HAQQARAR
“... VƏTƏNİ SEVMƏK NAMİNƏ”
“Şairə hər şeyi bağışlamaq olar; zamanın ruhunu təhrifdən başqa”
(A.Blok)
“Böyük adlandırılan ədəbiyyat heç vaxt ictimai hadisələri mədh etməyib”
(M.Qorki)
Bu mənada Məmməd Araz qələmi söz “kəsəndən”:
Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdir yazanım –
prinsipi ilə yaradıb.
Elmdə bir kəşf də müəllifinə ad qazandırır. Söz sənətində ürəklərə yol tapmaq üçün bədii tapıntılarında ardıcıl olmalısan. Istedad yenilikçidir; fərqli dəst-xətt, təzə ab-hava onun təbiətindədir, – bircə mərdimazardan, “fərdi məzar”dan uzaq ola:
Bir onu ona qəfil daş atandan qoruyun,
Bir də qoltuqlar altda yaşadandan qoruyun.
Əsl sənətkar neyləsə, “Vətəni sevmək naminə, ucaltmaq naminə” eləməlidi.
“ Aldatma, yaltaqlıq, yalan, gizli xəbislik, poza, tam yalançı bir firavanlıq, pərdələnmə, şərtilik, özünün və başqasının qabağında təlxəklik, – bir sözlə,vahid şöhrətpərəstlik ətrafında pərvazetmə o qədər möhkəm qayda-qanuna çevrilib ki, insanlar içində kiminsə həqiqətə can atması tamamilə anlaşılmaz bir hadisədir” (F. Nitse).
“Boğazdan yuxarı ürək yaşadan, ürəkdən aşağı baş saxlayan”, “Ağızdan, kağızdan yalan göyərən”, “Vədli yalanları, yalan vədləri Qopquru göyərdib, Yaş-yaş öyüdən” cəmiyyətdə Məmməd Araz harayı çox vaxt əks-sədasız qalır və təəssüf oduna yanan şairin sonda başından “Biz yenməzdik, yıxılmazdıq. Bizi bu yalanlar yıxdı” tüstüsü çıxır. “Cəsarətin olmayanda ürəyin olmur, Cəsarətin olanda da çörəyin olmur” etirafında bulunan şair poetik həqiqət axtarışında: “Olmaya cəsarət qanunlarımı Satmışam ətalət qanunlarına?” – deyə lirik “mən”ini doğru yola çıraq tutan cəsarətə xəyanət etməməyə, sərvaxt olmağa çağırır da.
Bir baxın, yuxarıda misal gətirdiyimiz Nitşe həqiqətinin doğurduğu fikrin çalarları ustad sənətkarın necə də yaralı yeridir:
...Sən sözü alçaltdın özündən əvvəl,
Alçaltdın bir ağız “afərin” üçün.
...Qarışqa iyləməz, çəyirtkə yeməz
Sözləri dilindən qapan da vardır.
...Qoltuğa öyrəndi – qoltuqda qaldı,
Qol-budaq atmadı qoltuq ağacı.
...Bir quru sümüyə bir ağız hürmək,
Bir iyli tikəyə beş ağız hürmək.
... Yalmana-yalmana yallanar itlər,
Yallana-yallana yalmanar itlər.
Son beytlər son illərin şerlərindəndir.
“Ələ gəlməz əldən gedən”, “Qurd ola bilmədik...qoyun yaşayaq?..” – deyən 70-inə yetmiş şairi bu gümanlarında yanılıb: “Taleyin hökmünü özün imzala”mağa layiq ol, xalqım!
Haqqarar. 2003