Əbülfəz BƏRƏKƏT
POEZİYAMIZIN GÜNƏŞİ
Məmməd Araz barədə söz demək istədikdə qulağıma qayibanə bir səs gəldi: “Ehtiyatlı ol!”. Bu səs məni sanki qəflət yuxusundan ayıltdı. Düşündüm ki, belə bir dahi şair barədə söz demək həqiqətən də böyük cəsarət tələb edir. Düşüncələrimdən bir xeyli sonra öz-özümə bu qərara gəldim ki, axı mən onun poeziyasını təhlil etmirəm, ona qiymət vermirəm, olsa-olsa bir oxucu kimi, şair qardaşımın vurğunu kimi öz düşüncələrimi oxucularla bölüşürəm. Onun yubileyinin yaxınlaşdığını xəbər verib bu böyük hadisəyə, şanlı yubileyə mənəvi cəhətdən hazırlaşdığımı oxucularıma çatdırmaq istəyirəm.
Azərbaycan poeziyasının Məmməd Araz zirvəsi sözün həqiqi mənasında, əlçatmaz bir zirvədir. Bu poeziya öz nuru ilə ədəbiyyatımıza şölə salır. Şairin vətənə bəslədiyi sevgi və məhəbbət yerə-göyə sığmır.
Bir balaca Vətən daşı,
Vətən daşı olmayandan
Olmaz ölkə vətəndaşı.
Dərin fəlsəfi düşüncələrlə zəngin olan bu misralar insana bəşəri hisslər bəxş edir, onu torpağa, elə-obaya, Vətənə qırılmaz tellərlə bağlayır.
Şair Vətənin sıldırım dağları, kələ-kötür qayaları üzərində mamır olmağa hazırdır, təki Vətən onu, özünün sədaqətli, doğma övladı, oğlu sansın.
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu misraların müəllifi Məmməd Arazın qəlbindən Vətən eşqi sel kimi kükrəyib axır.
Bu gün Vətən torpaqlarının beşdə bir hissəsinin erməni qəsbkarlarının silahlı qüvvələrinin tapdağı altında inlədiyi bir zamanda şairin bu kəlamları hər bir vətən övladına daha çox hakim kəsilir.
Məmməd Araz vətənini poeziyasız, poeziyanı isə vətənsiz təsəvvürünə gətirə bilmir. Bu iki anlayışda yenilməz bir vəhdətlik duyur, müqəddəslik tapır. Məhz belə bir bədii təfəkkür, fitri istedad nadir incilərlə cilalanmış müdrik misraların zühur etməsinə səbəb olur:
Azərbaycan – mayası nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan” deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
Füzuli müqəddəsliyini dərindən dərk etmək, bu böyük dühanı əzizləməyi bacarmaq, doğma Vətəninin müqəddəsliyinə, xalqının müdrikliyinə dərindən aşina olmaq deməkdir. Bu iki varlıq arasında qırılmaz əlaqəni, vəhdətliyi kəşf etmək Məmməd Araz poeziyasının dərinliyindən, bədii sözün mahir zərgəri olmasından xəbər verir.
Məmməd Arazı oxuyub duyarkən, bir daha əmin olursan ki, həqiqətən də şairlik Allah vergisidir. Ulu Tanrının insana bəxş etdiyi parlaq zəka, bədii təfəkkür, əvəzi olmayan mənəvi bir xəzinədir, dünyadır.
Məmməd Arazı duyub dərk etmək özünü, bütünlükdə xalqını dərk etmək deməkdir.
Bu gün, zəmanəmizin müasir mərhələsində, ziddiyyətlərin, münaqişələrin, müharibələrin vüsət aldığı, genişləndiyi və dərinləşdiyi bir zamanda bəşər dünyasında müdrik insanlara, müqəddəs dühalara, şair və yazıçılara daha çox ehtiyac vardır. Məhz bu müdrik insanlar bəşər övladında sabaha inam yarada bilər, haqq və ədalətin qələbə çalacağına, gözəlliyin hər şeyə qalib gələcəyinə ümidləri artıra bilər. Bu bəşəri və ülvi duyğularla yaşayan Məmməd Araz yazır:
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin!
Fəlsəfi incilərlə, fəlsəfi düşüncələrlə cilalanmış bu misralar Azərbaycan Respublikasının xalq artisti, sevimli müğənnimiz Niyaməddin Musayevin ifasında milyonların qəlbinə geniş yol tapır. Mühasirə şəraitində, şaxtaya, aclığa, məşəqqətlərə məruz qalmış Naxçıvan diyarının sakinlərinin qəlbində sabaha ümid çırağı yandıraraq, bir anlığa onlarda xoş ovqat yaradır.
Müğəninin baxışlarında, həzin və məlahətli səsində Məmməd Araz qəlbində nidaya çevrilmiş ifadələr, sanki insanlara təsəlli verir, bu günkü demokratiyanın, müstəqilliyin qələbə çalacağından xəbər verir, onun müjdəsinə çevrilir.
Məmməd Araz şeri, onun qələmindən qopub mirvari tək kağıza düzülən hikmətli sözlər oxucunu coşdurur, silkələyir, ülviləşdirir, mətinləşdirir, onu paklığa və müqəddəsliyə səsləyir.
Məmməd Araz poeziyasının fəlsəfə ümmanı o qədər hüdudsuz, o qədər dərindir ki, ona baş vurmaq və bu ümmanda tədqiqatlar aparmaq üçün amansız fırtınalara, təlatümlərə sinə gərə bilən yelkənə malik olmalısan. Məmməd Araz fəlsəfəsinin qüdrətinə bələd olmalı, dərk etməli, onun zirvəsinə qalxmaq üçün özündə cəsarət tapmalısan. Məmməd Araz poeziyası akademik tədqiqat tələb edir. Belə bir tədqiqat bu müdrik insanın poeziya dünyasının dərinliyindəki inciləri aşkara çıxarar, sözün həqiqi mənasında bu aləmi bir daha nurlandırar, bəşər evladına dəyərli töhfələr bəxş edər.
Yalnız belə bir tədqiqat əsasında Məmməd Araz şerində cilalanmış Füzuli məhəbbətini, Babək qəhrəmanlığını, Nəsimi əyilməzliyini, Şah İsmayıl vətənpərvərliyini, Hüseyn Cavid, Mirzə Cəlil, Sabir düşüncələrini, düyğularını dərk etmək olar.
Məmməd Araz poeziyası türk, rus, ukrayna, gürcü, qazax, özbək, çex, fransız, alman, polyak dillərində səslənir. Lakin vaxt gələcək ki, Qədim İpək Yolu ilə Nizami Gəncəvi poeziyası axıb Şərqdən-Qərbə, Orta Asiyaya şölə saldığı kimi, Məmməd Araz şeri də bu yolla bütün cahana nur çiləyəcəkdir.
“Qara qızılımız” bütün dünyaya nəql edildiyi kimi, Azərbaycan poeziyasının parlaq inciləri də ölkəbəölkə gəzib dolaşacaq, hər yerə işıq saçacaqdır. Bu, tarixən belə olub, gələcəkdə də belə olacaqdır.
Məmməd Araz öz həyatının bulaq kimi qaynar bir dövrünü yaşayır. Onun polad iradəsi səhhətində baş vermiş dəyişikliklərə qalib gəlir. Zəkası həmişəki kimi nurlu və parlaqdır. Qələmsiz keçirdiyi, şer yazmadığı günləri o, öz ömrünə calamır. XXI əsrin astanasında Azərbaycan poeziyasının şan-şöhrətini daha çox yüksəklərə qaldırmaq arzusu ilə yaşayır. Bu yolda, biz oxucular, ona uğurlar diləyir, daha çox yazıb-yaratmaq arzu edirik.
2003