|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Rasim  QARACA

SEVGİ   ONA,   NİFRƏT  BAŞQALARINA...

Oktyabr ayının 14-də xalq şairi Məmməd Arazın 70 illik yubileyi səssiz-səmirsiz ötüşdü, bir-iki qəzet məqaləsi və bir telesüjet xaricində xalqın ürəyində özünə əbədi məskən salmış bu gözəl şairimizin bu əlamətdar günü qeyd edilmədi. Mənasız jubileylər keçirməyə adətkərdə olmuş  Azərbaycan Yazıçılar Birliyi belə özünün kiçik bir toplantısı ilə onsuz da bütün yaradıcılığı təzyiqlərlə müşayət olunan böyük Məmməd Arazı yada salmadı.

Mən bu kiçik məqaləmdə Yazıçılar Birliyinin Məmməd Arazın yubileyi ilə bağlı nə üçün soyuqqanlı münasibət nümayiş etdirdiyinin səbəblərini araşdırmaq niyyəti daşımıram, oxucuların diqqətini bir daha bu qiymətli şairimizin yaradıcılığına cəlb etmək istəyirəm.
Bir anlıq tarixə nəzər salaq. Xalq arasında “haqq aşiqi” deyilən bir ifadə var, bu ifadənin çox dərin kökləri və Azərbaycan düşüncə tarixini və etiketini öyrənmək baxımından incə mənaları vardır. Haqq aşiqləri – nəsimilər, ələsgərlər, sabirlər bu milləti tarixin girdabından xilas ediblər, onu gələcəyə ümidləndiriblər, batmağa, tarix səhnəsindən silinməyə qoymayıblar. Xüsusilə, Azərbaycan xalqının tarixən ən böhranlı dövrünü yaşadığı, Rus qırmızı imperiyasının əsarətində olduğu keçən 70 il ərzində  “haqq aşiqlərinə” misilsiz ehtiyac olub, suda boğulan saman çöpündən yapışdığı kimi, yalan içərisində boğulan insanlarımız şairlərdən nicat gözləyiblər, bu günün özünə kimi. Hələ biz özümüz şahidi olduğumuz bu günlərdə xalqın sevgisi ilə ucalan, şöhrət qazanan neçə şairin yalan danışdığına, ikibaşlı addımlarına görə bu sevginin nifrətə çevrildiyini müşahidə etmişik. Nədir bu sirri-xuda, necə olur, ümumxalq sevgisi qazanmaqdan ötrü dəridən-qabıqdan çıxan bir şair buna nail ola bilmir, xalqın sevgisini qazanmaq haqqında düşünməyən başqa bir şairsə bu sevgini qazanır? O hansı əsrarlı sözlərdir ki, onları dilə gətirən şairin qarşısında  bütün ürəklərin qapıları açılır, elə eyni sözləri dilə gətirən başqa bir şairəsə xalq nifrət bəsləyir, dövlət imtiyazlar verir?  Haqq aşiqi, buna şübhə yoxdur ki, haqdan gəlir və şair-xalq sevgisinin, görünür, insanlara məlum olan bir düsturu tapılmayıb hələ, yoxsa, elə bütün şairlər bu sevgini qazanardılar.
Məmməd Araz haqqında danışmağa başlamışdım, çox dərinlərə daldım. Bəli, Məmməd Araz haqla özü arasında mizanı pozmayan şairimizdir. Bəlkə o, bu gün kifayət qədər təbliğ olunmur, kitabları əvvəllərdə olduğu kimi yüksək tirajlarla çap olunub yayılmır, ümumiyyətlə, bizim ölkəmizdə ədəbiyyat öz aktuallığını itirib. Amma nə olursa-olsun, bütün bunlar Məmməd Araz şəxsiyyətinin qiymətini azaltmır. Qırmızı imperiya zülmətində on illər boyu sığınmağa  bir işıq axtaran xalq kütlələri yeganə olaraq Məmməd Araz adını müqəddəslik mərtəbəsində saxlayıb, öz sevgisini ona, nifrətini isə başqalarına verib.
Bu gün Məmməd Araz haqqında söz düşəndə  onun “Azərbaycan mayası nur, qayəsi nur ki...” qəbilindən olan  şerlərini yada salırlar. Şübhə yox, şairin vətən sevgisi ilə dolu həmin şerləri 70-80-cı illərdə yox yerdən bayraq yaratmaq kimi bir şey idi, öz dövrünə görə hədsiz inqilabi idi və inqilabi düşüncənin yetişməsi üçün misilsiz faydalı olmuşdu. Ələlxüsus, şairin “Araz” təxəllüsü onun bütün yaradıcılığına qeyri-adi inqilabi əhval-ruhiyyə verirdi. Şəxsən mən özüm, bu kəlmələri yazan adam, gənclik illərimdə Məmməd Araz yaradıcılığından necə bir emosional gərginlik qazandığımı çox yaxşı xatırlayıram. Lakin mənə görə, Məmməd Arazın qiymətini onun pafoslu şerlərindən daha çox, xalq həyatından bəhs edən, xalq ruhuna köklənmiş əsərlərində axtarmaq lazımdır. ( “Altı qızın biri Pəri”, “Utanma, qara qız”, “Ey ilham pərisi, varsansa əgər” və s.) O şerlərdə ki, şair son dərəcə təmənnasızdır, o şerlərdə ki, bizimlə öz dərdlərimizin dilində danışır, bizə öz canımızdan daha yaxındır. Məsələn, “Utanma, qara qız” şeri ilə Məmməd Araz Azərbaycan varlığını daha çox təsdiq edirdi, ona təhtəlşüur yaşamaq pasportu verirdi. “Ölmə, yaşa!” deyirdi. Və yaşadırdı...
Biz bu gün Məmməd Arazın yubileyini  belə keçirmək istəmirik. Bu günlərə gəlib çatdığımız üçün, hələ tamamilə qeyrətsiz olub getmədiyimiz üçün kim bilir, biz bir xalq olaraq Məmməd Araza nə qədər borcluyuq.
Hər şeydən daha əhəmiyyətlisi isə, Məmməd Araz bizim mənsub olduğumuz bu  xalqa  70 il ərzində yeganə olaraq  bir əyilməzlik nümunəsi göstərdi. Qazanmış olduğu xalq sevgisini öz şəxsi mənafeyi üçün xərcləmədi, dövlət başçılarına yaltaqlıq sərgiləmədi, azad ruhlu, kristal bir şəxsiyyət olduğunu sübuta yetirdi. Məhz bu keyfiyyətinə görə, qısa bir müddət üçün olsa belə, bütöv bir millətin bəsirətini sönməyə qoymadığına görə biz Məmməd Araza minnətdar olmalıyıq, onun adını uca tutmalıyıq, xatirəsini əbədi yaşatmalıyıq.

2003
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws