|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
 Hikmət MƏLİKZADƏ

“VƏTƏN    DEYİN”

Xalq şairi Məmməd Araz Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. 50-ci illərdə ədəbiyyata gələn şair tükənməz xəzinə yaratmış, ictimai fikrə təsir göstərə bilmişdir. Şair – mütəfəkkir duyğuları, milli pafosu həddən artıq güclü olan şair zaman-məkan vəhdətinin, ümumbəşəri dəyərlərin formalaşması üçün əmək sərf etmiş, yaradıcılığı daim ümummilli ədəbi-estetik fikrin diqqət mərkəzində olmuşdur.
Onun bədii təfəkkürünün poetikası sistem halındadır, düşüncə metafizikası zəncirvaridir. Bu ardıcıllıqla şairin fəlsəfə dünyası, yaradıcılığının möhtəşəmliyi, milli özünüdərk prosedurası, milli ləyaqət hissi, poetik “mən”i sıralanır. Bu duyğu dahi şairin dərc olunan bütün kitablarında oxucunun üzünə qapı açır. Elə yeni kitabında da bu ovqatla qarşılaşırıq. “Vətən deyin” adlı kitab Məmməd Araz yaradıcılığının əsas məqamlarına güzgü tutur. Bədii boyalarla dolu kitab “Adiloğlu” nəşriyyatı tərəfindən buraxılmışdır.
Yüzdən çox şeri özündə cəm edən bu topluda müasirlik ruhu, mövzu rəngarəngliyi, aktuallıq, milli kolorit, üslub tərzi, özünəməxsusluq oxucu düşüncələrini ağuşuna alır, predmeti dəqiq müəyyənləşməyən qeyri-adilikləri yeni kontekstdə oxucuya açır.
Kitabda millilik prinsipləri, vətənpərvərlik duyğuları da əsas və vacib şərt kimi səciyyəvi xarakter daşıyır. Şair elə ilk şerdən “Mürgüləmə, millət oğlu, mürgüləmə, mürgü döydün yüz il belə, min belə... Sən mürgülü, düşmən oyaq... Barmaqları tətikdə biz yatmalıyıq, Mürgüləmə!” deyərək hamını bu vətən üçün dayaq olmağa səsləyir. Bu, istiqlal çağırışıdır. “Tapdaq altda qalan torpaq səninkidir”, deyən şairin mübarizə aparmaq harayıdır:
                     Millətin dişləri daş gəvələyir,
                     Millətin barmağı tətiyə yatmır...
Bu fikir də eyni ab-havaya köklənib. O hava ki, milli istiqlal ideologiyasının aynasıdır.
Şair xalqların bir-birinə düşmən kəsilməsini, mənfi emosiyaların bəşəri müharibələrə sürükləməsini pisləyir, bütün bunları ürək ağrısı ilə qələmə alır:
                      Bu necə insandı, bu necə bəşər?
                      Dalınca daş atır insan insanın.
                      Ağlına daş atır insan insanın,
                      Beyninə daş atır insan insanın,
                      Qəlbinə daş atır insan insanın.
                                                       (“Bu necə bəşərdi”)
Məmməd Arazın  poeziyasında torpaq, Vətən duyğuları xüsusi yer tutur. Bu xüsusiyyət onun şerlərində öz bədii inikasını tapa bilir. Vətənə, torpağa bağlılıq konsepsiyası şairin yaradıcılığının ana xəttidir və mühüm əhəmiyyət kəsb edir. Bu emosional duyğunu  “Vətən! – desin” şerində də görmək mümkündür:
                      Bu gün gərək hər anımız – vətən! – desin,
                      Qılıncımız, qalxanımız –vətən! – desin...
Şair vətəndaşlıq hissini, həyat harmoniyasını vacib tendensiya kimi yaradıcılığında dönə-dönə ön plana çəkmiş, insan düşüncələrini bütöv şəkildə mükəmməl kamilliyə istiqamətləndirmişdir.
Hər kəs Məmməd Araz poeziyasının  metaforası üzərində dayanmağa məcburdur. Onun şerlərinin hər misrası ilahi sehrin ağuşundadır.
Məmməd Araz cəsarətli şairdir. O, acı həqiqətləri acı şəkildə, kölgəsiz, filansız deməyi bacarır:
                        Böyüyürük, filləşirik ölənə yaxın,
                        Artırıq, kamilləşirik, ölənə yaxın...
                                                          (“Ölənə yaxın”)
Məmməd Arazın yaradıcılığı bütövdür. O, yaratdığı obrazları canlı olaraq oxucuya sevdirir, onların portretlərini ustalıqla tamamlayır. Eyni zamanda, onun şerləri milli-mənəvi həyatımızı orijinal formada təsbitləyir:
                         ... Ovçuydum, doymadım ov həvəsindən,
                         Özümü ovlayan gözəllər oldu...
                                                                         (“Oldu”)
                         Biz yenməzdik, yıxılmazdıq,
                         Bizi bu yalanlar yıxdı...
                                                          (“Yalanlar”)
                         Axır ki, təkliyə öyrətdim səni,
                         Onsuz da, nə vaxtsa öyrədəcəkdim...
                                                              (“Qadın nəfəsi”)
                          ... Mən sənə demişdim iştahanı boğ,
                          Tamah yıxmayanı Allah da yıxmaz...
                                                                   (“Bu dünya”)
Şairin kitabda toplanan bu və ya digər şerləri oxucuda böyük maraq doğurur, duyğu və hisslərini ovsunlayır. Oxucu o şerlərin həzinliyi ilə daxili aləmini sakitləşdirir.
Məmməd Araz yaradıcılığı güclü koloriti olan geniş, poetik lövhələrlə doludur. Bu orijinallığın bir xətti də şairin yenicə çap olunmuş kitabındadır. Kitabdakı şerlər milli xarakterin bədii təcəssümü kimi təzahür edir, kövrəldiyi (əslində sərtliyi), səmimiyyəti, emosionallığı, ideoloji funksiyası, real görünüşü ilə seçilir. Kitab bütövlükdə maraqlı quruluşdadır, Məmməd Arazın bənzərsiz poeziyasının işığı ilə doludur.

2003
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws