Əli ÇƏRKƏZOĞLU
ARAMIZDA BİR ÇİNAR VAR
Dənizin üzü kimi sakit günlər vardı, nə dalğa görünürdü, nə təlatüm gözlənirdi. Adamlar ləpə kimiydi, hamı səhər tezdən işinə gedir, axşam evinə dönürdü. Nə bugünkü qac-qov vardı, nə də adamlar dünyaya bu qədər həris idilər.
Məşhur olmaq üçün ya mahnı oxumalıydın, ya da şer yazmalıydın. Şer də çox xətir-hörmətli şey idi, yuxarıdan da dəstəyi oldumu, qurtardı getdi.
Biz Məmməd Araz adını o illərdə tanıdıq və sevdik. Yuxarıların, ayın, günün cızdığı yolun dışında özünə yol açırdı, elə açdı da. Sözünü içində bulunduğu aya, günə, taxt-tacların iradəsinə uzlaşdırmadı, bütöv zamana üz tutdu, hər kəlməsində ürəyinin üstünə əyildi, kimsədən bir şey ummadı.
70-80-cı illərin gəncliyi əsl şerdən söhbət düşəndə hər kəsdən öncə Məmməd Arazdan çəkindilər.
Bu gün şer yazan əvvəlkindən çox olsa da, nə şerin bir hörməti var, nə də şairə dövlət mükafatı, pulsuz ev verən. Amma yenə bu qarışıqlıq içində Məmməd Araz adı bir çinar kimi durur və Azərbaycanın hansı bucağından baxırsan-bax, gözünü doldurur. Həm də bu ad özü ilə məşhurlaşdığı o illərin ovqatını gətirmir, o gündən, bu gündən Məmməd Araz adına çox az şey toxunub, heç bənzəri yoxdur. Onun hər yeni misrası, müsahibəsi bu bulanıq günlərdə ruhumuzu bulanmaqdan qoruyur.
Hərdən nəşriyyatın pilləkənində, uzun dəhlizində rast gəlirik. Hiss edirsən ki, qolundan tutan da, yanından keçən də bacarsa, onun ağrılarını da bölüşər, acılarına ortaq da olar. Hərdən də mənə elə gəlir ki, adamların qolundan yapışdığı Məmməd Arazın özü deyil, heykəlidir, adamlar da bu heykəl-adamla xatirə şəkli çəkdirmək istəyirlər. Amma bütün hallarda Məmməd əmi o sevgini, o qayğını və o heykəli çoxdan haqq edib.
Məmməd əmini qarşıdan gələn doğum günü münasibətilə təbrik edir, Allah-Təaladan ona şəfa, könül xoşluğu diləyirik.
2001