Yavuz Akpınar, İbrahim Bozyel,
XALQ ŞAİRİ HAQQINDA SÖZ
Azərbaycanın ən müasir və görkəmli şairlərindən olan Məmməd Araz böyük söz ustasıdır. Onun yaradıcılığı hazırki milli Azərbaycan şerinin uca zirvələrindən birini təşkil edir; Məmməd Araza məxsus poetik ənənələr əsasında xüsusi bir ədəbi məktəb formalaşmaqdadır. O, Azərbaycanın Xalq Şairi, Əməkdar İncəsənət Xadimi adlarını iftixarla daşıyır.
Məmməd Arazın şerləri dünyanın bir çox dillərinə tərcümə olunmuşdur. Artıq onu rus, ukrayna, özbək, qazax, gürcü oxucuları yaxşı tanıyırlar. Şairin əsərlərindən nümunələr fransız, çex, polyak, alman dillərində də səslənməkdədir. Məmməd Arazın şerləri həmçinin Türkiyədə geniş yayılmışdır. Ilk dəfə “Türk ədəbiyyatı” dərgisinin təqdimatı ilə (1983) Türkiyə oxucularına çatdırılan Məmməd Araz lirikası nümunələri qısa vaxtda digər məcmuələrə, müxtəlif mətbuat orqanlarına geniş yol açmışdır. “Qardaş ədəbiyyatlar” dərgisi onun haqqında “Mən Araz şairiyəm” adlı məqalə dərc etmişdir. Tanınmış publisist və ədəbiyyatşünas Seyfəddin Altaylı onun çoxsaylı şerlərini Türkiyədə ayrıca kitab halında nəşr etdirmişdir. Indi Anadolu oxucuları Məmməd Arazı yaxşı tanıyır və sevirlər. Bununla belə, etiraf etmək lazımdır ki, hələ Türkiyəli şer pərəstişkarları onun qaynar ilham çeşməsindən doyunca su içməmişlər.
Istedadlı şairin şerlərinə hiss, duyğu zənginliyi, düşüncə dərinliyi, müdriklik, mövzu genişliyi hakimdir; o, incə, lirik qəlb şairidir. Məmməd Araz böyük satirik M.Ə. Sabirin üslubunda tənqidi şerlər yazmamışdır. Lakin o da vətəndaş şair olmaq hünərini qazana bilmişdir. Onun şerləri keçmişlə gələcək arasında poetik körpüdür. O, Azərbaycanın bütövlüyü və bölünməzliyin qüdrətli nəğməkarıdır. Şair bəzən əlinə fırça alıb tayı-bərabəri olmayan misilsiz əsərlər yaradan bir rəssam kimi oxucularına nəfis, şairanə bir Azərbaycan tablosu təqdim edir:
Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.
Dədə Qorqud nəfəsli Azərbaycan dilinin bütün gözəlliyi və ecazkarlığı Məmməd Arazın şerlərində qürurla səslənməkdədir.
Məmməd Araz dünyada çox çaylar görüb keçsə də, Araz çayının aşiqidir. Araz onun şerlərinin mayasıdır, cövhəridir. Məcnun şair olmaq üçün Araz çayı həsrət dolu Leyladır. Nəhayət, Araz – axıb gedən ömürdür, Məmməd Arazın keşməkeşli taleyi və söz dünyasıdır. Buna görə ilk yaradıcılığa Məmməd İbrahim kimi başlayan şair artıq uzun müddətdir ki, sənətin çətin yollarından Məmməd Araz kimi keçir. O, indiki halda milli Azərbaycan poeziyasının xan Arazıdır.
2001