Doktor Cavad HEYƏT
“Varlıq” dərgisinin naşiri. (İran)
HƏQİQƏT VƏ VƏTƏNDAŞLIQ NƏĞMƏKARI
Biz – Güney azərbaycanlıları Naxçıvan diyarında doğulmuş xalq şairi Məmməd Arazı hər iki Azərbaycanın böyük çağdaş şairi və görkəmli yazıçısı kimi tanıyırıq. Əziz şairimizin ulu şəxsiyyətinə və onun yaradıcılığına qədirbilənlik məqsədini daşımaqla bərabər, çağdaş ədəbiyyatımızın son 30-40 ildə keçdiyi enişli-yoxuşlu yolu öyrənmək və Azərbaycan xalqının taleyinin həll olunduğu bu tarixi günlərdə şerin-sənətin öz müqəddəs vəzifəsini necə və hansı səviyyədə yerinə yetirdiyini araşdırmaq və fərqləndirmək əhəmiyyətlidir. Çünki Məmməd Araz elə sənətkarlardandır ki, onun yaradıcılığını mənsub olduğu xalqın, ölkənin taleyindən, yaşayış və mübarizəsindən ayrılıqda düşünmək mümkün deyildir. O, həqiqi xalq şairidir. Məmməd Arazın şer, bədii nəsr və məqalələrində vətənpərvərlik başlıca mövzudur. O, nədən yazırsa-yazsın vətən sevgisi, Azərbaycana olan sonsuz eşq və bağlılıq bütün əsərlərinin canını təşkil edir.
Məmməd Araz öz fikrinin, öz ürəyinin tərcümanı olmuş və tutduğu yoldan ayrılmamışdır. O, kimsəni təqlid etməmiş, kimsənin buyruğu və tapşırığına görə yazıb yaratmamışdır, ürəyi ona nə pıçıldamışdısa, onu tərənnüm etmişdir:
Dünənimi döşdən asan deyiləm,
Dünənimə qəbir qazan deyiləm.
Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdi yazanım.
O, şairi kimsənin önündə əyilməyən və idealı yolunda Nəsimilər kimi başından keçən və ölümdən qorxmayan bir qəhrəman bildiyindən özü də belə nadir şairlərdən biri olmuşdur. Şerlərinin birində belə deyir:
Vəzifəliləri tərifləyən dilim yox,
Sənə qurban olum, Oktyabr, şerim yox.
Başqa bir şerində o, həqiqət sözünü Allah bilib. Bütün həyatında düzlüyü və doğruluğu tərənnüm etmişdir:
Həqiqət sözüdür sözün Allahı,
O, qala uçurdu, o, qala qurdu.
Gətir xatirinə Xətai şahı,
Qılınca hökmran, qələmə quldu.
Xalq şairi Məmməd Araz xalqımızın faciəsini bütün varlığı ilə duyan və onun alovu ilə alışıb yanan şairlərimizdəndir. O da Araz çayına bizləri ayıran, eyni zamanda birləşdirən, göz yaşlarımızın toplaşıb axmasından əmələ gələn, gözdən ürək ümmanına axan ayrılıq faciəmizin simvolu kimi baxır və ona görə də Arazdan çox yazır.
Məmməd Araz bədii yaradıcılığı ilə sənətin zirvələrinə qalxmış və öz sağlığında ulu şairlərimizin cərgəsinə girmişdir. Məncə, onun tərifə, öyülməyə ehtiyacı yoxdur. Onun bədii qüdrətini, ülvi şəxsiyyətini və milli məfkurəsini tanımaq və onun insani duyğularına dərindən bələd olmaq üçün əsərlərini oxumaq lazımdır. Mən illərdən bəri “Varlıq”da yazdığım “Azərbaycan ədəbiyyat tariximizə bir baxış” adlı silsilə məqalələrimdə Məmməd Arazın qısa tərcümeyi-halını yazmışam. Bu məqalələr İranda kitab şəklində çap olunmuşdur. Indi də Bakıda bir cildli Kiril əlifbası ilə çapdan çıxmaq üzrədir. Amma etiraf etməliyəm ki, böyük şairimizin kitabları hələ də bizim əlifbada (ərəb əlifbası nəzərdə tutulur) çap edilməmişdir. Ümid edirəm ki, bu yaxınlarda gənc qələmdaşlarımız bu boşluğu dolduracaqlar.
2001