Telman MEHDİXANLI
DÜNYA SƏNİNDİR, SƏNİN, MƏMMƏD ARAZ!
Şair şam kimidir, şam özü yanar,
Özgənin süfrəsi nura boyanar...
Məhəmmədhüsyn Şəhriyar.
Bu da taleyimin mənə bəxş etdiyi bir qismətdir: sözün qüdrətini, sirrini-sehrini, ovsununu-tilsimini duyub-anladığım ilk vaxtlar hörmətli şairimiz Məmməd Arazın həsrətini çəkərdim. Indi az qala hər gün onu görürəm. Görürəm və diksinirəm... Əl çatmaz, ün yetməz Ziyarət dağına, Gəmiqaya, Qaf dağına bənzətdiyim şair – İnsan – heç demə adidən adi, sadədən sadə bir şəxsiyyət imiş.
Ürcahıma çıxanda özümdən asılı olmayaraq şair Məmməd Arazın önündə baş əyir, səcdə edirəm. Ona qarşı sevgim, ehtiramım birmənalıdır: hər misrası zaman-zaman mənəvi qidam olub. Yaradıcılığı əlimdən tutub gülzarlığa, Ay nuruna doğru çəkib. O Ay işığında görmüşəm ki, çiçəklər necə çimir, qönçələr necə açır, dağlar necə əzəmətli, möhtəşəm görünür, bağlar, ormanlar necə mürgüləyir...
Deyirlər həyatda diqqəti nə çəkirsə, hər şeyin, hər kəsin bir oxşarı var.
Çağdaş poeziyamızın ağsaqqalı Məmməd Araz haqqında çox yazılıb, qədərsiz qədər deyilib. Mənim bu qeydlərim peşəkar təhlildən uzaqdır. Adicə olaraq sevimli şairimizə oxucu istəyini bildirmək niyyətindəyəm. Illər boyu səbrlə, təmkinlə bu məqamı, belə bir fürsəti gözləmişdim ki, onun geniş və əhatəli yaradıcılığından aldığım həzzi oxucularla bölüşüm. Şükürlər olsun, nəhayət, arzum ürəyimdə qalmadı...
“Yol gedirəm. Gördüm bir kasıbın daxmasından tüstü çıxır. Soruşdum: bu nədir? Dedilər bir kasıbın oğlu olub... Yol gedirəm: Gördüm bir çal-çağır var, gəl görəsən. Soruşdum: bəs bu nədir? Cavab verdilər: bir varlının qızının ad günüdür. Qartal balasına uçuş öyrədir...”
Bəlkə, heç bu fikir şair təfəkkürünün məhsulu deyil, hər hansısa bir qüdrətli fırça ustasının yaratdığı tablo mənzərədir? Məgər oxşamır? Oxşayır, özü də necə?
Soydaşlarımız sırasında ilk professional təhsilli rəssam, görkəmli mənzərəçi Bəhruz Kəngərli deyərmiş: “Ölkəmiz büsbütün əlvan və gözəldir. Amma onun Şahbuz obasının öz hüsnü-camalı var. Bura sanki dünyanın açıq müzeyidir. Yaradanımız bu diyardan heç nəyi əsirgəməyib”. Bioqrafik məlumat verməyi xoşlamasam da yazmaq zorunda qalıram; bizim Məmməd müəllim də məhz bu bölgəmizdə dünyaya göz açıb. Kövrək və incə əlləri ilə torpağı sığallayıb. Hələ heysiz və taqətsiz ayaqları ilə onun üstündə addım atıb. Və doğma diyarın bütün əlvanlığı, rəng çalarları onun göz, qan yaddaşına hopub. Təbii ki, bütün bunlar onun şair – rəssam kimi yetişməsinə, dünya görüşünün formalaşmasına xidmət edib. Yoxsa el-oba məhəbbətli, aynada görünürmüş kimi təsvir olunan belə poetik mənzərə yaranardımı?
Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxar dünyaya...
Necə şux, necə təravətli, necə fəlsəfi, dərin məzmunlu, asanlıqla qavranılan bir məntiq! Inandırıram, bunu ancaq və ancaq bütün varlığında-qanında, canında yurdsevərlik duyğuları, məhəbbəti yaşadanlar deyə bilərdi. Necə ki, Məmməd Araz deyib.
Görkəmli alim, akademik, mərhum Həsən Əliyevin “Həyəcan təbili” kitabından bir cümlə: “Azərbaycanımızın iqlimi, nəhayətsiz düzləri, tarlaları, bağları, plantasiyaları, dəniz dalğalarını xatırladan dərələri, əl çatmaz, ün yetməz dağları – bütövlükdə coğrafiyamız görənlərə ilham verir, şair olmayan da şer yazmaq istəyir.”
Sevgi və istəyimi bildirdiyim sevimli şairimiz də pedaqoji institutun coğrafiya fakültəsini bitirib. Təkcə Şahbuzu, Şəruru, Ordubadı deyil, həm də üzük qaşına bənzətdiyimiz Şuşanı, İsa bulağını, Qırxqız yaylağını, Mili, Muğanı oba-oba gəzib, görüb, sevib-sevilib, hər yerdə, hər diyarda arzuolunan şəxs kimi qarşılanıb və əsl ilhamın bəhrəsi olan misralar yaranıb:
Yazmışam hər şeyi könül naməmə,
Bircə bu günahım bağışlanacaq:
Neylədim – Vətəni sevmək naminə,
Ucaltmaq naminə elədim ancaq...
Bir az öncə demişəm: Məmməd Araz insan, şair kimi mənim qibləmdir. Onun misralarını isə elə bilirəm tütiyadır, doymadan, tamarzılar – amma əhd-peymanına çatanlar kimi öpürəm, gözlərimin üstünə qoyuram. Eləcə də Azərbaycanımız qeyrətli, hünərli şairimiz üçün məbəddir, Məkkədir, Mədinədir. Allah xatirinə, bir fikir verin:
Azərbaycan – mayası nur, qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan” deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
Şairin beləcə qayğısına qaldığı, adını hörmət-izzətlə çəkdiyi Füzuli hansısa zaman kəsiyində doğma diyarından didərgin düşmüş, qürbət eldə vətən həsrətindən yarpaq kimi saralmış, gül kimi solmuş və bu yanğından göyüm-göyüm göynəmiş qəmli bir avazla vaxt-bivaxt sızıldamışdır:
Nə yanar kimsə mənə, atəşi-dildən özgə,
Nə açar kimsə qapım badi-səbadan qeyri.
Məmməd Araz artıq ömrü-günü, həsrəti-gileyi xatirə örpəyinə bürünüb əsrlərin o tayında qalan ulu öndərinə, xüsusən də onun nümunə göstərdiyim misralarına öz qibtəsini gizlədə bilmir. Əgər heç olmasa şair ömrü ərzində bircə belə misra yarada bilsəydi, özünü dünyanın ən bəxtəvəri sayardı:
Sözün sehrinə bax, qüdrətinə bax!
Bir heykələ döndüm öz yerimdə mən.
Beləcə bir misra deyəydim ancaq,
Yüz il yazacağım əsərimdə mən...
De niyə tənhasan, de niyə təksən?
Tufanlardır ahın, çaylardır qanın,
Bilmirdin ömürlük ömür edəcəksən.
Qəlbində anamız Azərbaycanın...
M. Arazın müraciət etdiyi mövzu obyekti o qədər genişdir ki, deyərdim, onun səsi-sorağı hər iki – Güneyli-Quzeyli – Azərbaycana sığmır. Ərzin hansısa səmtindən atılan daş hədəf kimi sevimli şairimizin sinəsinə dəyir. Yaradıcılığının ilk çağlarından başlamış qardaş-soydaş ayrılığına tab gətirməyib. Arazın ayrılıq rəmzi olmasına (əksinə, onu özünə təxəllüs götürüb) qarşı çıxıb. Bunun səbəbini özgə amillərdən gördüyündən araya ayrılıq salan qüvvənin ifşasını qabarıq şəkildə oxuculara çatdırıb. Bu o vaxtlar idi “qırmızı imperiya” başımız üstündə Domokl qılıncı kimi asılmışdı. Bir “süfrəni iki bölən” sərhəd dirəklərinin, tikanlı məftilinin zəhmindən quş da o taya, bu taya uça bilməzdi. Lakin vətənpərvər şair heç nədən, heç kimdən qorxmadan, çəkinmədən haqq səsini ucaldır, əlinə qalibiyyət bayrağı almış hünərvər cəngavər kimi hayqırırdı:
Ey daşlaşan, torpaqlaşan, ulu babam,
Bu günümdən dünənimə uzaqlaşan,
ulu babam,
Küləkləşən, dumanlaşan ruhunla sən,
Ayağa dur, səninləyəm!..
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi,
Səndən, məndən ötən zərbə
Vətən, vətən cənə dəydi...
Bu şer “Məndən ötdü, qardaşıma dəydi...” nə az, nə çox – bir qərinə öncə yazılıb. Hələ onda Məmməd müəllim ömrünün ən bəxtəvər çağlarını yaşayırdı. Hələ “azar-bezarların” insanı necə heydən, taqətdən salmasından bixəbər idi. Ürəyi dağ çayı tək çağlardı. Gözü heç kimin əlinə baxmırdı. Heç vaxt, heç vədə olduğu kimi onda da kimsənin önündə baş əymirdi, diz bükmürdü. Qırmızı biletə, hegemon partiyaya yarınmırdı. Yalnız və yalnız halal əməyinə sığınıb halal çörək qazanırdı. Onun çalışdığı, fəaliyyət göstərdiyi idarə, nəşriyyat, redaksiyaları bilərəkdən sadalamıram. Bu, çox yer tutar. Lakin birini mütləq yazmaq zorunda qalmışam. Çünki həmin iş yerində ona arxadan vurulan zərbənin sancısını bir oxucu kimi mən də varlığımda daşımışam: Rəsmi məlumat: “ 1972-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində Nəriman Nərimanovun anadan olmasının 100 illiyi münasibəti ilə hazırlanmış xüsusi nömrədə verilmiş materiallara görə Məmməd Araz baş redaktorun müavini vəzifəsindən azad edilmişdi...”.
Indi özünüz deyin, hörmətli oxucular, bu hansı, necə qəbahət idi? Böyük və tarixi şəxsiyyət Nəriman Nərimanovun niyə ictimai-siyasi, ziyalılıq fəaliyyəti üstünə qadağa qoyulmuşdu? Niyə onun adının çəkilməsi belə yasaq edilmişdi? Sualların cavabını öz ixtiyarınıza buraxıram. Amma... həmin müdhiş hadisədən sonra Məmməd müəllim əqidəcə yox, mənən sındı. Elə sarsıldı ki, dil açıb danışa bilmədi, deyəcəkləri – lakin demədikləri el üçün, Vətən üçün, milli tariximiz üçün daim döyünən ürəyinə yük oldu. O haqsız atılmış mərmi qəlpəsinin yarasını örnək şairimiz indi də sinəsində gəzdirir...
Hələ bu azmış kimi Məmməd müəllimə daha bir zərbə də vurdular. Respublika Dövlət mükafatı almaq ərəfəsində şairi sındırmaq üçün ona rəqib elə adam seçdilər ki, (həmin ziyalının da yaradıcılığına ehtiramım var) ali mükafatı mütləq və mütləq o almalıydı, aldı da. Daxilən bilmirəm, amma üzdə Məmməd müəllim əsla sarsılmadı. Təskinliyini özünün “Bir sümüyü iki itə atdılar...” şerində tapdı. (“Nə günah...”)
Doğrudur, şair və yazıçılarımızın əməyinə qiymət verilmək üçün Azərbaycanımızda təsis olunan bütün fəxri adlara, mükafatlara hörmətli şairimiz layiq görülüb. Amma səmimiyyətimə inanın, əslində heç onlara Məmməd müəllimin ehtiyacı da yoxdur. Çünki onu xalq sevir. Deyin, xalq sevgisindən də qədir-qiymətli nə var? Onun bu misralarını yüzlər, minlər yox, milyonlar bilir, milli himnimizə bərabər tutaraq oxuyurlar:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!
Bu dünyada inanmıram Məmməd Arazı sevməyən, ona arzuolunmaz adam kimi baxan tapılsın. Bir oxucu kimi öz fikrimi söyləmək, demək, yazmaq hüququna malikəm və elə bunun üçün də bildirirəm ki, görkəmli şairimiz Allah- Təalanın ona bəxş etdiyi sevgiyə və məhəbbətə çatıb. Insanlar onu zaman-zaman incidib, küsdürüb, bezdiribsə, vallahi-billahi bundan Tanrının sorağı yoxdur (məsafə uzaqdır). Mən sevimli şairimizi öncə insan, sonra yaradıcı kimi təqdim etməyə çalışdım. Daha doğrusu, onun istər insani keyfiyyətlərindən, istərsə də poeziya olaylarındakı fəaliyyətindən yazmağım dəryadan bir damcı götürməyə bənzədi. Çünki Məmməd Araz dahidir, bəşəriyyət nə qədər yaşayacaqsa, o da Nizami, Nəsimi, Füzuli, Vaqif... kimi yaşayacaq. Ona qarşı oxucu sevgisi zaman-zaman estafet şəklində əldən-ələ keçəcək. Bu qiyməti, bu ləyaqəti və şərəfi, yaşaya-yaşaya tarixləşməyi, əbədiləşməyi, əzəli və həmişəyaşar olmaq statusunu onun özü qazanıb. Təbii ki, hansısa bir hökumət başçısı belə bunun üçün fərman verməkdən məhrumdur. Əmrlə sevdirmək olmaz, öldürmək olar... Höte yazırdı: “Qurumayın, siz heç vaxt, ey əbədi məhəbbətin göz yaşları”. Məmməd Araz nə qədər ki, Gəmiqaya, Ziyarət dağı, Naxçıvan, Azərbaycan var, Əcəmi kimi, Üzeyir bəy kimi yad olunacaq, xatırlanacaq. Şair kimi, insan kimi, vətəndaş kimi, ailə başçısı kimi! Əgər bu cəhətlər şübhəsizsə, bəs görəsən niyə o müqəddəs şəxsiyyət təəccüblə deyir:
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...
Dünyanın heç kimin olmamasına bir poetik deyim də var. Onu aşıq-ozan sənətimizin müqtədir yaşadıcısı Xəstə Qasım deyib:
Bu dünya fanidir, fani,
Bu dünyada qalan hanı?
Davud oğlu Süleymanı,
Qızıl taxtdan salan dünya...
Dünyanın qızıl taxt-tacından düşmək mümkündür. Amma dünyanın qədrini bilənlər dönə-dönə yad olunublar, olunurlar, olunacaqlar da. Bunun üçün də inamla deyirəm: Dünya sənindir, sənin, Məmməd Araz! Siz dünən, bu gün mənim üçün yazmısınızsa, gələcəkdə nəvələrim, nəticələrim, yeticələrim, kötükcələrim,.. yazdıqlarınızı oxuyacaq, ən azı mənim kimi fərəh hissi keçirəcəklər. Meyvə yetişəndə ağacın dibinə düşdüyü kimi, insan da qan yaddaşından qaça bilmir.
Haşiyə:
Bu günlərdə səmimi və həddən artıq mehruban insan, xalq şairimiz Məmməd müəllimi yenidən ziyarət etdim. “Necəsiniz ustad” – deyə, soruşdum. “Yaxşıyam. Xahiş edirəm mənim salamımı ölməyən, unudulmayan, yenidən yaşayan “Naxçıvan”nın bütün oxucularına çatdırın” – dedi.
2000