|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Bəsti   ƏLİBƏYLİ

OD  DİLİNDƏ,  DAĞ  DİLİNDƏ,  ÇAY   DİLİNDƏ
HARAY
                                       
Iki il əvvəl, yağmurlu noyabr günündə “Azərbaycan təbiəti” jurnalı redaksiyasında görüşdük. Əslində, buna nə görüş, nə də söhbət demək olardı. Çünki 15-20 dəqiqə çəkən həmin vaxt ərzində kəsik-kəsik pauzalarla yalnız mən danışdım, salam verdim, səhhətini soruşdum. Azərbaycan poeziyasının keçmişi, indisi, gələcəyi və öz yaradıcılığı barədə söhbət etmək arzumu bildirib rəyini öyrənmək üçün üzünə baxdım. Amma nə bir kəlmə dindi, nə də çöhrəsinin bir cizgisi tərpəndi. Təlaşa düşdüm ki, bəlkə məni eşitməyib. Sözlərimi ucadan təkrarlamaq istəyəndə hansı səbəbdənsə otağı tərk etməyib, orda özünü nəyləsə məşğul olan kimi göstərən cüssəli köməkçisi astaca dilləndi. – O, sizi yaxşı eşidir, sadəcə danışmaqda çətinlik çəkir. Suallarınızı verin. Səhhəti yaxşı olsa, 3-4 günə yazılı cavab verər, mən də sizə çatdıraram...
Etiraf edim ki, onun “parkinson” adlı ağır bir mərəzə mübtəla olduğunu eşitsəm də,  gerçək sağlıq durumunu belə böhranlı təsəvvür etmirdim. Bunu gözlərimlə gördükdən sonra yenidən onun üzünə baxmaq, ümumiyyətlə, hansısa bir şey üçünsə narahat etmək, sual verib iç dünyasından ayırmaq  mənə ifrat sadistlik kimi göründü.  Ancaq olan olmuşdu və o, sualları gözləyirdi. Mən daha ona baxmadan maraqlandığım, münasibətini bilmək istədiyim məsələlərə dair əvvəlcədən hazırladığım sualları mexaniki ardıcıllıqla, arxadan qovurlarmış kimi tələm-tələsik səsləndirdim. Elə həmin tezliklə də vidalaşıb kabineti tərk etmək istəyirdim ki, nəzərlərim qapının küncündə,  kitab rəfinin üstündə qoyulmuş qartal uyuğuna sataşdı. Uyuğa elə dizayn verilmişdi ki, qanadları gərilmiş qartal sanki zirvəyə bu an qonmuşdu və o yüksəklikdən düz şairə baxırdı. Keçirdiyim iztiraba baxmayaraq, mən də çevrilib arxaya baxdım, otağın baş tərəfinə, bayaq şairin əyləşdiyi kürsüyə eynən o “zirvədəkinə” oxşar bir qartal qonmuşdu. Fərq yalnız ondaydı ki, ikinci şahin-şanqarla döyüşündən üzgün qayıtmışdı və bir daha buludlar bərabərində süzəcəyinə gümanı yox idi...
Köməkçi, doğrudan da, həftə tamamına az qalmış – suallarınızın cavabıdı – deyib mənə bir vərəq kağız təqdim etdi. Alıb baxdım. Vərəqin hər iki üzündə əllə seyrək intervalda nələrsə yazılmışdı. Ona görə nələrsə deyirəm ki, bu, yazıdan çox, kardioqramma işarələrinə, yaxud hansısa qədim heroqlifə bənzəyirdi. Sanki o işarələri qələmlə yox, kəpənək qanadlarının tozuyla yazmışdılar və üfürən kimi uçub gedəcəkdi!  
Uzun müddət bu “şifrəli” cavablarla nə edəcəyimi bilmədim. Köməyə çatan bircə şey vardısa, o da cavabların mənim suallarıma uyğun nömrələnməsi idi – sualları yazılı şəkildə, həm də iki nüsxədə təqdim etmişdim – mətnlə müqayisədə rəqəmlər az-maz oxunurdu. Məsələn özümdə saxladığım nüsxədə yeddinci sual belə idi: - Siz Səməd Vurğuna “Qayalara yazılan səs” və “Səməd Vurğunla söhbət” adlı iki böyük poema həsr etmisiz. Bundan dərhal sonra ədəbi mühitdə kəskin hücumlara məruz qaldınız və səhhətiniz də eyni vaxtda korlandı. Bunu təsadüf hesab etmək olarmı?
Doğrusu, bu məni ən çox maraqlandıran suallardan idi və üstündən uzun bir dövr keçdiyinə,  hər şey keçmişdə qaldığına görə şairin hələ də ağızdan-ağıza gəzən şaiyələrə nəhayət ki, bir aydınlıq gətirəcəyinə ümidliydim. Və çox qəribədir ki, 11 suala verilmiş iki səhifəlik cavabdan güc-bəlayla oxuyub anladığım bir neçə sözün yarısı “7” rəqəmi ilə nömrələnən bu cavabın payına düşür: “əl çəkin (məndən), ... (danışmaq) istəmirəm,.. (odu söndürüb) küllə oynamayın!..”
Aydındır ki, mötərəzədəki sözlər yazılış şəklinə və məntiqə görə mənim bərpa səylərimin məhsuludur. Amma 2001-ci ildə çap olunan “Sənətdə son mənzil olmur” adlı kitabını oxuyanda və həmin kitabın “Sonuncu qorumla od qalamışam” misraları ilə bitdiyini görəndə şairin cavabını düzgün anladığıma əmin oldum. Nədənsə, mənə belə gəldi ki, o, vurğunu bu misra üzərinə salmaqla həm də sözlə qurtardığını, yorulduğunu, qocaldığını etiraf edərək, bizlərdən mürgüsünə daş atmamağı, onu bir daha yorub üzməməyi xahiş edir. Amma demə, mürgü döyən biz,
            “Mürgüləmə, millət oğlu, mürgüləmə,
            Mürgü döydün yüz il belə, min il belə...    
            Sən mürgülü, düşmən oyaq...
            Barmaqları tətikdə biz yatmalıyıq.
                         Mürgüləmə!”
deyib, xəstə canıyla da, söz tutmayan diliylə də, əlində titrəyən qələmiylə də Vətən! – hayqıran Məmməd Araz imiş.
“Mən sərhəd xətti tanımayan poeziyanı tanıyıram” – deyən Məmməd Araz sənət şövqünün, söz yanğısının da nə qocalıq, nə xəstəlik səddi tanımadığını sübut etdi və onun şair taleyi haqqında bizlərin bədbin poetik epiloq uydurmalarını “Vətən deyin” adlı yeni şerlər kitabıyla puça çıxardı.
Iki ay əvvəl çapa  imzalanmış və yüz əlli səhifədən ibarət “Vətən deyin”  kitabındakı əksər şerlər 1998-2002-ci illər arasında yazılıb. Şerlərin yazılma tarixlərinin  göstərilməsi Məmməd Arazın bədii təfəkküründə və hissiyyatında son illərin necə iz qoyduğunu öyrənmək baxımından çox əhəmiyyətlidir. Bəs belə bir izləməyə ehtiyac varmı və şairin iç dünyasında nə dəyişib? Suala onun “İndi” adlı şerindəki bu misralar cavab verir:
                        “Mən hələ həmən adamam,
                        Daşdan süd əmən adamam”.
Şerin altında onun 19 yanvar 1998-ci ildə yazıldığı qeyd olunub. Bu isə o deməkdir ki, 1998-ci ildəki Məmməd Araz elə 1968-dəki, 1978-dəki əzəmətli Məmməd Arazdır. “Şair olan kəs odlu söz tapmayır, oda yanmasa” – deyib od dilində, dağ dilində, çay dilində danışan Məmməd Arazdır.
Məmməd Araz iyirminci yüz il ədəbiyyatına təbiət, məhəbbət və vətəndaşlıq şerlərilə daxil olsa da, daha çox vətəndaş şair kimi yaddaşlara həkk olundu. Bunun çox bariz səbəbi var. O, həmişə belə hesab edib ki, gecikmələrin içində ən ağırı xalq və millət olaraq oyanışa gecikmədir. Bədii söz sahibinin ümdə vəzifəsi isə sənətkarlıq və vətəndaşlıq mövqeyini birləşdirərək milli özünüdərkə, “yatmış vulkan”ın oyanmasına xidmət etməkdir. Bu mənada, mən deyərdim ki, Məmməd Arazın bütöv yaradıcılığı vətəndaşlıq amalına hesablanıb. Qayə onda elə güclüdür ki, hətta təbiətin “muxtariyyət” hüququnu pozaraq onu da ictimailəşdirib və ümumi sosial məqsədə qoşub. Obrazlı desək, Məmməd Arazın təbiəti də insanlaşan, millətləşən təbiətdir. Əgər o təbiət ictimai-siyasi məkan kimi düşmən tərəfindən zəbt olunub, insanları didərgin düşübsə, demək insanla dağ-bağ şəriki olan quşlar da, zirvələrin dumanı da təcavüzə məruz qalıb:
                        “Göyün varsa, yerin yoxsa,
                        Yerin varsa, göyün yoxsa,
                        Demək varsan, demək yoxsan.
                        Bəs neyləyək?
                        Sarıköynək, oxuyaqmı?”.
Yetmişinci illərdə Vətənin şimalıyla  cənubunu iki bölən çayı “Mən sənə bir şair, sən mənə Araz de” poetik ifadəsiylə insanlaşdıran, cəbhədaşa, dərddaşa çevirən şair bu gün ayrılığın yeni ünvanı olan Qarabağ faciəsi üstə köklənib
   “Sən bülbüllə bağ şəriki,
   Mən dumanla dağ şəriki.
   ...Əl çatana dilim çatmaz,
   Yurd-yuvasız neyləyək bəs?
   Sarıköynək, oxuyaqmı?”
1999-cu ildə yazılan “Sarıköynək” adlı bu qəmli şer üzərində təsadüfən dayanmadım. Əvvəlki dövrlərlə müqayisədə, Məmməd Arazın son beş illik yaradıcılığında “Sarıköynək”, “Qoca qartal, dedim dayan” kimi iki-üç şerin adını çəkmək olar ki, təbiətə və qeyri-canlıya ad olunub. Bu baxımdan “Vətən deyin” kitabını ayağını təbiətdən, çöldən-çəməndən yığıb, nəzərlərini yalnız insana yönəltmiş Məmməd Arazın mənəvi güzgüsü adlandırmaq olar. Çox güman ki, vaxtilə şer pərisinin bir qanadı təbiət, bir qanadı insan olmaqla ikiləşən şairin bu günkü  birliyində,  yalnız insana dönməsində yaşın, eşqin və səhhətin dəyişən nisbətinin müəyyən rolu var. Amma zirvəsi dumanlı, qartallı dağların yerini “qılınclı-qalxanlı” şerlərin tutması aşağıdakı psixoloji məqamda açılır:
“Qara yanvar gecəsi
ölənimiz çox idi.
Qanından göyərib
Bir anda qalxanlarımız
daha çox!
Mən əli çəlikli
çıxmışdım küçəyə,
Yanımdan keçən soldat
mənə atmadı...”
Çünki işğalçı, əli avtomatlı rus soldatı əli çəlikli qocanı  müqavimət gücü olan rəqib döyüşçü kimi görmədiyindən, ona əhəmiyyət vermir və gülləsini daha güclü, daha təhlükəli olanlara saxlayır. Vətəndaş və şair Məmməd Araz da bunu ağrı ilə dərk edir və cismən yerinə yetirə bilmədiyi döyüşçü borcunu döyüşən, oyadan, ayıldan, silkələyib özünə qaytaran şerləriylə çıxır:
“Düşmən ac qarına, susuz qarına
Söykənib bir quru kötüyə yatmır.
Gözü Azərbaycan torpaqlarında
Dişini söykəyib tətiyə - yatmır.
Bizim barmağımız tətiyə yatmır...”
Təbiətdə hər şey eyni qanunauyğunluğa tabedir, doğulur, çiçəkləyib bar verir, qocalır. Insan dünyanın bu dəyişməz məntiqini hər şeydə qavrasa da, özündə qavramaq istəmir. Təbiətin bir parçası olan insandan həmişə bar tələb edir.
Yaradıcı insanlara münasibətdə isə tələbkarlıq daha ciddi hiss olunur ki, bu da umduğu yerdən pay gözləmək ərkindəndir. Məmməd Araz Azərbaycan xalqı və ədəbiyyatı qarşısında öz borcunu dəfə-dəfə yerinə yetirsə də, yenə ərklə şer payı gözlədiyimiz ünvanlardan biridir. O özü də bunu bildiyindən, bütün gücünü toplayıb, çox sevdiyi gənc, şivərək narbənd kimi çiçəklədi və hamımıza çata biləcək gözəl bar verdi. Bu, həmişə döyüşən, yetmiş yaşlı qocaman şairimizin “Vətən deyin” kitabıdır:
Bu gün gərək
Hər anımız Vətən! – desin.
Qılıncımız-qalxanımız
Vətən! – desin,
Ölənlərin əvəzinə,
Qalanımız Vətən! – desin!

2003
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws