nəzər salaq: “ Bu yaxınlarda aldığım oxucu məktubunda deyilir ki, “Sarıbulaq” adlanan dərəyə gedən yolun üstündə bir sal daşa “Məmməd Araz kürsüsü” adını vermişik. Kövrəldim. Onu çoban dostumun hədiyyəsi saydım. O sal daş mənə qaya boyda göründü. Xəyalən o qayanın görüşünə getdim”:
Fərmanına, təltifinə alqış, ey çoban!
Məmməd – Qaya, Qaya – Məmməd,
Xoş gördük Sizi!
Olsa-olsa mən olaram adi daş çapan
Çopur qaya, Qaya Məmməd,
Xoş gördük Sizi!
Öz sözünü demək üçün, özü də məhz Məmməd Araz kimi demək üçün, Məmməd Araz dünyasını kəşf etmək üçün, Fəxri Vətəndaş olmaq üçün, Vətən qayalarına çevrilmək üçün ədəbiyyata gəldin, ürəklərdə heykəlləşdin. Irili-xırdalı neçə-neçə kitabların işıq üzü gördü. Beləcə, kitablara səpələnmiş ömür gəlib 65-ə çatdı, 65 yaş nədir ki? Hələ Səni öndə neçə-neçə uğurlar, yaradıcılıq zəfərləri gözləyir! Xoşbəxt ol, əziz dostum!
Məmməd müəllim, yubileyinlə əlaqədar həyatınla, ədəbi yaradıcılığınla bir daha yaxından tanış oldum, keşməkeşli şair ömrünün maraqlı salnaməsini dönə-dönə vərəqlədım, həyəcanlandım, kövrəldim. Xalqımızın həyatından qara xətt kimi keçən müharibə illərini, 41-45-də oda düşən, kədərlə ötüşən uşaqlıq illərimizi xatırladım. Beş yaş məndən böyük olsan da, şair taleyimizin, həyatımızın bir sıra oxşar cəhətləri məni düşündürdü, xəyala qərq etdi. Xatirələrin barədə oxuculara bir daha məlumat verməyi qərara aldım: “Məktəb yaşından bir il tez məktəbə getmişəm. Mənim yaşıdlarımın uşaq taleyindən müharibə qasırğası keçib. Müharibənin başlanğıcını yuxu kimi, son illərini isə yaxşı xatırlayıram. Aclıq, qıtlıq, göz yaşı, həsrət, nifrət, qəzəb şahidi olmuşuq. Sevimli müəllimlərimizi ağlaya-ağlaya cəbhəyə yola salmışıq. Bəzən yuxarı sinif şagirdləri “müəllim” olub, bəzən bir qocaman kimya müəllimi “mən Lomonosovam” – deyə-deyə əksər fənlərin yükünü boynuna götürüb. O zaman belə idi: əli çəlik tuta bilən rəncbərlik edən kotançı, suçu, dərz bağlayan, qadınlar oraq, bel, külüng götürən idi. 8-10 yaşlı uşaqlar daha uşaq deyil, kişi idilər. Çobanlıq, naxırçılıq, daşıqçılıq, macqallıq, hodaqlıq və s. vəzifələri bir qayda olaraq “uşaq-kişilərə” tapşırırdılar. Ancaq insan qəlbi yenə “köhnə” ahəngi ilə döyünürdü. Günəş səhər doğur, axşam batırdı, ulduzlar gecələr görünürdü”.
Müharibə illərində sənin Naxçıvanda, öz doğma kəndində gördüklərini, icra etdiyin işləri mən də Göyçə mahalında görmüşəm. Arabaçı da olmuşam, hodaq da. Ona görə də bu gün, sənin yubileyində istər mənim üçün, istərsə də oxucularımız üçün Məmməd Araz dünyasına baş vurmaq, şerlərinə qulaq asmaq, xatirələrini dinləmək xüsusilə xoşdur.
1950-ci ildə orta məktəbi bitirib Bakıya gəldin.
Bax, beləcə ömrünün qaynar, mənalı Bakı həyatı, tələbəlik illəri başladı. Poeziyanın çətin, şərəfli ümmanına baş vurdun, oradan əliboş qayıtmadın, əbədiyaşar, dəyərli incilərlə xalqımızı sevindirdin, nəğmələrin ürəklərə yol tapdı. Amma doğulduğun diyarı, qoynunda boya-başa çatdığın kəndi, dağları, insanları heç zaman unutmadın. Ata yurdu ilə hər görüşüb ayrılanda kövrəldin, bu gün Azərbaycan aşıqlarının, eləcə də oxucuların dillər əzbəri olan “Əlvida, dağlar” şerin belə kövrək hisslərin məhsulu deyilmi?
Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar?..
Leysan, salamat qal, yağ, salamat qal!
Şerin, sənətin xiridarı, Məmməd müəllim, Sən dağlara, dağlar Sənə elə qırılmaz tellərlə bağlısınız ki, nə onlar Sənsiz yaşaya bilər, nə də Sən onlarsız. Axı Sənin həm də dağlar dünyan var:
Ayaq saxla, dövrənə bax ötəri belə,
Min illərdir Araz belə, Həkəri belə,
Axşamların, səhərlərin təkəri belə,
Dünya sənin,
dünya mənim,
dünya heç kimin...
Şair dostum, illərdən bəri oxuduğum, əzbərlədiyim şerlərini bir-bir nəzərdən keçirirəm. Yeni çalarlar, dərin məna, əsərlərin bədii keyfiyyəti, yüksək sənətkarlıq məziyyətləri məni heyran edir. Eyni zamanda bir sıra çətinliklərlə üzləşirəm. Necə deyərlər, zəngin yaradıcılığın qarşısında çaşıb qalıram. Ürəklərdə özlərinə yer tapmış şerlərinin hansından söhbət açım, hansını misal göstərim? Bütün bunlara baxmayaraq Sən o qədər sadə, o qədər təvazökarsan ki, çox vaxt heç nə edə bilmədiyin üçün özünü danlayır, məzəmmət edirsən. Lakin dəxli yoxdur, xalq öz görkəmli oğlunu, Məmməd Araz yaradıcılığını qiymətləndirə bilir. Bu gün 50-dən çox kitabın müəllifi Məmməd Araz o xoşbəxt sənətkarlardandır ki, əsl xalq məhəbbəti qazanmışdır. Əziz qələm dostum, Məmməd müəllim, bir zaman bəzi bədxahlar Sənin əsərinə mükafat vermək istəmirdilər. Amma gör neçə illərdir sənin adına təsis edilmiş “Məmməd Araz ədəbi mükafatl”nı o şərəfə nail olmuş qələm dostlarına sən özün təqdim edirsən. Bu, şair xoşbəxtliyi, sənətkar bəxtəvərliyidir. Sən bu şərəfə, bu şöhrətə layiqsən, Məmməd müəllim. Bu dəm məşhur “Məndən ötdü, qardaşıma dəydi” şerini xəyalımda canlandırdım:
Ey daşlaşan, torpaqlaşan, ulu babam,
Bu günümdən dünənimə uzaqlaşan, ulu babam.
Küləkləşən, dumanlaşan ruhunla sən,
Ayağa dur, səninləyəm!
Səs getməyən, əl yetməyən
Qədim tarix dərəsindən
Səs ver mənim səsimə sən:
Sənə gələn, səndən ötən nəydi belə?
Səndən ötüb qardaşına dəydi belə?!
Bununlamı neçə dəfə
Ata-oğul, qardaş hissi haçalandı,
Bir şəhərin
Beş qardaşın xanlığına parçalandı?!
Bu yerdə böyük Sabirimizin məşhur “Millət necə tarac olur-olsun, nə işim var” şeri yada düşür. Yəqin ki, bədnam Dağlıq Qarabağ müharibəsində bəzi “millət qəhrəmanları”, yalandan sinəsinə döyənlər, xəyanətkarlar əlbir-dilbir olsaydılar, biri dağa, biri arana çəkməsəydi, müqəddəs torpaqlarımız əldən getməzdi. Tarixdən bizə məlumdur ki, Vətən dara düşəndə, onun başını qara buludlar alanda, yadellilər müqəddəs torpaqlara göz dikəndə şairlər qələmini süngüyə çevirir, həmişə ön cərgədə gedirlər. Bu cəhətdən Sənin fəaliyyətin, zəngin yaradıcılığın xüsusi əhəmiyyət kəsb edir. Bu yaxınlarda “Azərbaycan” nəşriyyatında işıq üzü görmüş avtoqrafiya ilə mənə bağışladığın “Yol ayrıcında söhbət” şerlər kitabını vərəqləyirəm. Əziz dostum, Sənin fədakarlığın, Vətəninə, xalqına vurğunluğun, 1990-1997-ci illəri əhatə edən, başımıza gətirilən fəlakətləri əks etdirən çoxsaylı şerlərin məni heyrətə gətirir. Kitabın üçdən birini məhz bu illərdə yazmış olduğun əsərlər təşkil edir. O şerlərin hamısı haqqında söhbət açmağın qeyri-mümkünlüyünü nəzərə alaraq bir çoxlarının adlarını çəkmək istərdim. “Bu millətin dərdi-səri”, “Ayağa dur, Azərbaycan”, “Ulu şahım, qılıncına söykənim”, “Sənə inanıram”, “Yaşamağa nə var ki!”, “Əsgər oğul”, “Söznən zarafat eyləmə”, “Mikayıl şer oxuyur”, “Qoşul mənə, gedək dedin”, “Hara gedirəm, bilmirəm” və s. və ulaxir. Hamısını sadalamaq mümkün deyil...
Kitabın ilk səhifəsində gedən, 1992-ci il iyunun 3-də yazdığın “Bu millətin dərdi-səri” şerini dönə-dönə oxuyur və fikrə dalıram. Həmin günlərdə xalqımızın keçirdiyi iztirablar, dərdi-sər şerdə necə də inandırıcı verilmişdir:
Tanrım, məni tuş eləmə satqına, tuş,
O, milləti şöhrətinə girov qoymuş.
Heç görmədim qan tökəni qannan doymuş,
Bu millətin dərdi-səri min şaxəli.
Özü hakim, özü dustaq öz içində;
Qızıl sözü itir lilli söz içində,
Milyonları sel ağzında, toz içində...
Bu millətin dərdi-səri min şaxəli...
Məmməd müəllim, Şah İsmayıl Xətaiyə həsr etdiyin “Ulu şahım, qılıncına söykənim” adlı şerin də bu qəbildəndir. Dağlıq Qarabağ uğrunda vuruşlar zamanı əsgərlərimizi qələbəyə ruhlandırmaq məqsədilə Xətai babamıza üz tutur, onun ruhu qarşısında baş əyir və deyirsən:
Şah Xətai, qüvvətimiz haçalanır,
Qüdrətimiz, qeyrətimiz haçalanır.
Varlığımız çiliklənir, paralanır,
Ulu şahım, qılıncına söykənim.
Şair dostum, bu misraların, buna bənzər digər şerlərin torpaqlarımızın müdafiəsində Azərbaycan oğullarına hava qədər, su qədər gərək idi. Şerlərinlə tanışlıqdan aydın olur ki, sən hətta ön cəbhədə əsgərlərimiz qarşısında çıxış etməkdən, onlarla görüşdən də çəkinməmisən. “Murova qar yağırdı” şerinin altında “Murovdağ-Bakı, noyabr 1994-cü il” yazılıb.
Axşamdan başlamışdı,
Murova qar yağırdı;
Qar altda donmuşların
üstünə qar yağırdı.
Düşmənin qəfil hücum qəsdinə qar yağırdı.
Kürəkçayın nəfəsi batmış idi elə bil.
Mürgü bilməz küləklər yatmış idi elə bil;
Keşikdəki əsgərin baxışı, zəndi oyaq...
Murova qar yağırdı
Murova qar yağacaq,
Min illərlə beləcə sıldırımlar qalacaq...
1992-ci ilin may ayı. Istərsə həmin ildə, istərsə də həmin ayda respublikamızda baş verən hadisələr, hakimiyyət dəyişikliyi, siyasi çəkişmələr, müqəddəs torpaqlarımızın – Şuşanın, Laçının itirilməsi xalqımızın yaddaşından heç zaman silinən deyil. Məmməd müəllim, mayda baş verən hadisələr, törədilən cinayətlər, xəyanətlər şair qəlbini sızlatmış, böyük Sabirə üz tutaraq yazdığın “Nişançı özümüz, hədəf özümüz” şerinin yaranmasına səbəb olmuşdur. Mayın ikisində yazdığın şer sanki həmin günlərin ruhunu, salnaməsini özündə bu gün də yaşadır. Səkkiz bəndlik şerin son misralarını oxucularımızın nəzərinə çatdırmaqla fikrimi tamamlamaq istərdim:
“Nişançı özümüz, hədəf özümüz”...
Beləsə... çürümüş dirəyik belə,
Bir süfrə başında iki sözümüz,
Bir ola bilmirsə, ta nəyik belə?..
Biz niyə bu günə düşdük, ay dədə?!
Qeydlərimin sonunda yenə də sözü Sənə vermək istəyirdim, Məmməd müəllim: “Tərcümeyi-halımda işlədiyim yerlər, daşıdığım vəzifələr barədə danışmadım. Əsil tərcümeyi-hal şairin şerləridir. Nasir üçün bunu demək çətindir. Nasirin imkanı və vəzifələri başqadır. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir. “Qəlbində nə varsa, ona deyir”.
Əziz dostum, Sən poeziyada, şəxsiyyətdə kamil, bütöv olduğun kimi məhəbbətin də günəş kimi hərarətli, bulaq suyu qədər təmiz və şəffafdır.
Gözəllər aşiqi az olmamışam,
Hamısı yan keçir indi yanımdan;
Görünür, qızların qəlbindən tamam
Mənə məhəbbəti oğurlamısan...
37 il bundan əvvəl yazdığın “Səndən ayrı” adlı dörd misralıq bu şerin Sənin əbədi, büllur məhəbbətinə ən gözəl misaldır.
Hansı lirik şerinə müraciət etsəm, eyni səmimiyyətin, təmiz duyğuların şahidi olacağam.
Məmməd müəllim, Sən qələmini həm də tərcümə sahəsində sınamış, Lermontovun, Nekrasovun, Şevçenkonun, Abayın, Taqorun, Leonidzenin, Mustay Kərimin, Qaysın Quliyevin və digər görkəmli şairlərin əsərlərini Azərbaycan oxucularına çatdırmısan.
Əziz şair dostum, anadan olmağının 65 illiyi münasibətilə Sənin zəngin yaradıcılığın barədə hörmətli oxucularımıza nəsə çatdıra, Məmməd Araz dünyası barədə fikir söyləyə bildimsə, xoşbəxtəm. Amma mənə elə gəlir ki, yaradıcılığının təhlili üçün sanballı əsərlər yazmaq da bəs etməz. Nə isə, mehriban dostum, Sənə möhkəm can sağlığı, yaradıcılıq nailiyyətləri arzuları ilə 70 illiyində görüşənədək!
1998