|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Fərhad    XUBANOV

VƏTƏN  QAYALARINA  BƏNZƏYƏN  ŞAİR

 Məmməd Araz poeziyası duruluq çeşməsi, saflıq aynası, hikmət xəzinəsidir. Bu poeziyada klassiklərimizin yüksək sənət ənənələri davam etdirilir, müdriklərimizin öyüd və nəsihətləri yeni libasda oxuculara qaytarılır. Bu poeziyada yurdumuzun üfüqləri, xalqımızın əməlləri aydın görünür.
Nə üçün Məmməd Araz poeziyası bu qədər büllur və şəffafdır. Bu gözəlliyin mənbəyini öncə onun ilkin qaynağında – şairin özündə axtarmalıyıq.  “... böyük poeziyanın yaranması üçün hər şeydən əvvəl, bütün gözəl, qiymətli və yüksək cəhətləri özündə birləşdirən böyük ürək lazımdır” ( S.Vurğun). Bu böyük ürək Məmməd Araz dünyasında lap aydın görünür. Onun şerlərinin ritmində həmişə ürək döyünür. Şair mövzularını təkcə həyatdan yox, həm də ürəyinin yanğısından, qəlbinin göynərtisindən götürür. Onun şerləri qoşulmur, özünün dediyi kimi “qəlbinin səsindən doğulur”.  
Məmməd Araz poeziyasını, onun yaradıcılığını düşünəndə, nədənsə şairin “Necə yaşadımsa...” şerindən bu misralar yadıma düşür:
Bu daşa-torpağa mən səcdə qılıb,
Eldən pay aldımsa, elə payladım.
Bir üzdə buz gördüm, bir üzdə qılıq –
Necə almışdımsa, elə payladım.
Bu ürək – Vətənim, bu ürək – Ölkəm,
Nə pislik tanıdı, nə kin, nə acı.
Necə yaşadımsa, elə də ölləm:
Gözləri yumulu, əlləri açıq...
Məmməd Araz poeziyası şairin orijinal şəxsiyyətini tamamladığı kimi, M. Araz şəxsiyyəti də poeziyanın özünəxas istiqamətini bir daha təsdiq edir. Başqa sözlə, şairin poeziyasında gözəl, ülvi nə varsa, onun həyatında, fəaliyyətində mövcuddur. Sənətkarın yüksək estetik mədəniyyəti, əxlaq saflığı yaradıcı fəaliyyəti və ictimai fəallığı ilə vəhdət təşkil edir.
M. Araz yaradıcılıq aləminə qayəsiz, məqsədsiz gəlmişdi. O, bu yollara çıxanda artıq ədəbi məramnaməsini müəyyənləşdirib gələcəkdə qoyacağı abidənin “eskizlərini” hazırlamışdı. Hələ gənclik illərində “Yol ayrıcında söhbət”ində həyat amalını belə bəyan edirdi. “Qalın dumanlarda itən olmayım”, “birinin gözündə bitən olmayım”.
Bəs nə olmaq?
Bəli, duman olum -  duman... Bir çəngə,
Mənim öz yağışım, öz qarım olsun.
Istədiyim yerə yükümü çəkən,
Hökmüm, ixtiyarım, qərarım olsun.
M. Araz sözə hörmət edən, sözün yüksək şərəfi keşiyində dayanan sənətkarlarımızdandır. Belə olmasaydı, hətta sözün şərəfinə bir neçə şer həsr etməzdi. “Sözlə zarafat eyləmə”, “Artıran söz qədrini...” kimi şerlərində söz haqqında  xüsusi əhəmiyyət kəsb edən fikirlərini söyləmişdir. Söz ondan istifadə etməyi bacaranlar üçün silahdır. Söz “kiməsə cənnət yoludur”.
“Dünya qulaq asır sözün səsinə” kimi keyfiyyətləri vurğulamaqla sözü ülviləşdirir, göylərə qadırır. Onun ecazkar qüdrət və qüvvətini tərənnüm edərək insanlara məsləhət bilir ki:
                          Qılınc kimi suvar sözü,
                          Döyüşlərə apar sözü.
                          Qorxar sözdən “məzar” sözü.
Şairin fikrincə söz ilkindi. Söz haradasa “ərzin yaşıdı...” Zaman-zaman söz nə qədər cilovlansa da bəzən məcrasına sığışmayıb:
                          Sözün sözü pozmağı var,
                          Qayalara yazmağı var,
                          Dəvə kimi qızmağı var.
Sözün bu cəhətinə diqqət yetirən şair o səbəbə söz adamları qarşısında tələblər də qoyur. “Söznən zarafat eyləmə”. Göründüyü kimi söz mücərrədləşdirilmir, əksinə konkret əlamətlərlə qiymətləndirilir.
Çox təəssüf ki, müdriklərimiz üstündə əsdiyi, bizlərə ərmağan etdiyi sözün urvatını saxlaya bilmədik. Şəhvar sözü ayaqlara salıb korşaltdıq. Tapdanan sözün ağırlığını duymadıq, əksinə “şeypur elədik”. Üstəlik sözü yalanlarla bəzədik. Şair demişkən “Yalanı dirək vurduq””göyü saxlamaq üçün”. Halımıza bax, ilahi. “İnsan başında şeytan papağı” olan dünyada şair beləcə həyəcanlı düşüncələrə dalır, “nə üçün”lərin qarşısında qalır, sonra da ayrılıb sözü sehirli, tükənməz qüvvə hesab edən ustad Füzuliyə üz tutaraq:
                           Biz artıra bilmədik sözün qədrini, ustad!
                           Əydik də qamış kimi sözün qəddini ustad! -
etirafı ilə ortaya çıxır. Şairin söz haqqındakı bu fikir və mülahizələrini təkcə sənət problemləri kimi qiymətləndirmək azdır. Bu poetik detallar yüksək əxlaqi niyyətlərdə qovuşur. Yalan, yalançılıq, yalan söz ifşa edilir, nifrətlə qarşılanır. Yeri gəlmişkən onu da qeyd edək ki, yalan çirkabından şair bütün yaradıcılığı boyu narahat olaraq qalır. Çünki “Bu əsrin yalanı tükənmir, artır”. O səbəbə insanları diqqətli, ehtiyatlı olmağa çağırır ki, “gələcək əsrimizə yalan sızmasın”. Yox, şairin içində daha böyük qorxu var, qorxur ki, “... bu yalan ağırlığından qopub məhvərindən aşa bu dünya”. Göründüyü kimi yalan dünyanın, insanlığın harmoniyasını pozan, ona əbədi bir ləkə gətirən qüvvə kimi addımbaşı təqib edilir, pislənir.  
M. Arazın yaradıcılığında doğma, ögey mövzu yoxdur. Nədən yazırsa, demək ehtiyacdan yazır, onu da ürəkdən yazır. Vətən torpağının hər qarışı onun üçün müqəddəsdir, əzizdir. Dağı-aranı, Arazı-Kürü, gülü-çiçəyi, hətta çılpaq qayaları da – “İnsan qaya”, “Qızıl qaya”, “Ağlayan qayalar”, “Məmməd Araz qayası” kimi silsilə şerləri o istəkdən doğulub. Şair öz poetik aləmində “İnsanalrın nərəsindən doğulan bu qayalar”la baş-başa qalır. Onlarla “Danış görüm, a daş qardaş” – deyə qaya dilində danışır. Gah qayalarda əfsanələrimizdə əbədiləşən qəhrəmanlarımızın izini axtarır, gah da qayalarla insanları müqayisə edib, üstünlüyü birincilərə verir. Çünki yer üzü, quyruq insanlarla dolu olduğu halda, “Bu daşların daş quyruğu, daş yamağı yox”du. Odur ki, şair “insanlığım daşlığıma söykən, qürrələn” istəyində qalır.  Daş olmağın ağırlığını yaxşı duyan ədibin poetik qənaəti belədir:
                        “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”
Məmməd Araz qələmində qaya ancaq təbiətin bir hissəsi kimi təsvir, tərənnüm səviyyəsində qalmayıb, insanlığın vətəndaş fəallığının ilkin qaynaqlarından biri kimi vəsf edilir.
 Şairin yaradıcılığında insanlara sevgi, məhəbbət duyğusu nə qədər güclüdürsə, anamız təbiəti və onun sərvətlərini qorumaq istəyi bir o qədər əlamətdardır. Şairin yaradıcılığında təkcə millətin “min şaxəli dərdi-səri” canlanmır, həm də millətin bu kökə düşməsinin səbəbləri misraların işığında aşkarlanır, baiskarların ünvanı dəqiq nişan verilir: “Nişançı özümüz, hədəf özümüz”.  O səbəbə şair oxucunu vicdanı ilə baş-başa gətirir. Haqlı olaraq “Bu millətə nə verdik ki?” hökmü ilə hər bir Azərbaycan vətəndaşını mühakimə edir. Sonra da etdiklərimizi, tutduqlarımızı   bir-bir xatırladır. “Duzla yuduq yarasını, xörəyinə duz vermədik”, “Dərdi də ucuz vermədik”. Bəs nə etdik?
            Inamını noxtaladıq,
            Inadını axtaladıq,
            Var-yoxunu qarmaladıq.
Millətin küllü şəkildə mövcud olan yaralarını, ictimai dərdlərini daha görümlü vəziyyətə gətirən şair “Ata millət, ana millət, ağlama” xitabı ilə sayğılarını bildirir, vəsiyyət kimi şerini ona göndərir:
            Bu torpağın son qurbanı mən olsam,
            Öz odumda yanıb külə tən olsam,
            Eldən ötən güllələrə dən olsam,
            Ata millət, oğul deyib, ağlama!
            Ağlamağın yeri deyil, ağlama.
M. Araz bir şair – vətəndaş olaraq insanlara münasibətində də çox həssasdır. Bütün yaradıcılığı boyu şair qəlbi insanların faciəsi, ağrıları üçün döyünmüşdü:
            Ilahi, sən saxla, kallaşır insan!
            Kallaşa-kallaşa karlaşır insan...
Göründüyü kimi şair insanın gündəlik məişət qayğılarından adlayıb, daha ciddi əxlaqi-psixoloji problemlər ətrafında düşünür. “Bu insan adlanan insan” nə üçün bu qədər kallaşır, karlaşır. Ədib insanın bu hala düşməsinin səbəblərini araşdırarkən müəyyən nəticələrə gəlib çıxır. Nə qədər ki, insanların qəlbində vicdan və mərhəmət ziyası sönəcək, arada laqeydlik və biganəlik uzun müddət davam edəcək, “içinin səsini çölü eşitməyəcək” onda göylərə ucalan ah-vaylar qulaqlara çatmayacaq, ölüm-dərd adiləşəcək. Şair insanı biganəlik və laqeydlik zülmətindən çıxarmaq üçün təsirli vasitə və işıqlı yollar arayıb:  
            Gözümün aynası, oyat nurunu:
            Boylan ürəyimə bir səhər çağı.
            Gəzdirib sinəmdə boyat nurunu
            Insanı harayla, insanı çağır.
            Bir gör ürəyində insan yatırmı?
            Insanla baş-başa insaf yatırmı?
Insanın dərk etmək axtarışında şairin gəldiyi qənaət belədir: - Tamah və nəfs insanların düşmənidir.
Odur ki:
            Bir gün gövşəməsin tamahımız da
            Boğaq nəfsimizi damağımızda.
Tamah və nəfs insanlığa gedən yolda ciddi əngəllərdən biridir. Insan həm özünün, həm də başqalarının xoşbəxtliyini təmin etmək naminə tamah və nəfsini cilovlamalıdır.
Məmməd Araz yaradıcılığı dünyanı dərk etmək qayğıları ilə də doludur. Dünya haqqında yaranan şerlər təkcə şair təfəkkürünün yox, həm də filosof-səyyah təfəkkürünün məhsuludur. O səbəbə bu şerlərdə dünya bütün təzadları ilə görünür. Sevinc və kədər, zülmət və nur, gülzar və xəzan, şübhə və heyrət kimi təzadlar bu mövzuya mürəkkəblik qədər əlvanlıq gətirmişdir.
Şair dünyanın sirrlər qaynağını öyrənmək üçün “hər fikrin, hər ürəyin təzadlar adasına səyyah olmaq”, “nəşələr qəsrinə, qəmlər odasına qonaq olmaq” istəyir. Bu ədəbi axtarışda şairin rast gəldiyi yenə də təzadlardır:
            Ölkələr var - əlində
            Kədər qaşığı görürəm.
            Xalqlar var – tikəsində
            Sevinc bulaşığı görürəm.
            Qoyun bunları duyum,
                                          bunları yazım.
“Dünya gözəl dünyadı” ancaq gözəl əməldə, gözəl niyyətdə, gözəl insanlar əhatəsində. Dünyanın işləri çoxdur.
                        Yolu düzlər dünyanın hər işini bacarmaz,
                        Hər işini bacarar, şər işini bacarmaz.
                        Yaxşılara yaxşılıq vərdişini bacarmaz,
                        Bu dönüklər dünyası, vəfasızlar dünyası.
M. Arazın poeziya buketində kədər notlu, bədbin ruhlu şerlərə də rast gəlinir.
“Çıxıb getmək istəyirəm”, “Mənə biganəlik üyrət, ürəyim”, “Yoxdu sözüm, yoxdu daha” kimi şerlər bu qəbildəndir. Şair həyatda saysız-hesabsız haqsızlıqlarla qarşılaşanda, içində baş qaldıran suallara cavab tapmayanda bəzən bir insan kimi gücsüzləşir. Belə anlarda fəaliyyət meydanından “iz-toz”unu yığıb getmək istəyir. Nə yaxşı ki, ilham pərisi şairi düşdüyü bədbin halətdən tez qurtarır, onu sentimental hisslərin əlindən alıb özünə qaytarır. Beləcə, öyüd-nəsihətlərində müdrikləşir, düşmənlə üz-üzdə mətinləşir, şair-komandan səviyyəsinə yüksəlir:
                         Nə yatmısan, qoca vulkan, səninləyəm,
                        Ayağa dur, Azərbaycan, səninləyəm!
                        Səndən qeyri
                        biz hər şeyi bölə billik.
                        Səndən qeyri
                        biz hamımız ölə billik!
Vətənin ağır günlərində M. Arazı xalqının öncül oğulları arasında görürük. Səsi-sorağı tez-tez cəbhə bölgələrindən, səngərlərdən gəlir. Əsgər oğullarla görüşüb Vətənin ciddi tapşırığını çatdırır:
                         Babaların məzarını qoru, qardaş!
                         Ataların vüqarını qoru, qardaş!
                         Körpələrin yuxusunu qoru, qardaş!
                         “Vətənin ölməz” duyğusunu qoru, qardaş!
                         “Hünər ölməz” nidasını qoru, qardaş!
M. Arazın vətən təravətli şerləri öz ətrini yurdun gül-çiçəyindən çəkib, sərtliyini qayalarından götürüb, istisini ata ocağından, duruluğunu bulaqlarından alıb. O səbəbə şairin poeziyası təzə-tər qalacaqdır.
Şairin ilham pərisi yurd-yuva həsrətli, Tomris qeyrətlidir. O, gah “bir ovuc dumana dönüm” istəyi ilə qəribsəyən dağların qoynunda qalmağa çalışır, gah dağ küləyinə qoşulub “Ağlayan qayalar”a baş çəkməyə, gah da “Çinarla söhbət”ə can atır. Bəzən də Xətai qılıncı əlində vətənin keşiyində görünür. Beləcə, “Bir ömür yolunda” şerdən-şerə, kitabdan-kitaba köçə-köçə əbədiyyət karvanına qovuşmağa tələsir. Məmməd Araz gəlişiylə Azərbaycan poeziyasında təkcə silinməz izlərini qoymadı. O, gəlişi ilə X.Rza Ulutürk harayını gücləndirdi, B. Vahabzadə fəryadına qoşuldu, Vətənin çağırışına səs verdi, “qalan səsini Şəhriyara pay yolladı”.
Ömrü boyu əli qələmdə, sözü dillərdə olan şairin bu dünyada heç kəsdən  umacağı heç nə yoxdur. Bircə şey varsa, o da “Vətən mənə oğul desə...” şərəfinə ucalmaqdır.
Nigarançılığa yer yoxdur, Vətən oğlu! Vətən Sizə oğul deyib adını Araz qoydu. Qaldı Sizin öz vədinizə əməl etməyinizə, onu da yurdcul oğul kimi şərəflə ödədiniz. Siz təkcə Vətən qayalarında mamır olub bitmədiniz, həm də iziniz qalan Vətən torpağının hər qarışında göyərdiniz.  Araza dönüb çox sevdiyiniz Azərbaycanımızın boynuna dolandınız.
70 yaşın mübarək, Vətən oğlu!

Mart, 2003

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws