|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
 Tədbir  MAHMUDOV

HAQQIN   VAR,   MƏMMƏD   ARAZ...

İstəkli şairimiz Məmməd Araz haqqında çox yazılıb, çox deyilib, nəğmələri el-obaları dolaşır, şerləri dildə-dodaqda gəzir. Hər yazıda yeni bir fikir, yeni bir kəşf səslənir. Bu da şairin qəlbindəki işıq, zəka, müdriklik, cəsarətin bədii ifadəsi və ümumxalq məhəbbətin nəticəsidir.
Aydın həqiqətdir ki, Məmməd Araz ən çox sevilən, seçilən və heç kəsə bənzəməyən, özünəməxsus yaradıcılıq yolu olan bir sənətkardır. Şairin misraları nə vaxt, harada səslənirsə-səslənsin tərəddüd etmədən hər kəs deyə bilər ki, bu incilər, mahnılar şair  Məmməd Arazındır. Bu, danılmaz həqiqətdir.
Bu günlərdə ötən illərin yaddaş dəftərini vərəqləyir, olub-keçənləri xatırlayır, xəyallara dalır, düşüncələrim məni bir az uzaqlara aparır, yaxşı adamları düşünürdüm. Onlardan biri, daha doğrusu, birincisi gözəl, həssas insan, poeziyasının vurğunu olduğum şair Məmməd Arazdır.
Xatirələr vərəqlənir: iyul, avqust ayları, 1975-ci il. Zuqulba istirahət evi. Sevimli şairimiz Məmməd Arazla keçirdiyimiz xoş, mehriban günlər, mənalı saatlar, dəqiqələr...
O vaxta kimi şairlə mənim heç bir tanışlığım olmasa da şerlərini sevir, əzbərləyir, “Üç oğul anası” poemasının təsirindən ayrıla bilmirdim. Şairlə tanışlıq, gəzintilər, münasibətlər, get-gedə isnişib doğmalaşma...
Həmin günləri ömrümün ən mənalı və məzmunlu anları sayıram. O vaxtlar şair həyatının ən böhranlı, sarsıntılı günlərini yaşayır, mənəvi cəhətdən əziyyət çəkirdi. Görəsən, bu sarsıntıların səbəbi nə idi? Səbəbi sapı özümüzdən olan baltaların namərdliyi, biganəliyi.
Səbəb böyük insan, yazıçı-dramaturq, ictimai və dövlət xadimi, xalqını coşqun bir məhəbbətlə sevən N. Nərimanovun anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Ədəbiyyat və incəsənət” qəzetinin  1972-ci il 27 may tarixli nömrəsini bütövlükdə ədibə həsr etməsi. Materialların hazırlanmasının təşkilatçısı qəzetin redaktor müavini M. Araz olmuşdur. Həm də yubileylə əlaqədar qəzetin nömrəsini bütövlükdə Nərimanova həsr olunması barədə MK-nın katibi D. Quliyevin və Azərbaycan Yazıçılar İttifaqının sədri M. İbrahimovun xüsusi göstərişi olmuşdu. Qəzetin çapından az sonra bədxahlar tapıldı. Həmin nömrə məxfi niyyətlə Moskvaya göndərildi.
Şair bu vaxt istirahətdə ola-ola qəzetin nömrəsinin hazırlanmasına xüsusi göstəriş vermiş şəxslərin iştirak etdikləri yığıncaqda susmaları, nəhayət şairin işdən azad edilməsi.
Bu hadisə də şairin ciddi xəstələnməsinə səbəb olur.
Məmməd Araz sözarası xatırladı ki, Mirzə müəllimin yanına getdim, bu işdə arxa dayanmamasını söylədim və dedim ki, yadınızdadırmı, Naxçıvandan deputat seçilmişdiniz, mən də sizin vəkiliniz idim, kupedə birlikdə Naxçıvana gedirdik. Siz S. Vurğundan, şairin kişiliyindən söhbət saldınız və dediniz ki, S. Vurğun bizi o qədər oddan-alovdan qurtarıb ki... Bəs sizin qətiyyətiniz, cəsarətiniz hanı? – deyib qapını çırpdım.
M. Araz hadisədən sarsıntı keçirsə də, mənəvi cəhətdən əziyyət çəksə də, fəxr edir ki, bu nəcib və cəsarətli işi görüb.
Istirahət evində olduğum müddətdə şairlə günlərimiz bir yerdə keçirdi, həm də çox mənalı. Mən çalışırdım ki, şair o hadisələri unutsun. Buna görə tez-tez dəniz sahilinə çıxır, ədəbiyyatdan, poeziyadan, görkəmli şəxslərdən söhbətlər salır, onun şəxsi fikirlərini öyrənməyə çalışırdım.
Bir gün dedim ki, Məmməd müəllim, istirahət evində şeri, sənəti, ədəbiyyatı sevən ziyalılarımız çoxdur. Sizinlə görüş keçirmək istəyirik. Şair xəyala daldı, araya xeyli sükut çökdü. Nə düşündüsə, etiraz edərək yox, dedi.
Şairin sadəliyinə, təvazökarlığına heyrab qaldım.
Ağızlarda dolaşan, müğənnilərin dilindən düşməyən, məclislərimizdə tez-tez səslənən “Dünya sənin....” sənət incisini o vaxt şairin əlyazmasından oxudum və yaddaş dəftərimə köçürdüm. Şerin fəlsəfi mənası, sözlərin düzümü, misraların bağlılığı və gözəlliyi məni valeh etdi.
Mən bu ömür gün naxışına həvədi dünya “misrasındakı “həvə” sözünün üstündə dayandım və dedim ki, Məmməd müəllim, “həvə” sözü mənə yaxın və doğmadır, ona görə ki, anam gözəl xalı-xalça toxuyandır. Həvə xalça toxunmasında ən yaxşı alətdir. Bu aləti çoxları tanımır və bu sözün mənasını bilmirlər. Bəlkə aşağıda izahını verəsiniz.
Şair gülümsündü və sanki mənim xatirimə  dəyməsindən əhtiyat edirmiş kimi:
-- Bəli, doğru deyirsiniz, ancaq izahat verməyə ehtiyac yoxdur. Biz öz doğma ana dilimizdən süzülüb gələn sözün köhnəlmiş söz kimi əlavə izahat verilməsinə yol verməməliyik. Belə sözlərin unudulması bizim üçün çox nöqsanlı olar. Bunları incəliyi ilə nəsillərə öyrətməliyik.
M. Araz çox həssas, həssas olduğu qədər də diqqətli, nəcib və xeyirxah bir insan, gözəlliyi sevən, onu qiymətləndirməyi bacaran yüksək zövqlü filosof bir şairdir.
Şairdə müşahidə etdiyim ən gözəl xüsusiyyətlərdən biri də insanlara sağlam, obyektiv münasibət, həmkarlarına olan hədsiz məhəbbət, klassikləri sevib qiymətləndirmək bacarığı, hər hansı xoşa gəlməz söhbət və qiybətdən uzaq olmasıdır. Hansı şairdən, yazıçı və alimdən, ədəbiyyatşünas və tənqidçidən söhbət düşürsə-düşsün öz müsbət münasibətini bildirir, bəzilərinə “gözəl insandır, gözəl şairdir” – deyərdi.
S. Vurğundan çox böyük məhəbbətlə danışar, onun böyüklüyündən, xeyirxahlığından, cəsarət və hünərindən, gənclərə arxa durmasından söz açardı. R. Rzadan söhbət düşəndə dedi ki, R. Rza dünya tribunasından xalqımız haqqında qüdrətli söz deməyə qadir olan böyük sənətkardır.
Azərbaycan torpağının hər qarışı – uca dağları, şiş qayaları, yaşıl meşələri, şır-şır bulaqları, nər oğulları, vətən torpağının göz bəbəyi kimi qorunmasına çağırış, səfərbərlik ruhu, xalqın qüruru Məmməd Araz yaradıcılığında poetik ifadələrlə  öz bədii vəsfini tapmışdır.
Odur ki, haqqın var, Məmməd Araz, yaşamağa... haqqın var...

1998




 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws